adalet.az header logo
  • Bakı 17°C

Sağalmayan xəstələr, ya da savadsız şagirdlər!

FƏRHAD ŞABANOV
52692 | 2013-11-23 01:33
Bu hekayənin real insanlar və hadisələrlə heç bir əlaqəsi yoxdur. Azərbaycanla isə ümumiyyətlə əlaqəsi yoxdur. Hər bir məkan və insan tamamilə uydurmalardan ibarətdir.
O, hər səhər tezdən yuxudan durur və övladının şagird kimi geyinib məktəbə yola düşməsini sevinc hissi ilə qarşılayırdı. Onun oğlu 1 saylı şəhər orta məktəbinin 1-A sinfində təhsil alırdı. Bu ata övladının atdığı hər bir addımı, öyrəndiyi hər yeni hərfi, dərsdə aldığı hər bir qiyməti böyük həyəcanla qarşılayırdı. Hər gün oğlunu məktəbə ötürdükdən sonra evinə yaxın olan xəstəxanaya gedirdi. O, uşaq həkimi işləyirdi.
Xəstəxanadakı otağına girir, xəstələri bir-bir qəbul edir və "yazmalı" olduğu dərmanları reseptə yazır, xəstə yaxınlarına ümid paylayırdı. O hər ayın axırı dərman şirkətlərinə hesabat verir və doldurduğu plana görə onlardan əlavə pul alırdı. Xəstələr isə həmişə xəstə qalırdı. Və beləcə həkimin gəliri daimi olurdu.
Həm dərman şirkətləri qazanırdı, həm həkimlər. İtirən insanlar olurdu, xəstə insanlar...
Paralel həyat...
O, hər səhər yuxudan durur və yenə eyni kədər hissi ilə uşağı yatan otağın qapısını açır, övladına diqqətlə baxır, dərin bir "ah" çəkir, sonra otağına qayıdıb yerinə uzanır və gözlərini tavana dikirdi. Bu ardıcıllıq hər gün təkrarlanırdı. Onun yaraları hər gün daha da dərinləşir, ürəyini üzürdü. Hər səhər övladının nəfəs aldığını görmək ona yeni həyat verir, həmçinin bu həyəcan həyatından illər aparırdı. Onun övladı xəstə idi və artıq bir neçə aydır ki, yataqdan dura bilmir. Vəziyyəti getdikcə ağırlaşırdı.
Paltarını geyinib evdən çıxır və müəllim işlədiyi 1 saylı şəhər orta məktəbinə tərəf yola düşürdü. Sinfin qapısından içəri girdikdən sonra onun üçün hər şey dəyişir və bütün kədər unudulurdu. Sinfin pərdəsini çəkir, maskasını taxır və şagirdlərin qarşısına keçirdi. İndi o, ac gözünü doydurmağın, cibini doldurmağın yollarını axtarırdı.
- Salam uşaqlar. Keçən həftə fond pulunu verməyənlər sabah gətirsin, axırıncı gündü. Bir də evdə deyin ki, sinfin bir-iki təmir işi var. Onun üçün pul yığırıq. Sinfi təmizləyən qadın da şikayətlənir ki, pulumu artırın. Bunu da deyin evdə. Qarşıdan da Novruz Bayramı gəlir... (yazar bu siyahını uzadıb başınızı ağrıtmaq istəmir)
Bir neçə il sonra...
Həkimin oğlu böyüdü və məktəbi bitirdi. Məktəbdə savadsız və rüşvətxor müəllimlərdən heç bir təhsil ala bilmədi və nəticə olaraq universitetə də daxil ola bilmədi. Həkim olan atası pul düzəldib onu özəl bir universitetə qoydu ki, diplomu olsun. Altına da bahalı bir maşın aldı. Oğlan bahalı maşını yüksək sürət nəticəsində aşırtdı və çox ağır yaralandı. Onun onurğa sütunu zədələndi, ömürlük əlillik arabasına məhkum oldu. Atasının bütün həkim dostları yığışdı ancaq heç bir çarə tapa bilmədilər. Hətta o dostlarına inanmırdı bəzən - yazılan dərmanlar plan doldurmaq üçündü, yoxsa onun oğlunu sağaltmaq üçün?!
Həkim atası dərddən narkoman oldu. Həkim olduğu üçün beyni uyuşduran dərmanları çox rahatlıqla istənilən aptekdən ala bilirdi.
O, yenə xəstələrə ümid paylayır, yalançı dərmanlar yazır və insanların səhhəti ilə oyuncaq kimi oynayır. Payladığı ümidlər və ümid verilənlər bir-bir bu dünyadan ölmüş ümidlər qəbiristanlığına köçür.
Paralel həyat 2...
Müəllimin oğlu savadsız həkimlərin əlində illərdir əzab çəkir. Hər yeni həkim köhnə həkimin səhv diaqnoz qoyduğunu iddia edərək yeni dərmanlar yazır, yeni ümidlər verir. Uşaq isə gündən-günə əriyir, yox olur. Yəqin ki, onun indi tək istəyi var - ölsəydim canım qurtarardı bu əzablardan, bu savadsız həkimlərin əlindən, bu özbaşına sistemdən.
Atası isə yaxınlarına həkimlərin savadsızlığından şikayətlənir. Hər gün məktəbə gedib daha şagirdlərə qarşı daha aqressiv, daha mərhəmətsiz olur. Savad vermir, dilənçilik edir. Kasıb şagirdləri bütün şagirdlərin yanında biabır edir.
O, həkimlərin savadsızlığından şikayətlənərkən heç ağlına da gəlmir ki, bu həkimlərin bir çox hissəsi elə özü kimi müəllimlərin insanlığa töhfələridir.
Və beləcə savadsız və xəstə bir nəsil yetişir... Son!

Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV