KÖKƏ, ƏNƏNƏYƏ BAĞLI ŞAİR İDİ MƏMMƏD ARAZ

VAQİF YUSİFLİ
75403 | 2013-12-04 00:40
2013-cü ili Məmməd Araz ili kimi də yola salırıq və bu il böyük şairimizin 80 illik yubileyi ilə bağlı bir sıra yaddaqalan tədbirlər, anımlar oldu. Onsuz da xalqın ürəyində yaşayan, şeirləri ilə hər kəsin qəlbində yenidən doğulan, illər keçdikcə poeziyanın yaddaşında silinməyəcək izlər buraxan Məmməd Araz bu gün də bizim müasirimiz olaraq qalır.
Onun zəngin, çoxcəhətli poeziyası barədə mətbuatda xeyli yazılar çap olundu. Şairin poetik dünyasının inciləri bir daha təhlillərdən keçdi. Və təsdiq olundu ki, XX əsr poeziyasında Səməd Vurğundan sonra xalqın ruhuna, mənəviyyatına ən doğma şairlərdən biridir Məmməd Araz.
Məmməd Araz həm də ədəbi fikir daşıyıcılarından biri idi. Onun müxtəlif illərdə Azərbaycan ədəbiyyatı, görkəmli sənətkarlar və onların sənət dünyası, klassiklər və müasirlər haqqında qələmə aldığı məqalələr də ayrıca tədqiq olunmalıdır. Bunları təkcə "yazıçı tənqidi"nin nümunələri hesab etmək doğru olmazdı. Həm də bir fikir adamının professional səviyyədə yazdığı məqalələr idi..
Bu yazıda biz Məmməd Arazın klassik ədəbiyyatımız, xalq şeiri və folklor, görkəmlə ədəbi şəxsiyyətlər barədə yazdığı məqalələrdən söz açacayıq.
Məmməd Araz istər şeirlərində, istərsə də məqalə və müsahibələrində klassik ədəbiyyatımızı və onun korifeylərini yüksək qiymətləndirirdi. Bu, ondan irəli gəlirdi ki, Məmməd Arazda ta əzəldən öz xalqının ədəbiyyatı ilə qürur duyğusu yaranmışdı. O, klassikləri dönə-dönə oxumuşdu, oxuyurdu, Nizamisiz, Füzulisiz, Xətaisiz, Sabirsiz, Aşıq Ələsgərsiz ədəbiyyatı təsəvvür eləmirdi. Dahilərimizə bu münasibət hətta ifrat aludəçiliyə aparıb çıxarırdı, amma bu aludəçiliyin içində ifrat dərəcədə də BÖYÜK SEVGİ yaşayırdı.
Heç şübhəsiz, bu dahilər arasında Nizami Gəncəvi birinci yerdə idi. Şairin "Yerlər" şeiri bu misralarla başlayırdı:

Əgər ad sırası gəzsək həyatda,
Əgər yer davası düşsə şeirdə,
Alqışlar altında Nizami ata
Keçib oturacaq birinci yerdə.

M.Arazın "Atamın kitabı" poemasının elə ilk fəslindəcə Nizami "öz fikir dartımı ilə yeri fırladan" bir qüvvə, "bəşərin ən uca fikir dağı" hesab olunur. Nizami bu böyük məhəbbət təsadüfi deyildi. Şair müsahibələrinin birində deyirdi ki: "Nizami sənəti elə nəhəng dağ silsiləsidir ki, kəşf olunduqca kəşfi əlçatmaz olur. Mən Nizamini yaxşı oxuduğumdan çoxlarının gəldiyi bu qərarı öz qərarım eləmişəm: poetik fikir tarixində hələlik ucalığı onunla müqayisə olunacaq zirvə yoxdur. O, Yer kürəsinin bütün nöqtələrindən görünür".
Nizami ilə bir sırada M.Füzuli də M.Arazın sitayiş etdiyi şairlərdən idi. Hələ 1958-ci ildə, dahi şairin vəfatının 400 illiyi münasibətilə yazdığı "Səba yeli" şeirində M.Araz Füzuli dühasına heyranlığını belə ifadə etmişdi:

Sözün sehrinə bax, qüdrətinə bax-
Bir heykələ döndüm öz yerimdə mən.
Beləcə bir misra deyəydim ancaq
Yüz il yazacağım əsərimdə mən.

Şeirə epiqraf kimi M.Araz Füzulinin bu beytini seçmişdi:

Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapıüm badi-səbadən qeyri.

"Səba yeli" şeiri məhz Füzulinin həmin beytinin şairdə oyatdığı təəssüratları əks etdirirdi. Azərbaycandan ayrı düşən şairin Vətən həsrəti, dövrün, zamanın ağır sınaqları, məhrumiyyətləri, tənhalığın faciəsi şeirdə Səba yeli və Füzuli obrazları ilə açıqlanır.
M.Araz Füzuliyə aid ayrıca bir məqalə yazmamışdır, lakin onun dahiliyini, dünya və Şərq mədəniyyətindəki əvəzsiz rolunu, ruhən də, cismən də Azərbaycanla bağlılığını dönə-dönə etiraf etmişdir. "Azərbaycan-dünyam mənim" şeirindəki bu iki misranı xatırlayaq:

"Azərbaycan" deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Bu misraların doğurduğu yüksək emosionallığı bir kənara qoysaq, elə məzmunu, qayəsi kifayətdir deyək ki, Füzuli və Azərbaycan kəlmələrinin yanaşı çəkilməsi təsadüfi deyil.
Şah İsmayıl Xətai də M.Araz şeirində ölməzlik qazanan şəxsiyyətlərdən biri idi. Ancaq şair, Xətaini təkcə söz sərkərdəsi kimi deyil, qılınc qəhrəmanı, milli vüqarımız və əvəzolunmaz dövlət başçısı kimi də ideallaşdırır. Şeirlərinin birində "Məmməd Araz karandaşı"nın Xətai qılıncının varisi olmaq gücü təsdiq edilir.
"Məndən ötdü qardaşıma dəydi..." şeirində M.Araz yenə Xətaini xatırlayır, "məndən ötdü..." milli-məhəlli eqosentrizmin, nadanlığın Xətainin süqutuna da yol açdığını Azərbaycanın müdhiş faciələrindən biri hesab edir.
Əlbəttə, bütün bunları xatırlamaqda məqsədimiz heç də M.Arazın klassiklərə, ulu sənətkarlara böyük məhəbbətini açıqlamaq, onlardan öyrəndiyini sübut etmək deyildir. Məqsədimiz klassika ruhunun müasir bir şairin poeziyasında necə yaşamasını açıqlamaqdır. Həm də belə bir suala cavab axtarırıq: klassika və müasirlik arasında əsrlər boyu qırılmayan hansı ənənəvi bağlar, əlaqələrdir? Burada konkret olaraq M.Arazın hansı klassiki sevməsi yox, sevdiyi klassikdə nəyi axtarması bizim üçün maraqlıdır.
Məsələn, Nəsimiyə həsr etdiyi kiçik bir məqaləsində M.Araz yazır: "İlk dəfə kim tərəfindən işləndiyi bəlkə də məlum olmayan bu məlum müqayisə- "sənətkar-dünya" ifadəsi, deyəsən, heç vaxt köhnəlmir. Çünki bu "məlum dünya" öyrənildikcə sirrini dərinləşdirir, tədqiq olunduqca tədqiqata ehtiyac artır. Sanki dünya hər dövr üçün yenidir, təbii olaraq bu yeniliyin öz "kəşfiyyatçıları" dünyaya gəlməlidir. Bu baxımdan "sənətkar-dünya" ifadəsi Nəsimi ucalığı üçün necə də təzə səslənir. Nəsimi ümumbəşər bədii təfəkkürünün axtarış inadında tapılmış yeni işıq idi. Bu işığa böyük ənənəsi olan bir ədəbiyyat, xüsusilə, Nizami idrakı qida vermişdi. İnsan qüruru Nəsimi idrakında orta əsrin boyu çatmayan bir ucalığa qaldırılır". Bu yazıda Nəsiminin sənət konsepsiyası ("sənətkar-dünya") ümumbəşər bədii təfəkkürünün yeni bir mərhələsi kimi səciyyələndirilir. Həmin konsepsiya Nəsimidən sonra bütün Azərbaycan poeziyasının ruhuna, qan damarına yayıldı, Cavid, Hadi, S.Vurğun kimi şairlər tərəfindən hər dövrün ictimai-fəlsəfi ab-havasına kökləndi. "Sənətkar-dünya" konsepsiyası M.Araz poeziyasında da həmin yaşarı ənənənin davamı kimi özünü göstərir.
Ənənən nədir? Zənnimizcə, bu sualı şərh eləməyə ehtiyac yoxdur. Ənənə əsrlər boyu poeziyada yaşayan, heç vaxt təravətini itirməyən, hər sonrakı dövrdə yeni biçimdə üzə çıxan nəfəsdir, ruhdur. Konkret desək, həm məzmundur, həm formadır. M.Araz istər klassik poeziyaya, klassiklərə, istərsə də müasir ədəbiyyata qiymət verərkən məhz bu prinsipi ölçü vahidi götürür. Aşıq ədəbiyyatının iki böyük klassikinə-Dədə Ələsgərə və Aşıq Şəmşirə həmin meyarla yanaşır. "Ələsgər sazı, Ələsgər sözü Azərbaycan xalqı üçün bir əsrə yaxın böyük bir ədəbiyyat universiteti rolunu oynamışdır"-bu ümumi mülahizədən sonra şair belə bir sual verir: "Bəs Səməd Vurğun kimi görkəmli söz ustalarını Ələsgərə bağlayan, ondan böyük hərarətlə danışmağa vadar edən nə idi? Tək ona görəmi Aşıq Ələsgər Vaqifin gözəllik bayrağını, xalq dilindən gələn duruluq, saflıq poeziyasının aydın, təmiz ifadə formasını möhkəm qorumuş və ölənəcən bu keyfiyyətlərə yiyələnmək birinciliyini əlindən verməmişdir".
Burada Vaqif-Aşıq Ələsgər-Səməd Vurğun poeziyasının bir-birilə zəncirvari əlaqəsi təsdiq olunur. Lakin ənənə donub qalmır, yeni, novator meyllər üzərində yaşarılığını təmin edir. "Ələsgərin irəliyə addımı ondaydı ki, bu sənətkar aşıq şeiri formalarına yeni, yüksək sənət məzmunu verməklə onu əyalətçilikdən çıxarıb poeziya qatarına qoşmuş və ən "yeni şeir növləri" ilə yarışa biləcək ənənəvi aşıq ədəbiyyatının ictimai nüfuzunu qaldırmışdır.
Bu mənada Vaqifdən sonra Zakir də böyük bir qüvvətlə ictimai fikir yükünün altına girmişdir. Fəqət bu böyük sənətkar da Ələsgər qədər əzbərlənə, əldən-ələ gəzə, ən azsavadlı oxucunun belə qonağı ola bilmədi. S.Vurğun bunların hamısını duyurdu və Ələsgərə münasibətdə də bu ölçünü əsas götürürdü ki, o, sözün "səsini eşidə", rəngini görə bilir".
Aşıq Şəmşir haqqında məqaləsində də yenə ənənə-novatorluq probleminə toxunur, Şəmşirin xoşbəxtliyini Aşıq Ələsgər ocağından bəhrələnməsində görür. Daha sonra yazır ki, təbiət ona istedadlı şair qəlbi, ustad aşıq barmaqları vermişdi. Bu istedad ona əbədi mənbələrə yaxın bir müstəqil duyğu qələmi yondu. Özünün olası bir suayrıcı relyefi yaratdı.
Elə sənətkarlar var ki, onlar Məmməd Arazın poetik dünyasında ayrıca bir dünyadırlar. Nizami, Sabir, S.Vurğun... Bu üç sənətkar M. Araz yaradıcılığına müxtəlif aspektlərdən təsir göstərmiş və onun poeziyasının formalaşmasında, poetik fərdiyyətinin yetkinləşməsində müəyyən rol oynamışlar. Xüsusilə, Sabirin və S.Vurğunun təsiri danılmazdır.
Öncə dediyimiz bir fikri yenə təkrarlayaq: M.Araz klassiklərdə və ustadlarda öz yaradıcılıq məramına uyğun məqamlar axtarırdı, ədəbi təsiri də məhz bu nöqteyi-nəzərdən izah etmək məqsədəuyğundur.
Götürək Sabiri. "Sabir dünyası ilk tanışlığım, ilk uçuşum demək oldu. "Gəl, gəl, a yaz günləri!" Əvvəl də oxuduğum, əzbərlədiyim şeirlər var idi: bir doyumluq, iki doyumluq, üç doyumluq... Ancaq bu dəryanı su kimi içirdim, hava kimi udurdum, işığında isinirdim, istisində yuyunurdum. ...O vaxt mənə elə gəlirdi ki, belə şeirlər düşünülmür, yazılmır, çap olunmur. Bu qeyri-adi düzümlər, heç kəsdən eşitmədiyim söz mücrüsü yağışla, dolu ilə yağıb tökülür yerə. Bunları tapıb "sapa düzən" müəllimlərdir. Böyüdükcə məndən çox-çox əvvəl göyərib qalalaşmış, dənizləşmiş mənzərələrlə üzləşdim. Bu üzləşmədə daha qanadlanmaq meylləri yox idi. İndi artıq özündən asılı olmadan kişiləşmək, mürgüdən qaçmaq, qılınca, külüngə, oda, buza əl atmaq sərvaxtlığına yiyələnmək, ictimai hadisələrin bəzilərinə balta çalmağı öyrənmək, bəzilərini bataqlığa düşmək qorxusundan xilas etmək, bir sözlə, zamanı oxumaq, Sabir sənətinin əsl mahiyyətini, bu mahiyyətin aşıladığı siyasi-əxlaqi, bədii-estetik məsələləri başa düşmək dövrünə qədəm qoymuşdum. İnamım mənə deyirdi, hər yerdə aydın görünən "Sabir dağı" və digər ucalıqlar səni azmağa qoymaz". Bu ucalıqlar ənənə deyilən bələdçilərdir. Amma bu bələdçilərin işığına gərək öz qələminlə gedəsən. Çiynində hansısa gərəkli yükü aparasan. Bu yol əliyalınlar üçün deyil, burada Sabir, bələdçi olduğu qədər də amansız imtahançıdır. Ondan öyrəndiyinin səviyyəsində dayanıb səni dinləyənlərə nəsə deməlisən. Sabir indi müəyyən mənada vahimə, qorxu idi. Onun meyarından söz keçirmək çətindir, çox çətin. İlk baxışdak adi görünən yüzlərlə qeyri-adi misraların imtahanından keç görüm, necə keçirsən" .
Ustada, ulu sənətkara bu cür pərəstiş və vurğunluğun səbəbini anlamaq çətin deyil. Ancaq bu münasibətdə bir vahimə, qorxu da duyulur. Görəsən, Sabir babanın səxavətlə dərib tökdüyü söz meyvəsindən necə qidalanmaq olar? Və M.Araz bu sualın ən doğru cavabını tapır: "..ancaq öz südünlə, öz baxışınla, öz qeyrətinlə, öz təpərinlə, öz müasirliyinlə üzünü öz gününə tutmaq, Sabirin arzu bağında yeni-yeni güllər əkməyi bacarmaq..."
Sabir sənətinə böyük ehtiramını M.Araz "Mən də insan oldum" poemasıyla bildirib, bu poemada qüdrətli sənətkarın bircə misrasından istifadə olunub və M.Arazın dediyi kimi bu bəhrələnmə təbiətin gül-çiçək genişliyində bal arılarının şirə götürməsinə bənzər.
Bəs M.Araz poeziyasında Sabir satirası və Sabir cəsarəti ilə səsləşən məqamlar varmı? Təbii ki, bunu forma şəkildə anlamaq yanlışdır. Misra oxşarlığından, mövzu davamından söz açmaq Sabir-M.Araz ənənə-varislik münasibətini birtərəfli yozmaq demək olardı. Sabir ruhu həyat həqiqətlərini məhz Sabir cəsarəti və vüsəti ilə poeziyaya gətirən şairin şeirlərində yaşaya bilər. M.Araz da belə şairlərdən biridir.

Sənət yarışında, söz yarışında
Yüzümüz bir Sabir deyilik hələ.

M.Arazın "Özümdən şikayət məktubu"ndakı bu misraları bir dəfə müsahibəmizdə şairə xatırlatdıq. Şair deyirdi: "Poeziyanın gücünü onun cəmiyyətdə gördüyü işlə ölçsək, mən fikrimə bir daha möhür vururam: deyilik, doğrudan da deyilik".
...Bu kiçik yazıda biz Xalq Şairi Məmməd Arazın klassiklər haqqında söylədiyi fikirləri xatırlatdıq. Siz də hiss etdiniz ki, Məmməd Araz Nizamini, Füzulini, Nəsimini, Xətaini, Sabiri, Aşıq Ələsgəri necə sevirdi. Böyük məhəbbətin ifadəsi olan sözlər isə böyük ürəkdə doğular...

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV