adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Qəzəbli bakirələr

CƏLİL CAVANŞİR
54459 | 2013-12-25 09:57
Onlar hər şeyə qarşıdır.
Onlar azad qadınları fahişə, azad kişiləri əxlaqsız hesab edir.
Şeirdəki açıq-saçıq ifadələr, romanlardakı erotik səhnələr onların lağ hədəfidir.
Qalın qaşlarını çatıb, boyasız dodaqlarını büzüb çəkdirdikləri şəkillərdə ilahi məsumluq olduğunu düşünürlər.
Onlar qaş almağa, kosmetika istifadə etməyə, seks haqqında danışmağa pis baxırlar.
Ərə getməmiş qadının seks haqqında danışmasını tərbiyəsizlik hesab etdikləri üçün, bu barədə təklikdə də düşünmürlər.
Kimsə facebook statusunda "18+ status" yazsa, dərhal dostluqdan silirlər.
Özləri isə ağlamalı, kədərli və qəzəbli statuslar yazırlar.
Heç bir siyasətçini, heç bir yazıçını və şairi bəyənmirlər.
İmkan tapan kimi sentimental, ürək sızladan essefason yazılar yazıb, paylaşır bu yazılar haqqında tənqidi fikir bildirənləri bloka atırlar.
Gecə-gündüz kiminsə həsrətini çəksələr də, özlərində cəsarət tapıb bunu dilə gətirə bilmirlər.
Cinsi azlığın nümayəndələri onlar üçün yalnız petux və gədadır.
Belələrini iyrənc şəkildə lağa qoyur, şəkillərini paylaşıb daşqalaq etməyə səsləyirlər.
Din haqqında anlayışları olmasa da, allahı tanıyır, "o gözəgörünməzin" nə vaxtsa bəxtlərini açacağına inanırlar.
Ateistlərin varlığı onları narahat edir.
Liberalları sevmirlər.
"Solçu"lara nifrət edirlər
Günəşin doğuşunu və ya qürubunu seyr etməkdənsə, bu səhnələrin fotosunu çəkib paylaşmağı daha düzgün hesab edirlər.
Nikahsız sevişməyə qarşıdırlar, vətəndaş nikahını qəbul etmirlər və bu səbəbdən də özlərini "alınmaz qala" hesab edirlər.
Sosial şəbəkələrdə onlara "salam" yazan əks cinsin nümayəndələrini "ifşa eləməyi" müqəddəs vəzifə hesab edirlər.
Təsadüfən onlara zəng edib tanış olmaq istəyən gənc, bəri-başdan kəlmeyi-şəhadətini gətirməli, yaxınları ilə vidalaşmalıdır.
Azərbaycan yazıçılarını bəyənmirlər, çünki "bizimkilər yaza bilmir".
Hər birinin keçmişində ağır, kədərli və tükürpədən bir sevgi hekayəsi, hüzünlü bir "aşk hikayesi" var. (Əgər belə bir "hikaye" yoxdursa, mütləq uydururlar.)
Öz həyatlarının roman mövzusu olduğuna inanırlar.
İqtidarı tərifləməsələr də, müxalif gəncliyi ələ salmaqdan zövq alırlar.
Uğur qazanan, populyar qadınlar onların əbədi düşmənidir.
Rəfiqləri ilə dərdləşəndə ərə getməyəcəklərini, müəyyən yaşdan sonra övladlığa uşaq götürəcəklərini bəyan edir, amma uşaq şəkillərini sosial şəbəkələrdə paylaşmaqdan zövq alırlar.
Hərdən aforizmlər, hikmətli sözlər paylaşır, müəllif hüquqlarını qorumağı unudurlar.
Onlar namus, sədaqət, əxlaq, tərbiyə, dürüstlük simvolu olduqlarını gözə soxmaq üçün dəridən qabıqdan çıxır, bu məqamlarda başqalarını aşağılamaqdan və təhqir etməkdən zövq alırlar.
Zəmanədən, gəncliyin əxlaqının pozulmasından dərin narahatçılıq hissi keçirirlər.
Onlar tənha və qəzəbli, radikal və dözülməzdirlər.
Onlar sosial şəbəkələrdə və elektron mediada xüsusi bir zümrədir.
Bu təsnifatımızı kiçik bir başlıq altında birləşdirməklə, köşəmizə ad vermiş olarıq.
Bu zümrəyə barmaqarası yanaşmayın.
Bu yazını oxuduqca həyatınızın kabusuna çevrilmiş "müqəddəs"ləri xatırlayın.
Onlar həyatımızın kabusudur.
Onların kod adı "Qəzəbli bakirələr"dir. (elə köşənin adı da)

P.S: İzahat verməyə ehtiyac hiss etdim. Yazıda fiziki mənada "bakirəlik"dən söhbət getmir. Bu bir düşüncə tərzidir...

Cəlil Cavanşir

TƏQVİM / ARXİV