adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"SƏNDƏN SONRA YAĞAN QAR..."

FƏRİDƏ RƏHİMLİ
36191 | 2013-12-14 07:34
İlk qar yağdı Bakıda. Həmişə olduğu kimi, Bakı şaxtaya, qara hazır deyil. Ya işıq, ya qaz, ya da sudan birinin, yaxud hər üçünün birdən olmaması adi hal alıb qar yağarkən. Qar demək olar ki, hələ yerə gəlib çatmamış bunlar yoxa çıxır... Bakının qarı hələ indiyədək işıq, su, qazla birlikdə qarşılaşmayıb burda!
Amma bütün bunlara baxmayaraq, qar həmişə mənə sevinc gətirib. İndi pəncərədən seyr edərkən bu qar yağışı məni uşaqlığıma götürdü - xoşbəxt, qayğısız anlarıma...
Nə evi isindirmək, nə mal-heyvanı yemləmək, nə donmuş bulaqdan su gətirmək v.s poblemlər məni narahat etməyən vaxtlara...
Səhər yuxudan oyanarkən hər tərəfi ağappaq görmək sevincini heç bir başqa sevincim üstələyə bilməzdi. Küləksiz havada sakit-sakit, lopa-lopa yağan qar sanki göydən rahatlıq, sevinc, nur, huzur tökürdü başıma. Axşamdan olan sirrləri də bir-bir açardı bizlərə. Bütün pislikləri, çala-çuxurları, zibilləri örtən qar - toyuq hininə oğurluğa gəlib hinin ətrafında dolaşan tülkünün, çaqqalın fərqli pəncə izlərni, yem axtaran quşların gül rəsminə bənzəyən ayaq izlərini xəbər verirdi bizlərə. Anlamaq olurdu bunları qarın gecə nağılından. Yollarda qoşa addımlayanları, ayağını sürüyə-sürüyə yeriyənləri izlərindən tanımaq olurdu... Ağacların üstündə qardan elə gözəl mənzərə yaranardı ki, bu gözəllik yalnız ilahi bir əllə düzəldilə bilərdi... (Bakının küləyindən bu mənzərə beş-üç dəqiqədən artıq qalmır ağaclarda). Ətrafda bir təmizlik, rahatlıq, paklıq hökm sürürdü. O zamanlar mənə hüzür verən bu paklığın, təmizliyin, ağlığın, ləkəsizliyin nə olduğunu dərk eləmirdim, sadəcə səbəbini bilmədiyim bir sevinc sarardı içimi. Üşüsəm də, gediş-gəliş məhdudlaşsa da, bu sevinci mənim içimdən çıxara biləcək bir qüvvə yoxdu, çünki bu ilahidən gələn, anlaşılmaz bir sevinc idi...
Orta məktəbin aşağı siniflərində oxuyarkən kənd məktəbinin uçuq-sökük siniflərində, sınıq-salxaq partaların arxasında necə həvəslə oxuyardıq! Sinfi qızdırmaq üçün istifadə olunan odun sobasına təzək doldurub yandırmağa çalışan xadimə buna ən azı bir saata nail ola bilirdi. O vaxtadək gözlərimiz tüstüdən acışır, üst-başımız his iyi verirdi, amma oxuyurduq və yeganə, ən böyük bir sevincimiz olurdu həmin gün - bayırda qar yağırdı!!!
Nədənsə uşaqlıq xatirələri həmişə şirin olur. Bütün acılara, məhrumiyyətlərə rəğmən şirinliyini itirmir, məsumiyyətini qoruyur. Evdə odun sobasının istiliyində toplanıb nənəli, babalı, ata-analı, yeddi bacı-qardaşla pendir-çörək süfrəsi ətrafında dünyanın xoşbəxti olmaq olurmuş sən demə... Bu xoşbəxtlik üçün birlik, bütövlük, mehribançılıq, sadəlik kifayət edirmiş...
Uzun qış gecələrində nənənin nağılları ilə birgə, yayda tədarük gördüyü quru meyvələr, talvarda samanlıqda gizlədilmiş meyvələr də uşaq sevincimizin kiçik bir yadigarıydı... Atamın qoşalülə tüfəngini xüsusi mil vasitəsilə təmizləməsinə, gilizləri, qırmaları bükməsinə səsimizi içimizə çəkərək, maraqla tamaşa edərdik. Xrom çəkməsini geyinməsiylə artıq ova hazır olduğunu bilib sevinərdik - axşama ov quşlarından, yaxud dovşan ətindən yeməyinmi sevinci idi bu, yoxsa alabəzək lələkli quşları, atamın, qulaqlarından tutub torbadan çıxardığı dovşanı görmək marağımı idi, bilmirəm.
İndi bunlar kimlərəsə, bəlkə də çox bəsit görünə bilər, amma o uzaq keçmişdə bir ailənin, ən azı bir qız uşağının sevinc payı idi bunlar. İndi, qazandıqlarım, itirdiklərim onlardan qat-qat üstün olsa da, o sevinci, o rahatlığı, o güvəni, o huzuru tapa bilmirəm içimdə, istəsəm də...
İndi də o kəndə gedə bilirəm. Erməni işğalından sonra tamam dəyişib. Asfalt yol çəkilib, mavi qazla təmin olunub, evlər hamısı ucdantutma yenidən tikilib. Vəhşi ayağı dəyib, viran olduqdan sonra yenidən bərpa olunmuş kəndimizə heç cür isnişə bilmirəm. Çünki bu kənd o kənd deyil artıq!!! Nə görünüşü ilə, nə insanları ilə, nə sevincləri ilə... bir az kədərləri bənzəyir o vaxtkına...
O kiçik qızsa, kənardan məyus-məyus baxa-baxa qalıb... Həyata keməyəcək bir arzusu var - keçmişini geri qaytarmaq istəyir!!! Torpaq itkisinə dözməyib dünyasını dəyişən atasını istəyir... Bütün baş verənlərdən hədiyyəsi şəkər, qan təzyiqi olan qoca anasının sağlamlığını, gəncliyini istəyir... Cəngindən qurtula bilmədiyi uşaqlıq xatirələrinin gerçəkləşməsini istəyir... O da qarlı bir gündə tərk etdi...
"Mən", bir vaxtlar xoşbəxt olan o kiçik qızın, boynubükük vəziyyətdə göz yaşlarını görürəm... içim yanır. Artıq bu qar da o yanğını soyuda bilməyəcək deyəsən...
İtirdiklərimmi çox oldu, qazandıqlarımmı? Deyəsən itirdiklərim...
Qar yağır! Sevincmi gətirdi bu qar mənə, kədərmi, anlamadım...

P.S. Yazıya Bəxtiyar Qaracanın "Səndən sonra yağan qar" şeirinin təsiri də danılmazdır...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV