SƏRİN DAĞ ÇEŞMƏLƏRİ KİMİ...

VAQİF YUSİFLİ
82598 | 2013-11-23 01:21
Əvvəlcə onun tərcümeyi-halını, keçdiyi ömür yolunu qısaca xatırlatmaq istəyirəm. Əhməd Səttar oğlu Cəmilzadə (Əhməd Cəmil) 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustarçı sənətkar ailəsində dünyaya gəlmişdir. Atasını dörd yaşında itirmişdir. Ana qayğısıyla, himayəsiylə böyüyən Əhməd Cəmil ibtidai və orta təhsilini Gəncədə almışdır. 1938-ci ildə, orta məktəbdə oxuyarkən "Qızıl Qafqaz" adlı ilk şeiri "Qızıl Gəncə" jurnalında dərc olunmuşdur. Gəncədə yaşadığı illərdə o, şəhərin ədəbi mühitində fəal iştirak etmiş, burada S.Vurğun, H.Araslı, Mir Cəlal kimi gənc ədiblərlə tanış olmuşdu. 1930-33-cü illərdə Ə.Cəmil Bakıda, Ali Pedoqoci institutun ədəbiyyat fakültəsində təhsil almışdır. İnstitutu bitirəndən sonra yeddi il Şəmkirdə və Gəncədə, orta və ali məktəblərdə müəllim işləmişdir. 1940-cı ildə Bakıya köçmüş, ömrünün sonuna qədər burada yaşamışdır.
Ə.Cəmil müharibə illərində daha fəal olmuş, bir çox qəzet və jurnallarda əməkdaşlıq etmişdir. 1944-1947-ci illərdə Yazıçılar İttifaqı İdarə heyətinin məsul katibi işləmişdir. O, "Ədəbiyyat qəzeti"ndə müvəqqəti redaktor, Azərnəşrdə baş redaktor, "Azərbaycan" və "Ulduz" jurnallarında baş redaktor vəzifələrində də çalışmışdır. Poetik yaradıcılığı ilə yanaşı Ə.Cəmil bədii tərcümə ilə də məşğul olmuş, Hötenin "Faust" əsərini dilimizə tərcümə etmişdir. 1977-ci ildə vəfat etmişdir. Dünyasını dəyişəndə 64 yaşı vardı.
Bu, qısa tərcümeyi-hal təbii ki, bir sənətkar ömrünün ancaq rəsmi ifadəsidir. Amma Əhməd Cəmilin sənət ömrü çox zəngindir.
Gənclik illərində onun şeirləri ilə bağlı ilk dəyərli fikirləri o zaman ədəbiyyat aləmində bir tənqidçi kimi də böyük şöhrət qazanmış yazıçı Mehdi Hüseyn və xalq arasında tanınan, sevilən şair Səməd Vurğun söyləmişlər. Onlar Əhməd Cəmilin şeirlərində istedadlı bir qələm sahibinin nəyə qadir olduğunu hiss etmiş, onu yaradıcılıq uğurlarına səsləmişlər. 1941-ci ildə Ə.Cəmilin "Can nənə, bir nağıl de!" şeiri dərc edildi və bu şeir müharibə poeziyamızın incilərindən birinə çevrildi. Mehdi Hüseyn "Ədəbi qeydlər" silsiləsindən olan birinci məqaləsini Ə.Cəmilin həmin şeirinin təhlili ilə başlayırdı: "Şairlərimizdən Əhməd Cəmil "Can nənə, bir nağıl de!" adında həcm etibarilə çox da böyük olmayan bir şeir yazmışdır. Onun məzmununu iki cümlə ilə ifadə etmək olar: az yaşlı bir uşaq Qızıl Ordu sıralarında olan atasının taleyini hər zaman düşünür və yata bilmir. Şair son dərəcə orijinal bir formada nənə ilə nəvə arasındakı dialoqu canlandıraraq, saf mündəricəli və dərin optimist bir əsər yaratmışdır. Bu əsərin gözəlliyini duymaq üçün onu başdan-ayağa diqqətlə oxumaq lazımdır... "Can nənə, bir nağıl de!" hər şeydən əvvəl həyatımızın ən tipik bir hadisəsindən bəhs edir. Şair bu hadisəni bəzəmir, "romantikləşdirmir", amma əsər gözəl rayihəli bir romantika ilə nəfəs alır".
Mehdi Hüseyn Ə.Cəmilin bir şair kimi uğurunu onda görürdü ki, o, uzun təsvirlərə, ricətlərə ehtiyac hiss etməyib, şeiri zorla əndazəsindən çıxarmayıb. Şeirdə ən əsas obraz Nənədir və M.Hüseynin fikrincə, Ə.Cəmil oğlunun dərdini mərdanəliklə boğub öldürən analarımızın canlı bir obrazını yaratmışdır.

- Axı, nənə heç demirsən
atam haçan gələcək?
İndi onu səngərdə bəs
üşütmürmü qar, külək?
- Ömrüm-günüm, körpə quzum,
qurban olum adına,
Niyə köküs ötürürsən
o düşəndə yadına?
Deyir - oğlum darıxmasın,
görüşərik bu bahar.
Bağçalarda çiçək açar
gülöyşə nar, yasəmən,
Qaranquşla bir zamanda
qayıdaram kəndə mən!
Heç darıxma dərdin alım,
atan gələr o zaman,
Sənə çoxlu nağıl deyər,
əsgərlikdən, davadan.

İki il sonra böyük şairimiz Səməd Vurğun Əhməd Cəmilin yaradıcılığına ayrıca bir məqalə həsr etdi: "Şairin eşqi". Bu məqalədə Səməd Vurğun Əhməd Cəmili sırf lirik bir şair kimi təqdim etdi, onun müharibə mövzusunda yazdığı şeirləri xüsusilə yüksək qiymətləndirdi. Səməd Vurğun yazırdı: "Mən şair Əhməd Cəmilin çaldığı şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir! Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır, ilk baharın gülləri kimi ətir saçır. Bu nəğmələrdə zorlanmamış, heç bir təzyiq altına alınmamış bir qəlbin, həm də həqiqi bir şair qəlbinin çırpıntıları səslənir!
...Sənətin böyük bir düşməni var: yamsılamaq! Yaradıcılığın qəlbinə soxulmaq istəyən bir iblis də var: yaradılmışlara-yarışmaq. Sənət əzəmət və vüqar deməkdir. Əgər sənin dediyin xırdaca bir söz özünə məxsusdursa, sən vüqarlı adamsan! Sənin dediyin böyük bir söz başqasınındırsa, sən vüqarsız adamsan! Demək ki, sən sənətkar deyilsən!
Əhməd Cəmilin sözləri onun özünəməxsusdur. O, heç kəsin kölgəsində yaşamaq istəmir!
...Əhməd Cəmil 20-ci əsrə bir taun azarı gətirən indiki dəhşətli müharibəyə biganə qalmadı. O öz incə rübabında çaldığı nəğmələrlə həyat və səadət ordumuzun qəlbinə ilham və qüvvət verir, qəhrəmanlarımızın mərd əllərini alqışlayır".
Əhməd Cəmil bütün yaradıcılığı boyu poema adına bircə nümunə də yazmadı. O, ömrünün sonunacan lirik şeir ustadı kimi tanındı. Xüsusilə müharibə illərində yazdığı şeirlərdə pafos və ritorika yoxdur, mədh və tərənnüm zilə qalxmır, şair əsgər qəlbinin çırpıntılarını şeirə gətirirdi.
Əhməd Cəmil insan hisslərinin, duyğularının rəssamı idi. İndi bəzən o illərin poeziyasından söz açan bəzi müəlliflər yazırlar ki, sovet dövrünün şairləri zərif hisslərdən, duyğulardan yan keçmişlər. Bu fikrin nə qədər yanlış olduğunu sübut etməyə ehtiyac yoxdur. Budur, müharibənin od-alov saçan səngərindən bir əsgərin qəlbi həzin-həzin səslənir:
Ocaq sönür, yel əsir, yağış döyür səngəri..
Yenə düşür yadıma ömrün ötən günləri.
Hanı, hanı deyirəm, o dilimin əzbəri,
İlk görüş, son ayrılıq xatırında qalırmı?
Görəsən, o gözəl qız məni yada salırmı?

Ötən bulud, uçan quş! Mən burda, yar vətəndə...
Bəlkə düşdü yolunuz bir gün bizim də kəndə.
Görün, bağa-eyvana sərin kölgə düşəndə
O qız yenə oxuyub şən mahnılar çalırmı?
Görün, hər nəğməsində məni yada salırmı?

Onun şeirlərini oxuduqca, fikirləşirsən ki, bu gün üçün bunların hissi-emosional təsiri o illərdə olduğu kimi qalırmı? Əlbəttə, bəzi şeirlərində bunu axtarmaq əbəsdir, ancaq elə şeirlər də var ki, bu gün onlardan öyrənmək heç də pis olmazdı. Məsələn, "Bəxtiyar" şeirində şair təkcə Bəxtiyarın könül dünyasını deyil, həm də müharibənin özünün psixologiyasını yaradır. Şeirdə əsgərin boz şineli, tüfəngi canlanır, bunlar zahiri portreti tamamlayır. Şair əsgərə şeir oxuyur, bu ara toplar atılır. Sonra yüklü bir araba görünür, arabadan xeyli aralı qanlı, yaralı cəsədlər gözə dəyir. Və o həlak olanların içində on bir düşməni torpağa sərən bir igid uzanıb... O, Bəxtiyardır!

Əynində boz şinel, əlində tüfəng,
Nəğmə oxuyursan gülümsəyərək:
"Mən bir qılınc idim, sığmadım qına..."
İri addımlarla gəlir yaxına,
Əlimi sıxırsan, sonra ərk ilə
Məni gah danlayır, gah tutur dilə,
Deyirsən: "Bilirəm, məni anırsan,
Amma fikr etməsə yaxşıdır insan.
Yoxsa dərd adama olar ağır yük.
Könlüm şeir istəyir... Al, bir tütün bük.

Əhməd Cəmil həm də təbiət aşiqi idi və bu xüsusiyyət onun şeirlərində də bariz nəzərə çarpırdı..

Gecə dənizə baxdım -
Ürəyim dağa döndü.
Dənizi mən heç belə çırağban görməmişdim.
Ulduzlar,
göydən suya
enmiş kimi göründü.
Yox, ulduzlara yaxın
heç qayıq sürməmişdim
Xəzəri mən heç belə çırağban görməmişdim.

Heç şübhəsiz, Ə.Cəmil də öz dövrünün şairləri kimi "ənənəvi" mövzulardan yan keçə bilməzdi. "Onun da quruculuq illərinin romantikasını əks etdirən şeirləri olub. Əhməd Cəmil də beynəlxalq mövzuda şeirlər yazıb. Ancaq bu şeirləri də Əhməd Cəmil ürəksiz yazmayıb. "Bu gecə Nəsimi gəlmişdi bizə", "Təbrizdə", "Səməd Behrəngi", "Ancela Devisə", "Zəncilər məhəlləsi", "Kuba vətənpərvərləri", "Xulian Qrimau", "Konqo" və s. şeirlər buna misal ola bilər. Bəlkə də Əhməd Cəmilin o şeirlərində nəsə yaddan çıxacaq, amma şeirin özünün yaratdığı poetik təsir unudulan deyil.
Altmışıncı illərdə öz azadlığı uğrunda mübarizə aparan Konqo həqqında ən gözəl şeirlərdən birini də Əhməd Cəmil yazmışdı:

Ağ oldu qaraların üzünə qara Konqo
Yetmiş beş il tapdanıb
Talanan müstəmləkə
Axır ki, qollarının zəncirini qırdı o.
Daşı, torpağı qızıl
Xalqı ən yoxsul ölkə.

Əhməd Cəmil bədii yaradıcılıqda olduğu kimi tərcüməyə də tələbkarlıqla yanaşırdı. Onun müxtəlif illərdə V.Hüqodan, Nekrasovdan, İ.Frankodan, K.Simonovdan tərcümələri olub və əgər bu tərcümələrə də diqqət yetirsək, poeziyasına xas olan keyfiyyətləri burada da hiss edə bilərik.
Əhməd Cəmilin ömrünün son 10-15 ilində üstündə böyük zəhmət çəkdiyi bir tərcümə əsəri var ki, bu yazıda həmin əsər haqqında söz açmamaq insafsızlıq olardı. Bu, dahi alman şairi Hötenin "Faust" əsəridir. Ə.Cəmilin bu əsərə müraciətinin səbəbi ilk növbədə, Hötenin Şərq xalqlarının ədəbiyyatına məftunluğundan irəli gəlirdi.
"Faust" bütün dünya ədəbiyyatının şah əsərlərindən biridir və bu əsər dünyaya fəlsəfi-mifoloji motivlər əsasında bir baxışdır, azad cəmiyyət qurmaq axtarışlarını əks etdirir (tədqiqatçılar Nizaminin "İskəndərnamə"si ilə bu əsər arasında paralellər axtarmaqda səhv eləmirlər).
Əhməd Cəmil məhz belə bir möhtəşəm əsərə müraciət etmişdi və bu çətin vəzifənin öhdəsindən gələ bildi.
Əhməd Cəmilin son şeirlərinin birində belə misralar var:

İki mininci ildə,
Gəzəcəkmi sözlərim
Yenə ağızda, dildə?!
İnanıram, bilirəm,
Onda mən olmasam da
Qəlblərdə qalacağam.

Əhməd Cəmil səhv etmirdi - bu inamı onun şeirləri, poetik dünyası yaratmışdı.
Əhməd Cəmil 2000-ci ildə də anıldı, indi də anılır və gələcək illərdə də unudulmayacaq.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV