NAKAM ŞAİRLƏR

VAQİF YUSİFLİ
58970 | 2013-12-03 00:00
Bütün zamanlarda şair ölümü həmişə kədər, qəm, qüssə doğurub və o şairlərin vurğunu olan oxucular bu ölümlərə yanıblar, yaxılıblar. Bu ilin ilk sentyabr günündə çox sevdiyim şairlərdən biri - Ələkbər Salahzadə qəflətən dünyasını dəyişdi. Onun çox-çox yazdığı bir şeirini xatırladım ölən günündə:

Mişel Lermontov,
zaman qatil zamandı,
bilə-bilə
bir şeir mamontu
yox oldu belə -
niyə çıxdın sən duelə?

Niyə vuruşdun,
niyə öldün, Petefi?
26 yaşlı ölüm hədəfig

Sən
neylədin, Yesenin?
Qorxmadınmı -
ünvanına qatil adı qatılır
venasını kəsənin?!

Yoldaş Mayakovski,
Yeseninə gülürdün!
Bəs sən niyə
Bir şair öldürdün?

Mənim qaraçı Lorkam,
Mənim Müşfiq yaşılımg
Niyə belə az yaşadı
Çiyninizdə ulduzlar?!

Ələkbər Salahzadə bu şeirdə ömürləri yarımçıq kəsilən şairlərə ağı deyirdi. Azərbaycan ədəbiyyatında da Puşkin, Yesenin, Mayakovski taleli şairlər az deyil. Müşfİq, Əli Kərim taleyi də poeziya ulduzlarının cavan yaşlarında həyata vida deyən şair ömürləridir. Sonralar Sərdar Əsədin, Eldar Baxışın, Malik Fərruxun, Aydın Səlimzadənin, Akif Səmədin nakam ömürləri də bizi sarsıtdı. Son iyirmi-iyirmi beş ildə isə daha bir neçə istedadlı şairin vaxtsız vəfatı, yarımçıq ömrü ağrıya, nisgilə çevrildi.
Şair Əkbər Qoşalının tərtibi və redaktəsi ilə Dünya Gənc Türk Yazarlar Birliyi "Nakam şairlər" adlı bir toplu nəşr edib. Topluda 8 nakam şairin şeirləri və onların yaradıcılığına həsr olunan məqalələrlə qarşılaşırıq. Oxucular bu topluda Ülvi Bünyadzadənin (1969-1990), Nizami Aydının (1961-1992), Fuad Əsədovun (1972-1992), Faiqin (1962-1992), Hamlet Kazımoğlunun (1970-2001), Üzeyir Məhərrəmlinin (1974-2004), Fərhad Metenin (1976-2009), Zərdüşt Şəfinin (1986-2012) qısa, amma mənalı poetik ömürləri ilə tanış olacaqlar. Əslində, onların bir çoxunun yaradıcılığı oxuculara məlumdur.
Nakam ömürlərə nəzər yetirək. Ülvi Bünyadzadə keçən əsrin 90-cı illərində, Milli Azadlıq Hərəkatının iştirakçısı, Azadlıq Meydanındakı dekabr mitinqlərinin fəallarından idi. 20 Yanvar faciəsi zamanı şəhid oldu. Nizami Aydın 31 yaşında Qarabağın müdafiəsi uğrunda döyüşlərdə, "Tərlan" adı verdiyi tankında yanıb kül oldu. Fuad Əsədov Sur kəndi uğrunda döyüşlərdə həlak oldu. Nakam şairlərdən Faiq İsmayılov, Hamlet Kazımoğlu, Üzeyir Məhərrəmli, Zərdüşt Şəfi amansız xəstəlikdən, Fərhad Mete isə avtomobil qəzasından dünyalarını dəyişdilər. Şəhidlik, xəstəlik, qəza... bunlar ayrı-ayrı məfhumlar olsa da, son ucu ölümdür, həm də şair ölümü kimi ağırdı, unudulmayandı...gOnları yaşadan da şeirləri olacaq.
Ülvi Bünyadzadə Azərbaycan Müstəqilliyi ərəfəsində yetişən gəncliyi təmsil edirdi. On üç yaşında ikən yazmışdı ki: "Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik!". Sonralar, içindəki azadlıq duyğuları onu rahat buraxmayınca şeirdə də bərkidi, zərif, kövrək misralarını oda, alova çevirdi: "Qarabağdı mənim dinim-imanım, O torpağın nişanəsi, iziyəm. Məni belə aciz görmə qəbirdə, Qəbirdə də Qarabağın özüyəm".
Ülvi şəhid olmasaydı, indi Azərbaycanın tanınmış şairlərindən biri idi.
Nizami Aydın isə poeziya aləmində təzə-təzə parlayırdı ki, Sırxavənddə şəhid oldu. Mən ona "şəhid şair" yoz, "azadlıq şairi" deyirəm. Onun "Azadlıq" silsilə şeirlərini indi də həyəcansız oxumaq olmur.

Haqq yolunda
canını göz yaşına,
göz yaşını Tanrıya tapşıran
yaxşı insanlar olmasaydı
bir belə yaxın olmazdıq.
Tanrının üzündəki
uşaq sevincinə.
Təkcə mələklər eşitməzdi
pıçıltımızı.
güllələnməzdikgasılmazdıqg
bir belə yaxın olmazdıq
qətlə gedən insanların
addım səsinəg
Bu qədər
yellənməzdik dar ağaclarında,
bu qədər vərəmləməzdik
anaların gözlərindəki dərdimizin
qan laxtasına...

Nizami Aydın haqqında fikirləşəndə həmişə böyük yazıçımız Ənvər Məmmədxanlının "Xürrəmilərin ağ şahini" pyesində Babəkin Aqşinə söylədiyi bu sözləri xatırlayıram: "Ey Aqşin, sən heç vaxt dərk eləməyəcəksən ki, Azadlıq yanğısı nə deməkdir. O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq-istər o şirin olsun, istər acı: yalnız o idi mənim səcdəgahım! Və bu müstəbid ki, məni öldürür, o da heç vaxt anlamayacaq ki, ölümü ilə Azadlıq fədaisi büsbütün məhv olmur. Və mən ki, Babək kimi varam və bu ölümdən o tərəfdə də yenə Babək kimi var olacağam!"
Yalnız Azadlıq şairi bu misraları yaza bilərdi:

İspaniya!
Vətən döyüşlərdəykən
Qara öküzlər önünə
qırmızı bayraq tək
çıxır şairlər.
Bu dünyada ancaq şairlərin
Taleyi bənzəyir bir-birinə.
Vətən ağrısıdır
dünyanın ən böyük ağrısı.

Nizami Aydının "İspaniya" poemasının konkret bir qəhrəmanı var-Federiko Qarsiya Lorka..Ancaq bu poemada Lorka taleli bütün şairlər gözümüzün önünə gəlir-Mənsur Həllac, Nəsimi, Musa Uəlil, Xəlil Rza Ulutürk.
O Azadlıq yanğısı 20 yaşlı Fuad Əsədovu da Qarabağ uğrunda döyüşlərə səslədi. 1992-ci ildə, tələbəykən Milli Orduya yazıldı, doğma rayonu Uəbrayıla getdi. Əvvəlcə tələbə olduğu üçün onu orduya götürmədilər, amma sonra Milli Ordunun yerli müdafiə batalyonuna qəbul etdilər. Uəmi üç ay döyüşçü həyatı yaşadı, sonra qəhrəmancasına həlak oldu. Ondan publisistik yazılar, xatirələr, gündəlik, məktublar, şeirlər yadigar qaldı. Budur, 1992-ci ildə yazdığı "Səngər" şeiri:

Bu səngər məbəddir, pirdir, ocaqdır,
Bu səngər tarixə qovuşacaqdır.
Bu səngər bir parça Vətən torpağı,
Bu səngər düşmənə sipər, göz dağı.
Mənim də payıma düşüb bu səngər,
Hamımız bu ruhda köklənsək əgər,
Yurda tamah salmaz hər yoldan ötən,
Basılmaz Vətən, basılmaz Vətən!

"Faiq yaşasaydı, böyük şair olacaqdı, 18-20 yaşlarında, 1980-ci illərin əvvəllərində yazdığı şeirləri hansı səviyyədədirsə, həmin illərin civarında və o yaşda yazdığı digər əsərləri də eyni səviyyədədir - gözəl, həzin və dəyərlidir" - bu sözlərin müəllifi tanınmış alim-publisist Azər Turandır. Azər Turanın ikimininci illərin əvvəllərində Faiqin şeirləri ilə bağlı açıqlamaları və o şeirləri mətbuatda dərc etdirməsi maraqla qarşılanırdı. Ən əhəmiyyətlisi bu idi ki, doğrudan da Faiq adlı bu müəllifin yazıları onun gələcəyi üçün böyük perspektiv vəd edirdi. Amma amansız xəstəlik o gələcəyin üstündən xətt çəkdi. Ortada isə hər halda, Faiqi yaşadacaq şeirlər qaldı. Bu şeirlər ötəri həvəsin, şair olmaq istəyinin nəticəsi deyildi, onlar MÜASİR ŞEİRLƏR idi-obrazlı, fikirlə hissin vəhdətini əks etdirən şeirlərdi. Bir nümunəyə diqqət yetirin:

Şəhərin şair heykəlləri,
heç kəsin tanımadığı,
heç kəsin nəğmə qoşub,
oxumadığı
sevgi şeirləri söyləyəcək
bu yaz yağışının altında.

Sağlığında sevgidən yazanı da,
yazmayanı da
sevgidən söyləyəcək.
siz Allah, bağlayın o sətirləri,
açın başınızı yaz yağışına
sudan quru çıxan eşitməyəcək
şair heykəllərin şeirlərini!

Bu şeirin adı "Yağış"dır. Dünyanın yağışına minlərlə şeir həsr edilib, amma bu şeir o "yağış"lardan seçilir. Yağış burada insanın ruhunu, qəlbini oyadan, heykəlləri dirildən bir obraza çevrilir. Faiqin şeirləri qısa və yığcam idi, hər biri dörd, beş, altı, yeddi misradan ibarət olan bu şeirlərdə lüzumsuz fikir söyləmək iddiası yox idi, fikrin-poetik ideyanın özü göz qabağında idi:

Baxmaq istəyirəm gözlərinə mən,
ancaq baxışların dönüb qaçır hey.
əllərin üşüyür, gizləmə məndən,
verim ürəyimi, əllərinə gey!

Müasir şeirin ahəngini, ovqatını yaradan Hamlet Kazımoğlu, Fərhad Mete, Üzeyir Məhərrəmli və Zərdüşt Şəfi haqqında da İSTEDAD kəlməsini ürəklə söyləmək olar. Bu nakamların şeirlərini onların sağlığında izləyirdim. Hamletin və Fərhadın vaxtsız ölümləri məni də sarsıtmışdı, mətbuatda bu itkilər haqda iki elegik ruhlu yazı da çap etdirdim. Hamlet Kazımoğlu haqda yazdıqlarımdan: "Yeganə kitabının adını "Ağ çadır" qoymuşdu. Təsadüfi deyildi bu. Ağ çadır ümid, arzu, sevinc, səadət, işıq demək idi. Elə ümid və işıq ki, xəyallardan loğulmuşdu. İnsanın öz içində, ölməyən ruhunda yaratdığı, həmişə can atdığı, amma reallıqda yox, xəyalda yaratdığı Ağ çadır. Bu obraz mifdən, nağıllardan, əfsanələrdən qopub gəlmişdi Hamletin şeirlərinəgHamlet Kazımoğlu öz yaşıdlarının çoxu kimi məlum mövzulardan yazırdı: dünya, Tanrı, azadlıq, yaşamaq yanğısı, zamanın ağrıları onun da şeirlərində 31 yaşınacan öz ömrünü sürdü. Ancaq Hamlet bütün bu mövzularda özünü yazırdıg"

Hər könülə yatmaq olmur,
Öz könlümüzə yatmışıq.
Dənizlərdə batmaq olmur
Təkcə Arazda batmışıq.

Fərhad Mete haqqında yazdıqlarımdan: "Onu yalnız bircə dəfə gördüm... 2009-cu ilin isti iyul günlərinin birində - Sumqayıtda, mərhum Akif Səmədin xatirəsinə həsr olunmuş məclisdə. ...Fərhad Mete şeir oxuyurdu.

O sabah ayılıb görsən ki, hər şey dəyişib,
yəni, gördüyün kimi deyil nə varsa,
bomboz evlərin önündəki
həm də içinə girib aza biləcəyin qədər
sonsuz zəmi.
Sonra yadına düşsə ki,
yuxundakı o qadın
qorxudan atıb getmişdi ağlayan
buğda dənəsini.
Qorxma, başını əyib sevgilinin
önündə diz çök
və pıçıltı ilə "mənə ümid ver" de!
O da mütləq "mənəm ümidin" deyəcək.

Bu şeirdəki assosiasiyalar ilk baxışda çox qəribə təsir bağışlayır. Uşaq-buğda dənəsi, göy üzü-günəş, dəniz-zəmi, yuxudakı qadın və onun sevgilisigbir-birinə yaxın və bir-birinə uzaq olan nəsnələr, məfhumlar... Bu şeirdə F.Mete bir uşağın dünyaya gəlişi ilə bağlı psixoloji dönümləri izləyir. Müasir bədii təfəkkürün yeni bir çalarını ifadə edirdi Metenin şeirləri.
Zərdüşt Şəfini də tanıyırdım və onun "Gənc ədiblər məktəbi"ndəki fəallığı çoxlarının diqqətini cəlb etmişdi. Atası Baloğlan Şəfizadə Azərbaycanda tanınmış bir ədəbiyyatşünasdır, elmlər doktoru, professordur. Baloğlana oğlunun istedadından, şeirlərindəki özünəməxsusluqdan söz açmışdım, sevinmişdi. Amma sən demə, bu ata sevincinə dəhşətli bir QƏM çökdü. Ölüm iyirmi yaşlı istedadlı bir şairi işvqdan, günəşdən, həyatdan ayırdı.

Əlini uzat,
bu ağ kağıza
barmaqlarından axacaq
sətir-sətir sözlərg
Sən heç şeir yazdınmı?

Gözlərin susur,
kirpiklərinə tökülmüş
alın yazının qalıqları
danışacaq indi-
Sən heç qar olub yağdınmı?

Uzaqda, üfüq xəttində
qıpqırmızı bir od parçası var,
neçə min ildi yanır-
kimi sevir
heç kim bilmir,
bilməyəcəkg
Sən heç şair sevdinmi?

Ağstafanın Qrinfel (indi Vurğun) qəsəbəsində doğulub 30 yaşında dünyasını dəyişən, elə doğulduğu qəsəbədə də dəfn olunan Üzeyir Məhərrəmli... Səni də tanıyırdım. Ədəbi aləmdə ilk addımlarını iyirmi yaşında atmışdın, o müdhiş günə qədər artıq iki şeir kitabın da işıq üzü görmüşdü. Şeirlərində ÖZÜN İDİN.. Bir şeirində yazmışdın ki: "Bizdən şair çıxmaz Şairlər o dünyada mühacirətdədir". Niyə tələsdin o dünyaya? Bir şeirində də yazırdın ki: "Şuşasız ölmək dağ olar, Şuşada basdırın məni!"
Allah rəhmət eləsin, ey nakam şairlərimiz, qardaşlarımız, oğullarımız... Ülvi, Nizami, Fuad, Faiq, Hamlet, Üzeyir, Fərhad, ZərdüştgSizi unutmayacağıq!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV