adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

TƏƏCCÜBLƏNMƏK YAXŞIDI, YOXSA PİS?..

BABƏK YUSİFOĞLU
59270 | 2013-11-28 00:29
Dünyada təəccüblənəcək çox nəmənələr var. Hətta sözün gerçək mənasında götürsək heç möcüzələr də az deyil. Adam eşitdikcə, gördükcə, oxuduqca az qalır havalansın. Sonra fikirləşirsən ki, əşi, bu sayaq şeylər də olmasaydı onda dünyanın yesyekə qarpızdan nə fərqi qalardı ki? Bu müqayisəylə qarpız "baleşikləri"nin xətrinə dəymişəmsə onlardan əvvəlcədən üzr istəyirəm. Və əslində məqsədim tamam başqa bir mövzudan bəhs etməkdi. Yəni, hər kəsi təəccübləndirən zadlardan...g
Heç vaxt inanmazdım ki, bizim ən hörmətli xəbər saytlarından biri materiallarının hansındasa belə bir ümumi sualla hər kəsə müraciət eləsin: ""JEK"lər nə işə yarayır?" Ayə, qardaş, əgər siz bizim "JEK"lərin nə işlə məşğul olduğunu bilmirsinizsə onda mən heç cür anlamıram ki, siz bu boyda xəbər saytını neçə məşhurlaşdırmısınz? Vallah, təəccüblüdü, Həzrət Abbas haqqı inanılmazdı.
Bəs bilmirsiniz ki, bizim cəfakeş sakinlərimizə əlimyandıda "spravka" lazım olanda hər kəsin imdadına "JEK"lər çatır. Mən demirəm siz deyin, Allah eləməmişkən əgər onlar olmasaydı, birdən onları ləğv eləsəydilər bu camaat onda "spravka" üçün hara üz tutardı? Başına haranın daşını salardı?
Mənbə yazır ki, tüstü bacalarının vaxtlı-vaxtında təmizlənməməsi əməlli-başlı problemə çevrilib. Əsas narahatlıq doğuran məsələ isə dəm qazından boğulma hallarının durmadan artmasıdır. Elə təkcə bu ilin müvafiq dövrü ərzində dəm qazından 260 nəfər zəhərlənib. Təəssüf ki, bacaların illərlə təmizlənməməsi onları narahat etmir. Amma his-pas basmış tüstü bacalarının yaratdığı fəsadlar sakinləri narahat edir. (milli.az)
Bəs niyə kimsə demir ki, ay qardaş, həyatınızı təhlükə qarşısında qoya bilirsiniz, zəhərlənə bilirsiniz, amma canınıza əziyyət verib özünüz tüstü-bacalarınızı təmizləmirsiniz? Balam, bu tüstü də, baca da sizin döyülmü? İndi beş-üç manat pul ödəyirsiniz deyə, hər şeyi onlar eləməlidi? Məni qınamayın, "JEK"-in vaxtı var məgər çıxıb hər mənzilin tüstü bacasını təmizləsin? Elə bilirsiniz asandı? İndi qapı-qapı gəzib onsuz da gündəlik problemlər üzündən əsəbləri yerində olmayan sakinlərdən ev pulu yığmaq, "borclu"lara hədə-qorxu gəlmək, "borclulara" "spravka" şantajı yapmaq sizin üçün "dım-dım" halvasıdı məgər? Vallah bizim "JEK"lər ki, bu cür zülümlü məsələnin öhdəsindən gəlirlərsə, onlara medal düşür.
Demoqoq qonşularımızdan biri keçən ay "spravka" üçün "JEK"ə gedibmiş. Oradakı işçilərdən hansısa yekə bir dəftərə baxandan sonra deyib ki, sizin yeddi aylıq borcunuz var, ona görə də heç cür o mübarək "spravka"nı verə bilmərik. Tərslikdən həmin sənəd də çox vacib lazım imiş. Qonşu nə qədər yalvarıbsa, nə illah eləyibsə ciddi qaydaları yumşalda bilməyib. Və məsələ davaya gəlib çatıb. "JEK"dəkilər ondan şikayət eləyiblər. İndi həmin qonşumun başı əməllicə dərddədi. "JEK"ə, dalaşdığı işçiyə xəbər göndərib ki, səhv eləmişəm, bilməmişəm, məni bağışlayın. Sizin o "borc" dəftərinizə qurban olum, şikayətinizi geri götürün.
Hələ o gün bir məclisdə ağzıgöyçəklərdən kimsə dodaq büzürdü ki, bu zibil daşıyanlar öz işlərini bilirsə, kanalizasiya da öz turbasıyla axıb gedirsə, bu "JEK"-ə və işçilərinə hökumət bu qədər pulu niyə verir? "Hərəsi də bir binanın çoxotaqlı bir mənzilini "zanit" eləyir, yekə rəisləri, rəislərin katibələri, yekə baş mühəndisləri, ortabab mühəndisləri də var. Nə vaxt da soruşursan, deyirlər yerində yoxdu, əraziyə çıxıb. Ərazini də bilən yoxdu. Amma hələ indiyədək görməmişəm ki, gəlib bir qırılmış, uçmuş yeri düzəltsinlər, harasa bir mismar vursunlar".
Elə hamı şikayətlənir, hamı narazılıq eləyir. Tay nə deyim vallah. "JEK"lərin nə işə yaradıqlarını bu yaşadək öyrənə bilməyənlərə bir yazıyla nəyi anlatmaq olar ki? Heç nəyi. Əlac elə ona qalır ki, yazı-pozu əhlindən də həmin sualı eşidəndə geninə-boluna təəccüblənəsən... təəccüblənəsən... Vəssalam...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV