adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Aleksandr Dümanın getdiyi yolla...

ETİBAR CƏBRAYILOĞLU
81932 | 2013-11-23 01:37
Lap əvvəlcə Aleksandr Düma gəldi. Dünya ədəbiyyatına ölməz əsərlər yadigar qoyan fransalı yazıçı 1858-ci ildə Azərbaycana səyahət etdi. Səyyah gözü, yazıçı qələmi ilə buraları dolaşan Düma Qubada, Bakıda, Şamaxıda, Şəkidə gördüklərini öz məşhur "Qafqaz" əsərində ustalıqla canlandırdı.
155 ildən sonra digər bir dünya şöhrətli fransız həmin marşrutla səyahətə çıxdı. Bu dəfə aktyor Jerar Depardye Aleksandr Dümanın getdiyi yolla addımlayıb Azərbaycanı dünyaya tanıtdırmaq istədi. Özü də "Qafqaza qayıdış" filminin köməyi ilə.
Sonra Azərbaycanda I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçirildi. Bütün bu məsələlər bir-birinə sıx bağlıdı. Başlayaq elə sonuncudan...

Bakının birinci işi

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə paytaxtımızda I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçirilir. Tədbirin məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq və həmin ekran əsərlərinin müəlliflərini həvəsləndirməkdi.
"Nizami" Kino Mərkəzində festivalla bağlı keçirilən mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov bildirdi ki, beynəlxalq festivalın müsabiqəsi 7 nominasiyadan ibarətdi - ölkə, region, şəhər, mədəniyyət, ənənə, ekstremal turizm, ekoloji turizm, reklam filmləri, TV məhsullar və milli filmlər.
Nazirlik rəsmisinin sözlərinə görə, I Bakı Beynəlxalq Turizm Filmləri Festivalına 38 ölkədən 140 rejissor 215 film təqdim etsə də, 78 film müsabiqəyə buraxılıb. ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, Gürcüstan, İran, Avstriya, Bolqarıstan, Fransa, Böyük Britaniya, İspaniya, Danimarka, Xorvatiya, Ukrayna, Yunanıstan, Çexiya kimi ölkələri təmsil edən filmlər festivalın qalibi olmaq üçün yarışır.
Beynəlxalq tədbirin ev sahibi Azərbaycan da öz filmləri ilə iştirak edir. Müsabiqə proqramında 14 rejissorumuzun filmi də yer alıb. Yeri gəlmişkən, onu da vurğulayaq ki, I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının İcraçı Direktoru "Azanfilm" studiyasının rəhbəri, gənc və istedadlı rejissor, bir neçə nüfuzlu kino festivallarında ölkəmizi uğurla təmsil etmiş Fariz Əhmədovdu.
Kinofestival çərçivəsində I Bakı "Odlar yurdu" foto müsabiqəsi də keçirilir. Festivalın sonunda münsiflər heyəti fotoları da qiymətləndirəcək. Beynəlxalq tədbirin veb-saytı da artıq maraqlananların istifadəsinə verilib.
Noyabrın 20-də "Nizami" Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi keçirildi. Tədbirdə incəsənət xadimləri, tanınmış ziyalılar, festivala xarici ölkələrdən dəvət edilən 45 qonaq da iştirak edirdi. Xatırladaq ki, həmin qonaqlar müsabiqəyə buraxılan filmlərin rejissorları, dünyanın müxtəlif şəhərlərində keçirilən turizm filmləri festivallarının direktorlarıdı.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev I Bakı Beynəlxalq Turizm Filmləri Festivalını ölkəmizin mədəni həyatında mühüm bir hadisə adlandırdı. Nazir bildirdi ki, bütün sahələrdə, o cümlədən turizmdə uğurlar qazanan Azərbaycan belə nüfuzlu tədbirin keçirilməsini haqq edib.

Jerar Depardye
"Qafqaza qayıdış"da

Yazının əvvəlində dünya şöhrətli yazıçı Aleksandr Dümanın Azərbaycana səfərini təsadüfən xatırlamadıq. Festival təşkilatçıları açılış mərasimində təqdim olunmaq üçün Azərbaycan və Fransa kinematoqrafçılarının birgə istehsalı sayılan "Qafqaza qayıdış" filmini seçmişdilər.
Filmdə 1858-ci ildə Azərbaycana səyahət etmiş məşhur fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz" əsərində qələmə aldıqları xatırlanır, onun izi ilə həmyerlisi, dünya kinosunun ulduzlarından biri sayılan Jerar Depardyenin ölkəmizə səfərindən bəhs olunur. Düma kimi, Depardye də Azərbaycana səyahəti zamanı maraqlı insanlarla ünsiyyətdə olur, bir-birindən gözəl məkanları özü və filmə baxan əcnəbilər üçün kəşf edir.
Jerar Depardye də Aleksandr Dümanı təkrarlayaraq səyahətə rəssam həmyerlisi ilə çıxır. Ona yol yoldaşlığı edən illüstrasiyaçı rəssam Matyo Sapan gördüklərini kağıza köçürür.
Milli kinomuzda maraqlı obrazlar yaradan istedadlı aktyor, əməkdar artist Ənvər Həsənov da bu filmdə Jerar Depardye ilə yanaşı çəkilib. "Qafqaza qayıdış"ın ssenarisini Azərbaycan tərəfdən maraqlı televiziya layihələri ilə tanınan Fuad Axundov yazıb. Fransızlardan isə bu işi Stefan Berqunyu, Jan-Pyer Deviler və Lesli Qranberq həyata keçiriblər. Filmin quruluşçu rejissorları Stefan Berqunyu və Jan-Pyer Devilerdi. Quruluşçu operatoru Stefan Byon, prodüserləri Cavid İmamverdiyev və Arno Frileydi. Ssenari müəllifi Fuad Axundov filin nümayişindən əvvəl dünya şöhrətli aktyor Jerar Depardye ilə işbirliyinin maraqlı tərəflərini "Ədalət"in oxucularına danışdı: "Filmdə dünya şöhrətli yazıçı və səyyah Dümanın Azərbaycanda gördükləri 155 il sonra kinoulduz Jerar Depardyenin vasitəsi ilə təsvir olunur. Düma kimi, Depardye də Qubanı, Bakını, Şamaxını, Şəkini səyahət edir. Necə deyərlər, Depardye üçün bir "Yol xəritəsi" cızmışıq. Ssenari müəllifi kimi çəkiliş prosesində yaxından iştirak etmişəm və mənim üçün çox maraqlı oldu. Dünya şöhrətli kinoaktyor Jerar Depardye ilə ilk görüşüm elə çəkiliş meydançasında, kamera qarşısında oldu. Öncədən heç bir hazırlıq və fikir mübadiləsi aparılmasa da, söhbətimiz alındı. Görünür ən yaxşı ekspromt elə yaxşı hazırlanmış ekspromtdur. Filmin montajında iştirak etməsəm də, düşünürəm ki, maraqlı bir iş görə bildik. Ən yaxşı qiyməti isə təbii ki, tamaşaçılar verəcək".
Festivalın açılış mərasimində bu filmə tamaşa edənlər "Qafqaza qayıdış"ı marala qarşıladılar.

Azər Qərib özünü
qərib hiss etmir

Festivalda nümayiş olunan filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinə maraqlı telelayihələri ilə yaxşı tanınan Azər Qərib sədrlik edir. Azər Qərib belə hesab edir ki, turizmlə bağlı kinofestivalın ölkəmizdə keçirilməsinin əhəmiyyəti böyükdü: "Turizm filmləri ilə bağlı dünyanın müxtəlif dövlətlərində festivallar keçirilir. Təəssüf ki, bizim filmlər bu cür tədbirlərdə az-az görünürlər. Gələcəkdə nüfuzlu festivallarda filmlərimizin uğurla nümayiş olunacağına inanıram".
Münsiflər heyətində Azərbaycanı təmsil edən xalq artisti Vasif Babayev festivalın təşkilatçılığını yüksək qiymətləndirdi. Onun sözlərinə görə, münsiflər heyətinin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Festivala buraxılan filmlərin arasından qalib adını qazanmağa xeyli ekran əsərinin olduğunu deyən Vasif Babayev bizi əmin etdi ki, münsiflər obyektivlik nümayiş etdirəcəklər.

"Qran-Pri" üstündə də 4 min avro

Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə Qızıl mükafat-diplom və 2 min avro pul, II yerə Gümüş mükafat və diplom, III yerə isə Bürünc mükafat və diplom təqdim olunacaq. Festivalın ən yaxşı filminə "Qran-Pri" veriləcək. Bu uğurlu filmin yaradıcı heyəti 4 min avro pul mükafatı da qazanacaq,
I Bakı Beynəlxalq Turizm Filmləri festivalına bu gün "Nizami" Kino Mərkəzində yekun vurulacaq. Qaliblərin adları da həmin bağlanış mərasimində açıqlanacaq.

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV