adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Millətçilik: Nəzəriyyədə və bizdə

CƏLİL CAVANŞİR
32933 | 2013-11-29 09:57
Nəzəriyyədə millətçilik ilk növbədə ideologiyadır. Bizdə isə millətçilik bir çoxlarının alver vasitəsidir.
Millətçiliyin nəzəri elementlərinə və bizdəki təxmini ekvivalentlərə nəzər salaq:
Millətin varlığı: Cəmiyyət təbiət qanunları ilə müstəqil və asılı millətlərə bölünüb. Bu səbəbdən də müəyyən obyektiv keyfiyyətlərə malikdirlər.
- Bizdə millətçilər millətin varlığı barədə elmi və nəzəri biliklərə malik olmadıqları üçün, subyektiv keyfiyyətlər uydurmaqla məşğuldurlar.
Millətlərin müqəddaratını təyinetmə suveren hüququ: Bu prinsipə görə milli layihələr ancaq milli dövlətdə reallaşa bilər. Millət ancaq bir milləti birləşdirən dövlət qura bilər. Hər bir inzibati - ərazi vahidində ancaq bir etnos yaşaya bilər. Beləliklə millət müəyyən bir əraziyə hakimlik hüququna malikdir.
-Bizdə millətçilər milli dövlət qurmağa yox, əllərindəki maliyyə rıçaqlarını, arxalarındakı "para babaları"nı itirmədən millətçilik etməyə həvəslidirlər. Məsələn, Qarabağ münaqişənin həlli, Güney Azərbaycanda, Borçalıda, Dərbənddə, Kərkükdə yaşayan Azərbaycan türklərinin taleyi bizim millətçilər üçün yalnız kağız üzərində maraqlıdır. Bizim bəzi millətçilər ancaq çayxanada millətin varlığının bu əsas elementini xatırlayır.
Dövlət əmələ gətirmə prosesində millətin ilkinliyi: Millət [siyası hakimiyyət]in əsasıdır. Hökumətin legitim tipi milli idarəetmədir. Hər bir millət nümayəndəsi siyasi proseslərdə iştirak edə bilər. Bununla da millətçilik elitaya bərabər tutulur.
-Bizdə bu nüans yanlış anlaşılıb. Alverçilər özünü elita hesab etdiyi üçün, həm də yalançı millətçilikləri ilə könül bulandırmaqla məşğuldurlar.
Milli tanınma (idenfikasiya): Millətçilik vahid dil və mədəniyyəti inzibati - ərazi vahidi tərkibində bütün əhali üçün vacib sayır. İnsanlar azadlıq və özünü təsdiq üçün özlərini millətin bir hissəsi sayırlar. Eyni zamanda millət digər qruplarda olmayanları da öz tərkibinə qəbul etməyə hazırdır.
- Bizdə bəzi millətçilər digər millətləri xor görməklə, aşağılamaqla məşğuldurlar.
Həmrəylik: Millətin nümayəndələri bir-biri ilə həmrəyliyi gördükdə və birgə hərəkət etdikdə milli birlik yaranır. Millət ən yüksək dəyərdir. Hesab edilir ki, fərdin milli dövlətə bağlılığı onun şəxsi maraqlarından yüksəkdədir. Cəmiyyətdə azadlıq və harmoniya üçün milli dövlətin möhkəmlənməsi vacibdir.
-Bizdə həmrəylik anlayışı qohum-qardaşa, dost-tanışa aid edilir. Bizim millətçiliklə məşğul olan yüksək ranqlı alverçilərimiz öz məşuqələrini belə milliləşdirib, cəmiyyətə sırımağı bacarır. Ağıllı, istedadlı, bacarıqlı, namuslu adamlardan qorxur və yaxına buraxmırlar. Onlar üçün azadlıq və harmoniya anlayışı tamamilə başqa cür başa düşülür.
Cəmiyyətin maariflənməsi: Millətin üzvləri təhsil almağa imkanlı olmalıdırlar. Sonradan bu millətin inkişafına ciddi təsir edir.
-Bizim "iriçaplı millətçilər" yalnız öz mənafelərini düşündüklərindən, öz övladlarını xaricdə oxutmağa can atır. Millətin istedadlı nümayəndələrinə dəstək vermək onların ağlının ucundan da keçmir. Məsələn, mən Avropada tələbə oxudan bir nəfər də olsun "iriçaplı millətçi" tanımıram.
Millətçilik millətin fərqini, rəngarəngliyini və fərdiliyini göstərməlidir. Bu fərqlilik mədəni-etnik xarakteri nümayiş etdirir. Milli təəssübkeşlik yad mədəniyyətin milli mühitə müqavimətsiz inteqrasiyasının qarşısını alır və qarşılıqlı mədəniyyət mübadiləsinə imkan verir.
-Bizim bəzi millətçilər nəinki öz millətinin fərqini və fərdiliyini bilir, hətta bunu xarakteri ilə də nümayiş etdirə bilmir. Bizim bəzi millətçilər yad mədəniyyətə müqavimətsiz təslim olmaqla qalmır, yad mədəniyyətin daşıyıcısı ola-ola millətçilik davası aparır. Bu isə kənardan olduqca gülməli görünür.
Millətçilik millətə sosial orqanizm kimi baxır. İnsanların bərabərliyi kimi, millətlərin də bərabərliyi əsas götürülür. Millətçilərin fikrincə millətlər həm istedadlı ola bilər, həm də təcavüzə məruz qala bilərlər. Millətlər indiki nəsli keçmişlə və gələcəklə eyni zamanda bağlayır və hər kəsi millət yolunda fədakarlığa hazırlayırlar.
Millətçilik üçün "milli dəyərlər", "milli maraqlar", "milli təhlükəsizlik", "milli müstəqillik", "milli təfəkkür" anlayışları çox vacibdir.

Ardı olacaq...

Cəlil Cavanşir

TƏQVİM / ARXİV