adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

İnternet dövrünün adamları

XURAMAN HÜSEYNZADƏ
37341 | 2013-11-30 00:21
Mərhum Rafiq Tağı demiş: "Dünya qlobal oldu..." Və bu qlobal olan dünya yaxşı tərəfləri ilə həyatımıza müdaxilə etdikcə ondan da yaxşı tərəfləri qabarıb üzə çıxır. Təxminən bu cür: Ağacın meyvəsini ləzzətlə təam edirik, amma istidən qovrulduğumuz zaman kölgəsindən də fayda gördüyümüzü unuduruq... Zamanı keçdiyi üçün samanı saxlamırıq. Görürük ki, samanın da virtual, texniki alternativi kəşf olunub və bizə artıq bunlar lazımdı. Lakin suda boğulduğumuz zaman yapışmaq üçün o biri - gerçək samanı axtarırıq.
Diqqətlə baxsaq, "Ayfon", "Feysbuk" əsrinin üzə çıxan köpüyünün altında İNSANLIQ çöküntüsünü görə bilərik. İNSANLIQ çökür... İNSANLIQ robotlaşdırılmış varlıqların qarşısında əlinin arxasını yerə qoyur. O, məğlubdur... Bir azdan insan əməyi heç kimə lazım olmayacaq. Kompüterin qarşısında quştək uçan Zaman insana danışığı, nitqi də unutduracaq. Adamlar bir-birinə fikirlərini "smayliklər" vasitəsilə çatdıracaq...
Əlbəttə, dəyişmək, inkişaf etmək gözəldir. Avropa "smayliklər"dən 30 il bundan öncə istifadə edirdi. Hardasa, elə "smaylik" də inkişafın göstəricisidir. Amma üzümüzdəki təbəssümü, kədəri iki nöqtə, bir mötərizənin arxasında gizlətmək də həyat deyil axı. Skype vasitəsilə başsağlığı veririk, dəvətnaməni "inbox"da göndəririk. Hanı bizim hiss-həyəcanımız? Robotlaşırıq, xəbərimiz yoxdu.
Bugünlərdə evimizi təmir edən usta ilə atamın söhbəti diqqətimi çəkdi. Usta atama dedi ki, naharı özüm evdən gətirəcəm, yeməyin pulunu təmirin üstünə gəl. Atam hirsləndi: "A kişi, mən internet dövrünün adamı deyiləm, pulunu verəcəm. Amma bil ki, mənim evimdə "mən yeyim, sən bax" söhbəti yoxdu. Burda da yeyəcəksən. Ayıbdı. Belə şey danışma..."
"İnternet dövrünün adamı..." Yox, qəribə səslənmir. Deməli, əsrlərdən əsrlərə deqradasiyaya məruz qalan yalnız İNSANLIQ olurmuş... Atam və onun tay-tuşları köhnənin adamlarıdır. Suşi, pizza, tiramisu, blackforest əvəzinə quzu kababı, motal pendiri, nehrə yağı, beçə balı yeyib, kokteyl əvəzinə inək südü, camış qatığının ayranını içiblər. Xarakterlərində təbiilik var. O təbiilik təbiətin özündən gəlmədir -inqrediyent əlavə olunmayıb... Özləridir və olduqları kimi görünürlər...
Gəlin, inkişaf etsək, internet əsrinə tabe olsaq da evdə gözümüzün qarşısında yaşa dolan ata-analarımızdan, nənə-babalarımızdan öyrənək. Bacardıqca çox öyrənək və özümüzdən sonrakılara öyrədək. Zaman gələcək, Diogensayağı İNSANLIĞI günün günorta çağı əliçıraqlı gəzəcəyik...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV