adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Qara qar

XURAMAN HÜSEYNZADƏ
32351 | 2013-12-21 00:06
Hər kəs azadlığı bir cür anlayır. Hər kəs azadlığı öz anladığı kimi görmək, yaşamaq istəyir. Fəlsəfi nəzəriyyələri, filosofların fikir ayrılıqlarını, aforizmləri qoyaq bir kənara. Zehnimizin pəncərəsini açaq, ordan azadlığı necə görürüksə, ruhumuz harada dinclik tapırsa, o haqda düşünək...
Uşaq vaxtı şimal xalqlarının nağıllarını çox oxuyurdum. Nağıllardakı qarlı meşələrin, sözəbaxmaz çovğunun, xizəyə qoşulmuş maralların real həyatda olduğuna inanırdım... Qışı çox sevməyimin səbəbkarı elə o nağıllar oldu. Sonra Cek Londonun hekayələrini sevdim. Qəhrəmanlar yenə də meşələrdə, çöllərdə qara-çovğuna düşürdü, canavarlarla üz-üzə gəlirdi. Bir dəfə kənddə nənəmgildə olanda hay düşdü ki, bir çoban xəstə, tükü tökülmüş bir canavarı öldürüb. Bir anlıq mənə elə gəldi ki, o, "Həyat eşqi"nin qəhrəmanı ilə üz-üzə gələn həmin xəstə canavardı. Qanı içilən canavar...
Qışdan çoxunun zəhləsi gedir. Qalın geyimlər, sosial problemlər, kommunal xərclərin artması bu gözəl fəsli adamlara sevdirə bilmir daha. Bu il bunların üstünə bir də bahalıq gəldi. Günəş inadkarlıq edib qarı yerdən əridənə qədər bizim evdə təbiətə qarğış səngimir. Sosial şəbəkələrdə də baxıram ki, adamlar qar yağan kimi depressiyaya düşür. Qar altından kasıblıq boylanır nərgiz, novruzgülü yerinə... Halbuki həmin adamlar uşaq olanda qarı sevirmiş...
Qarı sevmək üçün ya gərək uşaq olasan, ya da gözəllikdən zövq almağı bacarasan. Sosial problemlər bitən deyil. Qar isə ildə bir-iki dəfə ya yağa, ya da yağmaya... Dünyanı ildə bir-iki dəfə ağappaq görmək şansımız olur. Keçən il dünyanı ümumiyyətlə, ağ rəngdə görə bilmədim. Buludlar ağappaq ulduzcuqlar səpələmədi... Uşaqlar sevinmədi. Böyüklər uşaq olmadı...
Böyüdükdən sonra qarı qara rəngdə görür adam...
Həmişə arzum olub ki, meşənin sıx yerində tikilmiş bir evim olsun. Və mən orda yalnız qışda, qar yağanda yaşayım. Böyüdükcə bunun fantastik bir arzu olduğunu hiss etdim. Uzaqbaşı yuxuda görə bilərdim. Ya da soyuq bölgələrdə təxminən bu cür evlərdə bir yağımlıq qar ömrü qədər kirayədə qalmaq şansım olardı. İndiki dövrdə bu arzunu da yazaq buza, qoyaq günün altına...
Belə fotolara baxıram tez-tez. Sosial şəbəkələrdə paylaşıram. Özümü o yerlərdə təsəvvür edirəm. Elə bilirəm ki, azadam. Çox azad!.. Pəncərəmdən ağappaq ağaclar görünür. Tərtəmiz hava. Qayğıdan, problemdən azad, insanlardan uzaq... Xoşbəxt olmaq çox asandır... Heyf ki, qar müvəqqətidir.
Və heyf ki, ağappaq yorğanını günəş əridəndən sonra torpağın qapqara üzü görünür...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV