Bakıda kəsişən yollar

ETİBAR CƏBRAYILOĞLU
89821 | 2013-12-14 07:36
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirildi. Bəri başdan qeyd edək ki, həmin sessiya Azərbaycanda indiyədək təşkil olunmuş ən genişmiqyaslı beynəlxalq mədəniyyət tədbiri sayılır. Bir həftə davam edən bu sessiya çərçivəsindəki tədbirlərə 116 ölkədən 800-ə yaxın nümayəndənin qatılması tədbirin əhəmiyyətini bir daha ortaya qoyurdu. Üstəlik, Bakı sessiyasının özəl bir tərəfi də var idi. Bu il UNESCO-nun "Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyası"nın 10 ili tamam olur.

Sədrlik də bizdə, söz də...

Belə bir nüfuzlu tədbirin məhz Azərbaycanda keçirilməsi qərarı UNESCO Hökumətlərarası Komitəsinin ötən ilin dekabrında Parisdəki yığıncağında verilib. 2010-cu ildən quruma üzv olan ölkəmiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəyə sədrlik edir.
Paytaxtımızın "Marriott Absheron" otelində düzənlənən sessiyanın açılış mərasimi yaddaqalan oldu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beynəlxalq tədbirin
əhəmiyyəti barədə danışdı: "Beynəlxalq cəmiyyət ilk dəfə olaraq mədəni təzahür və ifadələrin qorunması ehtiyacını tanıyıb. Hələlik 156 dövlətin tanıdığı Konvensiyanın qəbulu mədəni müxtəlifliyin təşviqində, beynəlxalq strategiyaların inkişafında mühüm rol oynayıb. Ötən illər ərzində Azərbaycan Konvensiya çərçivəsində xalqımızın mədəni-mənəvi dəyərlərini özündə yaşadan çox qiymətli nümunələrin müxtəlif nominasiyalarda dünya arenasına çıxara bilib və qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə nail olub".
Baş nazirin müavini Elçin Əfəndiyev belə bir nüfuzlu tədbirin Azərbaycanda keçirilməsini mühüm hadisə adlandırdı və qeyd etdi ki, Azərbaycanın UNESCO ilə əməkdaşlığı qarşılıqlı hörmətə və etibara söykənir: "Xalqımızın bir çox maddi və qeyri-maddi sərvətləri, mənəvi həyatda mühüm rol oynamış görkəmli şəxsiyyətləri UNESCO kimi nüfuzlu təşkilatın vasitəsi ilə geniş şəkildə təbliğ olunub".
UNESCO-nun Baş direktoru İrina Bokova isə tədbirə qiyabi qatıldı. Sessiya iştirakçılarına video-müraciətində təşkilatın xanım rəhbəri bildirdi ki, mədəni müxtəliflik və zənginlik ölkələr, xalqlar arasında dialoq və anlaşma üçün bir körpü rolunu oynayır. İrina Bokova başçılıq etdiyi qurumla Azərbaycan arasında əməkdaşlığa xüsusi önəm verdiyinə, bu sahədə göstərdiyi xidmətlərə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürlərini bildirdi.
Sonra söz UNESCO Baş direktorunun mədəniyyət üzrə müavini Françesko Bandarinə verildi. Təşkilat rəsmisi sessiyanın işinə uğurlar arzuladı və tədbiri yüksək səviyyədə hazırladığına görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə etdi. Bandarin qeyd etdi ki, UNESCO xalqların mədəniyyət tarixini qoruyur və mədəniyyətlərin inkişafı qurumun fəaliyyətinin ayrılmaz hissəsidir. O, Azərbaycanı da bu tarixin müəyyən bir parçası adlandırdı.
Açılış günündə və sonrakı günlərdə sessiya çərçivəsində Beynəlxalq QHT Forumu keçirildi, mədəniyyət sektorunda UNESCO standartlarının müəyyənləşdirilməsinə dair daxili nəzarət xidmətinin qiymətləndirilməsi, bu işin metodikasının auditi üzrə hesabat müzakirə olundu. UNESCO-nun "Təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irsin Siyahısı" və "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı"na təklif olunan nominasiyaların müzakirələri aparıldı.
İşgüzar şəraitdə keçən müzakirələrdən sonra "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin Siyahısı"na əlavə olunması nəzərdə tutulan 11 nominasiyadan 4-ü qəbul olundu. Əlamətdar fakt odur ki, onların arasında ölkəmizin təqdim etdiyi "Çövkən-Qarabağ atüstü oyun ənənəsi" də var idi.

Tar, Qobustan qayaüstü rəsmləri, indi də Çövkən

Sessiya keçirilən günlərdə qeyd olunduğu kimi, ölkəmizin UNESCO ilə əməkdaşlığı yüksək səviyyədə qurulub. Ötən 20 il ərzində bu münasibətlər inkişaf edir və öz müsbət bəhrəsini verir. 2000-ci ildə milli memarlığımızı özündə yaşadan İçərişəhərdəki Qız Qalası, Şirvanşahlar Saray Kompleksi UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınıb. Cəmi üç il sonra Azərbaycan muğamı bu şərəfə layiq görülüb. UNESCO ilə münasibətlər inkişaf etdikcə sonrakı illərdə aşıq sənətimiz, xalçaçılıq sənəti, tarımız "Bəşəriyyətin qeyri-maddi irs üzrə Reprezentativ Siyahısı"na daxil edilib. Nadir tarix və mədəniyyət nümunəsi sayılan Qobustan qayaüstü abidələri də artıq UNESCO-nun Dünya Mədəni İrs Siyahısındadır.
Nüfuzlu qurumun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda düzənlənən 8-ci sessiyası zamanı Azərbaycanın daha bir sərvəti- Çövkən Qarabağ atüstü oyun ənənəsi "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı"na daxil edildi. Bu məsələnin siyasi əhəmiyyəti də qeyd olunmalıdır. Ölkəmizin irəli sürdüyü nominasiyaya səs verən dövlətlər Qarabağın işğal altında olduğunu, qeyri-maddi irs nümunələrinin təhlükə ilə üzləşdiyini bir daha təsdiq etdilər.

Nazir Əbülfəs Qarayev: "Azərbaycanın yeni təklifləri var"

Beynəlxalq tədbir çərçivəsində yerli və xarici jurnalistlərlə görüşən Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev sessiyanın Bakıda təşkil olunmasını çox mühüm mədəni bir hadisə adlandırdı. Nazir bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu məsəldə böyük dəstəyi olub. Nüfuzlu tədbirin Azərbaycanda keçirilməsinə göstərdikləri diqqət və qayğıya görə hər iki şəxsə xüsusi minnətdarlığını ifadə edən Əbülfəs Qarayev Çövkən-Qarabağ atüstü oyun ənənəsinin "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı"na daxil edilməsini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə mühüm addım adlandırdı.
Nazirin sözlərinə görə, ölkəmizin digər nominasiyalar üzrə də yeni təklifləri var. Lakin UNESCO-nun tələblərinə görə, bu təkliflərə növbəti sessiyalarda baxıla bilər.
Bir həftə davam edən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası ölkəmizlə bu nüfuzlu qurum arasında
münasibətlərdə yeni bir mərhələnin əsasını qoydu.
Tədbirdə iştirak etmək üçün Bakıya gələn çoxsaylı qonaqlar tədbirin yüksək səviyyədə hazırlanmasını dönə-dönə qeyd etdilər. Həmin günlər paytaxtımızda olan UNESCO-nun keçmiş Baş direktoru Koişiro Matsuuranın dediyi fikirlər bu baxımdan çox maraqlıdı: "10 illiyini qeyd etdiyimiz UNESCO-nun "Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyası"na əlavə və düzəlişlərin məhz bu sessiyada həyata keçməsi Azərbaycan üçün də tarixi hadisədir. Çünki bu əlavələr sənəddə "Bakı düzəlişləri" kimi qeyd olunacaq".

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV