adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Xəyanətə uğrayan ulduz futbolçumuz

İNTİQAM VALEHOĞLU
42526 | 2013-12-14 07:34
"Ədalət" qəzeti tanınmış idmançıların həyatı barədə silsilə yazılarını davam etdirir. Bu həftənin "Ulduz"u futbolumuzun yaxın keçmişinin tanınmış simalarından olan Vadim Vasilyevdir. O Vadim ki, 10-15 il əvvəl milli komandamızın və yığmanın özəyini təşkil edən "Neftçi"nin əvəzolunmaz hücumçusu idi. Amma bu gün veteran futbolçu haqda nə yazan var, nə də illər öncəki kimi müsahibələri qəzet səhifələrini bəzəmir. Əvəzində onun Azərbaycan futbolu üçün göstərdiyi xidmət bu gün də yaddaşlardadır. Şəxsən mənə görə bu gün yüz minlərlə dollar qiyməti olan legionerlərlə müqayisədə Vadim daha üstün futbolçu idi. Təbii ki, milliyyətcə rus olsa da, Bakıda, Buzovna qəsəbəsində dünyaya göz açdığından milli adətlərimizi, mentalitetimizi də müəyyən mənada mənimsəmişdi.

Debüt

1972-ci ilin iyun ayının 17-də dünyaya göz açan Vadim peşəkar futbolçu karyerasına ötən əsrin 90-cı illərində mövcud olan "Xəzri" (Buzovna) komandasında başlayır. Ampluaca hücumçu olan Vasilyev bu komandanın heyətində 1993-94-cü illər mövsümündə debüt edib. Doqquz oyuna qol vurmasa da, "Bakı fəhləsi" komandasının heyətinə cəlb olunur. 1994-cü ildə "Bakı fəhləsi"nin heyətində keçirdiyi 11 oyunda 3 dəfə rəqib qapıçılarını məyus edən Vasilyev 1995-ci ildə Donetsk "Metallurq"una transfer olunur. Ukrayna klubunda bir mövsümə 36 oyunda meydana çıxan istedadlı futbolçu 14 dəfə rəqib torunu silkələməyi bacarsa da, klubla yollarını ayırır.

Ukrayna və
yenidən Azərbaycan

1996-cı ildə vətəni hesab etdiyi Azərbaycana dönür və yenidən "Bakı fəhləsi"nin uğurları üçün çalışır. 1999-cu ilə kimi "Bakı fəhləsi"nin liderinə çevrilən Vadim iki dəfə komandasının ən yaxşı bombardiri olur. Əvvəlcə 1997-98-ci illər mövsümündə 14, 1998-99-cu illər mövsümündə isə 19 qol vuraraq böyük komandaların diqqətini özünə çəkməyi bacarır. "Netçi"dən sərfəli təklif alan futbolçu flaqmanın heyətinə keçməyə razılıq verir. 1999-2002-ci illər mövsümündə bu klubun şərəfini qoruyan Vadim iki dəfə gümüş bir dəfə bürünc medal qazanır.

Pik

Təbii ki, "Neftçi"də oynadığı illəri onun karyerasının və həyatının pik dövrü də hesab etmək olar. Çünki bu illərdə Vadim Samirə adlı xanımla ailə qurur. Eyni zamanda milli komandanın da liderlərindən birinə çevrilməyi bacarır. Zədəli və cəzalı olmadığı təqdirdə o milli komandanın əsas heyətində meydana çıxırdı. Amma buna rəğmən Vasilyev Azərbaycan millisində keçirdiyi 33 oyunda cəmi iki dəfə fərqlənməyi bacarır. Hər iki qol Slovakiya ilə Bakıda keçirilən görüşə təsadüf edir.

Eniş

2003-cü ildən etibarən hücumçunun karyerasında eniş başlayır. Amma həmin vaxt kimsə bu enişin fərqində deyildi. Elə onun 2003-cü ildə "Tavriya" komandasına transferini irəliləyiş kimi dəyərləndirənlər də var idi. "Tavriya"nin heyətində ilk oyununu "Krivbass"a qarşı əsas heyətdə çıxan hücumçumuz ümidləri doğrultmur və cəmi üç oyun keçirdikdən sonra yenidən "Neftçi"yə üz tutur.
2003-2004 mövsümündə flaqmanın ən yaxşı bombardiri olan rus əsilli futbolçu 17 qola imza atmağı bacarır və komandasının çempionluğunda böyük pay sahibinə çevrilir. Bundan sonra Vadimin "Qarabağ" macərası başlayır. 2004-2005 mövsümünü "Qarabağ"da keçirən hücumçu 12 qola imza atmağı bacarır.
O, 2005-ci ildə "Bakı"nın heyətində növbəti dəfə Azərbaycan çempionu olmağı bacarır. Fikrimcə Vadim elə karyerasını bu yerdəcə bitirməli idi. Amma müəyyən problemlər onu karyerasını zorən davam etdirməyə məcbur edirdi. 2006-cı ildə "Olimpik" (indiki AZAl-İ.V) komandasına keçən 35 yaşlı oyunçu burda cəmi 9 iyunda meydana çıxmağa imkan tapır.

Məşqçi Vadim

2008-ci ildə "Standard" klubu ilə müqavilə imzalasa da, meydana çıxmır və müqavilə qarşılıqlı şəkildə pozulur.
Bununla da o, peşəkar futbolçu karyerasını başa vurur. Ardınca İqor Ponomaryov "Xəzər Lənkəran"a baş məşqçi təyin olunur və onu da özü ilə cənub komandasına köməkçi məşqçi qismində dəvət edir. Ponomaryovun Lənkərandan gedişi Vasilyevi də işsiz qoyur. Bir müddət birinci divizionda çıxış edən "Şuşa" komandasına rəhbərlik edən Vasilyev 2011-ci ildən isə AFFA-nın kiçik yaşlı uşaqlar üzrə məşqçisi kimi çalışır.
Doğma qardaşı Roman Vasilyev hakimdir. Yuxarıda Vasilyevin şəxsi həyatını onun uğurları sırasında qeyd etdik. Amma bu "uğur" futbolçu üçün yalnız bir neçə ildən ibarət olur və o Samirə xanımla həyat yollarını ayırır. Bu ayrılığı yoldaşının ona xəyanət etməsi ilə də əlaqələndirirlər, Vadimin içki düşkünü olmasıyla da. Amma bütün mübahisəli məsələlərdə olduğu kimi bu dəfə də ən yaxşısını tərəflər özləri bilir.

İntiqam Valehoğlu

TƏQVİM / ARXİV