adalet.az header logo
  • Bakı 7°C
21 Dekabr 2013 00:45
40039
ƏDƏBİYYAT
A- A+

VALEH BAHADUROĞLU

"Valeh Bahaduroğlu o zaman necəydisə, indi də eləcə qalıb: saf, məsum, tərbiyəli, utancaq və istedadlı. Ötən bu onilliklər yalnız onun istedadını bütövləyib, qalan hər şey olduğu kimi öz ilkinliyini saxlayıb" - bu sətirlər tanınmış şair Elçin İsgəndərzadənin "Dost təbriki"ndən götürülüb. Həmin "Dost təbriki" İmişlinin Əliqulular kəndində yaşayan Valeh Bahaduroğlunun "Bənövşə gözlü dünyam" şeirlər kitabına müqəddimədir.
Valeh Bahaduroğlu İmişlidə, doğma kəndi Əliqulularda, məmləkətimizin bu qızmar aran bölgəsində yaşasa da (orta məktəbdə müəllimdir), müasir ədəbi prosesdə, poeziya aləmində az da olsa, tanınır. İddia eləmirəm deyim ki, o, şəhərdə, qaynar ədəbi mühitdə yaşasaydı, daha çox tanınar və şöhrətlənərdi...gBəlkə də...gAmma elə bu qaynar mühitdə o qədər "tanınmışlar" da var ki, onların yalnız adları guruldayır... Valeh Bahaduroğlu isə Əliqulular kəndində, orta məktəbdə dərs deyə-deyə, kəndçiliyin, çölçülüyün ağırlığını çiynində daşıya-daşıya şeir də yazır, "Azərbaycan", "Ulduz" jurnallarında çap olunur (Yeri gəlmişkən qeyd edək ki, İmişlidəki ədəbi mühitdən Qəhəm Nəcəfzadə, Sərraf Hüseynoğlu, Dayandur Sevgin kimi istedadlı şairlər çıxmışdır).

Sarı səs,
Sapsarı səs.
Yarı inilti,
Yarı səs.
Oxuyur Qədir Rüstəmov.
Məni "Sona bülbüllər" doğub.
Mən "Neyçün gəlməz"i sevmişəm,
İnanıb gəldi-gedərə,
Gedər-gəlməzi sevmişəm.
Mən Ağdamın kəhrizlərini
sevmişəm.
Yönü Qarabağa doğulan,
Qaçqın uşaqlarının
solğun bənizini sevmişəm.
Mən səsimə söykənib
Kürreyi-ərzə baxmışam.
Məni səsimdən asdılar
Məni səsimə söykəyib
Güllələdilər.
Neynirəm innən belə
Yaralı, şikəst səsi.
Qarabağ bayrağıdır,
"Qarabağ şikəstəsi".

Valeh Bahaduroğlunun "Bənövşə gözlü dünyam" şeirlər kitabı (Bakı, VEKTOR, 2013) misal gətirdiyimiz bu "Səs" şeiri ilə açılır. Bu şeirin gözəlliyi göz qabağındadır. Burada hər şey- SƏS obrazının tamamına yönələn bədii təsvir vasitələri səlisliyilə diqqəti cəlb edir. Qədir Rüstəmovun SƏSi Qarabağın, daha geniş mənada yurdun mənəvi dünyasının simvoludur. Eləcə də "Qarabağ şikəstəsi". Hər ikisi haraydır, çağırışdır, birində QƏM və ÜSYAN, o birində QƏLƏBƏ və İNAM çağlayır. SƏSə, onun doğurduğu assosiasiyalara meyl Valehin digər şeirlərində də davam edir. Budür, "Saz" şeiri:
Barmaqlar altında inləyən simin,
Üstündə dartılıb, gərildiyim saz.
Zilini demirəm, zili bir yana,
Bəmində öldüyüm, dirildiyim saz.

Naləsindən od aldığım, yandığım,
Yaxşı nədi, yaman nədi qandığım.
Ümidgahım, qibləgahım sandığım,
Dolanıb başına pir sandığım saz.

Valeh Bahaduroğlunun SƏS obrazı üzərində qurulan şeirləri içərisində ilin fəsillərinə, təbiətin ayrı-ayrı atributlarına, tanıdığı, sevdiyi insanlara həsr etdikləri nümunələr poetik çalarlarla diqqəti cəlb edir. "Payız nəğməsi"ndə "payız küləyi saralmış yarpaqları səki boyunca qovur", "səhər bir payız axşamını başını qoyub uyuyur". "Dağlar" şeirində Arazla Həkəri göz yaşından daşır. "Qarabağ şərqisi" Elçin İsgəndərzadəyə ithaf olunsa da, şeirdə Elçindən çox Qarabağdan söz açır:
Küləklər əsib gəlir Qarabağdan,
Küləklər küsüb gəlir Qarabağdan.
Gəlib dəli kimi, Məcnun kimi
Çölümdən, düzümdən keçir.
Ovulur torpaq-torpaq,
Sovrulur yarpaq-yarpaq,
Qarabağın Ağdamı.
Görəsən düşmənlərin
Gözünə ağ damırmı?

Valehin kitabında atasının əllərinə həsr etdiyi bir şeiri var, elə bilirəm, bu, onun ən yaxşı şeirlərindən biridir. Çünki bu şeirdə müəllif ATA ƏLLƏRİni poetik obraz səviyyəsinə yüksəldə bilib. Şeirdə obrazın zahiri əlamətlərindən tutmuş, daxili mahiyyətinə qədər hər şey inandırıcıdır, Hər misranın öz yükü var. Əllər qayaya, gürzə, atəşə, alova, közə bənzədilir. Sonra bu əllərin poetik incələməsi gəlir:

Gətirdi, aranı dağa apardı,
Bəzən də göylərdən ulduz qopardı,
Gah od ovucladı, gah qaya yardı,
Gah nərgiz, bənövşə üzdü əllərin.

Hər sözün bizimçün həyat himnidi,
Hər barmaq könlümün sarı simidi.
Ovcunun qabarı misra kimidi,
Şeirdi, nəğmədi, sözdü əllərin.

Ümumiyyətlə, Valeh Bahaduroğlu şeirin bədii təsvir arsenalına daha çox üz tutan, təşbihdən, metaforadan, bədii təzaddan mükəmməl faydalanmağa çalışan şairlərdəndir. Şairliyin mahiyyəti də elə buradan başlanır.

Kirpiklərim nar budağı,
Özünü asdı göz yaşım.
Qəhərdən daşan köksümün
Üstündən basdı göz yaşım.

Bu dörd misrada bədii sözün qüdrətilə canlanan mənzərəni seyr edin. Bu mənzərəni ancaq poetik istedad sahibi olan bir şair yarada bilər.
Valeh bir də ona səy edir ki, ənənəvi mövzularda yazdığı şeirlərində təzə söz deyə bilsin. Bu baxımdan onun "Vətən" şeirini təqdir edirik:

Desəm ki, sevirəm, bu yaxşı düşməz,
Sevməkdən o yana nə varsa odu.
Qara daşının da göyərməsinə
Vətən, bəs eləyər könlümün odu.

Bir ovuc torpağın düşsə uzağa,
Dünya gözlərimdə kiçilər mənim.
Vətən, sərhəddinə ayaq bassalar,
Gərək ürəyimdən keçələr mənim.

Əlbəttə, Valehin yaxşı şeirləri ilə bir sırada nisbətən zəif təsir bağışlayan, "dəstədən geri qalan" şeirləri də diqqətdən yayınmır. Məsələn, "Gözəlmiş hərdən siqaret çəkmək" misrası ilə başlanan şeirdə ortaya qoyulan fikirlə razılaşmaq olmaz. "Hərdən siqaret çəkmək, sonra da siqaret kötüyü kimi küçənin birində yıxılıb ölmək..." "Neyləyim mən səni sevə bilmədim" şeiri isə mərhum şairimiz İsa İsmayılzadənin eyni adlı şeirinin təsiriylə yazılıb və ustadın şeirindən zəifdir. "Qıyma məni" də Valehin sevgi şeirləri ilə müqayisədə geriləyir. "Qadası" şeirinə gəldikdə isə, "qadası"... işləri korlayır, sevgi şeirlərinin məxsusi, son dərəcə incə, zərif leksikası olur və bu "qadası" o leksikanın ərazisinə daxil deyil.
Ümumiyyətlə, Valeh Bahaduroğlunun potensial imkanları genişdir və fikrimizcə, "Bənövşə gözlü dünyam"dakı şeirlər göstərir ki, o, yaradıcılığının yeni bir mərhələsinə keçid ərəfəsindədir.
"Bənövşə gözlü dünyam"da Valeh Bahaduroğlunun esseləri, hekayələri və müsahibələri də təqdim olunur. Hekayə və esselərində onun şairliyi hiss olunur, təsvirlərdən görünür ki, bu hekayənin müəllifi şairdir. Obrazlı ifadələr, şeirə məxsus bədii təsvir vasitələri, qanadlı ifadələr bu hekayələrdə də aşkar nəzərə çarpır. Lakin eyni zamanda o da hiss olunur ki, bu hekayələrdə təsvir olunan hadisələr, olaylar, insan obrazları müəllifin yaxşı tanış olduğu, içində yaşadığı bir aləmdir. O, təsvir etdiyi insanların mənəvi aləminə, psixologiyasına, həyat tərzinə yaxşı bələddir, kənd həyatını, çölçülüyü yaxşı bilir. Bu mənada Valehin "Ömür", "Qəmli könüllərin nəğməsi", "Dünən" hekayələri diqqəti cəlb edir. "Ömür" hekayəsində artıq bu dünya ilə vidalaşmaq ərəfəsində olan bir qocanın-Mehbalı kişinin son günləri təsvir olunur. Onun yeganə arzusu budur ki, kiçik oğlu Şakirin toyunu görsün, qulağına zurna səsi gəlsin. Elə də olur. Qoca çətinliklə də olsa, mağara enir, "Yanıq Kərəmi"yə oynayır.
Valeh Bahaduroğlunun "Müsahibələr" adı ilə kitaba daxil etdiyi yazılar da maraqlıdır. Hiss olunur ki, əyalətdə yaşasa da, o, ədəbi prosesə yaxşı bələddir, kənddən müvəqqəti də olsa şəhərə gələn kimi tanınmış sənətçilərlə müsahibələr yapır. "Rəsul Rza-100" müsahibə yox, məqalədir və bu yazıda Valeh Bahaduroğlunun Rəsul Rza sənətinə özünəməxsus şəkildə dəyər verməsi maraqlıdır.
Valeh Bahaduroğlunun müsahibələri də adi jurnalist müsahibəsindən və "dedim-dedi" formasından tamamilə fərqlidir. O, hansı şairinsə görüşünə gedir, təbii ki, bu görüşə ürəyi dolu gedir. Məsələn, bizim də çox sevdiyimiz Ağa Laçınlının və Musa Yaqubun poeziyası ilə hərtərəfli tanışlıq iki gözəl müsahibənin yaranmasına səbəb olub. Budur, Musa Yaqubla olan söhbətin girişi: "Bəlkə də borcundan çıxmadı, Vətən, Ömür bahar deyil, bir də qayıtsın. Öləndə qoynunda qoy ölüm ki, mən, Çürüyüm bir ovuc torpağın artsın. Beləcə bu bir bəndin tutumuyla da, sirri, sehriylə də şair Musa Yaqubla sözbəsöz olduq. Ömrü boyu təbiətlə üzbəüz olan, hər ağacın tumurcuğuyla açılan, barı-bəhəriylə ovqatlanan şair: "Mən özümü təbiətdən yazdığım şeirlərimdə tapdım", - dedi. Neçə illərdən bəri yazdığım tale, "köynək" şeirlərimi "Nanə yarpağı", "Payızdan yaza yol varmı" adlı kitablarımda toplamışam. "İndi gecəm nağıldır" poemamda isə 1940-50-ci illərdə balaca oğlan uşaqları... Ərkyana sözünü kəsib, söhbətimizə də elə o illərdən başladıq".
Bir sözlə V.Bahaduroğlunun ədəbi düşüncələrlə müşayiət olunan müsahibələri oxunaqlıdır.
İmişlidə, doğma kəndi Əliqulularda yaşayıb-yaradan Valeh Bahaduroğlu indi yaradıcılığının kamillik dövrünə qədəm basır. Onun bundan sonra ancaq yaxşı şeirlər yazmağa haqqı var... Uğurlar!

Vaqif YUSİFLİ