ŞEİRİMİZDƏ QARABAĞ

VAQİF YUSİFLİ
31904 | 2013-11-30 00:16
Yurd itkisindən, Qarabağ dərdindən, torpaq ağrısından çox yazılır və nə qədər ki, o torpaqlar, o ocaqlar alınmayıb yazılacıq. Bu ağrılar poeziyada da ağrılara çevrilir, onun QƏM YADDAŞIna əbədi həkk olunur. O yerdə ki, bu mövzulu şeirlər ürəkdən doğulmur, yalnız şeir havasına yaranır, o zaman dərdin quru bəyanı qalır.
Əsl ağrılı poeziya ürəyində o dərdi içində yaşadan, yatanda da, yeriyəndə də o ağrını özündə daşıyan şairin qələmində yaranar. İstedadlı şair Adil Şirinin "Bədirlənmiş ay" və "Laçın şikəstəsi" kitablarında bir sıra ağrılı şeirləri oxuyanda dərk elədim ki, bu, təkcə Adilin yox, mənim də, yurd, torpaq həsrəti ilə yaşayan minlərlə insanların da dərdidir və o dərd poeziyada öz təcəssümünü tapıb. "Rekviyem" simvonik poeması və "Laçın şikəstəsi" poeması doğrudan da dərddən yoğrulan əsərlərdir.

Ağrıdan yata bilmir bu torpaq...
Uyuya bilmir ağrılardan
bu torpaqda basdırılan ölülər,
uyuya bilmir bu yaralı torpaqda
basdırılan körpələr.
O körpələrin səsini,
harayını
eşitməməkçün gərək
gecələr kar olsun sinəndə ürək..

"Rekviyem" poeması bu misralarla başlayır və Ağrı get-gedə simfonik musiqi kimi tədricən gah səsini qaldırır, gah da endirir.
Sanki Qara Qarayevin məşhur matəm musiqisinin sözə, kəlməyə çevrildiyinin şahidi olursan:

Aman, Allah!
Aman, Allah!
Ağrılardan yata bilmir bu torpaq-
Göylərindən getməyib hələ
barıt qoxusu...
...Bir səhər çin olacaq
bu torpağın yuxusu...
Hələ ki, ayrılıqlardan
yata bilmir bu torpaq.
Oğulların gözlərində
güllələnib yuxusu...
Oğulları güllələnən torpaqların
gözlərinə yuxu getməz.
Oğulları güllələnən
yaralı torpaqların
oğulları ölər...
ümidi ölməz.
Bu ümid akkordlarından sonra musiqi-ahəng-söz dalğası zəifləyir. Sanki yaralı bir adamın səsini eşidirsən, bu yaralardan torpağa süzülən qanı görürsən. Adam səsləri tədricən artır, haray, fəryad, hıçqırıq səsləri eşidilir:

Qaçqınlar...
Qaçqınlar...
Qaç-qın-lar...
Hara, hara sürüyürlər, Allahım,
bu zavallı qaçqınları,
tər içində, qaq içində,
ilğım kimi duman içində?..

Bu dəstənin içində "bir balaca, arıq qadın yorğunluqdan, susuzluqdan, qızdırmadan, aclıqdan, dərddən-qəmdən, acıdan, addım-addım yaxınlaşan ac ölüm qoxusundan, dəyirman daşı kimi ağır ayaqlarını güclə sürüyür. Birdən Kalaşnikov avtomatının qundağı dəyir başına - isti qan gicgahından axıb süzülür: saçına, alnına, alın tərinə".
Onu öldürən qatil "Cin gözüylə baxır tozlu yol üstündə ölən gəlinə". Sonra yaxınlaşıb "başqa bir qatil əsgərdən siqaret istədi".
Sonra musiqi daha minor səsə köklənir. Səslər ölüləri göstərir:

SƏS- "boğazları üzülmüşlər"
SƏS- "kürəyindən vurulanlar"
SƏS- "qurşuna düzülmüşlər"
SƏS- "göyərçintək boğulmuş
körpələr"
SƏS- "süngüylə qarınları
cırılmış hamilə qadınlar"
Və bir SƏS əzab.

Sonra musiqidən qırmızı bir SƏS yüksəlir: "Qırmızı buludların içindən qırmızı ay baxırdı", sönmüş bir adama "kölgə kimi bir qarı ölümünü arxasınca çəkib gedirdi". Bəlkə bu qarı ölənlərin ruhudur?

Ay əyilib işıqlandırdı
yaralının üzünü...
Qarı əyilib baxdı
yaralının üzünə.
Yaralı heç nə görmədən
qırmızı ağaca baxırdı.
Qırmızı ağacdan yuxarıda
qırmızı buludlar axırdı.
...Köks ötürdü yaralı:
İlahi, yağış yağır,
yağış yağır, ay Allah!

Və sonra simfoniyada ümid çalarları səslənir. Musiqinin ahəngi dəyişir, yeniləşir. SƏSLƏR içində taxta beşiyində uyuyan bir körpənin mışıltısını eşidirsən:

Uyu körpəm, uyu hələ,
sən hələ yat beşikdə.
hardasa səngərlərdə
ölümün lap yanında
dayanıblar keşikdə.
Körpələr doğulur bu torpaqda
ataları döyüşdə öləndən sonra.
Analar körpələrə
şəhid atalarının adlarını qoyurlar.
Sabaha ümid var,
Oğul doğur analar.

Poemada nə Qarabağ, nə də Azərbaycan adı çəkilir. Amma misraların hər biri Qarabağ savaşından xəbər verir.
Adil Şirinin "Laçın şikəstəsi" poeması da maraqlıdır. Bu marağı doğuran odur ki, müəllif təqdim etdiyi bir insanı - Laçının Ərikli kəndindən Əhməd oğlu Məhəmmədi həm retrospektiv planda, həm də indiki, müasir həyat hadisələri fonunda canlandırır. "Alman faşistləri Sovet İttifaqına hücum edəndə on altı yaşındaydı - Əriklidən cəbhəyə yollandı bir səhər. Uzun, ağır bir yol keçdi, Əriklidən Berlinə qədər. İki dəfə yaralandı, Belarus cəbhəsində. ...Za rodinu! Za Stalina!- Bağırırdı rus dilində".

Laçının Ərikli kəndindən
Əhməd oğlu Məhəmməd
Dünyadan küsüb bu gün,
Amma ölüm xofu yoxdu canında.
1945-in mayında
O, Berlində idi.
Müzəffər və qalib.
Tez-tez yadına düşür 45-in mayı.
Belarus Mikola, latış Yan,
Yuxusunda sayıqlayan
həmyerlisi Süleyman.

Əhməd oğlu Məhəmmədin nəvəsi Əhməd isə İraq cəbhəsində vuruşur. Görəsən "kimi kimdən qoruyur İraq cəbhəsində laçınlı Əhməd. Bir yanda ölüm, - bir yanda qürbət".
Poema Laçının, Ərikli kəndinin bənzərsiz gözəlliyinin təsviri ilə başlayır.

Dağlar qoynunda bir kənd,
Evləri xana-xana.
Dağ başında sayrışar
Ulduzlar yana-yana.
Əhməd oğlu Məhəmməd
Hacı Şamlı meşələrində,
Əhmədbəyli yaylağında
Başı qarlı dağlara baxanda
Elə bilirdi, elə bilirdi
Cənnətdi bu məmləkət.

Əhməd oğlu Məhəmməd dağ adamıdır, aydan arı, sudan durudur, hər şeyə inanır. Ona desən ki, Marsda insan yaşayır, inanar. "Mars dağları da eynən bizim dağlara bənzər Zirvələrdə qartallar uçar, Meşələrdə ceyranlar, cüyürlər gəzər. Orada da bir Daşbulaq var, Suyu damla-damla daşdan sızar. Kəndlər var Mars dağlarında, özü də camaatı bizim kimi müsəlman". Əhməd oğlu Məhəmməd indi qaçqın, köçkün həyatı yaşayır və hələ də inanmır ki, "erməni bu dağları aşa, Laçına girə".
Poema Əhməd oğlu Məhəmmədin ölü səhnəsi ilə bitir:

Laçının Ərikli kəndindən
Əhməd oğlu Məhəmməd
Elə bilirdi
Cənnətdi bu məmləkət.
Gəncliyində hardasa
Avropada azdırdığı ölüm
Gəlib Bakıda tapdı onu bir gün.
Amma ölüm qorxusu yox idi
içində,
Dağlardan utanırdı
qürbətdə öldüyü üçün.
O gün yağış yağırdı Bakıda,
beyninin içini döyəcləyirdi
yağış səsi,
İraq cəbhəsindəydi nəvəsi.
Radioda "Qarabağ şikəstəsi".

Adil Şirinin bir qisim şeirləri var ki, o şeirlərdəki qürbət havası adamı yerindən tərpədir. "Buludlar ağlayar dağlarımızda" şeirində "durdu qəsdimizə namərd fələklər" deyir. "Qürbətə köç edən ellər ağlasın" şeirində deyir ki: "Zalım fələklərin üzü gülməsin, sönmüş ocaqlarda küllər ağlasın. Bizsiz o dağlara bülbül gəlməsin, yarı qönçə, yarı güllər ağlasın". Laçından ayrılan bir insanın Bakıda qərib olması təbiidir, içəridən gələn bir hissdir: "Ana yurdda qərib olduq, burdan dağlar görünmür. Dağların ətəyində Sübh dumanı sürünmür". "Şəhid uşağa ağı" şeirində: "Allah kimindi bu uşaq, qançır-qançırdı dil-dodaq. Gözləri elə bil oyaq, düşüb qalıb torpaq üstə. Gözümdə göz yaşı olar, bu torpaq sirdaşı olar, on dörd-on beş yaşı olar, düşüb qalıb torpaq üstə". Bir şəhid uşağın ölümü bundan təsirli ola bilməzdi. Və nəhayət, "Laçın dağları" şeiri:

Dumanım harda qaldı,
gümanım harda qaldı,
imanım harda qaldı -
umudum Laçın dağları.

İtirin izlərimi,
unudun sözlərimi,
qapasın gözlərimi
buludun, Lasın dağları.

Yuxumda qar yağır gecə,
hər gecə bir işgəncə.
O gözəl günləri necə,
unudum, Laçın dağları...

Adil Şirin, gün gələr, Laçında görüşərik. Özü də Ərikli kəndində...

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV