MÖCÜZƏ GÖZLƏMƏYƏ DƏYMƏZ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
93661 | 2013-11-30 00:22
Bəri başdan deyim ki, düşündüklərim və bilgisayara diktə etdiklərim heç də xəyal-plov deyil. Yəni mən əllaməçilik etmədən, qeyri-adi nəyisə reallıq kimi təqdim etmək fikrindən çox-çox uzağam və ümumiyyətlə, heç bu barədə də düşünmürəm. Sadəcə, mənə bəlli, ürəyimə əyan olan gerçəkləri gördüyü kimi, olduğu kimi və hətta göründüyü kimi qəbul edib, onun barəsində subyektiv fikrimi sərgiləyirəm. Düşünürəm ki, bu da hər kəs kimi mənim də haqqımdı. Doğrudu, deyə bilərsiniz ki, haqq məsələsini çox qabartmayım, xatası çıxar. Axı o qədər haqsızlar haqlı, haqlılar isə haqsız durumda qalıblar ki...
Bəli, biz zaman-zaman qeyri-adiliklərin, lap elə möcüzələrin sorağında olmuşuq. Bəzən bütün bir ömrü sərf etmişik ki, hansısa bir möcüzəni yaradaq, şahidi olaq və yaxud da heç olmasa onu uzaqdan-uzağa da olsa seyr edək. Amma çox təəssüf ki, bu hər kəsə nəsib olmur. Nəticədə də qarşıya bir sual çıxır:
- Görəsən dünyada möcüzə qalıbmı?
Həqiqətən də düşündürücü sualdı. Belə götürəndə dünyanın məlum möcüzələri var və bu da həm tarix kitablarına, hətta rekordları, qeyri-adilikləri öz səhifələrində yaşadan Ginnesin kitabına da düşübdü və istənilən şəxs də öz maraqlarına uyğun olaraq həmin o dəyərli kitablardan möcüzələr barəsində oxuya bilər. Yenə deyirəm, olmuş və bu gün də mövcud olan möcüzələr barəsində!!! Ancaq yeni möcüzələrin olacağı barəsində hələlik mən heç bir kitabda heç bir sözlə, heç bir fikirlə rastlaşmamışam. Ona görə də artıq möcüzə axtarmaq, möcüzə gözləmək istəklərimdən, xəyallarımdan əl çəkmişəm. Daxilimdə özüm üçün qərar vermişəm ki, bütün möcüzələr baş verib qurtarıb. Lap göydən istənilən kometanın qopub düşməsi də, daş yağması da, yağışla birlikdə qurbağaların tökülməsi də, bütün bunlar ötüb keçib. Təkrar bunlar baş versə, inanmıram ki, təəccüb doğursun... Ən azı ona görə ki, biz bir dəfə görüb, bir dəfə qiymət verdiyimizə yenidən qayıtmaq məsələsində tənbəlik. Deməli, həmin o dediklərim gündə təkrarlansa da, artıq bizdə əvvəlki təşvişi, təəccübü, bütövlükdə təəssüratı yaratmayacaq. Necə deyərlər, bu möcüzə də olacaq, el dilində desək, min ilin ölülərindən biri, dəxli yoxdu dünən ölüb və yaxud da on il əvvəl...
Hə, deməli, günün reallığı, günün mənzərəsi birbaşa diktə edir ki, özünü mənə köklə, məni gör, mənimlə yaşa, mənimlə nəfəs al. Çalış günü xoş ovqatla, könül rahatlığı ilə axşam elə. Bax onda sənin həmin yaşadığın gün əsl möcüzə olacaq. Özü də sənin özün üçün... sənin düşündüyün və səni düşünənlər üçün... Bu məqamda yadıma bir şeir düşür. Zənnimcə, həmin şeir elə yazdıqlarımın ovqatına köklənib.

Günüm söz oyununda
Gecəm qələmlə keçdi.
Əlim qaldı qoynumda -
Ömrüm ələmlə keçdi...

Sevinc göyün dibində
Kəndir tapmadım atım!
Nə pul yoxdu cibimdə -
Nə uçmağa qanadım...

Yol ölçdüm xəyalımda
Fikirlərim dolaşdı.
Əlimi hara atdım -
Əlim qəmə bulaşdı!

Təsəllim gələcək gün
O da mən tək piyada.
Möcüzə gözləyirdim -
Ta qalmayıb dünyada!

***
Dünyanın enini-boyunu ölçən adamlar deyilənə görə, daha çox bilirlər. Axı onlar təkcə gəzmirlər, həm də görürlər. Bu mənada lap uşaq yaşlarından çox gəzib, çox görən adamlarla təmas qurmağa, yaxın olmağa həmişə can atmışam. Mənə elə gəlib ki, həmin adamlara yaxınlaşmağım... onları dinləməyim... onlarla fikir bölüşməyim müəyyən qədər məni də həmin səfərlərin iştirakçısına çevirir. Həmin yerləri xəyalən gəzirəm, bir kino lenti kimi gözlərimin önündən keçirirəm və bu məqamda başqa bilgilərim də həmin o söhbətdən əldə etdiklərimə əlavə olunur, üst-üstə gəlir, son nəticədə bilgi qazancım bir az da artır...
İndi böyük sözün içində olan adamları oxumaq, onlarla nəfəs-nəfəsə dayanıb iç dünyalarını görmək asan olduğu qədər də çətindi. Çünki bu adamların bir qismi loru dildi desəm, artıq oturuşublar. Onlar özlərindən başqa heç kimi, heç kəsi görmürlər. Sanki bütün dünya və bütün dünyada olanlar yalnız onlara aiddi, onların mülkiyyətindədi, onların diktəsi ilə hərəkət edir...
İkinci bir qrup böyük söz adamları vaxt darlığından, özlərinin də dedikləri kimi, başlarını qaşımağa imkan tapmadıqlarından, əlçatmaz olublar. Amma bütün bunların içərisində elə bir qrup, elə bir şəxsiyyət toplusu var ki, onlar üçün söz meydanı da, söz camiəsi də, söz adamları da, sözlə yaşayanların hamısı da doğmadı, yaxındı, görülüb duyulandı. Yəni günün istənilən saatında, istənilən məqamında bu adamların qapısını döymək, bu adamların həmsöhbətinə çevrilmək necə deyərlər, su içimi kimi rahatdı. Bax, mən həmin adamların içərisində xüsusi olaraq professor Qəzənfər Paşayevlə xalq şairi Zəlimxan Yaqubu qeyd etmək istəyirəm. Hələ bu yaşıma qədər həmin insanların kimlərdənsə uzaq dayandığını, kimlərisə görmədiyini, kimlərəsə biganəlik nümayiş etdirdiklərini nə eşitmişəm, nə də ki, özüm izləmişəm. Ona görə də özüm də ürəyim istəyəndə, ağlım hökmi edəndə çəkinmədən hər iki şəxsiyyətin telefon nömrəsini rahatlıqla yığmışam. Bilmişəm ki, mənim bu zəngim onları narahat etməyəcək. Ən azından onlar öz səviyyələrində mənim çağırıma telefon açacaqlar. Zənnimcə, dünyada bundan gözəl və rahat heç bir duyğu, heç bir hərəkət, heç bir yaşam yoxdu. Bütün şirinliklər də, bütün acılar da, bütün mənalar da məhz bu həyatın içərisindədi. Amma neyləyək ki, bunu görmək və dəyərləndirmək istəyənlər çox azdır. Ola bilsin ki, bu da möcüzə axtardığımız dünyanın illərin yorduğu, amma dizini qatlaya bilmədiyi adi bir möcüzəsidir. Elə bir möcüzəsi ki, o, heç kimə lazım deyil, lakin heç kim də ondan can qurtarmaq istəmir...
Bəli, mən ürəklə, ərklə döydüyüm qapıların, axtardığım insanların səsini, baxışını, yerişini-duruşunu izlədiyim və içimdə yaşatdığım hər kəsə pərvanəsi olmağı özüm üçün qəbul etmişəm. Amma neyləyim ki, mənim bu pərvanəliyim bəzən təkcə qanadlarımı yandırmır, bütövlükdə həyatımın ən böyük ağrısına, ən böyük qara daşına çevrilir. Belə məqamlarda köməyimə söz və qələm çatır.

Könlüm sənin öz evin -
Açarı da əlində!
Sorğu-sual olmayıb
Vaxtlı-vaxtsız gələndə...

İstədiyin azadlıq
Dostun olub gedəndə...
Ən dözülməz zülümü -
Ürəyimə edəndə...

Mən də sənin könlünü
Evim bildim! - açarsız
Hər gün qapı döyürəm-
Tanısanız, açarsız!

***
Hər səhər evdən çıxanda özümdən asılı olmayaraq, dayanıb tərk etdiyim yuvaya gözucu olsa da baxıram. Əvvəl bu hərəkətim özümə də qəribə gəlirdi, amma sonra ürəyimin hökmü olan bu davranış mənim bir növü tələbatıma çevrildi. Çünki mən evdən harasa çıxıb gedəndə evdəkilərlə sağollaşdığım kimi, yuvamla da sağollaşmağa adət etdim. İndi də bu adətimi yaşadıram.
Sizə qəribə gələ bilər. Ancaq inanın ki, hər gün mətbuatdan, efirdən eşidib-oxuduğumuz "qara xəbərlər" istər-istəməz adamın psixoloji durumuna da təsir edir. Ona görə də ailəmlə, uşaqlarımla olduğu kimi, evimlə də sağollaşıram. Necə deylərlər, şər deməsən, xeyir gəlməz...
Doğrudur, bu bir az qeyri-ciddi, hətta mistik bir yanaşmadı, amma neyləyim ki, mən artıq onun tabeliyinə keçmişəm. Və bu vərdişimə, bu adətimə könüllü şəkildə əməl edirəm. Yəqin ki, bunun kökündə müəyyən çalarlar da var. Ola bilsin ki, bu bir az da yazı-pozumla, sözə könül verməyimlə bağlıdı. Axı mən bütün gördüklərimi, bütün düşündüklərimi bir sevginin içindən keçirib gözümə, ürəyimə köçürürəm. Ona görə də çiçək qədər xəzəl də mənə əzizdi. Axı çiçəyin çiçək ömrü sonda bir xəzəlin ovuntusu deməkdi. Belə olduğu halda niyə biz çiçəyi sevdiyimiz kimi, xəzəli də sevməyək?!. Ovulan ləçəkləri ovcumuzun içində saxlayıb onun çiçək ömrünü yaddaşımızda təzələməyək?..
Hə, bu dediklərimin bir notu da təbii ki, həsrətdi. Yəni sevginin vüsal və həsrət qolları paralel yol gedirlər, heç biri digərinin yoluna çıxmır. Amma hər ikisi sevgidən başlayır. Qəribə deyil?! Başlanğıc, kök, mənbə eyni, yollar isə paralel?!
Görünür, dünyada mənim üçün möcüzələrin qurtardığına görə, məndən sonra kiminsə Məcnun olması da mümkün deyil. Axı indi sevgilər Leyli- Məcnun sevgiləri deyil. Odur ki, həyatın həsrət dolu anlarını vüsal dolu anlarla bərabər tutmaq, onları bir-birinə yaxınlaşdırmaq üçün cəhdlər etmək, addımlar atmaq istəyin gerçəkləşməsi yolunda ən böyük qətiyyət olar. Bir az da çılpaq və dəqiq desəm, həsrəti vüsala, vüsalı həsrətə çevirən hər nə varsa, hamısını özünə hopdurub, özündə yaşadıb, özündə cilalamaq ürəyinə bir qapı açar, bir ümid işığı yandırar. Və sən də o işığın, o qapının fərqinə varmadan əslində öz yaşantılarını daha rahat mənalandırar, gerçəkləşdirər və huzur içində başa vurarsan. Heç bir növbəni, heç bir gecikməni, heç bir sıxıntını, heç bir yuxusuzluğu özünə yaxın buraxmadan...

Yatıb yuxuya qalıb
Oyanmaq istəmir heç
Dünənki həvəs ilə
Dayanmaq istəmir heç -
Həsrətin növbəsində...

Sanki payız havası
Toxunub yanağına
Qorxub dözə bilməsəm
İllərin sınağına -
Həsrətin növbəsində!

Yatıb yuxuya qalan
Bir yuxunu qaçırıb
Alışan bu ürəyin
Sübhü oyaq açılıb -
Həsrətin növbəsində!

Bəli, möcüzə axtarmaq fikrindən daşınmışam. Çünki mözücələrin olacağına inanmıram. İnandığım əvvəldə dediyim kimi, yaşanan hər günün öz şirin ovqatından keçir və bir də böyük sözə, böyük sevgiyə inamdan, həsrətdən qaynaqlanır...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV