adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

QIL İSƏ

MƏMMƏD DƏMİRÇİOĞLU
29348 | 2013-11-30 00:19
Palıddı dərəsindən burula-burula qalxan duman "Qaya tağı"-nı," Kəsik Əhməddini"nın,"Bəzəkli bulağın" həndəvərlərini büsbütün boz ətəyinə bürmələyərək, yer ilə göyü bir-birinə calamışdı. Dumana batmış "Böyük dağ"ın kölgəyə bənzəyən zirvəsindən, günorta yerinə can atan günəşin güclə sezilən haləsində civildəşən qar dənələri, toz kimi fırlanaraq bu halənin çevrəsindən süpürülüb burula-burula yoxa çıxırdılar.
Gecə yarısı başlayan külək, Aveyin ətəklərinə sığınmış çılpaq kolluqların qarını sovura-sovura Qaya tağının nəhəng daşlarına çırpılıb ac yalquzaq kimi neçə ulayırdasa, eləcə də səhərə yaxın soyümış qəzəb kimi, yavaşıyıb səngimişdi.
Gün günorta yerinə yaxınlaşdıqca dərələrin nəfəsindən buğlanan hənirti, körpə uşaq nəfəsinə bənzəyən zərif, ilıq nəfəsiylə dünyanı ört-basdır etmiş dumanı qılıqlaya-qılıqlaya əridir, yoxa çıxmış Qayatağını, sıldırımlarda bitmiş kolluqları aydınlığa çıxarırdı. Yer ilə göy arası durulduqca örpəyi üzündən sürüşmüş günəş zəif şəfəqləriylə sırsıra bağlamış qaratikan, yovşan kolluqlarının canını hənirləndirirdi.
Qış yuxusunda xumarlanan bu ilahi sükutu, qəfil qopan xarıltı - gurultu sədaları perikdirib pərən-pərən saldi. Xəyallarından ayrılan Qıl İsə, (nazik, uzun bədən quruluşuna malik olduğuna görə el arasında belə deyirdilər) hay-həşirdən diksinərək gizləndiyi koğuşun sağ tərəfindəki iri qaya parçasının arxasına tullandı. Beşaçılanı sinəsinə qaldıraraq ətrafa boylandı, nələrin baş verdiyini anşırmağa çalışdı. Yosma kolluqları kəkili xatırladan dikdirin qaşında dayanmış dağ kəlini aydınca gördü. Gözlərinə inana bilmədi. İndiyə qədər bu yerlərdə dağ kəli görən olmamışdı.
Hardansa peyda olmuş bu hürkək heyvanın ayağı altindan sürüçən iri daş, üzü günçıxana baxan sıldırımın təpəsindən qoparaq aşağı sürüşdü, ala-tala qar zolaqlarını xıncımlaya-xıncımlaya dərə aşağı yuvarlanmağa başladı.
Yerindən oynayaraq bu nəhəng qaya parçasına qoşulmuş irili-xırdalı daşlar sərkərdə arxasınca irəli şığıyan qoşun kimi hay-haray salaraq qaranlıq dərəyə axın eylədi.
Üz-üzə dayanmış qayalıqda əks-səda verən vahiməli uçqun səsi bu yerlərə azıb gəlmiş dağ kəlini Qıl İsədən də çox vahiməyə salmışdı. Bir göz qırpımındaca yoxa çıxan bu heyvanı onsuz da ovlaya bilməzdi Qıl İsə. Onun gizləndiyi bu koğuşun yerini yeznəsi Abdulladan başqa bir kəs bilmirdi və bu baxımdan mümkün qədər ehtiyatlı olmalı, gizləndiyi yeri heç bir işarə ilə nişan verməməliydi.
Koğuşun qənşərində bitmiş iri qaratikan kolü, burma-burma kötüyu olan yosma dağdağan ağacını və mağaraya oxşayan koğuşun qaya parçalarının yarıqları arasında qaralan ağızlığını basmarlayıb ağzına almışdı. Qurumuş toxumlar iri düymələri xatırladan qaratikan kolunun qarşısında kök atmış, çopurları çil-çil xına bağlamış qaya parcası kürəyini bu zağaya söykəmişdi.
Səngəri xatırladan bu mamırlı daşın arxasındakı dağdağanın köklərindən pöhrələmiş zoğlar onun tikanlı ağuşunda ört-basdır olmuşdu.
Dağın hellənən iri qaya parçası, qar basmış çəhlimlərin üstündən qifcina-qıfcina, zağanın girişini örtmüş qaratikan kolunu xışdadı, səngər daşa çırpılıb bomba kimi partladı, qəlpə-qəlpə olub ətrafa səpələndi. Adamın bağrını yaran bu nərilti-gurultu səsini uçqunun arxasıyla üşələnən çınqılların şırıltısı əvəz etdi, dərənin dibiylə axan sısqa suların qabağını kəsərək sakitləşdi və dərələr, təpələr yenə öz sükut yuxularına qərq oldular.
Oıl İsə buz bağlamış əllərini hovxurub yenidən zağaya girdi, tikan budaqlarından hazırladığı "qapını" özünə tərəf çəkərək zağanın ağzını bağladı.
Bu il qış sərt gəlmişdi. Aveyin, Çılpaq dağın ətəkləri Palıdlı dərəyəcən qalın qar yorğanına bürünmüşdü. Belə havada zağadan dışarı çıxmaq həm də ona görə təhlükəli idi ki, onu ayaq izləriylə tapa bilərdilər. İsənin məqsədi bir müddət buralarda daldalanıb, sonra Qaçaq Kərəmin dəstəsinə qoşulmaq idi. İncəli İsmayılın da onun dəstəsinə qoşulmağından xəbəri var idi.
Düşmənləri hər tərəfə pusqular qoyub, onun harada gizlənməyini aşkar etməyə çalışırdılar. Qıl İsənin cəldliyinə, igidliyinə, sərrast atıcılığına bələd olduqlarından koxanın oğulları və qardaşları ehtiyatı əldən vermirdilər. Bir neçə dəfə izinə düşmüş, mühasirəyə salıb tutmaq, yaxud oldürmək istəsələr də buna nail ola bilməmişdilər.
Odur ki, bu ələ keçməz düşməni oldürmək üçün qonşu kəndlərdə atıcılığı, igidliyi ilə ad-san qazanmış "Canavar" ləqəbli at oğrusunu pulla yola gətirmişdilər. Bunlardan Qıl İsənin xəbəri olmasa da, çox ehtiyatlı idi və bilirdi ki, hökumət tərəfindən də axtarışdadı.
O, zağanın sağ tərəfindəki deşiyi buxarı kimi istifadə etsə də qaranlıq düşməmiş ocaq qalamırdı ki, tüstü vasitəsi ilə yerini nişan verməsin.
Çox gənc idi İsə. İyirmi yaşı təzəcə tamam olurdu. Yaxşı ki, könlündə yuva salmış Xeyrənsəsinə sevgisini açmamışdı, elçisini göndərməmişdi. İndi onun yığvalı dönmüş, bəxti qara gətirmişdi.
Tək anasının himayəsində böyüyən balaca İsə elə uşaqlığından qaradinməz idi və yetənə yetib, yetməyənə də bir daş atırdı.
Bütün bunlara baxmayaraq, böyüdükcə gücü, cəsarəti, mərdliyi ilə kənddə böyük hörmət qazanaraq hamı tərəfindən sevilən igid olmuşdu. Amma qüruru, təkəbbürü ilə başqalarından seçilən İsə elə bu təkəbbürünün də qurbanına çevrildi.

***
Mustafa koxa mübarək bir el ağsaqqalı idi. Tez-tez ortalığa çıxar, məşvərətxana adlanan yerə yığışan ağsaqqal-qara saqqallarla kəndin qayğılarından, əkindən-biçindən söhbətlər edər, çətinliyi olanlara kömək əli uzadar, cavanlara öyüd-nəsihət verərdi. Səbri, təmkini, müdrikliyi ilə mahalda böyük nüfuz sahibi olan koxa Gəncə qubernatorluğunda təşkil olunmuş ziyafətdən təzəcə qayıtmışdı. Bir neçə gün idi kənddə olmayan Mustafa koxa ortalığa çıxmaq, camaatla görüşmək niyyətinə düşüb, nökər- naiblərə atı yəhərləməyi tapşırdı.
Həmişə olduğu kimi məşvərətxanaya xeyli adam toplaşmışdı. Divarlarının palçıq suvağı tökülmüş məşvərətxananın qabağındakı iri kötüyün üstündə qatarla oturmuş kişilər uzaqdan onlara yaxınlaşan koxanı görmürdülər. Adətən ağsaqqalarla oturub-duran Qıl İsə də kötükdən beş-üç addım aralıdakı iri daşın üstündə oturub, ağsaqqalların söhbətlərinə qulaq asırdı.
At belində daha zəhimli görunən koxa ortalığa yaxınlaşdı. Qara rəngli səkil ayğırı finxıraraq başını yellədir, ağzındakı dəmir üzəngini şaqqılti ilə çeynəyirdi.
Başına buxara papaq qoymuş Mustafa koxa, iri kövdəli olsa da ağ saqqalı, zər yaxalı qara çuxası onu çox yaraşıqlı göstərirdi. Tünd qırmızı arxalığını belindən zoğalı rəngli belbağıyla çəkmişdi. Belbağından asılmış gümüş dəstəli xəncəri, döş cibindən zənciri sallanan cib saatı, par-par yanan xrom çəkməsi, biləyinə doladığı uzun, kəhraba təsbehi onun koxa simasını tamalayırdı. Bu ağır batman kişi yerişinə, duruşuna, sözünə-söhbətinə fikir verər, heç nədən əsəbləşib özündən çıxmaz, təmkinlə dinləyib, ağır-ağır danışardı.
Koxanın yaxınlaşdığını görən camaat oturduqları yerdən duraraq, hörmət əlaməti olaraq atdan düşən koxaya yaxınlaşdılar, əl verib görüşdülər. Koxa camaatla mehribanlıqla görüşüb, sağ çiyninin üstündən daş üstündə oturmuş Qıl İsəyə tərəf baxda. Qıl İsə koxanın gəlişindən xəbərsiz kimi, yerindən tərpənmədən əlində tutduğu qamçının saçaqlarını oynatmaqla məşğul idi. Qil İsənin bu saymamazlığı Koxaya toxundu, icindən bir qəzəb tüğyan eylədi. Sağ tərəfə dönüb, ağır addımlarla İsəyə yaxınlaşdı. İsə koxanı görmürmüş kimi, öz işindəydi. Koxanın qəzəbli səsi sanki yuxudan oyatdı onu:
- Bu nə yekəxanalıqdı, küçük. Kimdən almısan bu tərbiyəni. Ayağa dur! - deyib, ayağa qalxan İsəyə sağ əlinin arxasıyla ağır bir şillə çəkdi. Şillə səsindən koxanın özü hamıdan çox diksinib, "Mən nə etdim, niyə şeytana lənət demədim"- deyib, gördüyü işə dərhal da peşman oldu. Ancaq gec idi, ox yayından çıxmışdı.
Aralığa ölü bir sükut çökmüşdü. Başı sağ çiyninə əyilmiş Qıl İsə bir müddət beləcə dayanıb susdu, sonra qamətini düzəldərək düz koxanın gözlərinin içinə baxdı. İlan baxışı koxanın sümüklərini sızıldatdı, canını ürpəndirdi. Artıq olan olmuşdu. Qıl İsə koxaya əl qaldırmağa cəsarət etmədi, ona lap yaxınlaşıb: - " Bir şilləyə bir güllə" - deyərək pıçıldadı. Göy gurultusuna bənzəyən bu pıçıltını, ağır addımlarla uzaqlaşan İsənin arxasınca baxan Mustafa koxadan başqa bir kimsə eşitmədi.

***
Elə o gündən koxanın dincliyi quş olub goylərə uçdu, canına səksəkələr daraşdı, hər şıqqıltıdan, hər qaraltıdaqn dodaqları muçuq bağladı. Bilirdi İsənin kim olduğunu. Çox gözəl bilirdi ki, qulağını deşən o balaca bir sözün arxasında onun ölümü gizlənib. Qaradinməz olmasına baxmayaraq cəsur ürək, pələng bilək, dediyinin sahibi olduğunu bilməsəydi o boyda koxanın canına üşütmə düşərdimi?
Elə o gündən nə Qıl İsə, nə də Koxa ortalığa çıxmadı. Koxa qorxurdu ki, onun içindəki təlaşı camaat gözündən oxuyar, bu qədər ağciyər olmağına görə onu məzəmmət edərlər. Qıl İsə də ona görə gözə görünmürdü ki, tapdalanmış şərəfini özünə qaytarmamışdı.
Ərinin günü-gündən saraldığını, gecələr qoyşurularaq, diksinib yerindən sıçramasını görən Zərnigar xanım koxanın halına acıyıraq nələrin baş verdiyini soruşmuşdu. Qorxu icində yaşamağını arvadından gizlətsə də axır dözməyib dedi ki, o küçük mənim axırıma çıxacaq.
Koxa ehtimallarında haqlı idi...
Gecənin bir nisbində başına dirənən soyuq silahı hiss eləyib gözlərini açdı. Ağzını açmağa macal tapmamış, İsənin güclü əlləriylə yenidən bağlandı ağzı. Artıq çox gec idi, üzr istəmək, yalvarmaq, İsədən aman istəmək ölümün özü qədər ağır və mənasız idi.
Qaranlıqda gözləri canavar gözü kimi parlayan İsə ağzını onun qulağına yaxınlaşdırıb pıçıldadı: "Demişdim, bir şilləyə bir güllə".
Yastığı koxanın ağzına basıb naqanın tətiyini çəkdi. Boğuq bir səs gecənin canına üşütmə saldı. Bir göz qırpımında yoxa çıxdı Qil isə.
Kəndə hay-həşir düşdü. Koxanın evindən vay-şivən səsləri qaranlıq gecənin ətini ürpəşdirdi, evin sağından, solundan göyə silahlar atıldı, tövlədəki atlar kişnəşməyə, itlər hürüşməyə başladı. Koxanın İsə tərəfindən vurulacağını hamı bilirdi. Hamı bilirdi ki, bu hadisə gec-tez olacaq. Koxa çox gecikmişdi. O, Qil İsəni aradan götürmək üçün planlar hazırlamışdı, amma İsə ondan cəld tərpənmişdi.

(ardı gələn şənbə sayımızda)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV