adalet.az header logo
  • Bakı 11°C

QƏHRƏMANSIZ VƏ... ADAMSIZ

VƏSİLƏ USUBOVA
36730 | 2013-12-07 00:53
- Bura sənin gözəlçəndən ötrü gəlməmişəm. Mənə Troya lazımdı...
Qısqanclıq və qisas alovlarında qovrulan Menelaya qardaşı deyir bu sözləri...
Tarix bəhanəsiz müharibələr görməyib hələ ki... Əsl həqiqəti gizlətməkçin gərək olub bəhanələr həmişə. Amma... Yer üzündə barış və sülhü saxlamaqçın bu günədək bircə bəhanə tapılmır nədənsə...
Fikrim müharibələrdən danışmaq deyil bu gün. Bəhanələr nə qədər işə yarasa da, mən başlığa çıxardığım məsələ barədə bəhanəsiz söhbət açmaq istəyirəm....
Yüz illərdən bəri, içi mən qarışıq, bütün qadınlar Yelenaya həsəd aparsa da (ortada savaş, qan-qada varsa, düzü, mən bir az tərəddüdlüyəm bu həsəd məsələsində), deyəsən, belə şeylər bu qadının heç umurunda da deyil. Öz qorxaqlığını etiraf edən Parisin yarasına məlhəm qoyanda dediyi sözlərdən anlaşılır bu: "Mənə qəhrəman deyil, mənim yanımda yaşayacaq adam lazımdı..."
Nə qədər inandırıcıdı, deyə bilmərəm. Anladığım qədər bu fikirdə bəhanədən çox səbəb var. Daha doğrusu, səbəblər. Bəs, hansı səbəblər?! Ərini sevməməsi ilk və əsas səbəb ola bilər. Kişinin daima yürüşlərdə və döyüşlərdə olmasının da qadını bezdirməsi mümkündü. Ən nəhayət baş verənlərə görə xəcalətdən, qınaqdan, tənəli sözlərdən də təsirlənə bilər. Amma filmdə kimsənin onu qınadığı, suçlandırdığı görünmür. Görünür, o zamanlar adamlar belə şeylərə alışqan imişlər...
Doğrudanmı, həmişə səninlə dizbədiz oturan kişi darıxdırıcı deyil, arzuolunandı?!
Bəlkə də o qadın çox ağıllıdı?!. Üstündən keçən bunca zamandan sonra hökm vermək o qədər də asan deyil...

***
Mənsə... səbəbsiz və bəhanəsiz deyə bilərəm ki, gələcək həyatımı kiminləsə paylaşmaq zərurətini anlayan gündən qəhrəman axtarmışam. Nağıllar, dastanlar, cild-cild romanlarmı başdan çıxardı, filmlərmi ağlımı aldı, bilmirəm. Gözləməyin ki, bundan sonrakı cümləm "bir də onda ayıldım ki..." olacaq. Yox, nəinki hələ ayılmamışam, əksinə, yaşa dolduqca xəyallarım bir az da irəli gedib, qüvvətlənib. Bir dəfə, həm də ən gərəkli məqamda yol verdiyim SƏHV gor evinəcən yandıracaq məni. Çünki məhz həmin həlledici anda mən özümə, xəyallarıma, arzularıma xəyanət eləmişəm.
Cəzasını bu gün də çəkirəm...
Gündən-günə daha ağrılı, daha göynərtili olur bu cəza...
Səhvimi düzəltdim. Ancaq... onun yeri boş qalmasa da, tutduğu yer boş qaldı. Özü də həmişəlik...
Əgər bir də dünyaya gəlsəydim...
Olmayacaq... Mümkün deyil...
Ona görə də çox ağrıdır bu səhv, çox yandırır...
Nə ev-eşik gözümə görünürdü, nə var-dövlət, nə də gün-güzəran. Dörd yanımdakı sağlam, cüssəli, həyat dolu oğlanları qoyub, romanlardan, filmlərdən tanıdığım, hətta bir gözünü, qolunu, qıçını itirmiş qəhrəmanlara vurulur, onların xəyalı ilə yaşayırdım...
Axillesdən, Spartakdan tutmuş Babəkə, Cavanşirədək, Hamletdən, Ovoddan Pavel Korçaginədək tarixi, ədəbi qəhrəmanlar ömrümün ən gözəl günlərini xəyallarla yaşamağıma səbəb oldular. Onların sevgisinə tuş olan qadınların yerinə olmaq istədim...
Makedoniyalı İsgəndəri hamıdan çox sevdim amma. Məktəb illərində "Qədim dünya tarixi" kitabındakı şəklinə baxmaqdan doymazdım. Sanki divara işlənmiş bu portretdə o qədər güc, qüdrət, sonsuz enerji və hakimiyyət vardı ki... Hələ həyatdan heç nə anlamayan bir qızın düşüncələrini fəth etmək üçün bunların zərrəsi kifayət edərdi...
Bir dəfə İsgəndər haqqında oxuduğum yazıdan anladım ki, o da heç zaman adam axtarmayıb. Fikri döyüşlərdə, qəhrəmanlıqlarda olub...
Bir də onu anladım ki, belələrinin həyatını doldurmaqçın bir qadın kifayət etməyib...
Mənsə, hər şeyi bütöv, bölünməz istəyirəm...
Yaşa dolduqca qəhrəmanlarımdan daha çox ağıl, müdriklik, intellekt ummağa başladım. İndi Sezarın, Çingiz xanın, Napoleonun, Cavad xanın sərkərdəlik bacarıqları, igidlikləri ilə bərabər məntiqi, iti ağılları, sərt, real mühakimələri daha çox cəlb elədi, heyran qoydu məni...
***
Hardasa oxumuşam ki, zaman deyilən şey itirilən məsumiyyət deməkmiş. Deməli, illər təkcə cavanlığımızı, gözəlliyimizi deyil, həm də qəlbimizin və xəyallarımızın məsumiyyətini, saflığını da əlimizdən alırmış...
Xəyallarımda yaratdıqlarımı həyatda çox axtardım...
Mənim olsun deyə yox, inanmaq, rahat olmaqçın axtardım...
Çoxlarını gözümdə böyütdüm. Var olanları deyil, görmək istədiklərimi gördüm. Yanıldım... Aldandım... Əslində, özümdən başqa kimsə aldatmadı məni...
Heç kəs gözümdə böyütdüyüm, qəlbimdə bəslədiyim qədər olmadı. Könlümün umduqlarını ağlım ala bilmədi....
Bir həqiqəti də anladım: bu dünyada nə hökmdarlar var, nə də qullar...
Mərdlər və namərdlər, igidlər və qorxaqlar var. Vəssalam...
Anladığım həqiqətlər də bir işə yaramadı. Öyrəndiklərimin, bildiklərimin yaramadıqları kimi...
Bu günə qədər gəlib çıxdım...
Qəhrəmansız və... adamsız...
Belə yaşamaq necə?! Qəhrəmanlıq sayılırmı, görəsən?!.

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV