ƏLƏDDİN İNCƏLİ

VAQİF YUSİFLİ
59188 | 2013-12-07 00:46
Ələddin İncəlini Azərbaycanın Qərb bölgəsində - Tovuzda, Şəmkirdə, Qazaxda hamı tanıyır. Elə məmləkətimizin başqa bölgələrində də Ələddin İncəlini tanıyanlar, sevənlər az deyil. Bir şair və bir ağsaqqal kimi o, hamının hörmətini qazanıb. 84 yaşı var Ələddin müəllimin və bu yaşda Azərbaycanda tək-tük söz adamı qalıb.
Bu adamın həyatı, taleyi Qazaxla bağlı olub və institutu bitirəndən ta indiyədək əmək fəaliyyətinin böyük bir hissəsi rayon qəzeti ilə bağlıdır.
APİ-nin filologiya fakültəsini bitirəndən sonra (1951) üç il Ağdərə rayonunda müəllim işləyib. Bir ara (1966-1971) Qazaxda, rayon partiya komitəsində təlimatçf, maarif şöbəsində metodist, kinobirliyində direktor vəzifələrində çalışıb. Vəssalam. İndi də məşhur "qələmimlə dolanıram" şüarına sadiqdir.
Qazaxda hamı şeirlə danışır. Bunun şahidi olanlar çoxdur. Amma təbii ki, şeirlə danışanların, şeir yazanların hamısı ŞAİR olmur, çünki Vaqifi, Vidadini, Səməd Vurğunu sevməklə ancaq şeir heyranı olmaq mümkündür, şair yox. Ancaq Qazax ədəbi mühitində poetik ənənə çox güclüdür və o torpaqdan XX əsrdə Vaqif Nəsib, Nüsrət Kəsəmənli, Ağamalı Sadiq, Aslan Kəmərli, Akif Səməd, Məhəmməd Astanbəyli, Eldar Nəsibli, Vəli Xramçaylı, Mahmud Vəli, İbrahim İlyaslı, Davud Nəsib, Barat Vüsal, Məmməd Dəmirçioğlu, Avdı Qoşqar kimi tanınmış söz ustaları çıxıb. Ələddin İncəlinin bu sırada öz yeri var.
Ələddin İncəli ilk mətbu şeirindən ("Gəl Kür qırağına", 1955, "Azərbaycan gəncləri" qəzeti) ta bugünəcən xalq şeiri, Vaqif-Səməd Vurğun yolu ilə gedib. Heca şeirindən bir addım da kənara çıxmayıb (son illərdə qəzələ də meyli istisnadır) və çalışıb ki, poetik istedadını bu vəzndə nümayiş elətdirsin.
Onu məşhurlaşdıran bir şeiri var: "Ceyranı" rədifli bu qoşma Qazaxda dillər əzbəridir. Səməd Vurğun "Muğan" poemasında çöllər gözəli ceyranı vəsf elədi. Bu şeir poeziyamızın ölməz, bənzərsiz bir nümunəsinə çevrildi, ondan sonra şairlərimizin "Ceyran"ları çoxaldı. Təbii ki, yaxşısı da oldu, ortababı da, zəifi də. "Ceyran"lardan bir yaxşısını Ələddin İncəli yazdı. Bu şeirdə Vurğunun "Ovçu, insaf eylə, keçmə bu düzdən, O çöllər qızını ayırma bizdən" çağırışı başlıca motivə çevrilir və Ələddin İncəli həmin fikri, həmin çağırışı daha da ucadan söyləyir:

Vurğun kimi sevsən, məha eləməzsən,
Sözlə gətirərsən yola ceyranı.
Bir az uzaqlaşsa, səhv eləməzsən-
Bənzətsən üfüqdə xala ceyranı.

Yanı gah balalı, gah təkəlidi,
Qorxaqdı, hürkəkdi, səksəkəlidi,
Gözəllik özü də təhlükəlidi,
Odur ki, tez tapır bəla ceyranı.

Sən mahir ovçusan, maşından əl çək,
İnsafsız, motorla birdimi ürək?!
Kişisən, piyada düzə çıx, görək,
Qovmaqla tuturmu tula ceyranı.

Səyyad, bir şiş kabab can verməz sana,
O zərif xilqəti bir an duysana,
Ayaq saxlayır ki, yormasın ana
Dalınca tövşüyən bala ceyranı.

Yoxsa, elə uçar, süzgün ox olar,
Bir göz qırpımında qaçıb yox olar,
Nəfsi cilovlasaq-artar, çoxalar,
Görərik gözləri ala ceyranı.

Eşit, ay ocağın-közün sahibi,
Nə deyər Ələddin-sözün sahibi,
Muğan düzü kimi düzün sahibi,
Məgər istəməzmi ola ceyranı?!

Ələddin İncəlinin bütün qoşma və gəraylıları beləcə zövqlə, usta əliylə naxışlanıb. Azərbaycan qoşmasının, gəraylısının XX əsrdəki durumunu izləsək, ilk növbədə, müraciət olunmalı müəlliflərdən biri də Ə.İncəli olacaq.
"İncəli" təxəllüsdür. Qazaxın Astanbəyli, Kəmərli, Qaymaqlı kəndlərini birləşdirir İncə dərəsi. İncəlilərdən-bu üç kənddən Azərbaycan poeziyasının Ağamalı Sadiq, Akif Səməd kimi bənzərsiz şairləri çıxıb. Ələddin müəllim həmin incəli şairlərin ilk gördükləri şairdir. Yazıçılar Birliyi Qazax filialının rəhbəri, şair Barat Vüsal yazır ki: "Bir vaxtlar Qazaxda "Qalibiyyət bayrağı" adıyla çıxan qəzetdə Ələddin İncəli uzun müddət işləmişdir. Bizim çoxumuz səbirsizliklə qəzetin redaktorunun nə vaxt məzuniyyətə gedəcəyini gözləyirdik. Çünki bilirdik ki, o, gedən kimi bir ay ərzində redaktor müavini Ə.İncəli meydanı qəzetdə "Ədəbiyyat səhifəsi"nə verəcək. Bizim küçədə də, necə deyərlər, bayram olacaqdıg
Ələddin İncəli Eldar Nəsibli Sibirel, Heydər Qasımlı, İsa Cavad, Firudin Rəhim və başqaları ilə yanaşı, mənim də qayğımı çəkmişdir. Haqqımda yazdığı "Uğurlu yol"a belə bir başlıq vermişdi: "Poeziyaya doğru". Yeri gəlmişkən qeyd edək ki, görkəmli şairlərimiz - Məmməd İsmayılın, Nüsrət Kəsəmənlinin, Səyavuş Sərxanlının ilk şeirlərinin işıq üzü görməsində Ələddin İncəli qayğısını əsirgəməmişdir.
Onun qoşma, gəraylı və heca vəznli digər şeirləri sadə, anlaşıqlı, amma səlis, rəvan bir dillə yazılıb. Bu şeirləri oxuyursan, özündə bir rahatlıq, bir yüngüllük hiss edirsən. Elə bil güllü-gülüstanlı bağçaya çıxmısan, quşların nəğməsinə qulaq asırsan. Fikirləşirsən ki, bu şeirlərdə qəfil, gözlənilməz obraz ya təşbih, metafora nəzərə çarpmır, bəs niyə səni özünə cəlb edir, birini dinlədin, o birisini də dinləmək istəyirsən. Budur, onlarla şairin müraciət etdiyi, Ə.İncəlinin də yan qaçmadığı BƏNÖVŞƏ:

Bəlkə ölüb getdim, yazı görmədim,
Gülüm, o dağlardan dər bənövşəni.
Nazik əllərinlə seçib-oxşayıb,
Qəbrimin üstünə sər bənövşəni.

Bəlkə incə ruhum xoşahal ola,
Bəlkə yaman dillər susa, lal ola,
O güllər üç rəngdə: ağ, göy, al ola,
De: şair sevməzdi hər bənövşəni.
Gərdiş dövranımı deyirdi, - deynən,
Vurub iqbalımı çevirdi, - deynən,
Ələddin İncəli sevirdi, - deynən,
Şehli bənövşəni, tər bənövşəni.

"Bənövşə" rədifli bu qoşma inanın ki, yüzlərlə "Bənövşə"lərdən seçilir, fərqlənir. Təbii ki, ustad Qurbaninin "Bənövşə"sinə çatmasa da.
O, nədən yazır? Sualı başqa cür də qoymaq olar: O, nədən yazmayıb? 2010-cu ildə çap olunan "Söz incilərim" kitabına baxanda bu 84 yaşlı söz sərrafının mövzular aləminə heyrətlənirsən. Eşq, məhəbbət, doğma Vətən torpağı, onun şair dostları, sənət adamları, ata-ana sevgisi, həyat, ölüm, varlıq, yoxluq,gbir sözlə xalqı nə düşündürürsə, Ələddin İncəli onları şeirə gətirir.
İncəlinin qoşma və gəraylıları əsrlərdən bəri qəlbimizi fəth edən Ələsgərin, Tufarqanlının, Xəstə Qasımın qoşma və gəraylılarından güc alır. Bu mənada İncəli kökə, ənənəyə bağlı şairdir.

Dərə keçib, dağ aşıram,
Dağlar duman içindədir.
Mən könlümlə danışıram,
Könlüm duman içindədi.

Dağlar-dağın qoynundadı,
Gül-yarpağın qoynundadı,
Zər-torpağın qoynundadı
Yaxşı-yaman içindədi.

Nə gur seləm, nə gurşadam,
Nə şagirdəm, nə ustadam,
Hələ naşı bir səyyadam,
Oxum kaman içindədi.

Gah yad oldum dərdə-qəmə,
Gah da endim zildən bəmə,
"Ay İncəli, çox yaz" - demə,
Söz də zaman içindədi.

Ələddin İncəlinin 2011-ci ildə nəşr olunan "Üç kitab və ya Qarabağnamə" kitabındakı bütün şeirlər poeziyamızın baş mövzusu Qarabağ mövzusunu həsr olunub.
Deyim ki, indi bu mövzuda yazılan şeirlərin sayı-hesabı yoxdu və səviyyəsindən asılı olmayaraq o şeirlərin içində bir yanğı var. Amma poeziyanı "aktual mövzu" aldanışına da çevirmək olmaz. İllər, onilliklər keçəcək, Qarabağa həsr olunan şeirlərdən yalnız ən yaxşıları-ŞEİR OLANLARI yaşayacaq.
Ələddin İncəlinin kitabında da belə şeirlər var. Bu şeirlər torpaqları işğal olunan bir el ağsaqqalının, bir qocaman şairin ahlarını, fəryadlarını, eyni zamanda birliyə, döyüşə, intiqama səsləyən haraylarını ifadə edir. Ələddin İncəli ürəyindən keçənləri, ona dərd və əzab verən hissləri, duyğuları şerirə çevirib. Qarabağ münaqişəsi başlanandan son illərə qədər hansı olaylar yaranıbsa, onların əks-sədasını İncəlinin şeirlərində görə bilərik.

Erməni qana çalxanır,
Qan tökür-qan Qarabağda.
Yurdumun ər oğulları
Can qoyur-can Qarabağda.

Zirvədə tərlan qalacaq,
Tərlanı sarmı alacaq?!
Bizimdi, bizim olacaq,
Yenə meydan Qarabağda,
Sökülür dan Qarabağda!

Kitaba toplanan şeirlərin çoxu publisistik pafosu ilə seçilir və təbii ki, 90-cı illərin çağırış ahəngi bu yazılara da sirayət edib. Əlbəttə, bu şeirlər vətənpərvərlik ruhunu ifadə edir və bir şairin baş verən hadisələrə, ayrı-ayrı olaylara münasibətindən yaranıb.
"Ermənistandan (Mehridən) sonuncu köçürülən kənd Nüvədi oldu", "İnancımızı deyil, Əcdadımızı "boz qurd" adlandırır haylar!", "Tovuzdakı "Boz qurd" könüllü müdafiə dəstəsinin döyüşçülərinə", "Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəfqət bacısı Rahilə Orucovanın əziz xatirəsinə", "Qazaxdakı Aşağı Əskipara kəndinin igid qızı Qaratel Şəmsi qızının əziz xatirəsinə", "Ağdamın Almədədli kənd sakini, milli qəhrəman Yelmar Edilova", "Azərbaycan əsgərlərinə" - Ələddin İncəlinin şeirlərinin bir çoxu ithaf səciyyəlidir. O, müharibənin gedişatını diqqətlə izləyib.
Qələbəyə inam hissini tərk etməyən şair "Sizi gözləyir" şeirini Azərbaycan əsgərlərinə ünvanlayıb. Elə bu şeirlə də söhbətimizi bitirək və qələbəmizi bayram edəcəyimiz günü gözləyək:

Ay ərən oğullar, əsgər oğullar,
Ağdam, Şuşa, Xankənd sizi gözləyir!
Cəbrayıl, Zəngilan, Qubadlı, Gorus,
Xocalı, Xocavənd sizi gözləyir!

Qırğı tək şığıyıb bir qanad açın,
"Uğurlu yol!" deyib su səpsin Xaçın!
İgid Soltan bəyi qoruyan Laçın,
O min evli Minkənd sizi gözləyir!..

Məzarlar dil açıb giley etdilər:
"Dirilər hayanda batıb-itdilər?!
Bizi birdəfəlik atıb getdilər!.."
Papravənd, Sırxavənd sizi gözləyir!..

Şair Ələddini eşidin, barı,
O yurdlar boylanır sizlərə sarı.
Hardasız, a yurdun xilaskarları,
Neçə yurd, neçə kənd sizi gözləyir,
Ağdam, Şuşa, Xankənd sizi gözləyir!..

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV