adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
26 Dekabr 2013 17:37
30677
MƏDƏNİYYƏT
A- A+

Azərbaycanın iki filmi Dəkkə festivalına qatılacaq

2014-cü il yanvarın 10-dan 18-dək Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək beynəlxalq kinofestivalda Azərbaycanın iki filmi iştirak edəcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rejissor Şamil Əliyevə istinadən yaydığı xəbərə görə, festivalda Azərbaycanı «Çölçü» filmi (rejissor – Şamil Əliyev) və rejissor Fariz Əhmədovun «Əriyən ada» filmi təmsil edəcək.

«Çölçü» bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbaycanfilm» kinostudiyasında çəkilib. Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyevdir.

Rollarda Bəhrus Vaqifoğlu (gənc çölçü), Vidadi Həsənov (yaşlı çölçü), Cavidan Məmmədli (balaca çölçü), habelə Salome Demuria, Vüsal Mehrəliyev və başqaları çəkilib.

Filmin süjeti belədir: «Gənc çölçü şəhərdən uzaqda yaşayır, təbiətlə sıx ünsiyyətdədir. Atası (Ulu) ona çöl həyatının bütün sirlərini öyrədir. Atasının ölümündən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu tanışlıq onun həyatında yeni səhifə açır, böyük, tamamilə naməlum bir həyata səsləyir».

«Əriyən ada» filmi də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.

Filmin süjeti belədir: «Orada—Neftçala yaxınlığındakı «Kürdili» adasında zaman dayanıb. Qaz əvəzinə odundan, elektrik əvəzinə şamdan istifadə edirlər. Bu yerin sakinləri müasir, rahat həyatdan xəbərdardırlar, öz həyat tərzlərini istənilən vaxt dəyişə bilərlər, amma bu yeri sevirlər. Onların gəncliyi, xatirələri bura ilə bağlıdır. Onlar bilərəkdən öz həyatlarını əriyən ada ilə birlikdə əritməyə qərarlıdırlar».

«Azanfilm»də çəkilmiş filmin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimovdur.

Film sentyabrda Kazanda keçirilən IX Kazan Beynəlxalq Müsəlman Film Festivalının «Ən yaxşı qısametrajlı sənədli film» nominasiyasının qalibi olub.