adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ƏN BÖYÜK SƏADƏTİ VƏ ƏN BÖYÜK DƏRDİ YAŞAYAN...

BABƏK YUSİFOĞLU
50767 | 2013-11-19 00:16
Tarix boyu aqil insanları düşündürən saysız-hesabsız məsələlərin sırasında bir sual da var ki, onun cavabı çox olsa da müxtəliflik üzündən kimsə həmin cavablardan hansı birinin dəqiq olduğunu söyləyə bilməz: Xoşbəxtlik nədir? Deyilənə görə, nə qədər insan xarakteri, dünya baxışları varsa, bir o qədər də xoşbəxtlik anlayışı mövcuddur. Yəni hər kəs xoşbəxtliyi özünəməxsus görür.
Lakin məntiqi ümumiləşmə aparsaq insanların çox böyük əksəriyyətinin bu məsələdə fərqliliyini yox, oxşarlığını görmək mümkündü: rahat, firəvan həyat, yaxşı şərait, gözəl ailə, yaraşıqlı ev... Və nəhayətdə bütün bunların əldə edilməsi üçünsə çoxlu pul... Yəqin elə ona görə də böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoy yazmışdı: "...bütün xoşbəxtlər eyni cür xoşbəxtdirlər, amma bədbəxtlər müxtəlif cürdürlər".
Mənim düşüncələrimə görəsə xoşbəxtlik fərdin ruhi, psixoloji, mənəvi aləmi ilə bağlı olduğu üçün o, bir an, bir məqam, hansısa zaman kəsiyində yaşana bilər və sonuclanar. Yəni bütövlükdə xoşbəx bir ömür deyilən variantın mövcudluğuna inanmıram. Belə olsaydı bütün varlılar xoşbəxt, bütün kasıblar bədbəxt olmalıydılar... Və belə bir yanlış iddianın izahına ehtiyac belə yoxdur.
Çox maraqlıdır ki, əksəriyyət pulu xoşbəxtliyin təminatçısı hesab etsə də onun həm də böyük bəbəxtliklər gətirdiyi haqda saysız-hesabsız örnəkləri var. Əlbəttə, mən bununla heç də sübuta çalışmıram ki, adamlar rahat, maddi cəhətdən təminatlı həyat üçün doğrudan da əsas amil olan pulu baykot etməlidirlər ki, bədbəxtliyi özlərindən uzaqlaşdırsınlar. Xeyr. Mən bu fikirdən çox uzağam və belə bir iddianı qəti doğru saymıram. Sadəcə, xoşbəxtliyin parada aranması doğru deyil...
Azmı milyardları olan insanlar qurtuluşlarını intiharda görüblər... Çoxlu pul əldə edəndən sonra Tanrını, rahatlıqlarını, sevgisini, insanlığını, daha nələrini itirib əzablara qovuşanları saymaqla qurtarmaq mümkündürmü? Əsla yox. Elə Frensis Skott Fitzcerald da pulun-paranın içində üzəndən sonra sevinə biləcəyi, xoşbəxt olacağı hər şeyi bir-bir itirib əvəzində boşluq qazanmadımı? Amerika ədəbiyyatının böyük adlarından biri, istedadlı yazıçı Frensis Fitzçeraldı deyirəm...

(Əvvəli qəzetin 5 noyabr sayında)

Qeyd etdiyim kimi, Fitzcerald hekayə, roman yaradıcılığı ilə yanaşı digər janrlarda da qələmini işlətməkdən çəkinməmişdi. Belə ki, ondan söz açarkəın yaddan çıxarmaq olmaz ki, Frensis Skott pyeslər də, ssenarilər də qələmə alır, hətta vaxtaşırı publisistik yazılarla çıxış edirdi. Bütün bunlara baxmayaraq həmin ərəfədə yazıçının kitab çapında müəyyən fasilə yaranmışdı. Və o anlayırdı ki, oxuculara yeni bir roman təqdim etməlidir. Çünki insanlar yalnız bir uğur haqqında nə qədər danışılacaqdı ki?..
Frensis Skotun yenicə tamamladığı "Gözəl və lənətlənmiş" əsəri 1922-ci ildə nəşr olundu. Müəllif burada maraqlı, maraqlı olduğu qədər də o dövr üçün aktual olan bir mövzuya müraciət etmişdi. O, peşəkar yazıçı ustalığı ilə aristokrat cəmiyyətin iki istedadlı, gözəl cütlüyünün həyatını, onların yaşadıqları əzabları, yaradıcılıqlarındakı təlatümləri təsvir etmişdi.
Əsərin maraqlı kompozisiya üzərində qurulması, obrazların təbii formada göstərilməsi, oxucunun daim intizarda saxlanması onun sanbalını daha da artırırdı. Həmin roman da səs-küy yaratdı. Müəllifin şöhrətinin östünə yeni şöhrət qazandırdı. Bütün bu uğurlardan ruhlanan Fitzcerald elə həmin il "Caz əsrinin nağılları" adlı hekayələr kitabını çap etdirdi.

GÜNDƏMDƏN DÜŞMƏK İSTƏMƏYƏN CÜTLÜK

Həm Frensis Skott, həm də Zelda üçün həyatın ən gözəl anları biri-birini əvəz edirdi. Onlara elə gəlirdi ki, yaşadıqları zənginlik, kübar məclislərin gözqamaşdırıcı parıltısı, insanların diqqət mərkəzində olmaq, bir sözlə içərisində olduqları bu bənzərsiz həyat əbədiyyətə qədər davam edəcək, ya da heç bir sınağa məruz qalmayacaq.
İnsan oğlu taleyin şirin, cəzbedici sürprizləri olduğu kimi zəhər tək acı yaşantılarının da mümkünlüyünü əsla unutmamalıdır. Onlar da həyatın bumbuz üzünü, çarəsizliyi, faciələri... görəcəkdilər, amma bütün bunlar bir qədər sonra başlayacaqdı. Hələlik onlar özləri üçün heç nəyə yasaq, məhduduyyət qoymurdular. Hətta yaşadıqları bu qeyri-adi həyatın həyəcanını daha da artırmaq üçün ağıla gəlməyən şıltaqlıqlardan, daha doğrusu insanları şaşırda biləcək davranışlardan belə çəkinmirdilər. Sanki sahibləndikləri hər şey onlara az idi.
Belə ki, bəzən onlar taksinin içində deyil, "dam"ında otururdular, şəhərin ortasında fontanın içərisnə girirdilər, yaxud Zelda teatra elə açıq-saçıq geyimdə gəlirdi ki, abırlı adamlar ona baxmağdan belə utanırdılar, elə zamanlar da olurdu ki, çütlük həftələrlə xəbərsiz-ətərsiz yox olur, sonrasa şəhərin ən ucuz otellərinin birində "tapılırdılar"...
Bir sözlə cəmiyyət onları bir anlıq belə unuda bilmirdi. Və bütün bunlar onlara çox zövq verirdi. Bu ən çox Zeldadan qaynaqlanırdı. Əslində çox varlı, zəngin bir ailənin övladı olduğu üçün o həyatında yeni-yeni "həyəcanlar" yaşamağa çalışırdı. Zənginlik içərisində xumarlanan, özünə ağıllı, gərəkli bir məşğuliyyət tapa bilməyən, işləməyi ağlına belə gətirməyən, həyatın mənasını yalnız əylənməkdə, restoranlarda keçirməkdə, içkidə görən bir insan necə olmalıydı ki?..

AVROPAYA... VƏ YENİ ŞEDEVR

Frensis Skott Fitzceraldın 1923-cü ildə çap olunan pyesi bəlkə də gələcək uğursuz taleyin bir siqnalı idi. Çünki əsər o qədər də bəyənilmədi. Hətta belə demək mümkünsə pyes müəllifin hörmətindən, şöhrətindən xərclədi. Və qısa zaman içərisində şöhrətin üst qatlarına yüksələn Frensis Skott üçün bu gözlənilməz idi. Bundan sonra o, xeyli müddət kitab çap etdirmədi. Növbəti ilsə səyahətə - Avropaya getməyi qərarlaşdırdı. Və beləıliklə 1924-cü ildə Fitzcerald əvvəlcə İtaliyaya, daha sonra isə Fransaya gəldi.
Fitzceraldın yaradıcılığının Paris dövrünü məhsuldar adlandırmaq mümkün olmasa da uğurlu hesab etmək mümkündü. Çünki Nyu-Yorkdan, ümumiyyətlə Amerikadan fərqli olaraq yazıçı burada yeni mühitə, yeni tanışlıqların arasına düşdü, məhz bu zaman dünya şöhrətli yazıçı Ernest Heminqueylə tanışlığı dostluğa çevrildi, ən əsası isə gözəl, dünyaya səs salan bir əsəri - "Böyük Getsbi"ni ərsəyə gətirdi. 1925-ci ildə çap olunan bu roman sonuncu əsərinə dodaq büzən oxuculara sübut etdi ki, o heç də təsadüfən parlayan istedad sahibi deyil. Hətta çoxları "Böyük Getsbi"ni əsl ədəbi hadisə adlandırmağa başladılar.
Mühitin mənəvi eybəcərliklərini, cəmiyyətin qəddarlığını və düşüncələrdə hökm sürən iddiaları olduğu kimi, bütün çılpaqlığı ilə təsvir etməyi bacaran Frensis Skottun özü də bu əsərini Amerika ədəbiyyatının şedevri sayırdı. Dünya şöhrətli böyük amerikan yazıçısı Teodr Drayzer yazmışdı ki, Fitzcerald zənginlərin mənasız baha həvəslərinin ifşası ilə məşğuldur.
İndi hər kəs inanırdı ki, Fitzcerald heç də yazıçı kimi tükənməyib, istənilən zaman bənzərsiz əsər ortaya qoya bilər. Çünki o, fitri istedad sahibiydi. Amma...

"QARA ZOLAĞA" DOĞRU

Amma artıq alkoqol bağımlısına çevirilməkdə olan arvadi Zelda "Böyük Ketsbi"dən sonra şöhrətinin pik dövrünü yaşayan, böyük pullar qazanan yazıçıni hər kəsə, hər şeyə, hətta yaradıcılığına, şöhrətinə qısqanmağa başlamışdı. Ona elə gəlirdi ki, əri onunla daha az maraqlanır, özünü başqa yerlərdə axtarır. Həmin ərəfədə özü bir təyyarəçi ilə bir romantik macəralar yaşasa da Frensisi hər şeydə günahlandırırdı. Fərqinə varmasalar da ailə uçruma sarı yuvarlanmaqdaydı. Onlar atasının şərəfinə Skotti adlandırdıqları qızlarına belə kifayət qədər vaxt ayırmırdılar. Zelda həm də kəskin əsəbi davranışlar sərgiləyirdi...
Ailədaxili problemlər içərisində gərgin həyat sürən cütlük bir də maddi sıxıntıları da hiss etməyə başlamışdılar. Düzdü, Fitzcerald çap olunmuş kitablarından kifayət qədər böyük paralar qazanmışdı, lakin bu pullar onların sürdyü çox bahalı həyata, əyləncələrə... uzun müddət davam gətirə bilməzdi. Bundan başqa yazıçı "Böyük Getsbi"dən sonra böyük gəlir gətirə bilən kitab çap elətdirə bilməmişdi. Onun bu arada, yəni 1926-cı ildə yalnız bir kitabı - "Bütün bu kədərli gənc insanlar"ı çap olunmuşdu ki, bu da əvvəlki romanın böyük təsirindən sonra çox sönük təsir bağışlamışdı.
Hətta həmin dövrün bir sıra tənqidçiləri Fitzceraldı raketə bənzədirdilər ki, o, çox sürətlə yüksəklərə qalxdı və enerjisi bitəndən sonra sıradan çıxdı. Əslində bu fikirdə müəyyən doğru çalarlar var idi. Frensis Skott uzun müddət diqqətləri özünə cəlb edəcək bir şey ortaya qoya bilməmişdi. Və yaranmış vəziyyətdən o özü də çıxa bilmirdi. Hətta elə anlar olurdu ki, yazıçı özü də Avropada keçirdiyi həyatı itirilmiş hesab edirdi. Ona elə gəlirdi ki, bədbəxtliklər məhz Avropada başlayıb. Və xəbəri yox idi ki, qarşıda onu daha bəlalı günlər gözləyir...

(Ardı qəzetin 26 noyabr sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV