adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

QƏLPƏ

FƏRİDƏ RƏHİMLİ
40965 | 2013-12-21 00:58
-Sabir, bu gün ayın neçəsidir?
-17-si...
-Saat neçədir?
-Səkkiz. Niyə soruşdun ki?
-Bu gün tarixi gündü, qardaş... Bizim ən böyük bir dərdin altına girdiyimiz gündü - Vətəni tərk edirik...
Hələ gün batmamışdı. May ayında qaranlıq saat onda düşür...
Kənd əhalisi neçə günlərdi dəstə-dəstə yurdu tərk edirdilər. O isə uşaqlarına belə, kənddən çıxmağa icazə vermirdi. Hər kəsi dözümlü olmağa, düşmən qarşısından qaçmamağa çağırırdı. Hətta oğlunu yanına salıb kəndin arası ilə addımlayırdı ki, bununla camaata nümunə olsun. Amma bunun da faydası olmadı...
Hökumətin tapşırığı ilə, bir-iki nəfərin gizlədə bildiyi silahdan başqa, adamlardakı ov tüfənglərini də yığmışdılar.
Kənd alovlanırdı. Evlərə soxulan ermənilər əllərinə keçən qəniməti acgözlüklə mənimsəyir, sonra od vururdular. Beyinləri "türkün kökünü kəsmək" əmriylə zəhərlənmiş ermənilərin kimsəyə aman verməyəcəkləri bəlli idi. Düşmənin etdiyi, insanlığa sığmayan vəhşiliklər kənd əhalisini təşvişə salmışdı. Ələ keçirdikləri azərbaycanlı gənclərin başlarını, döyüşdə ölmüş erməni əsgərlərinin qəbri üstündə kəsmək, müxtəlif bədən hissələrinin diri-diri soyulması, qadınların, gənc qızların atasının, qardaşının, ərinin, oğlunun gözü qarşısında təhqir olunması haqda gələn xəbərlər kişiləri də qorxutmaya bilməzdi. Kəlbəcər rayonunda qurtulmaq üçün dağlara qaçan səkkiz qız-gəlin arxasınca gələn ermənilərin əlinə keçməmək üçün əl-ələ tutub özlərini qayadan atmışdılar...
Qadınları, xəstələri, uşaqları kənddən çıxarmaqla məşğulkən artıq kəndin boşaldığını fərq etdilər... Bütün gücləriylə, silahsız vəziyyətdə aylarla torpağı qorumaq əzmində olan, lakin hökumətdən kömək gəlmədiyini görüb, erməni-rus birləşməsinin çoxlu sayda təpədən-dırnağa qədər silahlanmış əsgərinin, tankının, topunun qarşısında davam gətirə bilməyəcəklərini anlayan kişilər də kəndi tərk etmişdilər.
İki nəfərə heç bir şey edə bilməyəcəklərini anlayıb, onlar da kənddən çıxmağa məcbur oldular...
... Qarşılarına hər an çağrılmamış azğın "qonaqlar" çıxa bilərdi. Ona görə də el yolu ilə deyil, gizlin yolla getməyi qərara aldılar. Laçının hər bir qarışına - meşəsinə, çayına, dərəsinə, cığırına bələd olan qardaşlar gözüyumulu da olsa, bu yolları keçə bilirdilər. Uşaqlıqda o qədər bu yerlərdə böyürtkən, moruq, göbələk toplamış, gənclikdə əlik, dovşan, turac, qırqovul, meşə xoruzu ovlamışdılar ki...
İndi də Vətənin bir parçası olan bu yurd yeri sakinlərinin onu tərk etməsinə baxmayaraq, onları düşməndən gizləməklə köməyini əsirgəmirdi. Bircə meşədəki sıx qaratikan kolları onları tutub saxlamaq istəyirdi... üst-başları, əlləri cızıq-cızıq olmuşdu...
Dərədən, dağdan, meşədən keçdikcə ürəkləri qan ağlayırdı. Köməksizlik, çarəsizlik, Vətəni - doğulduğun, böyüdüyün, ən əsası sənin olan və məcburən əlindən qoparılan yurdunu düşmən tapdağında qoyub getmək hər ikisinə çox ağır gəlirdi. Canlarını əsirgədikləri yurda "əlvida", "sağ ol" da deməyə də üzləri gəlmirdi. Qarı düşmənin əlində necə sağ ola bilərdi ki, Vətən...
Həkəri çayı boyu üzü aşağı addımlamağa başladılar. Yolun uzun olmasına baxmayaraq yorulmamışdılar. Bu, içlərindəki intiqam hissiydimi, acizliyin, köməksiliyin hikkəsiydimi, özlərinimi, yoxsa torpaq itkisinə bu qədər laqeyd qalan dövləti qınamaqdımı...
Artıq qaranlıq düşürdü. Dağın o üzündəki sıx qaratikan kollarının arxasındakı talada beş-altı erməni yeyib-içirdi. Keçib getmək mümkün olsa da, getmədilər. Onlar gizlin keçməyə məcburkən düşmənin onun torpağında rahatlıqla içib keflənməsi heysiyatlarına toxundu. Qardaşına, tez-tez yerini dəyişməklə tüfəngdən atəş açaraq, erməniləri qorxutmaq tapşırığıını verib, özü də arxasını qayaya söykəyərək atəş açmağa başladı. Vahiməyə düşmüş ermənilər qranatamyotla qayaya tərəf atəş açdılar. O, gizlənməyə müvəffəq olsa da, qranatamyotun qayadan parçaladığı qəlpələr ətrafa səpələnərək ondan da yan keçmədi...
Qardaşı qaçaraq gəlib yarasını sarıdı. Qanaxma dayansa da, yerindən tərpənə bilmirdi. İndi qardaşını düşündürən yalnız, onu yaxınlıqdakı yaşayış məntəqələrimizdən birinə çatdırmaq idi. Bu yerləri əl içi kimi tanıyan qardaşları ermənilərin tapması mümkün deyildi. O üzdən də gəlib istədikləri məntəqəyə çatdılar və qəlpələri çıxarmaq mümkün olmadığından onu Bakı şəhərinə gətirməli oldular. Qəlpəni sinir üstündə olduğundan burda da ona toxunmağı məsləhət görmədilər. Həkimlərin fikrincə bu qəlpə ömür boyu onunla "yaşayacaqdı"...
İndi hər addım atanda o meşəni, o üzüntülü may axşamını dönə-dönə xatırlayır. Onu ən çox üzənsə, qəlpənin ağrısı deyil, o qəlpəni Vətənin azadlığı uğrunda döyüşdə qələbə çalarkən yox, Vətəni tərk edərkən almasıdır...
P.S. Bu yazı laçınlı həmkarımız Vaqif Şükürovun söhbətindən yarandı.

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV