adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

QARAGÜNLÜ...

BABƏK YUSİFOĞLU
37084 | 2013-12-26 00:39
Kim istəyir inansın, kim istəyir inanmasın, mən əminəm ki, Amerikanın qarabala prezidenti Barak Obamaya kimlərsə cadu elətdirib. Çünki bu qaragünlü, prezident seçiləndən sonra başı dərdlərdən, qalmaqallardan ayılmır ki, ayılmır. Harada bir nataraz hadisə var, harada bir düşük olay baş verirsə, görürsən Barak müəllim şıppıltıyla həmin işlərin içindən çıxdı. Özü də mən əminəm ki, o özü qətiyyən belə məsələlərə qarışmaq istəməyib.
Eşitdiyimə görə, amerikanın bəzi məşhur parapsixoloqları da cadu məsələsindən şübhləndikləri üçün ona məsləhət görüblər ki, amanın bir günüdür, mütləq bir baxıcıya gedib baxdırsın. Əgər cadu-filan olunubsa təcili cadunu açdırsın. Özü də psixoloqlar deyiblər ki, cadunu açdırmaqdan ötrü mütləq Azərbaycana getmək lazımdır. Çünki burada elə güclü falçılar var ki, hər növ cadunu bir anda yox edə bilirlər. Mütəxəssislər hesab eləyirlər ki, bütün bunları tez-bazar həyata keçirməslər gözləri baxa-baxa prezidentləri əldən gedəcək, amerikalılar da qalacaq başsız. Amma öz aramızdı, belə baxanda Barak müəllimi də heç qınamaq olmur. Bu qaragünlü neyləsin axı, neçə illərdi müsəlmanların başına bomba tökməkdən başı açılır ki, vaxt tapıb bir özünə də bir baxsın?
Hadisələri izləyən bəzi mətbu orqanların yazdığına görə, məsələyə hələ bir əncam çəkilmədiyi üçün Barak Obamanın durumu getdikcə daha da çətinləşir. İş o yerə çatıb ki, qohum-əqrəbası, yaxınları da ondan üz döndərməyə başlayıb. Bir müddət əvvəl Keniyada yaşayan ögey qardaşı jurnalistlərə bərk şikayətlənmişdi ki, Barak o boyda vəzifədə oturub, amma bizə köməklik eləmir. Deyirmiş ki, hər kəsin açığına bir az pul qazanmaq üçün Moskvaya gedəcək, müəyyən məbləğ müqabilində kim istəyirsə onunla şəkil çəkdirəcək. Neyləsin yazıq?..
Hələ Amerikaya gəzməyə gələn dost-doğma xalasını demirəm. Vizasının vaxtından bir gün keçən kimi adicə miqrasiya idarəsinin gədələri yazıq arvadın qolundan tutub Amerikadan bayıra tullamışdılar ki, vaxtın bitib. Xalası da Barak müəllimə qarğıya-qarğıya çıxıb getmişdi.
Yəqin çoxları yaxşı xatırlayır, bir dəfə tədbirlərin birində çıxış edərkən bir zəhrimar milçək onun gözünün önündə vızıltıyla uçmağa başladı. O qaragünlü də nə qədər qaşını-başını tərpədib ondan qurtulmaq istəsə də həyasız milçək əl çəkmədi ki, çəkmədi. Barak da neyləsin, axırda bezdiyi üçün "rezki" əlini atıb milçəyi tutdu. Ə kişilər, bu zalım uşağı bu hadisəni də böyük qalmaqala döndərdilər. Dünyanın bütün heyvansevər təşkilatları, QHT-ləri yazığı topa tutdular ki, bəs Obama heyvanlara qarşı qəddardı.
Belə başına gələn zülümləri saymaqla qurtaran döyül. Təzəlikcə də başqa bir müsibət ortalığa çıxıb. Qəzetlər yazır ki, arvadı Mişel Obama ondan boşanmaq istəyir. Deyilənə görə, onların arasında çoxdan davam edən narazılıqlara Obamanın rəhmətlik Nelson Mandelanın yasına gedib onun ehsanından yeməməsi, əvəzində Danimarkanın baş naziri, özü də babat xanım olan Helle Torninq-Şmidtlə mazağlaşması da əlavə olandan sonra evdə aləm dəyib bir-birinə. Əməlli-başlı qırğın çıxıb. Mişel xanım da dirənib ki, biz ayrılmalıyıq, vəssalam.
Deyirəm, bir işə bax da. Öz qohum-əqrəbasından heç kimə bir gün ağlamayan Barak müəllim arvad qohumlarının hər işini yoluna qoymuşdu. Hətta toylarını da o eləmişdi. Başqalarını deyə bilmərəm, şəxsən mənim yadımdadı, iki il əvvəl Mişel xanımın yaxın qohumunun toyunda oxumaq üçün o nə qədər oxuyançı axtarmışdı. Axırda toy məclisini bizim əjdaha müğənnimiz Nadir Qafarzadənin aparmasını istəmişdi. Nə isə...
İndi bu qədər haqq-hesablardan sonra Mişel xanımın nankorluq eləməsi bu qaragünlünün cızdağını çıxarmasın neyləsin? Eşitdiyimə görə, Barak müəllim də arvadının bu cür hərəkətindən sonra bərk əsəbiləşib, deyib ki, elə mən də boşanmaq istəyirəm. Vəziyyət lap gərginləşib. İndi siz deyin, bütün bunlar cadudan deyil, bəs nəmənədəndi? Bir neçə ağıllı adam irəli çıxıb prezidentlərini baxıcıya aparmırlar ki, onunla nələr baş verdiyi üzə çıxsın. Sonra da hər şeyə əncam çəkilsin...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV