adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

30664 №-li MƏHBUSUN HƏQİQƏTLƏRİ

BABƏK YUSİFOĞLU
68842 | 2012-12-08 02:21
"Əgər cəmiyyət həbsxanaya kimləri salacağını seçə bilsəydi, onda türmələr cəmiyyətə böyük xidmət göstərmiş olardılar"
İnsanların xarakterləri, həyatları haqqında, hətta onları əhatə edən mühitin fərdlərə təsiri barədə mütləq söz demək, hökm vermək mümkün deyil. Savadından, intellektindən, zəkasından asılı olmayaraq kimsə deyə bilməz ki, istedadlı musiqiçilər ailəsində dünyaya gələn və müstəqil bir xarakteri formalaşana qədər musiqi sədaları ilə böyüyən, musiqi alətləri arasında yetkinləşən şəxs də mütləq musiqiçi və ya ən azı ifaçı olacaq... Belə bir qayda yoxdur. Və bu bütün digər sahələrə də aiddir.
Əslində mən bu iddialarla mühitin insan həyatında çox böyük rola malik olduğunu söyləyən psixiloqları, filosofları tamamən inkar etmirəm. Bu heç mümkün də deyil. Çünki müxtəlif nəzəri tezislərdən başqa, həyatda həmin örnəklərin sayı da qat-qat çoxdur. Ən azı genetik kodların insanın formalaşmasında əvəzsiz rol oynadığnı alimlər çoxdan sübut ediblər. Bununla belə mən sadəcə o məntiqi bölüşürəm ki, bütün bunlar üçün mütləq, dəyişməz bir qayda yoxdur. Olsaydı hər nəsil, necə deyərlər, bir-birilərini daim təkrar edərdi...
Olsaydı bəşər övladının inkişafı da fərqli gedərdi... Olsaydı elə illərlə həbsxana həyatını görən, müxtəlif cinayətlər törətmiş şəxslərlə türmədə yaşayan, ən əsası da gənclik illərindəcə taleyin ən sərt zərbəsinə məruz qalan Uilyam Porter də yazıçıya çevrilə bilməzdi. Elə bir yazıçıya ki, 150 ildən çoxdur dünya onu sevə-sevə oxuyur.
Bəlkə də çoxları onun kim olduğunu xatırlaya bilmədi. Çünki insanlar uzun illər onu əsl adıyla deyil, götürdüyü təxəllüslə tanımışlar. Çünki o özü belə istəmişdi.
Bəs kim idi bu qəribə söz adamı? Bir az əvvəldən başlayım... Yəni, onun hələ O":::Henri deyil, Uilyam Sidni Porter olduğu vaxtlarından...
KİÇİK UİLYAM

Uilyam 1862-ci ilin 11 sentyabrında Birləşmiş Ştatların Şimali Karolina ştatının Qrinsboro şəhərində anadan olmuşdu. Sayılan bir ailədə dünyaya gəlsə də çox keçmədi ki, taleyin tərs oyunlarından uşaqkən sahib olduqlarını itirdi. Və bu, kiçicik bir uşaq üçün o zamanlar öldürücü bir zərbəydi. Belə ki, Uilyamın 3 yaşı olar-olmaz vərəm xəstəliyinə tutulan anası vəfat etdi və bundan bir qədər sonra əyalət həkimi olan atası Alqernon Sidney Porter yaşam dəngəsini itirdi və sprtli işkiyə qurşandı. Bununla da Alqernonla bağlı hər şeyi qabaqcadan da bilmək olardı. Belə ki, az müddət sonra o əsl içki düşkününə çevrilərək həm övladı, həm də cəmiyyət üçün tamamən yararsız bir adama çevrildi.
Nə vaxtsa qəribə bir söz eşitmişdim: deyilirdi ki, nənələr və babalar yetimlərin sonuncu ümid yeridir. Bu, kiçik Uilyam - Billi üçün də belə oldu. Təxminən kimsəsiz qalan oğlanı ata nənəsi himayəsinə götürdü. Və demək mümkündü ki, onun uşaqlıq və yeniyetməliyi nənəsinin, xalasının yanında keçdi. Pis-yaxşı məktəbə də getdi. 1876-cı ildə oranı bitirdikdən sonra gimnaziyada təhsil aldı. Əlbəttə, bütün bunları valideynlərindən məhrum olan bir uşaq üçün həyatın şansı da adlandırmaq mümkün idi.
Onu mütləq qeyd etmək lazımdır ki, Uilyam hələ uşaqlıq dövrlərdən kitabları, mütaliə etməyi çox sevirdi. Bu da ona imkan verdi ki, həyatının ilk dövrlərindəcə klassikləri, müasir yazıçıları lazımınca tanısın. Maraqlıdır, təhsilini tamamlayandan sonra gənc Porter yaxın qohumunun aptekindəcə işləməyə başladı və bir müddət çalışandan sonra özü də bir əczaçı kimi lisenziya alsa da bu işi davam etdirməyə cəhd göstərmədi. Çünki buradakı dərmanların hazırlanması zamanı olan şəraitsizlik onun səhhətinə mənfi təsir göstərmişdi. Amma yaşamaq, yaşamaq üçünsə işləmək lazım idi ki, maddi ehtiyaclarını ödəsing

UZAQLARA

Həmin dövrləri və onun vəziyyətini nəzərə alsaq Porterin iş üçün seçim etmək şansı yox idi. Elə bu üzdən də Uilyam 1882-ci ildə Texasa gələrək La Salle qəzasında bir rançoda işə girdi. Belə demək mümkünsə, gələcəyin böyük bir yazıçısı, milyonların sevə-sevə oxuyacağı istedadlı söz ustası burada hər bir işi görməyə başladı. Hətta onun rançodakı fiziki məşğulluğundan imkan tapan kimi yaradıcılıqla da və ya ispan dilini öyrənməyə girişdiyi də nəzərə alınsa həmin müxtəliflik həqiqətən də də insanı heyrətləndirir. Özü də Uilyam rançoda nə az, nə çox düz iki il çalışdı. Sonrasa Ostin şəhərinə gəldi və dostlarının köməyi ilə bankda hesabdar-kassaçı vəzifəsinə düzəldi.
Bioqraflar onun məhz bu illər ərəfəsində Atol Estes adlı bir xanımla ailə qurduğunu yazırlar. Amma yeri gəlmişkən, onu qeyd edim ki, Uilyam Sidninin burada da şansı gətirməmişdi. Belə ki, həmin dövrlərdə bir çox insanın başının bəlasına çevrilən vərəm xəstəliyi Atolu da mübtəla etmişdi. Yəqin elə bu üzdən də onların dünyaya göz açan oğlanları çox yaşamadı və elə körpəlikdəcə öldü. Tədqiqatçılar bildirirlər ki, yazıçının daha bir övladı - Marqaret adlı qızı olub və o, da erkən yaşlarında dünyasını dəyişib.
Çox qəribəydi, qeyri-adi bir istedadla dünyaya gələn Uilyam Porterin bir ata, bir ər, bir vətəndaş, ən nəhayət bir insan kimi həyatı elə keşməkeşlərlə, elə əzablarla doludur ki, hərdən belə bir adamın özündə həvəs və ya güc tapıb yaradıcılıqla məşğul olmasına inana bilmirsən. Nə idi bu? Hardan idi belə güc? Çox yəqin ki, bütün bunlar Tanrının ona bir lütfüydü.

1150 DOLLARIN
BƏLASI

Ostinə gəlib orada normal bir işə düzələndən sonra əslində onu tanıyanlara, onun özünə də elə gəlirdi ki, nəhayət hər şey yavaş-yavaş yaxşılığa doğru gedəcək. Artıq özünü təmin edən maaşdan başqa onun ilk hekayələri mətbuata ayaq açmışdı: hətta birinci 6 dollarlıq qonorarı da ("Detroyt Fri press" qəzetindən) burada qazanmışdı.
Vəziyyət elə gətirdi ki, bankda işləyə-işləyə - 1894-cü illdə "Rollinq stoun" adlı həftəlik jurnal da buraxmağa girişdi ki, burada onun yumoristik novelları, oçerkləri, şerləri, özünün tərtib etdiyi lətifələri çap olunurdu. Əlbəttə, bütün bunlar uğurlar deyildimi?..
Lakin sən demə, bu, sadəcə taleyin endirdiyi zərbələrin qısa müddətli fasiləsi imiş. 1895-ci ildə dərgi bağlandı və ardınca da Uilyam Porter daha bir uğursuzluq yaşadı. Onu bankdan işdən çıxardılar və gənc çox çıxılmaz bir vəziyyətə düşdü. Maddi durumu təhlükə ilə üz-üzə qalması bir yana dursun, arvadının xəstəliyi ağırlaşmağa başlamışdı. Atolu həkimlərə aparmalı, dərmanlarını çatdırmalıydı. Bir çox çabaları səmərə vermədiyi üçün Uilyam Hyuston şəhərinə köçdü və "Hyuston Post" qəzetinə yazmağa və müqabilində qonorar almağa başladı. Lakin daha dəhşətli hadisələr hələ irəlidə onu gözləyirmiş.
Onsuz da müxtəlif problemlər içərisində çapalayan gənc yazara qarşı qəfildən əvvəllər işlədiyi bank tərəfindən amansız ittihamlar irəli sürdü. Deyilirdi ki, Porter vaxtıyla daşıdığı vəzifənin səlahiyyətlərindən sui-istifadə edərək bankın 1150 dollar həcmində pulunu mənimsəyib. Əlbəttə, indi bu, o qədər də ciddi məbləğ sayılmasa da həmin dövr üçün çox böyük rəqəmlər hesab olunurdu. Hərçənd gənc yazarın günahsız olduğuna da demək olar ki, çoxları inanmırdı, çünki maddi və mənəvi sıxıntılar içərisində vurnuxan, arvadını xəstəxanada müalicə etdirməyə çətinlik çəkən bir şəxsin kəskin ehtiyac üzündən belə bir addım ata biləcəyi hər kəsə daha real görünürdü.

QAÇMAQ XİLAS
YOLUDURMU?..

Onu da qeyd edim ki, əslində belə bir pul mənimsəmənin baş verib-verməməsi uzun illərdi mübahisə mövzularından biri olaraq qalmaqdadır. Bioqraflar iddia edir ki, həmin dövrdə irəli sürülən iddiaların əsası olmamışdır. Çünki 1894-cü ilin dekabrında qəfildən işdən çıxarılan Uilyam Porterə qarşı belə bir günahlandırma bir il sonra elan olunmuş, ardınca da cinayət işi açılmışdır. İstər-istəməz məntiqi sual doğurdu: belə bir vəzifədə çalışan adam işdən çıxarılarkən niyə hesablama-qeydiyyatlar aprılmamış və əskiklərin səbəbi nə üçün soruşulmamışdı. Bəlkə elə pulları ələ keçirən hər kimsə ölkədən qaçmış olacaqdı. Bundan başqa, bank sahibinin özünün də bəzi maliyyə fırıldaqlarında adı hallanırdı...
Bütün bunlara baxmayaraq hadisələr tamam fərqli istiqamətdə irəliləməyə başladı. Belə ki, haqqında cinayət işi açılan Uilyam Sidni Porterə istiqraz vərəqi çıxarıldı və o, vahiməyə düşərək məhkəmədə cavab verəcəyindən bir gün əvvəl, fevral ayında xəlvətcə Yeni Orleana qaçdı. O anlayırdı ki, məhkəmədə ittihamların haqsız olduğunu kimsəyə sübut edə bilməyəcək. Məgər azmı günahsız adamlar türmədə, bir çox cinayət sahibləri isə azadlıqda gəzirlər?!.

(Ardı qəzetin 17 dekabr sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV