adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Üşüyürəm, Hacı...

CƏLİL CAVANŞİR
48466 | 2013-12-13 00:48
Səhər oğlumun sevincli səsinə oyandım.
Məlum oldu ki, Bakıya qar yağıb...
Oğlum pəncərəyə dırmaşıb həvəslə yağan qara tamaşa edir və çığırırdı:
"Urrra!!! Axır ki, qar yağdı! Ata, bax gör nə qəşəng qar yağır?"
Məni zorla, darta-darta pəncərənin qabağına gətirdi.
Onun sevinc dolu gözlərinə baxanda, bütün qayğılarım yadımdan çıxdı.
Kirayə pulu, işıq pulu və qaz pulu ödənişlərinin vaxtının çatmağını unutdum.
Yalın ayaqlarım hamamın soyuq kafellərinə toxunanda ayıldım.
Soyuq suyu açıb üz-gözümə su vurdum.
Mətbəxə keçib pəncərəni açdım. Dərin bir nəfəs alıb içimdəki ağrı-acını, boğazımı qıdıqlayan qəhəri havaya üfürdüm...
...Oğlumu bağçaya yola salandan sonra, işə necə gedəcəyimi düşündüm.
Üç qışı ardıcıl olaraq nazik, payızlıq gödəkcədə çıxarmışam.
Nə şarfım, nə papağım, nə əlcəyim, nə də qalın şalvarım var...
Yağan qara nifrin edə-edə olan-qalanımı əynimə keçirib islana-islana yollandım işə...
Bilgisayarı yandırıb, saytlara göz atanda təsadüfən "pul kisəsi" kimi tanınan azərbaycanlı milyarder Hacı İbrahim Nehrəmlinin müsahibəsi qarşıma çıxdı.
Oxudum.
Hansı hisslər keçirdiyimi anlamağınız üçün kiçik bir parçanı sizinlə paylaşıram:
"4 bahalı brendin - "Zilli", "Brioni", "Stefanel", "Kiton"nun daimi alıcısıyam. O qədər paltarım var ki, yer yoxdur qoymağa. Məsələn, 14 paltom, 50 gödəkcəm var. Mövsüm keçir, bilmirəm hansını geyinim. Hərəsini bir dəfə geyinəndə sevinirəm. 300-400 kvadratmetrlik yer tikib paltarlarımı düzmək fikrindəyəm. Bir vaxt gələndə deyəcəklər, hacı filan vaxt bunu geyinib. Birinci albomdakı şəklimdəki paltarları atmışam. Geydiyim də 1 ildə 3 dəfə idi. Amma böyük yer düzəltsəm, onları qruplaşdıraram".
Hər paltarını bir dəfə geyinəndə sevinən Hacı İbrahimin dərdi içimi yaxıb-qovurdu. Bu ki, əsl faciədir!
Ofis nə qədər isti olsa da, bütün bədənim soyuqdan titrədi, dişim-dişimə dəydi...
Əlimi çənəmə dayaq edib, düşünməyə başladım. 14 paltosu, 50 gödəkcəsi olan Hacının köhnə albomdakı şəkillərdə geyindiyi brend paltarları atması necədə kədərlidir.
Müsahibəni sonacan oxudum və onu narahat edən problemlərin nə qədər əcaib-qəraib, sadə adamlar üçün anlaşılmaz və dərkedilməz olduğunu fərq etdim.
Çölə çıxıb bir siqaret yandırdım. Düşündüm ki, Hacıya bir məktub yazım. Məsələn, belə bir məktub:
"Salam Hacı! Bu qış günündə sizi narahat etdiyim üçün məni üzürlü sayın.
Mən sadə, kasıb, aciz-avara bir yazıçıyam. 4-5 kitab tərcümə eləmişəm, utanmaz-utanmaz 4-5-ni də özüm yazmışam. Gecələr iki-üç saat yatıb kitab oxuyuram, redaktə edirəm, roman yazıram. Bir sözlə, bivecin biriyəm. Bilirəm, sizin üçün bütün bu işlər boş və mənasız görünə bilər. Çünki yaşamaq üçün yaxşı pul qazanmaq, qaz vurub, qazan doldurmaq lazımdır. Mən isə nəinki qaz, heç qaşqaldaq da vura bilmirəm. Bu gün müsahibənizi oxudum. Çox duyğulandım. Xüsusilə qışın günündə 14 palto və 50 gödəkcə ilə nə edəcəyinizi şaşırdığınız üçün üzüldüm. Gündə bir paltar geyinəndə sevinirsiniz, sevincinizə bir ziyalı kimi mən də qoşuluram. Oxudum ki, "Khazar İslands" 100 milyard dəyərində böyük bir layihəyə başlamısınız. Qoy bütün müqəddəs və fövqəlbəşər qüvvələr bu işdə yardımçınız olsun!
Üşüyürəm, Hacı...
Bu qədər gəvəzəlik edib, sizi yorduğum üçün üzr istəyirəm! Yəqin ki, oxuduqca hövsələdən çıxırsınız. Uzun sözün qısası sizdə kiçik bir ricam var. Hacı, mənə yardım edərsiniz?
14 palto və 50 gödəkcənizin heç olmasa birini mənə verə bilərsiniz? Lap ən bəyənmədiyiniz olsun! Bu qışı xəstələnməyə qorxuram. Xəstələnsəm başladığım layihələrin yarımçıq qalmaq riski var. Layihə deyiləndə ağlınıza elə böyük işlər gəlməsin. Bir-iki redaktə işi götürmüşəm, yekunlaşdıra bilməsəm, batdım! Hacı, sənə and verirəm o getdiyin Kəbə evinə, əgər mümkünsə paltarlarını atanda xəbər elə. Biz zavallı, aciz adamların o "köhnə-külüş"lərə böyük ehtiyacımız var!
Səbirsizliklə cavab gözləyirəm!"
Məktubu bitirib pəncərədən çölə boylandım. Qar əvvəlki amansızlığı ilə yağmağa davam edir. Bir ah çəkib düşündüm ki, kaş Hacı məktubumu oxuyaydı...

Cəlil Cavanşir

TƏQVİM / ARXİV