adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Yazıçı olmaqla olmamaq arasındakı o incə xətt

FƏRHAD ŞABANOV
38679 | 2013-11-30 00:24
Bir insan yazmağa ehtiyac duyursa, bunun bir neçə səbəbi ola bilər. Ya həmin insan deməyə cəsarət edə bilmədiyi sözləri yazaraq rahatlıq tapır. Ya da həmin insanın sadəcə olaraq demək istədikləri var. Yəni ki, yazmağın müsbət tərəfləri var. Ən azı insan ürəyini boşaldır.
Bəs yazmaq ancaq ürək boşaltmaqdanmı ibarətdir? Əgər yazıdakı fikirlər hədəf kütləyə çatmırsa, o yazını kəlimə yığınından başqa nə adlandırmaq olar?
Məncə hər bir yazıçının yazdığı bir yazını özündən başqa ən az bir nəfər oxuyursa, deməli, həmin yazı üçün hər hansı bir hədəf nəzərdə tutulur. Əgər yazıçının məqsədi ancaq ürəyini boşaltmaqdırsa, əvvəlcə yazar, sonra da həmin vərəqi cırıb atar.
Çox təəssüf ki, bizim yazıçıların maarifləndirmək istədiyi hədəf kütlə mütaliədən uzaqdır. Hədəfə doğru atılan hər söz yarı yolda qalır, gedib hədəfə çatmır heç. Bu halda belə bir sual çıxır ortaya - bizim gördüyümüz işin mənası varmı? Axı deyəsən bizi heç kim oxumur. Onda niyə yazırıq?!
Sonra da yazıçılar ekrana çıxıb bazar davası edir ki, mənim kitabım az satılır, sənin kitabın çox satılır, mənim kitabımı intellektuallar oxuyur, sənin kitabını qohumların oxuyur, nə bilim nə. Ancaq əslində problem çox primitivdir. Yazılanları kim oxumalıdırsa, onların əksəriyyəti oxumur. Bu həm cəmiyyətin problemidir, həm yazıçıların, həm oxucuların. Əslində buna çarə tapmaq lazımdır, yoxsa "kitab satışından kim nə qədər qazanıb"a yox.
Belə çıxır ki, ancaq oxucular yox, yazıçılar da yolunu azıb. Heç özləri də bilmir yazdıqları yazının hədəfi nədir, məqsədi nədir. Yazıçıların yolunu azdığı bir cəmiyyətdə oxucuları günahlandırmaq ən son yoldur. Gözdən pərdə asmaq kimi bir şey. Nə qədər ağır olsa da bu bənzətməni edəcəm. Təhlükədən qorxub arvadının ətəyinin altında gizlənin kişi kimi yazıçılar da oxucuların "ətəyi"nin altında gizlənir.
Heç kim durub özünü Kafka və ya Van Qoqla müqayisə etməsin. Bu qədər üzlü olmaq yaxşı şey deyil. Hətta çox pis şeydi deyərdim. "Mən yazıram, mən yaradıram, amma heç kim məni başa düşmür". Əgər kompüter əsrində, texnologiya dövründə - bu qədər imkanın içində - sizi heç kim başa düşmürsə, əgər sizi heç kim oxumursa, əlinizdəki nədirsə, onu yerə qoya bilərsiniz.
Sevgini tapın, sevgiylə qalın...

Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV