adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

... BEŞ MİN QƏZET OLA...

FAİQ QİSMƏTOĞLU
70951 | 2013-12-21 00:59
...Görürsən ki, sənə kimsə salam verir. Sonra da qovluğundan bir qəzet çıxarıb uzadır və deyir ki, mən bu qəzetin baş redakoruyam, vaxtın olsa göz gəzdirərsən. Xoşuna gəlsə, zəng vurub fikrini söyləyərsən. Amma demir ki, xoşuna gəlməsə bir söz de...
Elə ki, "Azərbaycan" nəşriyyatının pilləkənləri ilə yuxarı qalxırsan, liftə yaxınlaşırsan və 5-ci, 6-cı mərtəbəyə qalxmaq istəyəndə təzədən tanımadığın bir adam sənə yaxınlaşır. O da bir qəzet uzadır və deyir: "Mən bu qəzetin baş redaktoruyam. Sizi də yaxşı tanıyıram. Yazınız olsa, verin çap edək! Amma xahiş edirəm qəzetimizi oxuyasınız".
... Adam istər-istəməz ona uzadılan qəzeti əlinə götürür və göz gəzdirir. Görürsən ki, yox balam, bu qəzetdən çox nə isə kommersiya maraqlarına xidmət eləyir. Yəni qəzeti buraxan maarifçilik ideyaları təbliğ etmək əvəzinə, kimlərisə "top atəşinə" tutub pul qoparmaq istəyir...
Qəzetə göz gəzdirdikcə adamın əti tökülür. Adi 5-ci sinif şagirdi o qəzeti buraxandan daha çox savadlıdır. Bir məqalədə nə az, nə çox 50-60 orfoqrafik səhv olur, tay üslubi və qrammatik səhvi isə sadalamaq istəmirik.
Bax, onda məlum olur ki, bu məmləkətdə beş min qəzet çıxsa da, cəmi onun 50-60-ı oxunur. Deməli, yerdə qalan 4940-ı qəzet deyil. Sadəcə olaraq, "makulaturadı". Bax burda istər-istəməz adam barmağını dişləyir və fikirləşir ki, bu cür cızma-qara qəzetləri oxuyan kimdi. Amma həmin qəzetlərin sahiblərinin qətiyyən o qəzetləri kiminsə oxuyub-oxumaması maraqlandırmır. Qəzetin sahiblərini o maraqlandırır ki, kiməsə hədə-qorxu gələlər və həmin adam da hərbə-zorbaya tab gətirməyib onlara zəng vura və qurduqları tələyə düşərlər...
Qəzet dedim yadıma böyük Üzeyir bəy Hacıbəyovun XX əsrin əvvəllərində yazdığı "Bir firəng ilə söhbətim" felyetonu düşdü. Həmin felyetonun məzmunu belədir ki, bir firəng (fransız) Azərbaycana gəlir və bir molla ilə rastlaşır. Soruşur ki, sizin məmləkətdə nə qədər qəzet çıxır? Molla da deyir ki, bizim ölkədə 6 milyon xalqın bir qəzeti var, yəni bir qəzet çıxır. Firəngin bu cavabdan gözü kəlləsinə çıxır və soruşur:
- Deyirsiniz, bir qəzetin 6 milyon müştərisi var?
Molla gülür və dillənir:
- Yox, ay firəng qardaş, o qədər oxucusu yoxdur.
Firəng deyir:
- Beş milyon.
Molla yox deyir. Axır ki, firəng lap hövsələdən çıxır və yenidən dillənir:
- Yəni bunun yüz min də oxucusu yoxdur?
Molla qımışır və astadan bildirir:
- Qardaş, bir qəzetin bu məmləkətdə cəmi-cümlətani 1800 muştərisi var!
Bu sözləri eşidəndə firəngin gözü kəlləsinə çıxır və məmləkətimizdə qalmayıb öz yurduna qayıdır. Molla deyir, bir neçə vaxtdan sonra Firəngdən bir kağız aldım ki, içində bunu yazmışdı: "Altı milyon tayfanın içində bir qəzet ola və o qəzetin də min səkkiz yüz müştərisi ola, o tayfadan heç bir yaxşı şey gözləmək olmaz, a molla!" Bu sözlər məni çox yandırdı, mən götürüb cavabında yazdım ki, nə olsun, biz müsəlmanlar beləyik. Amma siz firənglərin də yedikləri həmişə qurbağa ilə tısbağadır!..
Nə başınızı ağrıdaq, elə o vaxtlar da məmləkətdə çıxan bir qəzetin oxucusu çox az olub. İndi də beş min qəzet çıxır, onu da oxuyan uzaqbaşı on-on beş min oxucu var. Bu on-on beş min də yaxşı bilir ki, o qəzetlər nə yazır və nədən yazır, necə yazır.
Amma məsələ ondadır ki, bu gün də məmləkətimizdə heç nə dəyişməyib. Onda da bir qəzet oxuyan çox az idi, indi də. Çünki bizim millətin qəzetdən, kitabdan xoşu gəlmir. Qəzet-kitab adı eşidəndə insanların çoxunu qaşınma tutur. Elə qaşınmaqdansa, heç nə oxumamaq yaxşıdı...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV