adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Təpəgözsüz nağıllar...

XURAMAN HÜSEYNZADƏ
35252 | 2013-11-16 11:56
Tunarın 3 yaşı yeni tamam olub. Bütün uşaqlar kimi nağılı çox sevir. Bir çox uşaq kimi "r" hərfini düzgün tələffüz edə bilmir. Zəmanə uşaqlarının bəzisi kimi hamını adı ilə çağırır. Şeirdən heç xoşu gəlmir. Bildiyi yalnız "Ata" şeiridir ki, onun da müəllifi özüdür. 3 dəfə əllərini yana açır, hər dəfə "Ata şeiri" sözünü təkrar edir. Olur "Ata şeiri". Vəssalam.
Tunar yatmaq istəyirdi. Məndən nağıl danışmamı istədi. Bəzi xüsusiyyətinə görə yaşıdlarından fərqləndiyini bildiyim üçün söhbətimizi yazmağı qərara aldım...
- Tunar, biri vardı, biri yoxdu, balaca bir oğlan vardı. O, çox ağıllıydı. Ata-anasını incitmirdi.
- Onun aypədi valıydı?
- Hə, var idi.
- Aypəd alanda atanı incitmilləl.
- Bu oğlanın adı Məlikməmməd idi.
- Yox, Tunaldı. Mənim kimi balacadı. Qoca baba deyil.
- Yaxşı. Adı Tunar idi. Balaca Tunar hər gün yemək yeyirdi ki, tez böyüsün. Anası ona hər gün dadlı yeməklər bişirirdi.
- Yemək çox yesə gonbul olal. Vitaminli meyvə yesin. Bi də yoqult yesin.
- O, vitaminli meyvə, yoqurt yeyib tez böyüyür. Atasına kömək edir.
- Atasının maşını val?
- Hə, var.
- Nə maşınıdı ki?
Bildiyim maşın adlarını sayıram. Razılaşmır. Axırda öz variantını deyir.
- Nənəsi hər gün Tunara nağıllar danışır.
- Nənəsinin davlenisi olul?
- Hə.
- Nənəsi onda limon yeyil?
- Yox, yemir.
- Dəlman içil?
- Hə, içir. Niyə soruşursan ki?
- Heeeç. Skolu pomuş gəlməsin da, onunçün.
- Tunar, gəl, sənə Cırtdanın nağılını danışım.
Qışqırır:
- Eeee, yooox! Yalançı nağldı o. Div yoxdu heç yanda. Biz zoopalka getmişdik. Olda da yoxuydu. Yalan danışma mənə!
Evlərində olan nağıl kitablarını gözdən keçirirəm. Birini göstərirəm. Nəfis tərtibatlı, gözəl illüstrasiyalar çəkilmiş kitabı oxumaq istəyirəm. Mənə acıqlanır ki, pisdi, oxuma. O, yatandan sonra dörd nağıl kitabını oxuyacaqdım və görəcəkdim ki, həqiqətən də çox maraqsız, sırf biznesə-satışa hesablanmış nağıllardı.
- Yaxşı bəs necə nağıl istəyirsən?
- Div, ayı, canaval olmasın daaa. Pişik olsun, bil də toyuq, inək. Nənəgilin bağı, ananas, banan, Nissan, Maşa...
Üzünə təbəssüm qonur. Gözləri yumulur və yuxuya gedir. Nə bilim, bəlkə də mənim danışa bilmədiyim nağılı görür yuxusunda... Həmin rəngli-Divsiz, Təpəgözsüz, canavarsız, cənnət kimi bir aləmdə olur...
Anlayıram.
Və Həzrət Əlinin o kəlamını xatırlayıram: "Uşaqlar ata-analarından çox zəmanələrinə oxşayır".

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV