adalet.az header logo
  • Bakı 13°C

SUYA GEDƏN QARININ NAĞILI

VƏSİLƏ USUBOVA
40834 | 2013-11-30 00:18
Elə bil əlli il belində gəzdirdiyi səhəng deyildi. Ağırlığından ürəyi sıxılırdı. Hələ boşdu, geri dönəndə nə təhər olacaqdı?! Başıma iş açdım. Mənə deyən gərək sənin nə işinə qalıb? Dayana bilmədim. Qab-qacaqda bir ovuc su qalmamışdı ki, üzünə vurasan. Gəlin də, uşaqlar da elə şirin yatmışdılar ki, qıymadım durğuzmağa. Dedim, özümə nə gəlib? Bir səhəng su gətirməyə də hünərim çatmayacaq?! İndi görürəm ki, yox. Rəhmətlik qayınanam demiş, qocalıq adamı qəfil yaxalayırmış.
Neyniyim ki, ürəyim işdən soyumayıb hələ. İş-güc tökülüb qalanda dişim bağırsağımı kəsir. Bizim zamanımızda belə döyüldü. Gecələr aynan, gündüzlər günnən bəhsləşirdik. Gün çıxmamış hər işimizi görüb qurtarırdıq. İndi gün günorta olur, görürəm, hələ heyvanların ipi açılmayıb, hinin də ağzı bağlıdı. Bunnan ruzi-bərəkət qaçaq düşər day. Yerin-göyün də qarnı quruyub, bərəkəti çəkilib. Bir dənə dadlı-tamlı tikə tapmırsan ağzına qoyasan...
Ürəyində deyinə-deyinə bir də gördü çayın qırağına çatıb. Səhəngi bir təhər çiynindən endirib nəfəsini dərdi. Ehtiyatla yan-yörəsinə baxdı; görən olmasaydı, lap elə buradaca otların üstündə oturub dincini alardı...
Oturmadı. Ağırlığını səhəngə salıb qəddini düzəltdi, gözdolusu ətrafı seyr eləməyə başladı. Çoxdandı buralara ayağı dəymirdi. Elə yaxşı ki, dəymirdi. Onun gördüyü, çiynində səhəng gündə neçə dəfə gəlib-qayıtdığı məkan deyildi buralar. Çayın o biri sahilindəki bulud kimi sıx meşənin yerində bomboz çöl qalmışdı. Böyürtkən kollarını da qırıb qurtarmışdılar. O vaxtkı dar cığır böyüyüb yol olmuşdu, maşın təkərlərinin izi görünürdü. Cığırla gedib-gələndə mütləq kimnənsə qarşılaşırdın. Qız-gəlin olanda dayanıb kəlmə kəsir, oğlan olanda başlarını aşağı salıb qızarardılar. İndi daha utanıb-qızarmaq da dəbdən düşüb. Hamının sifəti bombozdu...
Kənddə gözəgəlimli qız-gəlin çox idi. Onunsa gözəlliyi dillər əzbəriydi. (Hansı qadın özünü dünya gözəli saymır ki?!.) Qonşu kəndlərdən də eşidib-bilən elçi düşürdü. Səhəngi çiyninə atıb doqqazdan çıxmağını görürdü, kənd cavanlarına xəbər olurdu elə bil. Kiminin atı sulamaq, kiminin ot çalmaq, kiminin də odun qırmaq yadına düşürdü...
Su yolunda yubanmadıqları, evə dönəndə danlanmadıqları günləri olmurdu...
İndiki kimi cürbəcür aynalar, güzgülü taxta-tuxtalar da yoxdu onda. Tumarlananda da sudakı əkslərinə baxırdılar, nazlananda da...

***
Gün qalxırdı. Təşvişə düşdü. Vaxtkən səhəngini doldurub getməliydi. Görən olar, söz-söhbət çıxardı. Deyərdilər, əlbət, arvada baxan, bir qaşıq su verən yoxdu, özü bu yaşında səhəng götürüb çaya gedir. Evdəkilər də inciyərdi ondan...
Əlini səhəngə atdı. Bir vaxt qaşıq kimi yüngül gələrdi ona, boşunu da, dolusunu da göz qırpımında çiyninə atıb aparardı. İndi boşunu güclə qaldırır, bəs, dolusunu sudan necə çıxaracaqdı?! Yaxşısı budu, doldurmasın, yarımçıq bir təhər apardı bəlkə...
Səhəngi sürüyüb suya saldı. Diqqət verdi ki, çox dolmasın. Su pıqqapıqla səhəngin boğazına dolurdu. Ürəyində yüngüllük hiss elədi. Daha əlləri, qıçları da titrəmirdi...
Səhəng ağzınacan dolub sakitləşəndə... qarının bədəni uçundu. Az qaldı ki, üzüstə çaya yıxılsın...
Sudan gözəl bir qız ona baxıb gülürdü...
Bu necə olurdu?! Özüydü... Bəs, niyə başım açıqdı?! Evdən elə belə çıxmışam? Birdən yolda-rizdə kişi xeylağı olsaydı?!. Dədəm, qardaşım qıçlarımı qırmazdımı?!.
Eh... nə olur-olsun. Kim görür, görsün. Mən ki, indi cavanam, lap on beş yaşındayam, istəyir lap dünya dağılsın. İlahi, bəs, deyirdilər, möcüzə olmur?! Bu möcüzə deyil, bəs nədi?! Bəlkə heç möcüzə də deyil, elə əvvəldən qocalmamışam, həmişə cavan, gözəl-göyçək qalmışam. Başım işə-gücə o qədər qarışıb ki, özümdən də xəbərim olmayıb...
Sifəti tutuldu... Bəs, oğlum, gəlinim, nəvələrim... Yenə əyilib özünə baxdı. Sudakı qızın dünya vecinə deyildi. Bəxtəvər-bəxtəvər gülümsəyirdi...
- Nənə, sən əlini çək, səhəngi mən çıxardacam...
Qıçları təzədən əsməyə başladı. Köksü daraldı... Səhəngin qulpundan yapışan əlləri də qırış-qırış, damar-damar oldu...
Nəvəsi səhəngi çəkib qırağa qoydu, yerini rahatladı ki, aşıb dağılmasın...
İndi o, qorxurdu. Lap nəvəsi yaşında olanda qorxduğu kimi qorxurdu. Onda böyüklərdən qorxurdu, indi də nəvəsindən, nəvəsinin verəcəyi sualdan qorxurdu...
Ancaq nəvəsi sual vermədi. Sifətindəki o bəxtəvər gülüşlə otların üstünə qoyduğu qəzeti götürüb açdı:
- Nənə, axşam qəzetdə bir şeir oxumuşam. Sənin haqqında yazıblar. Qulaq as...

Köhnə səhəngini alıb çiyninə,
Bir qarı yollanır bulaq başına.
Şirin xəyallarla qol-boyun olub,
Xatirə danışır hər yoldaşına.

Səhəngi doldurmaq istəyən qarı,
Suda bir qız şəkli görür bu anda.
Sanki bütün aləm pıçıldayırdı -
Belə gözəllikdən yoxdur cahanda.

Sanıb öz əksidir sudakı gözəl,
Qarı heyran-heyran ayağa qalxdı.
Yanında səhəngli qızı görəndə,
Qarını xəyalı yandırıb-yaxdı.

O qızın çeşmədən boylanan rəsmi, -
Ad olur qarının qısqanclığına.
Gənclik sevdasıyla çağlayan ürək,
Bir qoca köksünə çətin sığına.

Bir ömrün ən kövrək xatirəsitək, -
Düşdü bu hadisə dilə-dodağa.
İnciyib taleyin hər gərdişindən, -
O gündən dönmədi qarı bulağa...

P.S. Bu lövhəni mənə Əlirza Həsrətin şeiri cızdırdı...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV