adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

EYNŞTEYN DÜSTURU

VƏSİLƏ USUBOVA
63527 | 2013-11-23 01:30
Harada oxuduğumu unutmuşam, sən demə, Eynşteyn uğur düsturunu da tərtib edibmiş: x+y+z. x-işləmək, y-əyləncə və istirahət, z-dilini dinc qoymaq. Əvvəlcə acığım tutdu dahi fizikə. Dünyanı atom bəlasına saldığı bəs deyil, hələ adamlara uğur qazanmağın düsturunu da öyrədir. Taleyini bir düymədən asılı etdiyin insanlarda uğur qazanmağa həvəsmi qoydun?! Sonra yavaş-yavaş ürəyim yumşaldı. Axı, hardan biləydi ki, onun bu nəhəng kəşfindən sui-istifadə edib faciələr, kütləvi qırğınlar törədəcəklər?! Hardan biləydi ki, onun kəşfindən çox-çox əvvəl insanlar elə qırğınlara, basqınlara meyllidirlər?! Böyük əksəriyyətinin nüvəsi vəhşilikdən, azğınlıqdan yoğrulub?! Bilmirdi. Əslində iki kəşf eləmiş oldu; həm cisimlərin, həm də insanların özəyində duranı, naturasını təşkil edəni...
Hər halda uğur düsturu marağımı çəkdi və böyük alimin yaxasını buraxıb düsturu incələməyə başladım. Nədənsə, mənə elə gəldi ki, bu düsturda incə bir rişxənd, kinayə gizlənir. Doğrudanmı, o boyda kəşfin müəllifi sadə bir həqiqəti dərk eləmirdi?! İşləməyi sevən, heç nə düşünmədən, ummadan başını aşağı salıb işini görən kəsin üzünə bütün uğur qapılarının bağlandığını bilmirdimi?! Belələrinin həmişə yarıac, yarıtox yaşamasından, rişxənd hədəfi olmasından, əfəl, fərsiz sayılmasından xəbərsizmiydi?! İnanmaq olmur. Yoxsa, işgüzar fizik hamını öz arşınıynan ölçürdü?! Bəlkə onun zəmanəsində, əhatəsində beləymiş, xəbərimiz yoxdu.
Hər halda sual işarələri olmadan düşünmək çətindi...
Yəqin ki, böyük alim düşünməyi də işləməyin bir hissəsi, bəlkə də əsası, nüvəsi saymamış deyil. İşlək adam həmişə üzüyuxarı dırmanmağı sevir. Üzüyuxarı getməksə, həmişə çətindi. Bəlkə də çətin olmazdı, əngəllər qabağında bitməsəydi...
Bir də... şans məsələsini nədən unudub böyük fizik?! Bəlkə o, qatı materialist olub?!
Uğura çatmaqdan ötrü işləməkdən başqa hər cür yola baş vuranlar da unudulub bu düsturda...
Cəmiyyətin işlək və bacarıqlı, bilikli və tamahsız, təmənnasız adamlara dözümsüzlüyü, müsbət keyfiyyətlərinə göz yumması da yəqin ki, Eynşteynə məlum olmayan fəlsəfədi. Miskin və gülünc bir fəlsəfə.
Bəlkə təkcə bizim ətalətsevər cəmiyyətimizə xasdı bu çürük fəlsəfə?!.
Mənim də bu düsturu qurdalamağım elə bu münasibətdən qaynaqlanır. Məni qınamağa qalxışanlardan qorunmaqçın yazmıram bunları...
Düsturun üçüncü hissəsini xatırlayıb burada dilimi dinc qoyuram...

***
Əyləncə və istirahət hər şeydən əvvəl zövq, xarakter məsələsi olduğuna görə, bu mövzuda mübahisə eləmək, kimisə nümunə göstərib, kimisə qınamaq çox zaman yersiz belə görünür. Ancaq insanın digər davranış və vərdişləri kimi, əyləncə və istirahətini necə keçirməsi də onun kimliyini ortaya qoya və haqqında fikir və qənaətlər aşılaya bilir. Başqasını dincəldən, sakitləşdirən əyləncə növü məni darıxdıra, qıcıqlandıra bilər. Və yaxud, tərsinə. Olub ki, bəzən sadə birisinin söhbətinə zövqlə, həvəslə qulaq asdığımı görüb darılan bir tövrlə "səndə də səbir var ey" deyib uzaqlaşıblar...
Əylənmək və istirahət adıynan başqalarını rahatsız edənləri, şit hərəkətləriynən ətrafı boğaza yığanları necə qınamayasan?! Neyləyəsən ki, hamının özünü haqlı saymağa arqumentləri olmamış deyil. Qəbul eləsək də, eləməsək də...

***
İnsanın kimliyi dilinin altında saxlanılır, demiş bilim adamlarından biri. Nə qədər susursa, sirli bir aləm, açılmamış bir dünyadı insan. Bu aləm cənnətin özü kimi xoş və gözəl, cəhənnəm kimi qorxunc və dəhşətli ola bilər. Amma deyəsən, böyük alimin düsturunda dilini saxlamaq elə başını, susmaqla qazandıqlarını (uğurlarını) qorumaq deməkdir.
Yenə də ətrafın qısqanclıq və paxıllığına, özgənin uğuruna darılmasına incə bir işarə...
Ancaq dili həmişə saxlamaq olurmu?! Və ya həmişə susmaq özünə və başqalarına həmişə sərfəlidirmi?! İnanmıram. Tanrının bəxş etdiyi bütün sərvətlərdən qiymətli olan sözlər dilin altında qalsaydı, dünyanı bəzəyən bu qədər kəlamlar, aforizmlər, atalar sözləri, məsəllər bizə qədər necə gəlib çıxardı?! Və bunlarsız ömrümüz necə boş, mənasız görünərdi. Söz var bir məmləkəti bada verib, söz də var bir ordunun edə bilmədiyin edib. Dünyanın düzənini dəyişən, bir anda yüz ilin, min ilin zülmətini yox edən, ölkələri, nəsilləri, taleləri, könülləri alt-üst edən, ya da tikən-quran sözlər var....
Dünya durduqca yaşayacaq sözlər də var...
Ağızdan ölü kimi çıxan sözlər də ...
Söz var deyilməsə, sahibinin ürəyi partlar, ömrünün mənası, dəyəri itər, uğrunda vuruşduğu, əlləşdiyi nə varsa, heçə enər...
Qaliley kilsədən ayağını bayıra qoyan kimi, "hər halda nəsə fırlanır" deməsəydi, öz kəşfini özü gözdən salmayacaqdımı?!
Ürəyindəkini demək hər kəsdən artıq söz adamına gərəkdi. Bu onun yaşam missiyasıdı. Həm də ətrafında bunu gözləyənlər, onun ağzına baxanlar, fikrini bilmək istəyənlər də saysız-hesabsızdı...

***
Karın könlündəki, demişlər. Mən də Eynşteyn düsturunu öz bildiyim, bildiyimdən də çox özümə sərf edən kimi, görmək istədiyim kimi yozdum.
Bəzən insanları uğurlarından çox, gördükləri işin mahiyyəti maraqlandırır, axı...
Uğurun yolunu gözləyəndə ciddi bir iş görmək olmur...
Bir söz daha var: danışdığını bilməyən, susmağı da bilməz...
Bəlkə mən də susum?!.


Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV