UCALIQ YOLUNDA

VAQİF YUSİFLİ
41349 | 2013-12-14 07:33
Zirvələrə səmt olub
Çıxıram dolaylara,
Çıxıram pillə-pillə.
Qalxıram bu inadla,
Bu ürəklə, bu dillə.
Yoxuş yolu çıxınca
Nə ayağım büdrəyir,
Nə də ki, yıxılıram.
Heyf ki, ucalığa
Çıxdıqca, çıxılıram!..

Otuz ildən artıq tanıdığım Yusif Nəğməkarın şeiridir bu. Adı "Ucalıq yolunda". Xatırlayıram 1984-cü ili. Səhv etmirəmsə, "Yazıçı" nəşriyyatından gənc şair Yusif Mədətovun ilk şeirlər kitabını mənə rəyə vermişdilər. Mən də onun nəşriyyata təqdim etdiyi əlyazmadakı şeirləri oxudum, bəyəndim və müsbət rəy yazdım. O rəy indi əlimdə deyil, çoxdan itirmişəm. Amma iki cümləsi nədənsə yaddaşımda ilişib qalıb: "Yusif Mədətovun şeirləri tezliklə ona ucalıq gətirə bilər. Əgər inadla axtarışlar aparsa..."
Həmin kitab - "Sazın işığında" - oxucularla görüşə gəldi və insafən, səksəninci illərin tələbkar oxucuları onu pis qarşılamadılar.
Yusif Mədətov sonra Yusif Nəğməkar oldu. "Sazın işığında" adı isə əbəs yerə qoyulmamışdı. Saz mühitindən çox kənarda - Aran yerində, Mil düzündə - Beyləqanda doğulan Yusif çox tezliklə Sazı da ram etdi. Sərbəst şəkildə saz çalmağı öyrəndi. Onun poeziyasında onsuz da Sazla Söz bir idi, amma indi bu Saz ürəkdən ələ də köçdü.
Mən istəyirəm Yusif Nəğməkarın "Alın yazım" (2004) və "Bəsirət gözəli" (2012) poetik topluları barədə ürək sözlərimi söyləyim.
Yusif Nəğməkara ilk xeyir-duanı unudulmaz şairimiz Rəsul Rza verib. Heyf ki, onun Y.Nəğməkarın şeirləri barədə fikrini əldə edə bilmədim. Amma başqa bir görkəmli şairimiz Bəxtiyar Vahabzadənin Yusif Nəğməkarın şeirləri barədə iki geniş məqaləsi ilə tanışam və elə söhbətimə də Bəxtiyar müəllimin fikir və mülahizələri ilə başlamaq istəyirəm. B.Vahabzadə "Dünən, bu gün və sabah" adlı məqaləsini bir xatiratla başlayır: "Bizi dəvət eləmişdilər Beyləqan rayonuna. Belə oldu ki, maşında mən, professor Nurəddin Rzayev, tarixçi alim-professor Süleyman Əliyarlı və bir də Yusif Nəğməkar gedəsi olduq Beyləqana. Yolda bir qəribə söhbət oldu; bu gün, dünən və sabah-söhbətimizin mövzusu beləydi. Hərə öz fikrini dedi. Yusif də dedi ki, bu gün yoxdur, amma dünən də var, bizim üçün realdır, sabah da var-sabah da ümiddir. Və bu mənim çox xoşuma gəldi-bu adamın bu danışığı. Gördüm ki, əhvalata, müəyyən hadisəyə poetik münasibət bəsləməyi bacarır".
Daha sonra Bəxtiyar müəllim Yusif Nəğməkarın şeirlərindən söz açır. Yazırdı ki: "Yusif həyatdakı hadisələrə, gördüyünə fəlsəfi yanaşmağı bacarır. Balaca bir şeirdi, deyir:

"Qızılgülün budağında
tikan bitib,
Qaratikan kolunda
yaşıl, sığallı yarpaq.
Zərifliyi qoruyan sərtliyə,
Sərtliyi gizlədən
zərifliyə bax!..
Bu təzadda nə qədər fəlsəfi məna gizlənir. Bax, bu fəlsəfi mənanı tapmaq və onu şeirləşdirmək hər şairin işi deyil.
..İkinci yenə balaca bir şeiri var Nizami haqqında. Məsələn, Nizamiyə nə deyir? Deyir ki,

Qalın cildli
Bir əsərdir Azərbaycan,
Sən - onun baş qəhrəmanı.

Doğrudan-doğru Azərbaycan xalqının tarixində, bu xalqın, bu millətin yetirdiyi ən böyük insan Nizamidir. Ona görə də əgər Azərbaycan qalın cildli bir kitabdırsa, onun baş qəhrəmanı Nizamidir. Gözəl tapılıb, çox gözəl!"
Xalq şairimizin hər iki məqaləsində Yusif Nəğməkarın şairlik sifətinin bir çox cizgiləri açılır və "Allah, ruhunuzu şad eləsin!" deyirik Bəxtiyar müəllimə.
Yusif Nəğməkar deyərdim ki, populyar şair deyil, yəni nə onu yetərincə təbliğ edirlər, nə də o, geniş oxucu kütləsinin böyük bir hissəsinin auditoriyasını əldə edib. Amma onun da öz oxucuları var və Yusif Nəğməkar heç vaxt onları intizarda qoymur. Hər yeni görüşündə də baxıb görür ki, oxucularının sayı az da olsa, artıb. Əslində, şair hər yeni kitabında və deyərdim ki, hər gözəl şeirində dünyaya yenidən gəlir. Yusifin "Şairin yaşı olmur" şeirindən misal gətirmək istəyirəm fikirlərimə:

Şairlər hamısı bir yaşda olur.
Əsl şair
Əsilli nəğmə, əsilli səsdir.
Ona "qoca" söyləmək,
"Cavan" demək əbəsdir.
O bir ömür yaşayır,
Bu ömür dillərdə
Həzin bayatı olur.
Şairin yaşı olmur.
Bir şair adı,
Bir də şair həyatı olur.

Yusif Nəğməkar da o şair həyatını yaşayanlardan biridir.
Yusifin kitablarında onun xalqa, millətə məhəbbətini nişan verən onlarla şeir tapmaq olar. Bəxtiyar Vahabzadə poetik məktəbindən dərs alasan, ola bilməz ki, onun yolunu davam etdirməyəsən? "Mənim millətimi hifz elə, Allah!" rubrikasında toplanan şeirlərin əksəriyyətində Bəxtiyar yolunu görürük. Amma bu yolda təqlidçilik yoxdur, davam var, yolun yeni cığırları var. "Xalqın səsi-Babəklərin qılıncının qafiyəsi" - təşbih gözəldir. Ümumiyyətlə, Azərbaycan xalqının tarixində əbədiyaşarlıq qazanan şəxsiyyətlər Yusifin şeirlərində də əsas qəhrəmanlara çevrilir. İlk sırada Babək: "Mərdliyiylə, şöhrətiylə Babək qaçır bizdən öndə; Gedirsə hara, Düşürük ardınca qarabaqara, Heyif, çata bilmirik! O, bizim Azadlıq arzumuzun Kölgəsinə bənzəyir, Onu tuta bilmirik."
Elə mövzular var ki, artıq ənənəviləşib və hər bir şair o mövzuya təzədən müraciət eləyəndə yeni söz deməyə çalışır, amma buna müvəffəq olurmu? Çətinliklə. Yusif Nəğməkarın da "Xudafərin körpüsü" şeiri var. O, bu ənənəviləşmiş mövzuda təzə söz deməyə cəhd edib. Onun cəhdi uğurludur:

Bu qəm-çox çəkilən bir ah-
Heç susayıb içəni yox.
Körpüyə bir bax, ay Allah-
Üzərindən keçəni yox!

O körpünün daşı-sinə,
Adamlar-sinə dağıdır.
Batıb su zümzüməsinə,
Qəzəbim sənə dağıdır.

Araz üstdə, su üstdədir,
Su-aydınlıq-son dayağı.
İllər boyudur xəstədir-
Dərmanı-insan ayağı.

Vüsalın yolu nə sərtmiş!..
Dərdim dəryadan dərindir...
Üstünü ələmlər örtmüş
bu sinəm-Xudafərindir...

Yusif Nəğməkarın "Koroğlu heykəlinə" adlı bir şeiri də var və bu şeiri onun ən sanballı şeirlərindən biri hesab etmək olar:

İgidi salamat, diri, sağ ucalt,
Ad var, sahibinin duz yükü deyil.
Koroğlu adında tuncdan dağ ucalt,
Yüzü Koroğlunun bir tükü deyil.

Bu heykəl meydanda, qılınc oyununda,
Qalxıb qan gölündən tabuta kimi.
Ancaq qiymətlidir tarix qoynunda
Mərdlik şərəfinə abidə kimi.

Abad tuta bilməz düşmən torpağı,
Zəfər idrakladır, səs ilə deyil.
Qıratın kölgəsi düşən torpağın
Koroğlu işığı kəsilən deyil.

Yusif Nəğməkarı bir şair kimi səciyyələndirən xüsusiyyətlərin biri və mənim fikrimcə, birincisi, onun şeirlərindəki musiqililikdir. Çox maraqlıdır: o, əruzda da, hecada da, sərbəstdə də yazır və bu vəznlərin hər birində o xüsusiyyət itmir. Çünki musiqililik, poetik ritm, ahəng Yusif Nəğməkar şeirinin əzəli xüsusiyyətidir. Onun gözəl qoşmaları, gəraylıları, heca şeirləri var, xalq şeirinin poetik gözəllikləri onun şeirlərində də nəzərə çarpır. Ənənəyə bağlı şairdir Yusif Nəğməkar. Və bu yerdə düşünürsən ki, "Nəğməkar" təxəllüsü ilə onun şeirləri arasında uyğunluq yerinə düşür. Lap sonuncu şeirlərindən biri: "Sərçeşmələr belə yumub-çiləməz, Sən ağlama, qoy bulaqlar ağlasın! Heç göylər də bu cür leysan ələməz, Sən ağlama, qoy bulaqlar ağlasın! Kövrək duyğun çiçəklənib sözündə, Zərif təbin ləçəklənib üzündə, Qoşa damla inci şehdi gözündə, Sən ağlama, qoy bulaqlar ağlasın!"
Əlbəttə, çox danışmaq olar Yusif Nəğməkarın şeirləri barədə. Hətta bəzi şeirləri barədə tənqidi iradlar da bildirmək olar. Şəxsən mənə onun uzun şeirləri xoş gəlmir, uzun şeirlər istər-istəməz uzunçuluğa, fikrin qəsdən çözələnməsinə aparıb çıxarır və Yusifin şeir kitablarında belə nümunələr var. O özü də yaxşı bilir ki, poeziyada yığcamlıq şeirin yar-yaraşığıdır. Şeir yerindəcə bitməlidir. Artıq təfərrüata nə ehtiyac? Məsələn, Yusifin "Bənövşə xatirinə" adlı gözəl bir şeiri var. Həm forma-məzmun gözəlliyilə, həm də obrazlılığı, şeirə məxsus komponentlərinin bir araya gəlməsi ilə göz oxşayır:

Bənövşə xətrinə gəldim düzlərə,
Bəndə düşməyimə bir tala düşdü.
Üzümü söykədim yaşıl üzlərə,
Lalələr pərt olub, nə hala düşdü!..

Ümid qalası tək palıdları mən
Meşə ordusuna dirək saxladım.
Qara hörümçəkdən kəpənəyəcən
Çəmən sevgisinə ürək saxladım.

Atılıb gur çaya könlüm közərə,
Su dönsə, kölgəmi bucaqlayacaq.
Çinara söykənib məğrur gəzirəm,
Yıxılsam, bənövşə qucaqlayacaq.

Bənövşə xətrinə çıxdım çəmənə
Gığır sinəsindən, yol arasından.
Ləçək bəbəyindən göz qoyub mənə,
Həsrət boylanırdı kol arasından.

Bu yazıda mən Yusif Nəğməkarın poemaları barədə də qısaca söz açmaq istəyirəm. Onun "Sizli" poeması böyük şairimiz Rəsul Rzaya həsr olunmuşdur. Ayrı-ayrı şeir-anımlar formasında qələmə alınan bu poema ustada həsr olunan əsərlər sırasında seçilir. Hiss olunur ki, Rəsul Rzaya sevgilər şair qəlbinin reallıqlarından, illər boyu onu narahat edən duyğulardan yaranıb. İstedadlı xanəndə, Xalq artisti Niyaməddin Musayevə həsr olunan "AH-NAZ- "ŞAHNAZ" poeması da xoş təsir bağışlayır.
Yusif Nəğməkarın "Könlüm" adlı bir şeiri var. O şeirin son bəndində şair deyir ki:

Görənimsən cüt göz kimi,
Hər an möhtacam qayğına.
Yerə düşən bir söz kimi,
Qoy döşənim ayağına-
Qaldır məni, qaldır, könlüm!

Fikrimcə, Yusif Nəğməkar bir şair kimi ucalıq yolundadır və onun könlü də həmişə onu qaldırmağa qadirdir...

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV