adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM

TOFİQ ABDİN
36615 | 2013-11-23 01:20
Öncələr qəzetimizdə gedən "Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə və xüsusilə qardaş Türkiyədə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Müxtəlif illərdə yazılan və arxivdən aldığımız bu yazılardan görünən bu ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
Hər şair və yazarın həyatı ilə əsərləri arasında bir ilişki mövcuddur. Şair duyğu və düşüncələrini gözəl kəlmələri bəlli bir ahəng içində istifadə edərək anladır, öz iç dünyasındakı fırtınaları digər insanlara duyurmaq istər.
Şair iztirablı insandır...g
Şair özü üçün deyil, milləti üçün ağlayan insandır. Vətəni, milləti üçün iztirab çəkməyən, bu ağır dərdlə dərdlənməyən insanların yazdığı misralar, bir qaralamadan ibarət olacıqdır.
Sənət əsəri bəşəri hisslərə xitab etdiyi ölçüdə qiymət qazanır. Vətən şairi olaraq tanınmış Almas Yıldırımın şeirlərində sənət əndişəsindən ziyadə, vətən, millət əndişəsi vardır. Çünki o sənəti sənət üçün deyil, sənəti haqq üçün, xalq üçün yaratmışdır. Onun şeirlərinə xəyallarda yaşadılan bir sevgili deyil, uğrunda minlərcə, yüzminlərcə insanın özünü fəda etdiyi müqəddəs vətən torpaqları ilham mənbəyi olmuşdur. Vətən, o qədər müqəddəs bir Leylidir ki, heç bir Leylinin bu qədər Məcnunu olmamışdır. Nizaminin, Füzulinin Leylisi güman ki, "vətən"ə qibtə etmişlər. Leyli sonunda ölüb getmiş; ardınca ağlayan bir Məcnun qalmışdır. Amma vətənə olan o dərin eşq, ardında gözü yaşlı, əzablı məcnunlar buraxmışdır. O ülvi sevda minlərin ürəyində yaşamışdır.
Bir şairi yaxından tanımaq üçün onun yaşadığı dönəm və yetişmə tərzinə yaxşı baxmaq gərəkdir. Almas Yıldırımın "Boğulmayan bir səs" adlı əsərində vətənindən əlləri-qolları bağlanaraq sürgün edilmiş bir şairin vətən həsrətiylə hayqırışları rəsm edilmişdir. Bakıdan başlayan bu çiləli yolçuluq, Dağıstan, Türkmənistan və İrandan keçərək Türkiyədə tamamlanır. Əsərin səhifələrini çevirdikcə oxucu bu çiləli səyahət günlərini yenidən yaşayır.
Sürgün böyük insanların daddığı acılardandır. Almas da böyüklüyünə yaraşır bir şəkildə bu acıyı dadmış; çox sevdiyi vətəndən ayrılmaq məcburiyyətində qalmışdır. Bir vətənpərvər üçün dünyada bəlkə ən zor şey; qürbətdə yaşamaq və orada ölməkdir. Şair, bu əzabı çox yaşımış, duyğularını hicranlı misralarında anlatmışdır.

İnsana ən mukaddəs saadət, yüsə dilək,
Sevgililər yanında, doğduğu yərdə ölmək.
Bir cəhənnəm olsa da bana, özyurdum gərək,
Atılırım koynuna sevinərək, gülərək!..
Lanət şairliğimə, şiirimə, həvəsimə,
Nərədəsin ey nazlı yurt, səs ver bənim səsimə.

Şair: "Uğrunda çarpışanlar kolları bağlı gitti" - deyərək, sürgünə gedişini rəsm etmişdir.
Fəqət qolları bağlı gedənlər mütəəssir deyildi. Vətən üçün iztirab çəkmək bəlkə də zövqlərin ən gözəliydi. Almas bunu bilirdi.
Şairin seçilmiş şeirlərinin toplandığı "BOĞULMAYAN BİR SƏS" adlı kitab insanın içindən gələn ümman, ümid və milli duyğuları vicdanımızın ifadəsi olaraq yazılmışdır.
Türkiyənin milli şairi Mehmed Akifin şeirlərində görülən ümid mövzusu Almas Yıldırımda da görünür.

Yəs, öylə bir bataklıktır ki, düşərsən boğulursun.
Azminə sarıl sımsıkı, bak nə olursun...

Bu əsərdə millətinin hicran və hüsranlarını ifadə etməyə çalışan Qafqaz aşiqi Almas Yıldırım, inanmış, nəcib bir millətin əsarətdə yaşayamayacağını və onun ölkəsində bayquşların daha artıq ötməsinə izn verilməyəcəyini anlatmış və bu əzm və iradəylə ömrünün sonuna qədər mücadilə etmişdir.

Atiyi karanlık görərək azmi bırakmak,
Alçak bir ölüm varsa, əminim budur ancak.

Gələcəyi qaranlıq görərək əzmi, qeyrəti əldən buraxmayan ən alçaq bir ölüm olaraq dəyərləndirən Türkiyənin milli şairi Mehmed Akifin bu ümid və əzmi Azərbaycan şairində bu misralarla ifadə edilməkdədir:

Bən yalnız iman ettim kollarımın zoruna,
Bu zor bəni kurtarıp çıkaracak yarına.

İmanla ümidin vəsf olunduğu bu sətirlər istiqbal və istiqlalın ilk müjdəçisidir.
"Boğulmayan bir səs"in ilk şeiri, sürgündə haqqını arayan ananın və bu ananın sürgündəki oğluna duasıyla başlayır. Ədəbiyyatda ana ilə vətən bütündür. Atalarımız: "Ana kimi yar, vətən kimi diyar olmaz" sözüylə bunun ən gözəl örnəyini vermişlərdir. Vətəndən ananın acı və həsrət dolu qoxusu gəlir:

Titrək dudaklarla bəni ararsın.
Yanarsın, yanarsın, annə, yanarsın...

Ədəbiyyatda eşq əsas bir mövzudur. Ancaq Almas Yıldırımdakı eşq bir sevgilinin saçının zülflərinə, gözlərinin gözəlliyinə deyil, vətənə olan eşqdir. Bu ruhla birləşən tərənnümlər öndə Azərbaycan ideologiyasında ən xarakterik özəlliyini göstərir.

Aç koynunu uzaktan gəlmişim çok yaşlıyım,
Ulu yurdu çalınmış bir qarip Kafkaslıyım,
Azərbacan bənim tacım, tahtım oy...
Uyanmaz mı, kör olası bahtım oy...

deyən şair sonunda

Qafqaz, Azəri, Gürcü, Dağlı bir ruh diyə anmışım.
Bən yalnız sənin için ölməyə yaranmışım.

Həqiqətən şairin İstanbulda mədən mühəndisi olaraq çalışan oğlu Azər atasının son günlərini belə anladır:
"Atam ömrünün son günlərində xəstəlikdən zəif düşdüyü üçün, danışmırdı, ancaq həmişə "Azərbaycan" sözünü mızıldanaraq şeir yazırdı. Son nəfəsində də "Azərbaycan! Azərbaycan!" deyərək ruhunu Allaha təslim etdi.
Odlar yurdu Azərbaycan üçün o son günlərini yaşarkən:

Ya bu nə mahpus gibi içimdə çırpınan can,
Sən misin qarip vatan! Sən misin Azərbaycan?

deyirdi.
Beləcə Almas Yıldırımın şeirləri həyatının və ruhunun keçirmiş olduğu bütün acılı səhifələri əks etdirməkdədir. Azəri Türkünün duyğularına tərcüman olmuş Yıldırımın şeirləri vətənin yaralarını və dərdlərini anladır. O, bir çoxu kimi ruslara boyun əyməmiş və sənətini öz dərdlərini ifadə etməklə yaşatmışdır. Rus imperializminə qarşı onun ən kəskin silahı qələmi olmuşdur.

Bir gün gəlir koşaraq yurdumun harayına,
Bən isyan ədəcəğim Krəmlin sarayına,
Nə düşər yurdu batmış bir yigidin payına?
Ya şərəfli istiklal, ya kızıl kan dağlar...
Yərə gətsin Krəmlin, kalmasın taş üstünə taş,
Hür insanlık uğruna, başlasın kutlu savaş,
Vakit gəlmiş, əy zaman, bir ölüm şarkısı çal,
İhtilal istiyorum, mukaddəs bir ihtila!..

Türk birliyinə və Türkün tarixi böyüklüyünə inanmış və şeirlərində vətən eşqi, Türklük sevgisi, fədakarlıq, əzm və mətanət şüurunu gələcək nəslə çatdırmağa çalışan şairin tək idealı qızıl qüvvətə qarşı "insanlara hürriyyət, millətlərə istiqlal..." şüarını özünə bayraq etmişdir.

Bən diyordum Kayıhandır soyumuz,
Bir kaynaktan varlığımız, boyumuz,
Dilim dili, yolum yolu əməl bir,
Bir bayrakta yıldızımız ayımız,
Azəri, Türk, Türkmən var mı oyrılık,
Nərdən doğdu bu imansız ayrılık?

Həsrətini içindəki çilələrlə yaşatdığı sevdiyi şəhər Bakıdan ayrılarkən, o daima, geriyə dönəcəyinə inanaraq yaşamışdır. "Səssiz gedənlər hayqıraraq dönərlər". Eyni haqq və həqiqətləri insanlara təbliğ edərkən Məkkədən ayrılmağa məcbur qalmış Hz. Məhəmməd, 10 il çilə çəkdikdən sonra doğulduğu şəhərə 10 min adamla dönmüşsə, Almas Yıldırımın da uzun illərdən sonra "idealı və fikirləri" vətənə dönmüşdür.
Nə yazıq ki, onun qısa ömrü bu müqəddəs əməlinin gerçəkləşməsinə yetməmiş, ancaq onun ölkəsi Azərbaycan gəncliyində bir ideal olmuşdur.

Ölmək mi... Ya ümidə bəl bağlasam,
Yurdum için biraz daha ağlasam?..

Almas Yıldırımın göz yaşlarıyla sulanan Azərbaycan topraqlarında, minlərcə Almas Yıldırım doğulmuş və Sovet imperializminə ilk etiraz olan mitinqlərdə Azadlıq meydanı onun şeirləriylə inləmişdir.
"Boğulmayan bir səs" həqiqətlərin çılpaq dünyası, bitmək bilməyən bir ümid və ölü vicdanlara həyat verən bir haraydır. Çünki həqiqi şeir hər an əbədiyyət kimi qala bilən bir şeirdir. "Boğulmayan bir səs"in sahibi şeirləriylə və əziz xatirələriylə hər Türkün içində yaşayacaqdır.

ALMAS YILDIRIM kimdir

1907-də Bakıda doğulub. Atası Abdülməhəmməd bəy, anası Nisa xanımdır.
İlk təhsilini iranlıların Bakıda açdığı "İttihat" məktəbində farsca olaraq almışdır. İlk və orta məktəbi Birinci Dünya Savaşı və qanlı Rus ixtilalı içində tamamlayan Yıldırım, 1925-də 12 Bakı Lisesini bitirdi. 1927-də Bakı Şərq Ədəbiyyatı Fakültəsinə qeyd olundu. Fəqət fakültəyə qeyd olunmaq üçün verdiyi bəyannamədə tacir çocuğu olduğu anlaşılaraq başqa tacir çocukları ilə bərabər kommunistlər tərəfindən fakültədən çıxarıldı. Almas Yıldırım, daha sonra yeni qurulmuş olan Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinə girdi. Cəmiyyət, proletar yazıçılar və çığırdaşlar deyə iki dəstəydi. Şair, çığırdaşlar bölümünə qatıldı. O sıralarda yazdığı "A Dağlar" adlı şeirini İstanbulda çıxan "Hayat" dərgisində yayınlatdı. Bu şeir proletarlar arasında şiddətli bir çaxnaşma yaratdı. Bunun üzərinə cəmiyyətdən çıxarıldı. N.K.V.D. tərəfindən təqib edildi və Dağıstana sürüldü. Orada iki il qaldı və bir çox milliyyətçi ilə tanış oldu. Şeirləri əldən-ələ dolaşdı. Bu sırada Azərbaycanda onun şeirlərini toplayaraq, "Dağlara səslənirkən" adlı bir kitab buraxırlar. Fəqət bu kitab kommunist idarə tərəfindən toplanıldı. Bundan sonra Türküstana sürüldü. Bu sürgünlər onun Türk dünyasını yaxından tanımasına vəsilə olduğu için üzücü olmurdu. Həttə deyirdi ki: "Mənim bu şəkildə dolaşmam onlar üçün daha fəna olur. Mən yurdumun hər bucağını gəzirəm. Türküstanda 32 infi olan bir məktəbdə müdür işləməyə başladı. Fəqət bu vəzifə də onu kommunistlərə alət etmədi. Həyatının təhlükədə olduğunu anlayan Almas Yıldırım Aşqabadda evləndiyi qarısı və üç aylıq oğlu Azər ilə birliktə 1933-cü ilin iyununda bir qaçaqçı karvanı ilə birlikdə İrana qaçdı. İran hüdudunda yaxalandı və həbsə atıldı. Nəhayət, bir yol tapıb həmin ildə də Türkiyəyə gəlib Elazığda yerləşdi. İlk öncə Paluda Karaca Bucağı ibtidai məktəbində müəllim vəkilliyində, daha sonra da müxtəlif yerlərdə çalışandan sonra, nəhayət 1951-ci ilin sonlarında Malatyanın Qala kənd məktəbində müdir təyin edildi. 14 yanvar 1952-də böyrək çatışmamazlığı xəstəliyindən dünyasın dəyişdi.
Almas Yıldırım Türkiyədə qaldığı 19 illik həyatında Çınaraltı, Gökbörü, Bozkurt, Orhun, Özləyiş, Aras və Komünizmlə Mücadilə dərgilərində şeirlər yazmış, vətən və Türklük mövzuların atəşli misralarla ifadə etmişdir. Şeirlərində daima heca vəznindən istifadə edən Yıldırım mərd yaradılışlı, sağlam xarakterli bir şairdi.
Əsərləri: "Dağlara Səslənərkən", "Boğulmayan Bir Səs", "Azərbaycan Maniləri".

Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV