adalet.az header logo
  • Bakı 18°C

RƏFAİL İNCƏYURD

MƏMMƏD DƏMİRÇİOĞLU
33081 | 2013-11-23 01:26
Adını tez-tez eşidirdim, mətbuat səhifələrində müntəzəm iştirak etdiyindən necə şair olması barədə fikir də formalaşdıra bilmişdim. Amma şəxsi tanışlığım yox idi İncəyurdla.
Bu işdə də yenə Akif Səməd köməyimə gəldi. Akif sağlığında şair olduğu qədər də dərviş xislətiylə insanlar arasında dostluq-tanışlıq körpüsü idi. İndi kürək söykəyə biləcək çox ruh və könül dostlarımla məni ilk olaraq o tanış etmişdi. Təkcə mənimi? Akifi tanıyanların hamısı bu fikrimi təsdiq edə bilər.
Günlərin birində məni Ali Diplomatiya Kollecinə aparıb çıxardı. Universitetin rektoru Nazim müəllimlə dost idi. Onun dəvətiylə getmişdi və ayrılmaz könül dostu olduğumuzdan çox yerə mənimlə gedərdi. Həmin gün məni üç dəyərli insanla - Nazim müəllimlə, Ayaz Arabaçı və Rəfail İncəyurdla tanış etdi.
Mehriban, həlim xasiyyəti ilə Rəfailə qanım daha çox qaynadı. Elə ilk görüşdəcən qondu könlümə arkadaşın könül quşu və elə o gündən də bağlandıq bir-birimizə.
Ağamalı Sadiqi itirdikdən sonra Akifə çox bağlanmışdım, demək olar ki, bir gün görüşməsək həmin gün gözümüzdə bir ilə çevrilər, darıxaraq bir-birimizi məzəmmət edərdik. Etiraf edim ki, Akif Səmədi itirdikdən sonra Rəfail İncəyurda eləcə bağlandım, darıxdıq bir-birimiz üçün. Rəfaili mənə bağlayan ən böyük tellər onun fədakarlığı, qayğıkeşliyi, şirin dilliliyi, xoş münasibəti idi. Ağamalının sağlığında, yazdığım şeirləri hamıdan gizləyirdim. Gözümdə zirvələşmiş Ağamalı Sadiq poeziyası, Məmməd İlqar mükəmməliyi, Akif Səməd dərinliyi gözlərimi qamaşdırır, utandığımdan yazdığım şeirləri üzərə çıxara bilmirdim.
Amma olmuş bir həqiqəti deyim ki, məclislərin birində cəsarət edib bir təcnisimi oxumuşdum. Həmin məclisdə məni əsarətində saxlayan Məmməd və Ağamalı cütlüyü də var idi. Məmməd İlqar təcnisi dinləyib soruşdu ki, Məmməd, bu kimin təcnisidı (mənim şeir yazmağımı heç biri bilmirdi)? Utana-utana, - mənimdi, demişdim. Həmin təcnisi bir də oxumağımı xahiş etdi. Mən bir az cəsarətləndim:

Yazmağı öyrəndim ana dilində,
Elə ömrüm boyu ha yaza-yaza.
Sözə qüdrət gəlməz, Tanrı verməsə,
Ağ kağıza qələm ha yaza, yaza...

Qorxu yoxsa nə dil, nə can əsinməz
Acı söz nə dilə, nə cana sinməz,
Nə özü isinər, nə can isinməz,
Ayazdan, şaxtadan ha yaza, yaza.

Bağrı qan ağlayır ayın, günün də
Gecə ay hönkürür, gündüz gün ündə.
Məmməd qurban gedər qurban günündə,
Şəhidsiz çıxsaydıq ha yaza, yaza.

Bu dəfə təcnisə diqqətlə qulaq asıb üzünü Ağamalıya tutdu: "Vallahi bu yekə bir şair imiş", - deyərək dönüb məni təzə görürmüş kimi üzümə baxdı...
Üstündən illər ötüşdü, Ağamlı köçüb getdi, Akifin böhranlı günləri başladı. Tez-tez xəstələnərək xəstəxanalara düşməyə başladı. Akifi itirəcəyimizdən çox qorxurduq. Onu da deyim ki, mənim şeir yazmağımdan Akifin hələ də xəbəri yox idi...
Amma Rəfail İncəyurda sirrimi açmışdım. Nədənsə ondan çəkinmirdim. Görünür zəhmi ağır deyildi və yeri düşdükcə şeirlərimdən oxuyurdum ona. Rəfail İncəyurd yaman bəyənmişdi şeirlərimi. Hərdən həvəsləndirmək üçün hətta, belə ifadələr də işlədirdi: "Məmməd, sən vaxtında ədəbi aləmə gəlmiş olsaydın, bu günün ən tanınmış şairlərindən biri olardın". Nə danım, bu təriflərdən çox xoşhal olurdum və Rəfaili daha çox istəməyə başlayırdım.
Günlərin birində, saralmış dəftərlərdə dustaqlıq ömrü yaşayan şeirlərimi oxuyaraq belə bir qərar verdi ki, arkadaş, gəl bir kitabını nəşrə hazırlayaq. Bu gözlənilməz təklif məni heyrətə saldı. Qulaqlarıma inanmadım. Sonra isə Rəfailin israrlı olması məni inandırdı ki, mənim də kitabım ola bilər. İçimdə parlayan ümid çırağı günü-gündən şölələndi, yeni-yeni şeirlər yazmağa, Rəfailə oxumağa başladım. Hər yeni şeirimə yüksək qiymət verən Rəfail hətta bəzən heyrətlənir, "Billah sən böyük şairsən" - deyərək mənə qol-qanad verirdi. Amma ondan xahiş etmişdim ki, sirrimizi Akif bilməsin.
Beləliklə kitabımı nəşrə hazırladıq və 2004-cü ildə "Dəmirçioğlunu dindir" adlı ilk kitabım işıq üzü gördü. Qeyd etmək yerinə düşərdi ki, kitab nəşrə veriləndə Akif Səməd artıq sirrimizi bilirdi. Mən kitaba bir şeirimin adını qoymuşdum: "Dəmirçioğlunu dindirmə". Akif bu adı çox bəyənmiş və belə redaktə etmişdi ki, "dindirmə" yox, "dindir" edin. Qoy hamı səni dindirsin, yaradıcılığına bələd olsunlar. Onunla razılaşdıq və kitabın ilk nüsxəsini ona göndərdim. Səhərisi günü mənə zəng açaraq söylədi:
- Məmməd, mən hər kitabı əvvəldən axıracan oxumuram. Amma sənin kitabını əvvəldən axıracan oxudum, təbrik edirəm, içində 3-4 qalan şeir var, o da bəsindi.
Bu Akifin ilk xeyir-duası, mənim şair kimi təsdiqlənməyim idi.
Sevincimin həddi-hüdudu yox idi. Bir, oğlum Daşqın dünyaya gələndə belə sevinmişdim, bir də "Dəmirçoğlunu dindir" dünyaya gələndə. Amma onu da deyim ki, Rəfail İncəyurd məndən də çox sevinirdi. Məni o kəşf etmişdi, ədəbi mühitə o təqdim etmişdi.
Beləliklə yeni yaradıcılıq üfiqləri açıldı qarşımda və Rəfail İncəyurd məni sanki yuxudan oyatmışdı.
Kimdi Rəfail İncəyurd? Rəfail İncəyurdu tanıtmağa o qədər də ehtiyac yoxdur. O vaxtında, zamanında öz sözünü demiş, ədəbi aləmdə özünəməxsus yeri-yurdu olan bir şair, dost-qohum içində böyük hörmət-izzət sahibi olan dəyərli bir İncəli kişisidi. Bu gün o köhnə kişilərin yollarıyla addımlayan arkadaş, yazdığı "Köhnə kişilər" şeiri ilə köhnələşdi, köhnəlib də köhnə kişilərin birinə döndü:

Köhlən atlarını çapıb getdilər,
Köhnə yollarınnan köhnə kişilər.
Tutub qoyduğunnan, gör-görkəminnən,
Tamaşa kişilər, səhnə kişilər.
O köhnə kişilər, köhnə kişilər.

Arannı oldular, dağlı oldular,
Vətənin qeyrəti, ağlı oldular.
Yenilməz diyarın oğlu oldular-
Bilmədi aman nə, ah nə-kişilər,
O köhnə kişilər, köhnə kişilər.

Budağı göylərdə, kökü dərində,
Şənliyi yerində, şəri yerində.
Könül sevdasında, can alverində
Bilirdi bazar nə, beh nə kişilər,
O köhnə kişilər, köhnə kişilər.


Niyə ürcah olduq baş üzənlərə,
Teylənib töküldük boş düzənlərə?
Yaxşı ki, dözmədi biz dözənlərə,
Sığmadı məcraya, rəhnə kişilər,
O köhnə kişilər, köhnə kişilər.

İndi çəmən bəyaz, axar su aldı,
Göylər müəmmadı, yerlər sualdı.
Bu yazıq vətəni yenə su aldı,
Yoxsa qırıldımı dəhnə, kişilər,
Of! Köhnə kişilər, köhnə kişilər.

Döyülüb getdilər, döyüb getdilər,
Sözünü vaxtında deyib getdilər.
Çox heyf, İncəyurd, heyf, getdilər
Bini-bərəkəti təhnə kişilər,
O köhnə kişilər, köhnə kişilər.

Müasir ədəbi aləmə maraqlı, özünəməxsus şairlər bəxş eləmiş İncə dərəsinin urvatlı şairlərindən biri də Rəfail İncəyurddu. Başı göy yaylaqlara söykənmiş, Quzeyi "Zimlə"li, güneyi "Kəmənd"li, Kəmərli kəndi əsil cənnətdi, - desəm lap yerinə düşər.
Quzeydə, "Zimlə"nin ətəyində yerləşən yarlı-yaraşıqlı, bağlı-bağatlı evləri, ürfan ruhlu atası Ağakişi müəllim, üz-gözündən nur süzülən anası Sənəm xanım bu cənnətməkanda bir nur çesmədi desəm yanılmaram. Belə bir bulaqdan su içmiş adamın şair olmamağa haqqımı var?
Ədəbiyyat müəllimi olmuş Ağakişi müəllim, əsil poeziyanın nə olduğunu yaxşı bilir və belə bir ustaddan dərs almış İncəyurd özünə ancaq belə bir təxəllüs götürməliydi. Etiraf edək ki, çox İncəlinin "İncəyurd" təxəllüsə tamahı düşüb, nə edəsən ki, bu Rəfailin ədəbi taleyinə yazılib.
Bütün prizmalardan baxanda Rəfail xoşbəxt insandı. Elə bir obadan pərvazlanıb, belə bir ailədə dünyaya gəlmiş, öz sözünü vaxtında deyə bilən, Allahın verdiklərinə min dəfə şükür eyləməyi bacaran, gözü-könlü tox olan bu gözəl insana, Allah da könlüncə verib. Onu hər an anlayan, şəxsiyyətini və amalını hər zaman uca tutan həyat yoldaşı, ağıllı-kamallı və gözəl balalar bəxş etmişdir.
Mən hərdən bal arısına bənzədirəm onu. Zəhmətkeşliyi, cəfakeşliyi, əzabkeşliyi ilə çox zaman öz maraqlarını unudaraq, arı hər çiçəkdən bal çəkib pətəyə daşıdığı kimi, o da könüllərə qonub bu könüldən o könülə, o könüldən bu könülə bal daşımaqla məşğul olub çox vaxt. Müşahidə etdiyim ən gözəl xüsusiyyətlərindən biri də aza qail olmağı, çoxda gözü olmamağı, Allah verən o aza da min dəfə şükür eləməyi bacarmağıdı...
Riyaziyyatçı olmasına baxmayaraq, könlünü sözə verdi, saza verdi. Öz sözünü sazın nəfəsinə qatıb deyə bildi. Sözün içində oldu hər zaman. Beş-üç qəpik çörəkpulunu da sözün səbəbinə tapdı, başqa səmtə yön almadı. Şükür, hamıdan da yaxşı dolandı. Evi var, bağı var, maşını, təhsil almış gül balaları, nəvələri və beş kitabı var Rəfail İncəyurdun. Nəyi yoxdu ki?.. Paxıllıqdan, riyakarlıqdan, ikiüzlülükdən, yalançılıqdan başqa hər şeyi var. Həyat yolu kimi alnı açıqdı bu gözəl şairin, gözəl dostun, bu gözəl ailə başçısının.
Mən deyərdim ki, tək məni yox, bir neçə içində şair olaraq gizlənmiş adamları o kəşf etdi, üzə çıxardı. Bunlar onun halal haqqı olduğu üçün halallıqla haqqını özünə qaytarmalıyıq.
Həm gözəl insan, həm də böyük iş adamı olan Akif Məhərrəmlini də o kəşf etmişdi. O da abrına qısılıb yazdıqlarını işıq üzərinə çıxarmırdı. Onu da həvəsləndirdi, şeirlərini toplayaraq, kitab halına saldı və Akif Məhərrəmli də bu yolda öz sözünü deyə bildi, bir neçə maraqlı kitab yazdı. Sayad Mustafaoğlunun da kitablarının qulluğunda o durdu. Müzəffər Miralayı da "Mən könlümü haqqa verdim" kitabıyla sevindirdi.
Rəfail İncəyurdun özünəməxsus dili, fəlsəfi təfəkkürü var və mən deyərdim ki, yeganə İncəli şairidir ki, özünəməxsusluğuyla hamıdan seçilir, heç kimin sözünü, fikrini, ləhcəsini onda tapmaq mümkün deyil. Fikrimi tam anlatmaq üçun əlavə edim ki, Qarasultan oğlu İbrahimin şeirləri ilə Ağamalı Sadiqin söz qohumluğunu, Məmmədlə yenə Ağamalı Sadiqin ləms yaxınlığını, Akif Səmədlə, Hacı Məhəmmədin irfan təfəkkürünü, Akif Səmədlə mənim, İbrahim İlyaslının ruh qohumluğunu müşahidə etmək mümkündü.
Fikrimcə bu üç kəndin şairlərini ruh və dil ləhcəsi baxımdan üç yerə bölmək olar. Kəmərli şairlərlərindən Ələddin İncəli, Aslan Kəmərli, Rəfail İncəyurd, Sayad Mustafaoğlu, Mahmud Vəli, Avdı Qoşqar, Mübariz Qaragözlü, Daşdəmir Kəmərli ayrıca kök üstündə köklənmiş bir fəsil olaraq Qaymaqlılardan və Astanbəylilərdən fərqlənirlər desəm yanılmaram. Qaymaqlı şairləri İbrahim Qarasultanoğluyla, Ağamalı Sadiqlə başlayan başqa bir nəfəsə köklənmiş fəsildi ki, Rüstəm Qazaxlı, Çiçək Mahmudqızı, Əhməd Höntoğlu, Bəxtiyar Rüstəmoğlu və başqaları bu ənənədən uzaqlaşmadılar. Astanbəylilər isə öz rəngarənglikləri ilə Məmməd İlqar, Məhəmməd Astanbəyli, Akif Səməd, İbrahim İlyaslı, Məzahir Yaqub Elnur Astanbəyli kimi şairləriylə tam fərqli bir fəsili təşkil edirlər.
Ümumən götürəndə isə İncə şairləri fərqli səslərlə bütöv bir harmoniyanı qoruyub saxlamaqdadırlar. Bu harmoniyanı isə deyərdim ki, sazın sözlə vəhdəti təşkil edir.
Rəfailin şeirlərinin Anadolu Türkiyəsinə ayaq açması, nüfuzlu - "Erciyes" adlı universitetdə istedadlı bir tələbə tərəfindən diplom işi kimi yazılaraq böyük rəğbət qazanması balaca bir hadisə deyil.
İçindən dışına, dışından içinə daşınan şair, ömrunu köçə, özündən özünə gedən poeziya yollarını isə bitib tükənməyən səhralara, ummanlara, əngin səmalara bənzədir...
Rəfail İncəyurdun bir neçə şeir nümunəsini sizlərə təqdim edirəm və bundan o yana sözü sizin ixtiyarınıza buraxıram.

ŞEİRLƏ

Şairlik alnıma yazılan yazı,
Çölümə ad verir içim şeirlə.
Gəldim ki, dünyanın qıl körpüsündən,
Ömrün o tayına köçüm şeirlə.

Nəğməli dilim var dillər içində,
Bir qönçə bəslədim güllər içində.
Nəyim var deyirlər ellər içində,
Qazancım şeirlə, suçum şeirlə.

Həyatda öz yeri varsa hamının,
Hər kəs yanındadı arzu-kamının.
"5"-ləri yanında iş adamının,
Hələ ki, sıxılmır "3"-üm şeirlə.

Demirəm hər şeir Tanrıdan diktə,
Bəzən ölən həvəs dirilir dərdlə.
Hələ qoyulmayıb sonuncu nöqtə,
Hələ ki, yol gedir köçüm şeirlə.

Hələ sönməyibsə yurdun közləri,
Hələ yol çəkirsə ana gözləri.
Gedirəm, könlümdə bitən sözləri
Becərim eşq ilə, biçim şeirlə.

DİLƏK

Qrtülü sübhan qapılar,
Qoçaq, nə dilər, bildinmi?
Bu çağından bezən naçaq,
O çağ nə dilər, bildinmi?

Könlümə haq nuru saçıq,
Can öyünə o SÖZ açıq...
Yurdun yolu üzə açıq, -
Ocaq nə dilər, bildinmi?

...Son libasdan alma göynək,
Vədəsində gəlsin, geynək.
A yaxasız, qolsuz köynək,
Qucaq nə dilər, bildinmi?

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV