adalet.az header logo
  • Bakı 16°C

ƏN BÖYÜK SƏADƏTİ VƏ ƏN BÖYÜK DƏRDİ YAŞAYAN...

BABƏK YUSİFOĞLU
64894 | 2013-11-23 00:21
Tarix boyu aqil insanları düşündürən saysız-hesabsız məsələlərin sırasında bir sual da var ki, onun cavabı çox olsa da müxtəliflik üzündən kimsə həmin cavablardan hansı birinin dəqiq olduğunu söyləyə bilməz: Xoşbəxtlik nədir? Deyilənə görə, nə qədər insan xarakteri, dünya baxışları varsa, bir o qədər də xoşbəxtlik anlayışı mövcuddur. Yəni hər kəs xoşbəxtliyi özünəməxsus görür.
Lakin məntiqi ümumiləşmə aparsaq insanların çox böyük əksəriyyətinin bu məsələdə fərqliliyini yox, oxşarlığını görmək mümkündü: rahat, firəvan həyat, yaxşı şərait, gözəl ailə, yaraşıqlı ev... Və nəhayətdə bütün bunların əldə edilməsi üçünsə çoxlu pul... Yəqin elə ona görə də böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoy yazmışdı: "...bütün xoşbəxtlər eyni cür xoşbəxtdirlər, amma bədbəxtlər müxtəlif cürdürlər".
Mənim düşüncələrimə görəsə xoşbəxtlik fərdin ruhi, psixoloji, mənəvi aləmi ilə bağlı olduğu üçün o, bir an, bir məqam, hansısa zaman kəsiyində yaşana bilər və sonuclanar. Yəni bütövlükdə xoşbəx bir ömür deyilən variantın mövcudluğuna inanmıram. Belə olsaydı bütün varlılar xoşbəxt, bütün kasıblar bədbəxt olmalıydılar... Və belə bir yanlış iddianın izahına ehtiyac belə yoxdur.
Çox maraqlıdır ki, əksəriyyət pulu xoşbəxtliyin təminatçısı hesab etsə də onun həm də böyük bəbəxtliklər gətirdiyi haqda saysız-hesabsız örnəkləri var. Əlbəttə, mən bununla heç də sübuta çalışmıram ki, adamlar rahat, maddi cəhətdən təminatlı həyat üçün doğrudan da əsas amil olan pulu baykot etməlidirlər ki, bədbəxtliyi özlərindən uzaqlaşdırsınlar. Xeyr. Mən bu fikirdən çox uzağam və belə bir iddianı qəti doğru saymıram. Sadəcə, xoşbəxtliyin parada aranması doğru deyil...
Azmı milyardları olan insanlar qurtuluşlarını intiharda görüblər... Çoxlu pul əldə edəndən sonra Tanrını, rahatlıqlarını, sevgisini, insanlığını, daha nələrini itirib əzablara qovuşanları saymaqla qurtarmaq mümkündürmü? Əsla yox. Elə Frensis Skott Fitzcerald da pulun-paranın içində üzəndən sonra sevinə biləcəyi, xoşbəxt olacağı hər şeyi bir-bir itirib əvəzində boşluq qazanmadımı? Amerika ədəbiyyatının böyük adlarından biri, istedadlı yazıçı Frensis Fitzçeraldı deyirəm...
(Əvvəli qəzetin
26 noyabr sayında)

Zelda ilə qəribə hadisələr özünü göstərirdi. İlk vaxtlar ətrafdakılar belə qəribəliklərə əhəmiyyət vermir, hər kəsə elə gəlirdi ki, qadının davranışlarında üzə çıxan anormallıqlar növbəti şıtlaqlıqlardı. Amma çox keçmədi ki, onun ruhi dəngəsinin pozulduğu, əsəblərinin sarsıldığı aydınlaşdı. Dediyim kimi, həyat yoldaşının bu əsəb pozğunluğunu da nəzərə alsaq, yazıçı yerdə qalan həyatını demək olar xaotik formada, əzablar içərisində sürdürdü.

ŞİZOFRENİYA

Demək olar ki, son illər alkoqol düşkününə çevrilən Zeldanın səhhətində problemlər elə sürətlə dərinləşirdi ki, Fitzcerald nəhayət ciddi şəkildə həkimə müraciət etməli oldu. Sən demə, hər şey göründüyündən də pis imiş: Zeldaya şizofreniya dioqnozu qoyuldu. Amma hər şey heç də bununla bitmədi. Çünki Frensis Skottun öz vəziyyəti də heç ürəkaçan deyildi.
Belə ki, o, üstünə tökülən bu acı, əzab dolu yüklərin altından qalxmağa özündə güc tapa bilmədiyi üçün daha çox spirtli içkiyə qurşanırdı. Hətta vəziyyət elə bir həddə gəlib çatmışdı ki, Frensis günlərlə, səhərdən axşamadək sərxoş vəziyyətdə olurdu. Bu arada Nyu-Yorka qayıtsalar da onların həyatlarında heç nə dəyişməmişdi. Elə yaradıcılığındakı ciddi axsaqlıqlar da davam etməkdəydi. Yalnız ayıq zehinlə yazmağı bacaran Fitzceraldın günlərlə sərxoş dolaşdığı nəzərə alınarsa bədii yaradıcılıqdan uzaqlaşmasında təəccüblənəcək heç nə qalamırdı.
Yazıçı isə heç olmasa qonorar almaq üçün mütləq yazmalıydı. Və o, doğrudan da özünü məcbur edərək yazır, onları mətbu orqanlara göndərirdi. Bəlkə də lap bunu belə irəliləyiş hesab etmək mümkündü, amma Frensisin çox böyük miqdarda yuxugətirici dərman qəbul edən Zeldanı evdə ölüm ayağında tapması onun psixoloji durumunu daha da mürəkkəbləşdirmişdi. Bir müddət sonra ümumiyyətlə, daimi həkim nəzarətində qalma zərurəti yarandığından Zelda demək olar ki, klinikadan ayrı yaşamırdı.
1930-cu ildə isə xəstəliyi daha da ağırlaşan Zelda tanınmaz vəziyyətə düşdü.
Yazıçı sevdiyi qadının sağalması üçün əlindən gələn bütün çabaları göstərirdi.
Bioqrafların yazdığına görə, Fitzceraldın qazandığı böyük pulların demək olar ki, əsas hissəsi onun müalicəsinə, xəstəlikdən qurtulmasına xərclənmişdi. Amma təəssüf, görülən bütün bu tədbirlər heç nəyi dəyişə bilmədi.

SON PARILTILAR...

Təxminən 10 ilə yaxın bir dövrdə oxucuların ürəyini fəth edə biləcək ciddi bir əsər üzə çıxara bilməyən Frensis Skott nəhayət 1934-cü ildə çox maraqlı bir əsərlə gündəmə gəldi. Daha çox avtobioqrafik məzmunda qələmə alınan "Gecə zərifliyi" ("Gecə nəvazişlidir") romanında yazıçı daha çox özünün mənəvi əzablarını, ailəsinin qorunması üçün verdiyi mücadiləni, cəmiyyədəki eybəcərlikləri, insanların daxili "görüntülərini" olduğu kimi qələmə almışdı. Oxucu burada mühitin yaratdığı antihumanist qaydaların bütün çalarlarını görür, hadisələrin canlı dillə təsvirinə rəğmən özünü hadisələrin içərisində hiss edə bilirdi.
Yüksək bədii keyfiyyətlərinə baxmayaraq bioqrafların yazdıqlarından balə anlaşılır ki, roman Amerika cəmiyyətində elə də səs-küy yaratmadı. Bəlkə də belə münasibəti heç əsərin keyfiyyətində axtarmaq da doğru deyil. Çünki bir çoxları, elə ədəbiyyatşünaslar da həmin romanı Fitzcerald yaradıcılığının yüksək dəyərlərindən biri hesab edirlər.
Frensis Skottun bir il sonra daha bir kitabı - hakayələr toplusu çap olundu. Amma kitab gözlənilən əks-səda doğurmadığından o, müxtəlif fikirlərə düşdü. Ən sonda isə Hollivudda ssenarist kimi çalışmağa qərar verdi. Niyə də olmamalıydı, onu ki, tanıyırdılar. 1937-ci ildən isə artıq orada çalışmağa başladı.
Hollivudda onun həyatına başqa bir qadın girdi. Belə ki, orada tanış olduğu Şeyla Qremlə çox da uzun olmayan bir sevgi romanı yaşadı. Təəssüf ki, nə bu sevgi macərası, nə yeni iş yeri, nə fərqli yaradıcılıq forması, hətta təzəcə başladığı "Sonuncu maqnat" romanı üzərində çalışması Fitzceraldın həyatında heç nəyi müsbətə dəyişə bilmədi. Əksinə, həyatının son dönəmlərində anasının ölümü, qızından aldığı pul tələblərinin get-gedə artması, ən əsası da içkini düşdüyü müşküllərdən qurtuluş yolu kimi görməsi böyük yazıçını, belə demək mümkünsə, yıxdı. Səhhətində problemlər - ürək tutmaları da başlamışdı. Bir zamanlar hər kəsin böyük qibtəylə, həsrətlə baxdığı ailədən təsəvvür edilə bilməyəcək bir zavallı, yazıq, düşkün bir kölgə qalmışdı...

SƏADƏTDƏN DƏRDƏ, DƏRDDƏN SONSUZLUĞA...

Yazıçı kimi də marağını itirməkdə olan Frensis Skottu 40 illiyi ərəfəsində bərbad bir vəziyyətdə tapan "Nyu-York post"un müxbiri məqaləsində onu "müharibədən sonrakı nevrasteniyalıların yazıçı-peyğəmbəri" adlandırmaqda bəlkə də çox haqlıydı. Doğrudan da onu indi əsəb xəstəsi hesab etmək olardı. Fitzcerald artıq tez-tez davranışları üzərində nəzarəti itirir, ən adi şeylərə inanılmaz qızğın reaksiyalar göstərir, özündən çıxırdı. Yazıçı hətta bir dəfə intihar etməyə də cəhd göstərmişdi. Maraqlıdır, bununla bağlı bioqraflar yazırdı ki, bu dəfə onu ağır günahdan Tanrı qorudu...
Amma artıq olan olmuşdu... Buz bağlamış şüşə qaynar mühitiə düşəndə necə çiliklənirsə, Frensis Skott da yaşadığı ən böyük səadətdən sonra düşdüyü dərdlərdən çilik-çilik olmuşdu...
Böyük Amerikan yazıçısı Frensis Skott Fitzcerald 1940-cı ildə keçirdiyi ikinci infarktdan sonra 21 dekabrda həyatına əlvida dedi. 44 yaşında. Və ölümündən sonra ədibin dünyanın ən müxtəlif dillərinə tərcümə edilərək dəfələrlə çap olunan əsərləri, tamamlaya bilmədiyi "Sonucu maqnat" romanı, bir qızı... və ruhi xəstələr klinikasında həyatını sürdürən ömür-gün yoldaşı qaldı... bir də tənha qəbri...
Yazıçının sevimli arvadıyla bağlı isə sonralar bioqraflar ürəkağrıdıcı bir hadisəni yazmışdılar... Tez-tez qulağına müxtəlif səslər gələn Zelda ərinin ölümündən sonra onun da çağırışlarını eşitməyə başlamışdı.
Frensisin ölümündən səkkiz il sonra həkimlər səhhətində gözlənilmədən xeyli irəliləyişlər müşahidə olunan qadını hətta doğmalarını görmək üçün buraxmışdılar. Ailəsi ilə görüşüb qayıdan Zelda vağzalda ayrılıq zamanı qəfildən anasına sarı dönüb belə söyləmişdi: "Sən narahat olma, ana. Mən ölməkdən qorxmuram. Skott deyir ki, bu qəti qorxulu deyil".
Sanki o, tezliklə öləcəyini hiss etmişdi. Qayıdandan bir neçə gün sonra təsadüfən klinikada baş verən yanğında 9 nəfər ölmüşdü. Onların arasında Zelda da vardı...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV