EVİMİN YANDIĞI GECƏ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
85618 | 2013-12-07 00:58
Dayanmışam... Əslində bu dayanmaqdan çox özümü zorla ayaqda saxlamaq kimi bir şeydi və mən də həmin o gücün hesabına pəncərəyə söykənib uzaqlara baxıram... lap uzaqlara. 55 illik bu məsafəni aybaay, günbəgün üzü geriyə, üzü pəncərəyə tərəf, necə deyərlər, tərsinə vərəqləyə-vərəqləyə gəlirəm... Nələr görmədim bu illərdə... sevincin sayı nə qədər oldu, kədərin sayı nə qədər... sevincin ömrü nə qədər çəkdi, kədərin ömrü nə qədər.
Heç bu barədə fikirləşməmişdim. Daha doğrusu, fikirləşmək ağlıma gəlməmişdi. Amma indi 55 yaşın pəncərəsi önündə dayananda hardansa ağlıma gəldi və başladım bu barədə düşünməyə. Düşündükcən də özüm-özümdən xoflandım... özüm özümdən sanki bir addım geri çəkildim. Çünki sevinc payımın nə qədər az olduğunu gördükcə inana bilmədim ki, 55 ildə cəmi-cümlətanı bir udumluq sevinc yaşamışam. O sevinc də doğulmağımla, böyüməyimlə, orta məktəbi bitirməyimlə, orduya xidmətə getməyimlə bağlı olmayıb. O sevinc əslində mənim ilk yazımın rayon qəzetində çap olunması ilə bağlıdır. Mən o sevinci necə yaşadım... o qəzeti necə bağrıma basdım... o qəzetin hamının görməsini necə istədim... bunu bir Allah bilir... bir də təbii ki, ürəyim...
Bəli, mən bir də sevinci ilk kitabımda... ilk övladımda və nəhayət ömrümüzə gün işığı kimi düşən nəvənin dünyaya gəlişində hiss etdim, anladım... bu oldu mənim sevinc payım bu 55 ildə. Bununla müqayisədə kədəri dilə gətirmək, qəmli nöqtələri yenidən diqqətə çatdırmaq mənə çox çətindi, çox ağırdı. Təkcə bir məqamı deyim. Bu elə bir məqamdı ki, o yalnız mənim həyatımda iz buraxmayıb... o yalnız mənim yaddıma hopmayıb... o bir elin, bir obanın, bir nəslin yaddaş kitabına elə həkk olunub ki, onun rəngini də, onun varlığını da, onun yaşantılarını da silmək, dəyişmək qeyri-mümkündü. Bu qeyri-mümkün olanı düşünməyin özü də ağırdı. Amma...
Bax elə pəncərə önündə durduğum üçün tüstüsü bacasından yox, pəncərəsindən, qapısından çıxan, alovlara bürünən bir ev gəlib durur gözlərimin önündə. Ev yanır... çıtır-çıtır yanır... daş-divarı da... daş-divardakı hənir də... izlər də... xatirələr də... hər şey... hər şey yanır!.. Və mən bu yanın evin nə demək olduğunu, həyatımdakı yerini açıb-tökmək istəmirəm. Adicə yuvasına toxunulan qaranquşun necə perik düşdüyünü yəqin ki, hər kəs bilir. Bax, o yanan ev də məni perik saldı... məni didərgin etdi. Həmin o gecə heç kim köməyimə gəlmədi... hətta Allah da! Və mən yanan evə, yanan yuvaya baxa-baxa ürəyimdən keçənləri, yaşadıqlarımı, bütün həyatımı misralara köçürdüm.

Yer-göy yanıb, od tutmuşdu o gecə,
Allah harda oturmuşdu o gecə?!.
Dərd elə bil otuxmuşdu o gecə,
Qəlbimizi üzə-üzə gedirdi...

Boy vermişdi tüstü səsdən yuxarı,
Fəryadımız tüstülərdən yuxarı
Güllə bizi susduranda, "yuxarı" -
Dodağını büzə-büzə gedirdi...

Dağ çayında, kolda-kosda itən kim,
Yol boyunca köksündə "ah" bitən kim
Yıxılan kim, yüyürən kim, ötən kim -
Bir-birini gəzə-gəzə gedirdi...

Havalanıb, dəli olub bir oba,
Ölümünü üstün bilib girova!
Səpələnən "güllə" adlı qırova -
Baxmadan o, dözə-dözə gedirdi...

Bu nə oyun, bu nə məkr, nə hiylə,
Düşmən bəlli! - vuruşaydı nə ilə?
Bu anda da əli göydə - səy ilə -
Günahını çözə-çözə gedirdi...

Qaçmırdı o, qovulurdu evindən,
Qovulurdu ellik ilə elindən!
Bir canıydı qopardığı, ölümdən -
Bu candan da bezə-bezə gedirdi?!

Bir kənd yandı, viran oldu o gecə,
Dünyam uçdu, toran oldu o gecə,
Əldə bıçaq yaran oldu o gecə -
Ürəyimi atıb közə gedirdi...

... Yer-göy yanıb od tutmuşdu o gecə,
Allah harda oturmuşdu o gecə...
Dərd elə bil otuxmuşdu o gecə -
Qəlbimizi üzə-üzə gedirdi...

***

Hə, 55 ilin bundan böyük kədəri, bundan böyük arzusu heç ağlıma da gəlmir. Bəzən deyirlər ki, ellə gələn dərd toy-bayramdı. Amma mən bu deyilişlə, bu fikirlərlə heç cür razılaşmıram. Əgər elə gələn dərdin qarşısını ala bilmirsə, o dərdin üstünə gedə bilmirsə, o dərdin əsirinə, girovuna çevrilirsə, bunun nəyi toy-bayramdı?! Amma haqq üçünə deyim ki, dərdi də toy-bayram kimi qeyd etmək olar. Bircə şərtlə - gərək havalanasan... gərək dəlilərin dəlisi olasan ki, qol qadıra biləsən... çalıb, oynayıb oxuya biləsən...
Belə baxanda biz indi o qədər çalıb, oxuyub, oynayırıq ki... Yəqin bizim bu çalıb, oxuyub, oynamağımız da həmin o havalanmağımızdan xəbər verir. Yoxsa, yerindən qalxan mikrofona hücum çəkib atlanıb-düşməz... bacardı-bacarmadı oxuyub, çalıb-oynamaz?! Biz bu barədə çox unikal bir nümunə göstəririk. Kimsə deyə bilər ki, ölənlə ölmək olmaz, həyat davam eləyir, müharibənin özündə də ən azı düşmənə sınmadığını, ruh düşkünlüyünə qapılmadığını göstərmək üçün müəyyən bir əhval-ruhiyyə nümayiş etdirmək lazımdı.
Bu fikirlə razıyam. Ancaq bizim göbələk kimi artan çalıb-oynayanlarımızın hərəkətləri, davranışları, ifaları məni müəyyən qədər razılaşdığım fikirlə qarşı-qarşıya gətirir. Məhz həmin məqamda mən itirilmiş torpaqlarımızı, şəhidlərimizi, indiki durumumuzu və nəhayət, milli əxlaqımızı təkrar-təkrar xatırlayıram. Anlayıram ki, bizim mənəvi erroziyamız, xaosa bürünən mədəni durumumuz heç də ürəkaçan deyil. Bu, bizi-bizdən, bizi kimliyimizdən uzaqlaşdıran bir üsuldu, bir xidmətdi. Zənnimcə, bu üsulun, bu xidmətin mayasında bir namərd əli var, bir düşmən fitnəsi var. Bizlər itirdiyimiz sayıqlığı yenidən kökləməli, yenidən özümüzə qayıtmalıyıq. Yoxsa, gec olacaq... qayıdış yolumuz bağlanacaq...
Həqiqətən 55 yaşın pəncərəsi önündə durub baxıb düşünəndə adama ağır gələn məqamların ən böyüyü mənəviyyat məsələmizdi. Bu məsələni başlı-başına buraxmaq, onun yanından keçmək, ona laqeydlik göstərmək heç də doğru deyil. Təəssüf ki, bəzən doğru olmayanlar doğruları kölgədə qoyur. O kölgə isə üst-üstə düşdükcə keçilməz olur. Sabaha gedən yol qaranlıqları yardığı kimi, məhz həmin o üst-üstə yığılan kölgələrin də içindən keçmək zorunda qalır. Amma keçə bilirmi?! Bax, bu sualın cavabı da mənim üçün aydın deyil. Ona görə də odun-alovun içindən ən azı kösöv kimi çıxmaq bir qəhrəmanlıq tələb edir.

gəlişin
yaddaşıma od vurur
tükənir xatirələrim...
içimi
payız yelləri sovurur
qarmaqarışıq düşür
keçmişdə qalan
günlərim...
mən hər dəfə
daha doğrusu
iyirmi iki ildir ki,
oktyabrın son gecəsinə
havalı kimi baxıram
yanan kəndimlə
yanıb
sabaha
kösöv kimi çıxıram!
yenə gəlmisən
özü də
nələr çəkdiyimi bilə-bilə...
ağlımdan
ötüb keçir
elə-belə
görən
gün gələcəkmi
eşidim
xəbər tutum
və özümü unudum
biləndə -
daha gələ bilmirsən
yıxılıb ölmüsən
kəndimin
yandığı gecə!

***

Bütün hallarda biz bu həyatı bütünlüklə ürəyimiz istəyən kimi yaşaya bilmirik. Çünki bu həyat tək bizim üçün deyil, bu həyatın bizim kimi milyardlarla ürəyi arzu dolu, istək dolu yaşam sevdalı insanları var. Və həmin insalar da bəzən baş-başa gəlirlər... bəzən paralel yol gedirlər... bəzən bir-birinə tələ də qururlar və s. və ilaxır.
Bax, ona görə də həyatın bütün qovğaları, bütün yaxşılıqları və pislikləri, bütün sevinc və kədərləri bir nisbiliklə ölçülür, bir nisbiliklə fərqləndirilir. Ən böyük fərq isə məntiqə görə, aqillərin, müdriklərin dediyinə görə, həyatın qədrini bilənlərdədi.
Yəni həyat o kəsin olur ki, o, həyatı olduğu kimi görür, duyur və yaşayır. Çox təəssüf ki, şəxsən mən həyatı yalnız arzularımla, istəklərimlə, xəyallarımla eyniləşdirdim, onlara uyğun görmək, qurmaq istədim.
Amma bu da alınmadı. Mənə qalan xatirələr, xəyallar oldu...
Zamanın sürət qatarında adi bir sərnişin kimi, keçib gəldiyim 55 ildə məhz dediyim bu məntiqi, yəni həyatı necə yaşamaq, necə qurmaq sualını bütünlüklə çözə bilmədim. Bir tapmaca kimi açması həmişə sual altında qaldı. Elə bir sual altında ki, onu 55 ilə qaldırmaq müşkülə çevrildi. Lakin...
Yazının əvvəlində dediyim kimi, pəncərədən baxıb sevinc və kədərini tərəziyə qoyduğum, ölçdüyüm, biçdiyim yarım əsrdən az bir zamanı mən necə yaşadım, necə keçdim o, həm özüm üçün, həm çevrəm üçün, həm də bütövlükdə yazı-pozum üçün bir kitabdı.
O kitabın müəllifi də özüməm. Yəni bacardığım kimi yazmışam və yazdıqlarıma görə də heç bir təəssüf hissi keçirmirəm. Hətta bu kitabı oxuyan olmasa belə...
Mən çox dəqiq bilirəm ki, həyatımın ən ağrılı anı ilə ən sevincli anları üz-üzə gələndə bir-birləri ilə dil tapacaqlar... bir-birlri ilə yol-yoldaşlığı edə biləcəklər. Çünki onların ikisi də mənasızdı.
Bəzən dostlar, hətta dost olmayanlar da yazılarımla bağlı sadəliyi önə çəkirlər. Və mən bu sadəliyi bütövlükdə sadəlöhvlüklə bərabər tutmuram. Bilirəm ki, iddialı olmaq nə qədər xoş məramlı olur-olsun, boyundun uca, gücündən artıq olanda fəsad yaradır. Elə sadəlövhlük də qədərindən çox olanda zəifliyin, gücsüzlüyün oxşarına çevrilir...
Məhz yazımın sonunda vurğuladığım bu fikir pəncərəsi önündə dayandığım 55 ilin adi bir cizgisidi... ürəyimə, yaddaşıma izi düşən cizgisi...

məni sadəlövh sayırsan
əslində
sadəlövh olsam da
tapdanacaq qədər
zəif deyiləm...
ürəyim güldü,
çiçəkdi
özümsə
ürəyim kimi
zərif deyiləm...
mən
kəpənəkləri də sevirəm,
arıları da
mənə də, onlara da
gizlicə
tor quranları da...
nifrətim
sevgimi öldürmür,
sevgim nifrətimi...
sevincimi
hamıyla bölürəm,
özümlə xiffətimi...
mən Allahın
bəndəsi kimi yaşayıram
özümlə
bir ailə yükü,
bir yurd həsrəti,
bir gecəqondu təlaşı,
bir damla da ümid
daşıyıram
sakit, üzü yola, başıaşağı...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV