SELLƏR SƏNİ APARMADI

FAİQ QİSMƏTOĞLU
76340 | 2013-11-30 00:17
... Sakitcə boynunu büküb ərik ağacının yanında durmuşdu. Elə bilirdi ki, bu ərik ağacı, onun budaqları, yarpaqları dərdini duyacaq və ona kömək edəcək. Həddindən artıq əsəbiləşəndə və dərdi içində təlatüm edəndə yavaş-yavaş həyətə düşər və o, ərik ağacının yanına gedərdi. Elə ki, ağacın yanına çatdı, bir anlıq başdan-ayağa ərik ağacına baxar və diqqətlə onu süzərdi...
Sanki birinci dəfəydi ki, bu ağacı görürdü.
Amma Sədaqət gözünü açandan həyətlərində həmin ərik ağacını görmüşdü. Görmüşdü ki, hər yaz gələndə ərik ağacı çiçəkləyir, yarpaqlayır, sonra da yayda iri-iri əriklər olur. Bu iri-iri əriklər heç də hər ağacda yetişmirdi. Onların həyətində ərik ağaclarının sayı çox idi. Səkkiz belə ağac vardı. Amma o ağacların heç birisi bu ağac qədər ətirli, çiçəkli və barlı deyildi...
... Yaz yağışının ara vermədən yağması və ərik ağacının çiçəklərinin üstünə tökülməsi Sədaqəti çox üşüdürdü. Hətta elə bil ki, üşüyən o deyildi, ərik ağacının çiçəkləri idi. Əlacı olsaydı, yeni açan çiçəklərin üstünə nəsə atardı ki, onu yağış döyməsin, ancaq Sədaqət bunların heç birini eləyə bilmirdi.
... Bir gün də hava dəyişdi, göy üzünü qara buludlar aldı. Sədaqətin nənəsi Əfruz arvad dedi:
- Qızım, hava ki belə qaralıb bundan gözüm su içmir. Hava dolu havasına oxşayır. Qorxuram ki, dolu yağa, həyətimizdəki ağaclarda yetişən mer-meyvənin hamısını vura!
Sədaqətin canına üşütmə düşdü:
- Ay nənə, sən hardan bilirsən ki, dolu yağa bilər?!
Nənəsi:
- Qızım, mənim doxsan yaşım var. Beş yaşımdan ağlım hər şeyi kəsir. Bu yaşa qədər başıma olmazın müsibətlər gəlib: yağış da görmüşəm, qar da görmüşəm, dolu da görmüşəm. Hərəsinin özünə uyğun bir rəngi olur. Mən sənə deyirəm: görəcəksən, yarım saatdan sonra nə olacaq?!
... Yarım saat keçdi, havanın üzü yenidən döndü. Qəfil dolu yağmağa başladı. Dolu da elə yağırdı ki, adamın başına düşsəydi başını yarardı. Yumurta boyda yağan dolu on beş dəqiqə çəkdi. On beş dəqiqədən sonra dolu dayandı...
... Hamı qaçıb evə girmişdi. Zarafat deyildi, yumurta boyda yağan dolu adamın başına düşsəydi, yaxud harasına dəysəydi mütləq onu yaman günə salardı. Bir dəfə kənddə sahədə işləyən orta yaşlı bir kişini dolu tutmuşdu və o kişi də dalda yeri axtarmağa çalışmışdı, başını bir yerə soxmağa can atmışdı, yer tapmamışdı. Kişini dolu necə vurmuşdusa, elə canı da orda çıxmışdı.
Sədaqət pəncərədən həyətlərinə baxdı. Çox sevdiyi ərik ağacına göz gəzdirdi. Gözlərinə inanmadı, gördü ki, ərik ağacında bir ərik belə qalmayıb. Əriyin budaqları, yarpaqları elə günə düşüb ki, sanki bu ağacı güllələyiblər. Ağaca düşən hər bir dolu ağacı elə yaman günə qoymuşdu ki, orda bir salamat yer qalmamışdı.
... Onun gözləri doldu və yavaş-yavaş ağaca sarı getdi. Sanki dolu ərik ağacını deyil, onun özünü bu günə salmışdı. Düşünürdü ki, bu ağacın günahı nə idi ki, onun barını, bəhərini dolu pis günə qoymuşdu. Yerdəki ərikləri götürdü, hələ onların heç biri yetişməmişdi. Sanki bu əriklər yaralı bir quşa bənzəyirdi. Bu yaralı əriklər bir deyildi, iki deyildi. Ağacdakı bütün meyvələr yerdə bürüşüb qalmışdı...
... Əriyin birini nəfəsinə yaxınlaşdırdı. Elə bil ki, üşüyən əriyi nəfəsi ilə isitmək istəyirdi. Sədaqət ən çətin, ən ağrılı və ən kədərli vaxtlarında bu ərik ağacına yaxınlaşar, dərdini onunla bölüşərdi. Sıxıntılı anlarında nə atasına, nə anasına, nə də qardaşına bir söz deyərdi. Ürəyini heç kimə açmazdı. Ürəyini ancaq mehr saldığı bu ərik ağacına açardı. Dərdini ərik ağacına danışandan sonra ürəyi sakitləşər, təsəlli tapar və həyat eşqi bir az da artardı. Sədaqət elə bilirdi ki, bu ərik ağacı qırılsa, onu ildırım vursa, elə birinci onun həyatına son qoyulmuş olardı. Xoşbəxtlikdən nə ərik ağacını qıran vardı, nə də ora ildırım düşürdü.
... Dərdi ürəyində qübar eləyirdi. İşləri alınmırdı və tez-tez də əsəbiləşirdi. Bəzən elə əsəbiləşirdi ki, özü-özünü cilovlaya bilmirdi. Onda da doluxsunar, gözləri yaşarar və ümidsiz halda ərik ağacına yaxınlaşardı. Çox qəribəydi ki, bunu ata və anası da hiss eləmişdi. Ancaq heç kim onun qəlbinə dəymək istəmirdi. Çünki sel kimi gələn dərdin qabağında, kədərin qarşısında o, mərdliklə dayanmışdı. Çoxları fikirləşirdi ki, bu dərd, bu kədər onu əridəcək, yıxacaq və başqalarına möhtac edəcək.
Ancaq Sədaqətin möhkəmliyi, dəyanəti və güclü iradəsi hər şeyə üstün gəlirdi. Onu Allah qoruyurdu. Allahın qoruduğu və sevdiyi bəndəni isə nə dərd məhv edə bilərdi, nə də kimlərinsə hiyləsi. O sevinirdi ki, nə yaxşı vaxtında ali məktəbə qəbul olub və ingilis dili müəllimi peşəsinə yiyələnib. Çünki dərin savadı, dünyagörüşü və düşüncəsi də onu bu dərdli dünyadan işıqlı bir aləmə çıxmağa kömək edirdi.
Bəziləri onun dalınca qeybət eləyər və deyirdi ki, əşi, bu qız da belə getdi. Yəni onun kədərli həyatı bağlandı. Amma ümid, yaşamaq eşqi və mübarizlik Sədaqəti işıqlı bir aləmə aparırdı. O aləmi bir Allah hiss edirdi, bir də o yolu gedən qız...
... Yaz yağışı onun saçlarını, çöhrəsini, paltarlarını islatmışdı. Sanki yaz yağışından bərk qorxmuşdu. Nənəsi eyvandan baxıb dedi:
- A qızım, sellər səni aparmadı, niyə qorxursan? Bəs bu yaz yağışında islanmağa ehtiyat edirsən?!
Sədaqət:
- Nənə, tay indən sonra heç nədən qorxan deyiləm. Əgər dərd seli məni apara bilmədisə, bu yaz yağışı mənə heç nə edə bilməz. Nə yağışdan qorxuram, nə qardan, nə də doludan. İndi hər şey dəyişib. Ərik ağacı da gələn yaz yenidən çiçəkləyəcək, yenidən yarpaqlayacaq və yenidən bəhər verəcək...
...Yaz gəldi. Ərik ağacı Sədaqətin arzuları kimi yenidən çiçəklədi. Nə dolu yağdı, nə də ildırım çaxdı. Sədaqətin dərdi, kədəri qar kimi əriyib yoxa çıxdı...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV