adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Pislər və yaxşılar

XURAMAN HÜSEYNZADƏ
38787 | 2013-12-14 07:38
Nənəmin bir sözü vardı: biqurumsaq. Deyirdim, ay nənə, qurumsaq pis sözdür, onun qarşısına "bi" sözönünü artırdıqda əksi olur axı. Yəni "yaxşı" anlamına gəlir. Deyirdi, bu, lap pis adamlar üçündü. İzah etməkdə çətinlik çəksə də başa düşürdüm ki, pis adamlar üçün münasib söz tapa bilməyib, ona görə bu ifadəni kəşf edib.)))
...Onlar hər yerdə var. Bədii əsərlərdə, filmlərdə, seriallarda, film kimi həyatlarda... Onlar həyatı dadlı edən inqrediyentlərə əlavə edilmiş acı istiotdur. İstənilən halda həyat adlı təamda zəhər dadarlar. Di gəl, onlarsız həyatı təsəvvür etmək mümkün deyil. Belə olsaydı, zatən oxuduğumuz əsərlər, baxdığımız filmlər, tamaşalar da maraqlı olmazdı. Onlarla eyni cəmiyyətdə yaşamaq, eyni havanı, suyu, bəzən həyatı paylaşmaq nə qədər acı da olsa, bir o qədər "rənglidir". Həyatdan ədəbiyyata, kinoya köçürülmüş mənfi obrazlardan, pis adamlardan danışıram...
Uşaq vaxtı eşitdiyimiz nağıllardan elə bildik ki, pis adamlar həmişə yaxşı adamlara uduzur. Pislik xeyirxahlığa məğlub olur. Böyüdükcə, özümüz bu tip insanlarla rastlaşdıqca gördük ki, nağıl elə nağıldır-həyat yaxşı adamları yenidən pis adamlarla qarşılaşdırmaq üçün hadisənin sonunda üç nöqtə qoyursa, nağıllarda bu nöqtələr almalarla əvəz olunur... Göydən üç alma düşür və nağıl orda da bitir.

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV