adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

QIL İSƏ

MƏMMƏD DƏMİRÇİOĞLU
32509 | 2013-12-07 00:53
Soyuq canına işləyirdi. Yerə xeyli quru ot döşəmiş olsa da, balaca kaha gündüzdən nəm çəkir, yapıncıya bürmələnsə də ocaq yandırmayana qədər bədəni buz bağlayırdı. Hava qaralmamış ocaq yandırmırdı. Gündüzdən yığdığı qaratikan kötüklərini, qarşı meşədən gətirdiyi quru palıd budaqladını üst-üstə qoyub od vurdu. Əvvəlcə içərini acı tüstü dalasa da ocaq alışdıqca tüstü azalır, yoğun kötüklər köz saldıqdan sonra hər şey öz qaydasına düşürdü. Heybəsini qabağa çəkib sonuncu xamralı parçasını, kağıza bükülmüş motal pendirini qabağına qoyub, mis dolçada qaynatdığı suya bir ovuc kəklikotu ataraq közün üstündə dəmləməyə başladı. Qovurmadan, pendirdən korluğu yox idi. Yeznəsi Avdılla 3-4 gündən bir gözdən oğurlanaraq yanına gəlirdi, azuqə və patron gətirirdi. Amma onun gizlindən bura gəlməsi çox təhlükəli idi. Bilsəydilər, onu da öldürə bilərdilər.
İsənin hesabıyla sabah Avdılla gəlməliydi. Odur ki, çorəkdən bir az da səhər üçün saxlayıb, qalanını yedi.

***
Koxanın oğulları 40 gün atalarına yas saxladılar, çox götür -qoydan sonra "Canavar" Ləqəbli (Ona adamyeyən də deyirdilər) oğru başçısını yola gətirə bildilər. Daşdəmir adlı bu oğru əslində çox mərd adam idi və öz elindən, obasından bir dəfə də oğurluq etməzdi. Əsasən at oğurluğu ilə məşğul olan bu qarayanız, bədheybət sifətli igid belə işlərə qol qoymaz, adam oldürməkdən xoşlanmazdı. Mərd olduğu qədər də ədalətli olan bu oğru başçısı, Qaçaq Kərəmin, Qandal Nağının, İncəli İsmayılın yaxın dostlarından idi.
İgid adamlara xüsusi rəğbəti olan "Canavara" Qil İsənin adını deməmişdilər. Çoxlu pul, at, mal-qoyon vəd edərək onu şirnikdirmiş, atalarının qisasını aldıqlarını söyləmişdilər.
Bu işə qol qoyan Daşdəmir öz adamlarıyla hər yana şuğul salıb öldürəcəkləri adamın yerini öyrənmək istədilər və Avdıllanın sorağına düşüb onunla münasibət qurdular. Avdıllaya çoxlu pul-para təklif etdilər, bundan kar aşmayanda hədə-qorxu gəlib, axır ki, yola gətirdilər. Avdılla İsənin çılpaq dağın ətəklərində gizləndiyini söyləyib, onun yerini nişan verməyə razılaşdı.
Palıddı çökəyini kecib, qayalığın başına çatanda dayandılar. Gün xeyli qalxsa da hava çox şaxtalı idi. Quzey tərəfdən əsən ayaz qarı sovuraraq, püsələyib qayaların arasına, çökəklərin içinə doldurmuşdu. İri qaya daşlarının üstü cilalanmış şüşə kimi par-par yanırdı.
Yerə möhkəmcə pərçimlənmiş yovşan kollarının bir üzündəki qarı külək sovurub o biri üzünə daradığından yovşan kolları sığallanmış ağ saqqallara bənzəyirdi.
Avdılla arxasınca gələn beş nəfərin başçısı Daşdəmırə tərəf çevrilərək barmağıyla sakit olmaq işarəsi verdi. O, ayağını nə qədər asta bassa da, axşamdan donmuş qar xırıldayaraq sükutu pozurdu. Asta-asta Daşdəmirə bir az da yaxınlaşib pıçıltyla dedi:
- Mən dərəyə düşüb onu çağıracam. Çalışacağam açıqlığa çıxarım ki, asanlıqla vurasız. Amma məsafə uzaq olduğundan ola bilər ki, bizi ayrıd edə bilməyəsiz. Odur ki, görkəkliyə çıxanda çarığımın bağını bağlamaq məqsədiylə aşağı əyiləcəm. Bilin ki, əyilən mənəm. Çalışın birinci gülləyə vurun. Əgər vura bilməsəniz, məni də siz qarışıq, sərçə balası kimi bircə-bircə dənləyəcək.

***
Qıl İsə ayaq səslərindən Avdıllanı tanıdı. Beşaçlanı əlinə alıb zağadan çölə çıxdı. Çox ehtiyatlı olduğundan səngər saydığı daşın dalına keçib səsini çıxarmadan gələnin Avdılla olduğuna tam əmin oluncaya qədər yerindən tərpənmədi. Zəndi aldatmamışdı. Avdılla cəld özünü zağanın ağzına təpıb sakitcə onu səslədi. İsə daşın arxasından çıxıb Avdıllaya yaxınlaşdı. Hal-əhval tutub, kənddə nələrin baş verdiyini soruşdu.
- Hələlik sakitlikdi. Hər gün jandarmalar gəlir, kəndin dörd bir tərəfində pusqular qoyublar. Koxanın oğlanları çox çalışırlar ki, yerini öyrənsinlər. - Sonra söhbətinə ara verib, heybəsini çiynindən düşürdü. Bət-bənizi avazımışdı Avdıllanın. Nədənsə əlləri titrəyir, içindəki təlaş üzündən oxunurdu. Qıl İsənin ürəyi sancdı, təfərinclə onun üzünə baxıb susdu.
- Hə, mən tələsim. Burda hər şey var. Xeyli güllə də gətirmişəm - deyib, dolu heybəni ona uzadaraq, boş heybəni yerdən götürüb çiyninə aşırdı. Kahanın ağzından 20-30 metir aralanmışdılar ki, qabaqda gedən Avdılla aşağı əyilib, çarığının ipini bərkitmək istədi. Elə bu an güllə açıldı. İsə nələrin baş verəcəyini bilirmiş kimi, ilan çevikliyi ilə sıçrayaraq özünü səngər qayanın arxasına saldı.
Avdılla qalxmağa macal tapmamış İsə: - "Satqın köpəkoğlu"- deyərək, kürəyinin ortasını odladı. Avdılla üzünü İsəyə çevirmək istəsə də bacarmadı, yanı üstə yerə dəydi, aşağıya yuvarlanaraq uçqun çınqıllarının düzəltdiyi balaca dəhnənin içinə yıxılıb, üzüqoyulu qaldı. Çapalayaraq sakitləşən meyitin üz-gözünü yuyan sızqa çayın buz bağlamış yanaqları al-qırmızı rəngə boyandı.
Sərrast atılan güllə Qıl İsənin sol çiynini parçalamışdı. Yara ölümcül olmasa da qanı daynmırdı. Məsələ aydın idi. Onun yerini bilirdilər və bu Avdıllanın satqınlığının nəticəsi idi. İndi o öz səngərindən düzgün istifadə etməli, ona hücum edənləri bir-bir dənləməli idi. Amma yarası ona aman vermirdi. Boynuna sarıdığı boğazlığı yumrulayıb pambıqlının altından yarasının üstünə tıxadı.
Daşdəmir Avdıllanın vurulmağından anladı ki, İsə sağ qaldı, güllə ya boşa getdi, ya da yungülcə yaraladı. Odur ki, beş nəfərdən ibarət olan dəstəsinə işarə etdi ki, sağdan, soldan ehtiyatla ona yaxınlaşsınlar. Ovlarının çox təhlükəli olduğunu anlayırdılar. Odur ki, son dərəcə ehtiyatla onun gizləndiyi zağaya tərəf enməyə başladılar.
İsə sivişə-sivişə dikdirdəki daşların dalına keçənləri görub tətiyi çəkdi. Qəfil açılan güllə hədəfə dəymişdi. Daşdəmirin gizləndiyi daşı yalayan güllə sol yanında gizlənmiş Zakirin başını göyə sovurmuşdu. Daşdəmirin ömründə ilk dəfəydi ki, canını qorxu almışdı. Onlar tez yerlərini dəyişib atəş açılan səmti güllə yağışına tutdular. Səngər qayanın yan-yörəsinin qarını torpaq qarışıq göyə sovuran güllələr, bədheybət vıyıltılarla ulayır, qarşı dağın daşlarında əks-səda verərək geri qayıdırdılar. İsə boşa güllə atmır, mövqeyini tez-tez dəyişərək ovunun nişana gəlməsini gözləyirdi.
Atışma səngiyən zamanı Daşdəmir adamlarına ehtiyatla irəliləməyi əmr edir, bu müəmmalı gizlənpaç oyunundan qalib çıxmağa çalışırdı.
İsə yerini dəyişib, onların aşağı düşmələrini gözləyirdi. Yarasından axan qan qalın pambıqlının bir tərəfini islatmışdı.
Bu ara yuxarıdan daş axını başladı. İsə yerində iki dəfə fırlanaraq, başqa daşın arxasına kecdi və dalbadal iki güllə atdı. İkinci atılan güllə də boşa keçməmişdi... Daş axınına qoşulub axan ikinci meyit dünənki uçqunun axdığı yerlə dığırlanaraq zağanın ağzındakı qaratikan koluna ilişib dayandı. Başı aşağı sallanan cəsədin ağzından axan qan, aşağıdakı iri daşın üstünü örtmüş qar topalarının üstünə tökülərək qıpmızı-qırmızı ləkələr yaradırdı.
"Canavar" yaman yazıqlamışdı. Hətta canına üşütmə də düşmüşdü. Onlar xeyli aralı çəkilib, uzağdan aşağı enməyi qərara aldılar və Qıl İsənin səngərinin əks tərəfinə keçə bildilər. Bunu duyan İsə zağanın ağzındakı iri qayanın arxasına süründü. Onun səngər yeri qəssabxananı xatırladırdı. O yana, bu yana süründükcə qar üzərinə səpələnmiş qan izləri bu balaca səngəri əlvan rəngə boyamışdı.
Qıl İsə taqətdən düşürdü. Çoxlu qan itirdiyindən tamam zəifləmiş, vücudu iradəsinə tabe olmur, gözlərinə qaranlıq çökür, hüşu başından çıxır, canını əsməcə alırdı. Son güllələrini beşaçılanın mağazasına doldurdu. Qarşı tərəfdən ona yaxınlaşan qaraltını nişan aldı. Gözləri tor gətirdi, güllə açılsa da boşa getdi. Daşdəmirgil başqa daşların arxasına keçərək yenə onu güllə yağışına qərq elədilər.
İsə tərəfdən atəş dayanmışdı. Onu vurduqlarını zənn edərək daşların arxasındın çıxıb sürünə-sürünə ona yaxınlaşdılar. Qalıxmağa cəsarət etməyib, xeyli gözlədilər. Qarşı tərəfdən səs gəlmirdi. Daşdəmir iri bir daş götürüb onun gizləndiyi daşın sol tərəfinə tulladı. Yenə də İsə tərəfdən səs gəlmədi və onu ölmüş bilib səngərə yaxınlaşdılar.
Qıl İsə kürəyini daşa söykəmişdi. Beşaçlanı sağ tərəfinə sürüşüb düşmüşdü. Qar rənginə dönmüş sifətində qan ləkələri var idi.
Azacıq aralı qalmış dodaqları göm-göy göyərmişdi. Maviyə çalan gözləri göy üzünə zillənmişdi. Sağ çiynindən aldığı yeganə yaranın üstü hələ də buğlanırdı.
Yerindəcə donub qalmış Daşdəmir meyitə bir az da yaxınlaşıb diqqətlə onun açıq qalmış gözlərinə baxdı, əllərini dizlərinə çırparaq: - Aman Allah, bu ki, Qıl İsə imiş! Qollarım qurusun, gör mən kimə güllə atmışam - deyib, dizi üstə yerə çökdü.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV