adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

30664 №-li MƏHBUSUN HƏQİQƏTLƏRİ

BABƏK YUSİFOĞLU
54612 | 2013-12-17 00:00
İnsanların xarakterləri, həyatları haqqında, hətta onları əhatə edən mühitin fərdlərə təsiri barədə mütləq söz demək, hökm vermək mümkün deyil. Savadından, intellektindən, zəkasından asılı olmayaraq kimsə deyə bilməz ki, istedadlı musiqiçilər ailəsində dünyaya gələn və müstəqil bir xarakteri formalaşana qədər musiqi sədaları ilə böyüyən, musiqi alətləri arasında yetkinləşən şəxs də mütləq musiqiçi və ya ən azı ifaçı olacaq... Belə bir qayda yoxdur. Və bu bütün digər sahələrə də aiddir.
Əslində mən bu iddialarla mühitin insan həyatında çox böyük rola malik olduğunu söyləyən psixiloqları, filosofları tamamən inkar etmirəm. Bu heç mümkün də deyil. Çünki müxtəlif nəzəri tezislərdən başqa, həyatda həmin örnəklərin sayı da qat-qat çoxdur. Ən azı genetik kodların insanın formalaşmasında əvəzsiz rol oynadığnı alimlər çoxdan sübut ediblər. Bununla belə mən sadəcə o məntiqi bölüşürəm ki, bütün bunlar üçün mütləq, dəyişməz bir qayda yoxdur. Olsaydı hər nəsil, necə deyərlər, bir-birilərini daim təkrar edərdi...
Olsaydı bəşər övladının inkişafı da fərqli gedərdi... Olsaydı elə illərlə həbsxana həyatını görən, müxtəlif cinayətlər törətmiş şəxslərlə türmədə yaşayan, ən əsası da gənclik illərindəcə taleyin ən sərt zərbəsinə məruz qalan Uilyam Porter də yazıçıya çevrilə bilməzdi. Elə bir yazıçıya ki, 150 ildən çoxdur dünya onu sevə-sevə oxuyur.
Bəlkə də çoxları onun kim olduğunu xatırlaya bilmədi. Çünki insanlar uzun illər onu əsl adıyla deyil, götürdüyü təxəllüslə tanımışlar. Çünki o özü belə istəmişdi.
Bəs kim idi bu qəribə söz adamı? Bir az əvvəldən başlayım... Yəni, onun hələ O:::Henri deyil, Uilyam Sidni Porter olduğu vaxtlarından...

(Əvvəli qəzetin 10 dekabr sayında)

Lakin bu gün kimi aydın idi ki, o, heç burada da təhlükəsiz şəkildə yaşaya bilməyəcək. Uilyam çətin durumla qarşılaşmamaq, bir qədər öncə yaşadıqlarını təkrar yaşamamaq üçün ümumiyyətlə ölkəni tərk etməliydi. Gedəcəyi ölkəni seçmək variantı çox olmasa da niyəsə Hondurasa getməyi düşündü. Yəqin oraya yönlənməsi də taleyin hökmü idi. Çünki kiçik bir kabotajla - sahil gəmisi ilə adınıçəkdiyim ölkəyə gələn Uilyam az sonra Truxilo şəhərində elə bir adamla tanış oldu ki, o, Porterin həyatında inanılmaz izlər buraxdı.

HƏYATININ DOSTU

Bu, çox şıq geyinmiş, çaşqın ifadəli üz cizgiləri olan, zərif davranışlı Ell Cenninqs adlı peşəkar quldur idi. Hər ikisinin amerikan "ədaləti"ndən qaçması, hər ikisinin bir növ oxşar aqibətləri yaşaması onların daha tezliklə dostlaşmasına səbəb oldu. Bioqrafglarınn dediklərinə görə, fərqli zümrələrin insanları olmalarına baxmayaraq bu iki şəxsin dostluğu inanılmaz sınaqlardan zədə almadan çıxmışdı. Müxtəlif yerlərdə cürbəcür təhlükələrə məruz qalan, qəribə macəralar yaşayan, hətta yerli Honduras üsyanında belə iştirak edən ikili bir-birilərini heç vaxt bərk ayaqda qoymamışdı. Belə demək mümkünsə, Cenninqs hətta gələcəyin böyük yazıçısını real ölümdən qurtarmışdı.
Həmin hadisə belə olmuşdu. Orada ərli bir qadınla dosluq edən Porter müəyyən müddət sonra ehtiyat tədbirlərini belə yaddan çıxarmışdı və qısqanc, dəliqanlı meksikalı ər bir gün təsadüfən məsələdən xəbərdar olmuşdu. Və hadisələr cığırından çıxaraq təhlükəli yön almışdı. Onda Çenninqson daim belində gəzdirdiyi silahdan vaxtında və dəqiq atəş açmaqla Uilyamın üzərinə xəncərlə hücum çəkərək onu öldürmək istəyən meksikalını başından vurmuşdu. Sonra isə Uilyamla Ell olayların daha da böyüməməsi, onlar üçün qorxunc şəkil almaması üçün atlara minərək təcili aradan çıxmışdılar və yenidən Meksikaya üz tutmuşdular.
Lakin sən demə, taleyin sürprizləri davam edəcəkmiş. Onlar Meksikaya gələndən az sonra Porter dəhşətli bir məlumat aldı. Ona xəbər verilirdi ki, arvadı Atoll Estes ölüm ayağındadır. Əslində belə bir hadisə təsadüfən baş verməmişdi. Çünki ərinin getdiyindən sonra kasıblıq üzündən yarıac-yarıtox yaşayan, dərmanlarını vaxtlı-vaxtında ala bilməyən, çətin bir psixoloji zamandan keçən Atollun xəstəliyinin onsuz da dərinləşəcəyi labüd idi. Lakin burada qəlbi təkrar sızıldacaq daha bir məqamı vurğulamamaq mümkün deyil.

SARSIDICI KƏDƏR... VƏ HƏBS...

Arvadı həmişə əzizlədiyi, üstündə əsdiyi krujevalı çiyinliyini (örtüyü) yeni il qabağı 25 dollara sataraq ərini sevindirsin deyə qızıl cib saat zənciri alıb göndərmişdi. Və bu, həmin məqama təsadüf edirdi ki, arvadının ağır vəziyyətini öyrənən Uilyam saatını təcili sataraq qatara bilet alıb cəfakeş həyat yoldaşının yanına tələsirdi. Artıq indi Porter üçün fərqi yox idi ki, şəhərə çatandan sonra onu həbs gözləyir. Təki evlənəndən sonra həmişə həyəcanlar yaşatdığı ömür-gün dostuna özünü çatdıra biləydi. Və çatdırdı da...
Amma təəssüf. Uilyam Atolla görüşəndə arvadının bir neçə günlük ömrü qalmışdı. Və onun yeganə təsəllisi də elə bu oldu ki, bu dünyadan köçən arvadıyla vidalaşa bildi. Vəssalam. Onu da qeyd etmək lazımdı ki, Porter şəhərə gələn kimi polis bundan xəbər tutmuş, amma vəziyyəti nəzərə aldıqları üçün, insanlıq naminə dəfn bitənədək ona toxunmamışdılar. Ehtiyat tədbirləri üzündən tabutu belə müşayiət edən polislər Atoll torpağa tapşırılandan dərhal sonra Uilyamın qollarını qandallayıb aparmışdılar. Və 1898-ci ilin fevralında Ostində Uilyama məhkəmə qurulmuşdu.
Sanki həyatın onunla "oynadığı oyunlara" şaşırmış kimi Parker kimsəylə onda heç nəyi müzakirə etmək, kəlmə kəsmək belə istəməmişdi. Hətta üç gün sürən məhkəmədə bir kərə danışmayan, son söz deməkdən imtina edən Uilyam ümumiyyətlə özünün müdafiəsi üçün ağzını belə açmamışdı. Bəlkə də bu zavallı adam hər şeyi, bütün hər şeyi mənasız hesab etmişdi. Əlbəttə, körpə ikən anasını, bir növ atasını, sağlamlığını, daha sonra işini, rahat həyatını, oğlunu, indi isə ömür gün yoldaşını... nəhayət azadlığını da itirəməkdə olan bir adam üçün belə psixoloji durum heç də təəccüblü deyildi. Ona beş il cəza kəsdilər. Maraqlıydı ki, Porterin dostlarının, ümumiyyətlə onu tanıyanların heç biri inanmırdı ki, Uilyam özünə aid olmayan nəyisə oğurlaya bilər.

HƏYAT HADİSƏLƏRİ BƏDİİLƏŞMƏYƏ BAŞLADI

Həyat qəribəliklərlə dolu idi. Porter Oqayo ştatındakı amansız Kolambus türməsində yenidən köhnə dostu Ell Cenninqslə rastlaşdı. Nə bilmək olar, bəlkə də bu təsadüf həyatın onun üçün rast gətirdiyi tək-tük şanslardan biriydi... Çünki sonralar şəxsən özünün türmə həyatından danışmağı sevməyən gələcəyin yazıçısı haqqında çox şeyi məhz Cenninqsin söhbətləri aşkara çıxarmışdı.
Qeyd edim ki, nümunəvi davranışları, ağıllı hərəkətləriylə həbsxana rəhbərliyinin diqqətini cəlb edən Uilyam özünə türmə aptekində işi qazanmışdı ki, bu da onun çətin, ağır, məşəqqətli həbsxana həyatında duruş gətirməsinə çox yardımçı olmuşdu. Bundan başqa, onun 5 illik məhkumiyyətindən də 1 il doqquz ay azaldılmışdı. Ən başlıcası isə Uilyam Porterin simasında məhz burada dünyanın tanıdığı məşhur O:::Henri doğulmağa başlamışdı...
Bu məqam üçün bir maraqlı hadisəni də xatırlamaq məncə yerinə düşər. Həmin ərəfələrdə çox zəngin bir biznesmenin kiçicik yaşlarında olan qızı təsadüfən örtülən iri seyfinin içərisində qalmışdı. Açarlarla birlikdə. O zaman Porter və Cenninqslə birgə "oturan" məşhur "seyf oğrusu" Dik Prays yada düşmüşdü. Vaxt itirmək olmazdı, çünki qızcığaz içəridə ölə bilərdi. Praysı seyfi açarsız açmaq üçün köməyə aparmışdılar və söz vermişdilər ki, əgər uşağı oradan xilas edə bilsə onun azadlığa çıxmasına hər cür köməyi göstərəcəklər.
Həyatda hər kəsin pis gözlə baxdığı bu adam bütün bacarığını işə salaraq 12 saniyə ərzində yüksək məxfiliyə malik seyf qapısını açaraq qızcığazı oradan qurtarmışdı. Amma sonradan məlum olmuşdu ki, Praysa verilən bütün sözlər yalan imiş. Çünki kimsə onun işiylə maraqlanmamışdı. Və bu hadisəni hekayələrinin birində süjet kimi istifadə edən Uilyam Porter Praysın simasında Cimmi Valentayn obrazında yaratmışdı. Özü də elə yaratmışdı ki, hətta bədii ədəbiyyatın nə olduğunu bilməyən adamlar belə əsərin təsiri altından çıxa bilmirdilər.
Yazıçının dostu Ell həmin hadisələrdən birini belə xatırlayırdı. "...Həmin dəqiqədən - Porter özünün sakit, məxməri, azca kəkələyən səsiylə yazdığını oxumağa başlayandan, ətrafda ölü bir sükut hakim kəsildi. Biz nəfəsimizi qısıb yermizdəcə elə bil donmuşduq. Nəhayət oğru Reydler gerçəkdən yuxudan ayılan adamlartək bərkdən köksünü ötürəndə Porter bizə nəzər saldı. Reydler gülümsəyib şikəst əli ilə yaşla dolmuş gözlərini silərək söyləndi: Lənət şeytana, Porter, bu, mənim həyatımda ilk dəfədir. Allah məni öldürsün, əgər mən göz yaşımın necə olduğunu bilirdimsə..."

(Ardı qəzetin 24 dekabr sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV