adalet.az header logo
  • Bakı 17°C

Payız simfoniyası...

SAMİRƏ ƏŞRƏF
31386 | 2013-11-16 12:04
Əvvəllər rayonda olanda bütün ömrü kəndə, dağda-aranda keçmiş babamdan eşitdiyim qəribə bir söz vardı. O, şəhər evlərini kibrit qutusuna bənzədirdi. Bakıda dörd övladı yaşasa da, rəhmətlik kişi bircə dəfə olsun onların evində gecələməzdi. Boğçasını mer-meyvə, əmlik quzu əti ilə doldurub şəhərə gələr, elə gəldiyi gün də geri dönərdi. Kəndə gəlib çatanda kişinin gözlərinə işıq gələrdi.
Sonra məlum müharibə başlandı. Babam bu dəfə də inadına salıb ilk köçünü Muğan rayonlarının birinə etdi. Dayılarım nə illah edirdilərsə, onu heç cür şəhərə gətirə bilmirdilər. Lakin heç bir yerdən qazancı, düz əməlli ev-eşiyi olmayan, üstəlik nənəmin xəstəlikləri kişini günün birində şəhər həyatından məğlub etdi.
Yadıma gəlir o, hər gün səhər evdən çıxıb gəlib oturardı Axundov bağında. Günorta evə nahara gedər, axşamlar yenə də bağa ayaq açardı. Əvvəllər bircə gecə qala bilmədiyi kibrit evlərdə yaşamağa indi o, bir ömür boyu məhkum olunmuşdu.
Babamdan söz açmağımın səbəbi ondandır ki, mən də kibrit evlərdə yaşamağı sevmirəm. Təsəvvür edin ki, binanın yeddinci mərtəbəsində hər tərəfi boşluqla əhatə olunmuş vəziyyətdə daima necə yaşamaq olar?! Təbiətdən büsbütün uzaq bir yaşayış.
Bəzən küləyin sovurub eyvana atdığı adi bir quru yarpaq adam üçün qəribə, xoş bir duyğu verir.
Bu yaxınlarda eyvandan payızı seyr edirdim. Qəfildən gözüm bizim eyvanın bir küncündə öz üçün yuva qurmağa çalışan bir göyərçinə sataşdı. Göyərçin hər şeyi o qədər dəqiqliklə yerinə yetirirdi ki, mən heyrət edirdim. Ümumiyyətlə bəzən mən heyvanların şüursuz olması fikrinə şübhə edirəm. Çünki, bir quşun dimdiyində çör-çöpü dənə-dənə daşıyıb gətirib bir yerə səliqə ilə yığması, üstəlik həmin gətirdiklərindən özünə yuva düzəldib orda balalaması şüursuz bir işə bənzəmir axı.
Nə isə, mənim eyvanımın qonağı iki, üç gün əlləşdikdən sonra axır ki, özünə babat yuva qura bildi. Bir neçə gün də keçəndən sonra onun yuvasında iki yumurta peyda oldu. Daha bir neçə gündən sonra yuvada çox balaca, çəhrayı bozumtul bir canlı olduğunu gördüm. Balalardan biri doğulmuşdu. Ana göyərçin bir neçə gün bizim eyvandan uçub gedirdi. Göyərçin qarşıdakı ağaclardan özünə və balasına yem toplayırdı. Dimdiyində saxlayıb gətirdiyi yemlə bala göyərçini yemləyirdi. Bala göyərçin bir həftənin içərisində o qədər sürətlə böyümüşdü ki, az qala anasına çatmışdı. Günlərin bir günü ana göyərçin onu tərk edib getdi. Bala göyərçin uzun müddət tək qaldı. Lakin, bir gün eyvana çıxaçanda bala göyərçinin də yuvadan uçduğunu gördüm. O da uçub getmişdi... Yuvada bircə yumurta qalmışdı. Doğulacaq o biri balanın bəxti gətirməmişdi...
Təbii ki, burda ən pis vəziyyətdə qalan mən idim. Çünki, ilk olaraq onların hərəkətlərini, yaşayışlarını izləməkdən məhrum olmuşdum. İkincisi isə özümə qarşı qəribə bir vəfasızlıq hiss etmişdim. Axı mən əlimə keçən çörək, piroq qırıntılarını onlara səpələyirdim. Üstəlik yuvadan xəbəri olan hər kəsin göyərçin yuvasının düşər-düşməzi olar adına yuvanı dağıtmaq cəhdlərinə qarşı çıxıb, mübarizə aparmışdım.
Nə isə payız gəlmiş, quşlar isə uçub getmişdi. Yağışlar da yağmışdı. Amma mən heç yerə getməmişdim. Babam demişkən hələ də kibrit evlərdə hansısa təbiət möcüzəsini gözləyə-gözləyə yaşayırdım...

Samirə Əşrəf

TƏQVİM / ARXİV