adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Lap ürəyimiz ağrıdı...

SAMİRƏ ƏŞRƏF
54999 | 2013-12-14 07:38
Havalar pis sifətini göstərən kimi hərə öz yorğanını başına çəkib yuxuya getməyə başladı. Maşallah həm yorğan, həm də fikir sarıdan bizə zaval yoxdu. Yatıb dərin yuxulara dalmaqda ki, bizim millətin ən sevimli şakəridi. Xalxın milləti kitab oxuyub, ömrünü laboratoriyalarda güdaza verib elm öyrənib, ixtiralar edəndə, mən nə bilim aya, marsa uçub ordan torpaq alıb, ev tikdirəndə, bizim müsəlman əhli də dərin yuxulara qərq olur. Ümumiyyətlə bu içi üç kilo qoyun yunundan, kəfrəmi çitdən olan iki metrəlik yorğan məsələsi ki, var hələ bineyi-qədimdən güzəranımızda özünə geniş və dəyişilməz yer tutub. Tağı Şahbazinin "Qayçı" hekayəsi yəqin ki, xatirinizdədi. Bir yorğan xeyli dəhşətli vaqiəyə, kimsəsiz, yetim Məhəmmədin təndirə düşüb yanmağına səbəb olur.
Bu yaxınlarda qohumlardan birinə qonaq getmişdim. Yeyib-içməyin şirin yerində evin xanımı qəfildən oturduğu stolun arxasından güllə kimi ayağa qalxıb dedi: Vayyy, serialımın vaxtı keçdi. Arvad nimçəni, qaşığı uçura-uçura qaçdı televizora tərəf. Televizoru açan kimi kanalı tapıb eləcə durduğu yerdə quruyub qaldı. Sözün açığı televizordan vay-şivən, ağlaşma səsi nətər möhkəm gəlirdisə, mən də başımı qaldırıb baxdım ki, görüm nə məsələdi. Deməli serialda bir qız bir oğlanla müsəlman adət və ənənələrinin əksinə gedərək, toysuz, duvaqsız, yengəsiz bir oğlanla sevişir. Elə məqam gəlir çatır ki, bu qızın bütün nəsli kökü bu məsələdən xəbərdar olurlar. Anası qızı bir-iki dəfədən yaxşıca çırpır, sonra da götürüb elə həmin oğlana ərə verir. Amma qızın günü orda da ağarmır. Əlqərəz bir gün qız yiyələri gedib qızı ər evindən götürüb gətirirlər öz evlərinə. Axşam düşür qız yatmağa hazırlaşanda baxır ki, onun illər uzunu üstünə örtüb altında şirin xəyallar qurduğu yorğanı yoxdu. Mərəkə qopur nə qopur... Axırda ana nəalac qalıb elə gecə ilə evdəki yastığı, yorğanı söküb qızına yorğan düzəldir. Məndən hələlik bu qədər. Çünki mətləbdən çox uzaqlaşmışam.
İki gün əvvəl məmləkətimizə qar yağdı. Əyalətlərdən fərqli olaraq, şanlı paytaxtımız ilk qarın həyəcanını yaşadı. Həyəcan nə həyəcan. Şəhərin yollarında saatlarla avtobus gözləyən kim, yollardakı tıxaclarda qalan kim. Hələ mən ayaqları dizəcən suya batan camaatı demirəm. Türklər demişkən ay balam, zorla deyil ki, bu qar bizim şəhərə yaraşmır. Vəssalam. Bər-bəzəkli qar dənələri yerə düşən kimi paytaxtın yarıdan çoxu ibtidai icma dövrünə qayıdış edir.
Bir yaxın qohumum şəhərin mərkəzində yaşayır. Qar yağan kimi onun işığı, qazı, suyu yerli-dibli kəsilib. Özü də bu kəsinti bir sutkadan çox davam edib. Nəzərə alsaq ki, ailədə iki azyaşlı körpə var. İndi görün belə şaxtalı havada həmin körpələr nə hala düşüblər. Hələ bu harasıdı. Elə qar yağan günü lent.az saytında bir ailə haqqında yazı yayımlanmışdı ki, allah, allah adamın az qalırdı ki, ürəyi parçalansın. (təbii ki, ürəkli insanların) Bir ailə beş az yaşlı oğlu ilə Siyəzənin hansısa kəndində bir daxmada rəsmən çürüyürlər. Ev bərbad gündə, əyin yox, yemək yox. Soyuqla əlbir olan xəstəlik də öz işini görməkdədi. Evin kişisi boynunu büküb deyir ki, nə qədər işləyirəmsə, ailəmin dolanışığına çatmır. Həmin ailəyə dəfələrlə səlahiyyətli şəxslər gəlib tanış olub - lap ürəyimiz ağrıdı sizin bu yaşayışınıza desələr də, heç bir yardım, köməklik etməyiblər. Bu artıq hazır Dostoyevskilik romandı. Sadəcə olaraq bizim məmləkətdə hələ Dostoyevski ola bilən bir yazıçı yoxdur ki, bu zülmləri qələmə ala. Bəli, bizdə qayda belədi. Mərhəmət hissi yalnız hadisə zəminində baş qaldırır. Hadisə yerindən bir addım uzaqlaşan kimi insanların ürəyi də dönür olur bir parça daş.
Nə isə ailə itin zülmünü çəkir, üstlərinə örtməyə bir yorğanları belə yoxdur ki, heç olmasa onun altında gecələri rahat yatsınlar. Yenə yorğan!!! Görürsünüz məsələ yenə gedib dirənir yorğana.
Nə etməli zorla deyil ki, kasıbın olanından yeyin için. Amma yorğanınızdan bərk yapışın ki, bəd ayaqda onu başınıza çəkib altında min borcu ödəməyən fikirləriniz çəkə biləsiniz.

Samirə Əşrəf

TƏQVİM / ARXİV