adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Od kimi, su kimi...

VURĞUN ƏYYUB
66584 | 2013-11-30 00:20
Lirikada şeirin lirik qəhrəmanı ilə şair şəxsiyyəti həmişə olmasa da, çox zaman eyniyyət təşkil edir. Yazdığı şeirdən şairin obrazı boylanır, oxucu həmin şeirin misralarından şair-qəhrəmanını öyrənib tanıyır. Hətta şeirlərindən şairlərin tərcümeyi-hallarını da dəqiqləşdirmək üçün istifadə edirlər. Çünki şair "anadan-bacıdan gizlətdiklərini kağızdan, qələmdən gizlətmir." Xatirələrdən, şairi şəxsən tanıyanların söhbətindən bəllidir ki, keçən əsrin 70- 80-ci illərində Məmməd Arazın həyatı nə qədər ağrılı, əzablı, sarsıntılarla dolu, mədhiyyəçi şeir dəllalarının basqıları ilə keçib. Bütün bunlar onun həmin dövrdə yazılmış əsərlərində də öz əksini tapıb.
Bəri başdan deyək ki, M. Araz o şairlərdəndir ki, yaradıcılığında şəxsi ağrı və narazılıqlarının üzərində yüksələrək ictimai, bəşəri və əvəzsiz dəyərlərin, ideyaların tərənnümçüsünə çevrilə bilmişdir. İndi haqqında söhbət açacağımız şeir də 1981-ci ildə yazılmışdır. Şeirdə konkret bir hadisədən, şairə qarşı edilmiş konkret haqsızlıqdan, kobudluqdan, etinasızlıqdan söhbət getmir. Amma yazıldığı dövrü nəzərə alsaq, şeirin yazılma səbəbləri, şairin ruhi-psixoloji durumu, kimlərə nə mesaj vermək istədiyi barədə təxminlər etmək mümkündür. Beləliklə:

Hələ yeriyirəm qəlbimlə qoşa,
Hələ çoxlarına örnəyəm, bala!
Qoca büdrəyəndə büdrəyən qoca,
Körpə ağlayanda körpəyəm, bala!

Ömürsüz ömürdən çox asılıyam,
Gərəkdir söz deyəm, söz yastılayam.
Hardasa gül üzə gül yastığıyam,
Hardasa ilana köynəyəm, bala!

Bəlalı başında nə dövlət, nə quş...
Təbriz nə istəyir? - Təbriz qurtuluş...
Bax, indi pətəyi suya tutulmuş
Arı topasından göynəyəm, bala!

Dünyamız bir sapla asılı göydən,
Səsim, bu torpağın səsinə köhlən!
Desələr şerimin avazı köhnə...
Od kimi, su kimi köhnəyəm, bala!

"Od kimi, su kimi" şeirində iki obraz var: görünən, danşan, mənəvi zənginliyi və üstünlüyü ilə boyaboy görünən şair... və görünməyən, danışmayan (o, artıq danışıb, həm də deyəsən, o qədər də xoş danışmayıb), "bala" deyə müraciət edilən birisi. İlk misradan görünür ki, şeir "bala" deyilənin dediklərinə cavab olaraq yazılıb. İkincinin kim olduğunu, niyə ona müraciət edildiyini bilməsək də, birincinin sözlərindən, müraciətindən onun nə dediyini, hansı ədabazlıq etdiyini təsəvvür etmək mümkündür. Belə görünür ki, "bala" danışığında artıq şairin fiziki imkansızlığına, sözünün bitdiyinə, onun qatarının getdiyinə işarə vurub. Burada "bala" müraciəti, övlad mənasında, əzizləmə məqamında işlədilməyib. Ona qalsa, şair "oğlum", "qızım" müraciətlərinin birindən də istifadə edə bilərdi. Danışıq dilində başından böyük danışana yerini tanıtmaq məqsədi ilə söylənilən "Bala, sən hələ uşaqsan" deyimini xatırlayaq. "Bala" müraciətinin rədif yerində işlədilməsi şeirin səmimiyyət dərəcəsini artırmaqla yanaşı, həm də şeirin qəhrəmanının müdrikliyinin təsdiqinə çevrilir. Şair qarşısındakına əsl ağsaqqal təmkini, ləngər və saytallığı ilə cavab verən müdrik bir insandır! Hələ yeriyirəm qəlbimlə qoşa "Hələ" sözü misradakı fikrə qəribə bir çalar bəxş edib. "Hələ" həm də bir şeyin qurtarmadığını, davam etdiyini, sonrasının olacağını bildirir. Canlı xalq dilindən gələn bu ifadə ilə şair onun gücdən düşüdüyünü, daha gərəksiz olduğunu söyləyənlərə cavab verir. Bu misra və "bala" müraciətində qarşısındakını məzəmmət də, ona dünyanı tam dərk edə bilmədiyinə görə bir tənə (zəif sezilsə belə) motivi də, etirazını qarşıdakına ədəb-ərkanın ən son həddində çatdırmaq da, bir balaca giley də, özünə inam da var! Qəlbiylə qoşa yerimək! Yeni sözdür, təzə fikirdir, tapıntıdır. Nəfsin dartdığı, iştahanın səslədiyi, dünyanı qamarlamaq həvəsində olanların ağlının çağırdığı yerə getməyə nə var ki? Qəlb, axı, müqəddəs duyğular məskənidir, Tanrı işığının düşdüyü bucaqdır, insani duyğular yuvasıdır. Qəlbi ilə qoşa yerimək hər adama nəsib olmur. Həm də elə bir qəlblə ki, Təbriz boyda dərdi daşıyır, gül üzlülər üçün yasdığa, çıl-cılpaqlara köynəyə çevirilir, hər döyüntüsündə mənsub olduğu xalqın ağrılarını, danışdığı dilin ahəngini, avazını yaşadır. Qəhrəmanımız bilir ki, o hələ də çoxları üçün bir nümunədir, sənət yollarında və yolçuluğunda mayakdır, çoxları üçün ən ağır anlarında bir istinad nöqtəsidir. Ona görə də sonrakı misra özünə vurğunluq, özündənrazılıq kimi yox, özünü təsdiq, özünəinam, gerçək bir dəyər kimi səslənir: Hələ çoxlarına örnəyəm, bala! Sonrakı iki misrada vurğulanan keyfiyyət - qoca büdrəyəndə büdrəyən qoca, körpə ağlayanda körpə olmaq xarakteri həm əvvəlki iki misrada deyilənin təsdiqidir, həm də şairinin taleyinə, həyatına, xarakterinə bələd oxucunun inanc yeridir. Fikir verdinizsə, "büdrəmək" sözü misra daxilində iki məqamda işlənib. "Büdrəyəndə" sözü feli bağlamadır, hərəkətin zamanını bildirirsə, "büdrəyən" kəlməsi feli sifətdir, qocanın hərəkətinin necəliyini aydınlaşdırır. Kök etibarilə eyni olan sözün iki müxtəlif finksiyalarda işlədilməsi oxucunun bədii zövqünü oxşamaqla yanaşı, həm də lirik qəhrəmanın mənəvi aləmini dolğun şəkildə göstərmişdir. Büdrəyən qoca ilə büdrəmək, ağlayan körpə ilə ağlamaq - şair hümanizminin, insansevərliyinin, qayğıkeşliyinin pafossuz, gürültudan uzaq təcəssümüdür. Elə buna görədir ki, M. Arazın adı çəkiləndə, Xudu Məmmədov demişkən, "bir-birindən uzaq obalarda şeirlərini əzbər deyib körpələşən, kövrəkləşən neçə-neçə igidlər" olub.
Bənddən bəndə oxucu şair-qəhrəmanın yeni keyfiyyətləri, xarakterinin yeni cizgiləri ilə tanış olur:

Ömürsüz ömürdən çox asılıyam,
Gərəkdir söz deyəm, söz yastılayam.
Hardasa gül üzə gül yastığıyam,
Hardasa ilana köynəyəm, bala!

Ömrün ömürsüzlüyünü (qısalığını) dərk edən şair onu boş yerə sərf edənlərdən deyil. O, söz deyib (bəlkə söz döyüb? Demək-döymək sözləri qəribə bir assosasiya yaradır), söz yastılamağı üstün tutur. M. Araz qrammatik şəkilçilərin verdiyi imkanlardan istifadə edib eyni sözlərdən müxtəlif mənalar çıxarır, onları fərqli funksiyalarda qullanır. "Ömürsüz ömürdən çox asılıyam." Burada şair yaşam müddətinin qısalığını bildirmək üçün "qısa", "gödək" təyinlərinin əvəzində "ömür" sözünə inkar, yoxluq bildirən "süz" şəkilçisini artırmaqla yeni bir ifadə yaradır: "ömürsüz ömür." Və dil bir daha canlanır, onun yeni bir qatı, yeni imkanları üzə çıxır.
İlk baxışda bəndin ilk iki misrası ilə son iki misrası arasında əlaqəni tapmaq çətin görünür. Amma misralar arasında dəmir məntiq var. Az ömürdə gərək söz deyəm ki, o sözlərimlə gül üzlülərə gül yastığı, ilana isə köynək ola bilim! Burada yaradılan təzad - hadisənin, obyektin təzadı şairin hümanizminin, xeyirxahlığının şəhadətinə, sübutuna çevrilir. Şair bir gül üzlüyə gül yastığı ola bildiyi kimi, zəhər tuluğu, vahiməsi ilə qan donduran ilana da köynək ola bilir.
Söz deməyin bir dəmirçi işi qədər əziyyətli olması "söz yastılayam" ifadəsiylə dəqiq ifadə edilmişdir. Dəmirçi dəmirdən nəsə düzəltmək üçün onu odda qızdırıb, zindan üzərində çəkiclə döyüb yastılayır. Şair də sözləri ürək alovunda qızdırıb ağıl kürəsində cilalayır. Yastıladıqları (yazdıqları!) ilə hardasa gül üzlü bir qız üçün gül yastığına, hardasa dağda-daşda sürünən bir ilana köynək olduğu inamındadır. İndiyə qədər "qaz tükündən yasdıq" eşitmişdik. Kökləri laylalarımızdan su içən "gül yastığı" M. Arazın kəşfidir:yumşaq, ətirli, gül qoxulu! İlanın qabıq dəyişdirməyinə "köynək dəyişdirmək" də deyirlər. "İlana köynək olmaq" ifadəsi oxucunun fikrini yetimə, çılpağa, imkansıza yardımçı olmaq, qayğısına qalmaq niyyətinə doğru yönəldir. Bu fikirlərin ifadəsindəki orijinallıq, deyim tərzinin yeniliyi oxucunu bu insani, əbədi dəyərin gözəlliyinə bir daha inandırır.
Amma bu qəhrəman fərdi istək və arzularının icraçısı, yalnızca fərdiyyətlərin xeyirxahı deyil. Onu ictimai dərdlər, ikiyə bölünmüş vətəninin ağrıları göynədir, milli fəlakətlərimiz qələmə sarılmağa məcbur edir:

Bəlalı başında nə dövlət, nə quş...
Təbriz nə istəyir? - Təbriz qurtuluş...
Bax, indi pətəyi suya tutulmuş
Arı topasından göynəyəm, bala!

Şair dilimizdəki "dövlət quşu" ifadəsindən istifadə edərək fikrini obrazlı, mənalı bir şəkildə ifadə etmişdir. İfadə parçalansa da (bəlalı başında, nə dövlət, nə quş) məna bütövlüyünü, tutumunu qoruyub saxlaya bilmişdir. Şair bir tərəfdən Təbrizin yoxsulluğuna, var-dövlətinin talan olduğuna işarə etmiş, digər tərəfdən isə zaman-zaman Azərbaycanın paytaxtı olmuş Təbrizin əsarət altında qalması, dövlətsiz olması faciəsini dilə gətirmişdir. Bu fikir aydın olduğu qədər də incə, sadə və obrazlı şəkildə, yaralı bir ahənglə söylənmişdir. Sonrakı iki misra isə Təbrizin bu halının şairin əhval ruhiyyəsindəki təsirini, yaratdığı təlatümü gözəl bir şəkildə açır. Misralar arasındakı bədii məntiq güclüdür. Şairin göynək olmasının bədii məntiqinin əsasları əvvəlki iki misrada qoyulmuşdur. Misralar arası məntiqi nizamlayan "göynəyəm" ifadəsidir. Şair tapıntısı olan "göynəyəm" sözü incidilmiş , qəzəblənmiş arıların vızıltısı ilə intizar, həsrət dolu insan qəlbi arasındakı oxşarlığı dəqiq ifadə edir. Yuvasına su calanmış arı topası necə göynəyirsə, Təbrizin dövlətsiz, qurtuluşsuz olmasından da şair qəlbi o cür göynəyir. Fikir verdinizsə, şair "qəlbim ağrıyır", "qəzəbliyəm", "narahatm" kəlmələrindənsə, daha poetik və orijinal olan "göynəyəm" ifadəsini seçmişdir. Şairin belə "göynək" olmasının səbəbləri, dəlili ictimaidir, tutarlıdır, düşündürücüdür. Dilimizdə "göynəmək", "göynərti", "göynətmək" sözləri fəaldır, işləkdir. Amma ağrını, göynərtini şəxsləşdirən "göynəyəm" ifadəsinin şeirdə işlədilməsi M. Araza məxsusdur, dilin daxili enerjisi hesabına onun imkanlarının genişləndirilməsinə parlaq bir örnəkdir.
Şeirin sonunda şair bir daha sözə üz çevirir:

Dünyamız bir sapla asılı göydən,
Səsim, bu torpağın səsinə köhlən!
Desələr şerimin avazı köhnə...
Od kimi, su kimi köhnəyəm, bala!

"Bir sapla göydən asılı" bədii obrazı dünyamızın çox kövrək durumda olması, onu hər an təhlükələr gözlədiyi barədə bir həyəcan siqnalı çalır. Şair inanır ki, bu sapın qırılmaması, dünyamızın qopub dağılmaması üçün şairin səsi torpağın səsilə həmahəng olmalıdır. Torpağın səsinə "köhlənmək", torpağa bağlılıq(kökünə bağlılıq!) kimin üçünsə köhnəlikdirsə, şair üçün bir fəxrdir, üstünlükdür. Od, su ilkin, əzəli və əbədi olduğu üçün heç zaman köhnəlmədiyi, təravətini itirmədiyi kimi, kökünə, ənənəsinə bağlı şeir də köhnə hesab oluna bilməz!
Şeirin rəngarəng və orijinal məcazlar sistemi var. Bircə örnəyə diqqət edək. Birinci misradakı "yeriyirəm" sozü həqiqi mənasından çıxarılaraq məcazi mənada işlədilmişdir. Ona məcazi mənanı verən "qəlbim" sözüdür. (İnsanın yeriməsi həqiqi mənadadır, amma qəlb yeriməz ki!) Qəlb ilə qoşa yerimək şairin həyat ritmlərinin qəlb döyüntüləri ilə həmahəng olduğunu bildirir.
Şeirdə "kimi" qoşmaları ilə ifadə olunan sadə təşbehlər (od kimi, su kimi), mürəkkəb, üzərində düşünülməsi lazım gələn, assosiativ düşünmə tərzi tələb edən təşbehlər də var. "Arı topasından göynəyəm" misrasındakı təşbeh mükəmməldir. Bir tərəfdən fikrin obrazlı, emosional deyimini təmin edirsə, digər tərəfdən fikrin bədii məntiqini gücləndirmişdir. Bu misrada həm də istiarə vardır. Bir yerə toplaşıb vızıldamaq arı topasının qəzəbini, ağrısını bildirirsə, göynəmək insana məxsusdur (ürəyim göynədi, yaram göynədi və s.). Arı topasına xas olan keyfiyyət "göynəyəm" ifadəsi ilə insana aid edilmişdir.
M. Arazın bir çox şeirlərində qarşılaşdığımız orijinal qafiyə düzümü ilə burada da oxucunu heyran qoyur. Bu sözlər ona qədər qafiyə şəklində işlənməyib: örnəyəm, körpəyəm, köynəyəm, göynəyəm, köhnəyəm; asılıyam, yastılayam, yasdığıyam; göydən, köhlən, köhnə. Bu qafiyələr öz üzərində M. Araz möhürü gəzdirir. Onlar söz oyunu xatirinə, formalizm azarından quraşdırılmayıb, fikrin öz axarından doğulub. "Yastılayam" sözü ilə "asılıyam" sözü necə qafiyə olur, necə qonşulaşıb uyuşa bilir? Şair təkcə yazılı dili, orfoqrafiyanı deyil, xalq danışıq tərzini, orfoepik tələffüzün sirrlərini də biləndə, maraqlı və orijinal qafiyələr tapa bilir. "Yastılayam" sözü tələffüzdə "yasdılıyam" şəklinə düşməklə "asılıyam" sözü ilə həmqafiyə olur. Yaxud birinci bəndin birinci və üçüncü misralarındakı "qoşa" və "qoca" sözlərinin qafiyələnməsinə diqqət edək. "Qoca" sözü bəzi şivələrimizdə "qoja" kimi tələffüz olunur. Burada "c"səsinin "j" kimi tələffüzü onu "ş" səsinin kökünə yaxınlaşdırdığından "qoca" və "qoşa" sözləri qafiyə olaraq səslənir.
"Od kimi, su kimi"... Şeirin başlığına çıxarılmış od, su sözlərinin, bu iki vacib həyati ünsürün mifik-etimoloji, fəlsəfi mənalarından çıxış edərək şairin yaradıcılığı ilə bağlı dürlü-dürlü düşüncələr söyləmək, geniş gəzişmələr də etmək olardı. Amma bu arzu və istəkdən yan keçərək yazını bu fikirlərlə tamamlamaq istəyirəm. M. Araz poeziyası düşüncələrə od-alov istisi gətirən, söz təşnəsi yanar ürəklərə su səpməyi bacaran poeziya olaraq bu gün də öz vəzifəsini namusla yerinə yetirir.

VURĞUN ƏYYUB
Xəzər Universitetinin "Azərbaycan dili və ədəbiyyat" kafedrasının müdiri

TƏQVİM / ARXİV