adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

OQTAY XALLOĞLU

MƏMMƏD DƏMİRÇİOĞLU
41895 | 2013-11-16 11:53
"OQTAYI DUBEYTI"

Akif Səmədlə, Oqtay Xalloğlu duetiydi "Oqtqyı dubeyti". Oqtay, Akif Səməd yaradıcılığında ən çox sevdiy "Amandır, ay gedən əylən" şeirinə bəstələmişdi bu Dubeytini. Akif Səmədin də ən çox sevdiyi saz havasına dönmüşdü, adını özü yaraşdırdığı "Oqtayı dubeyti". Oqtaydan sonra bu havanı daha da mükəmməlləşdirib oxuyan ilk aşıq Aşıq Qərib İncəli oldu.
Aşəq Qərib İncə dərəsinin aşıq bolluğunda uca bir dağ kimi seçılən aşıqlardandı. Bu sıra dağların içində "Avdı zirvəsi", "Cəlal zirvəsi", "Şəmistan zirvəsi", "Kərəm zirvəsi", "Yəhya zirvəsi", "Sadıq zirvəsi" möhürləndi. Kəpəzə, Murova, Şahdağa bənzəyən bu zirvələrin sağını, solunu qucaqlayan bu dağ silsiləsindən son zamanlar bir zirvə də, "Nazim zirvəsi"də möhürləndi.
Ulu İncə dərəsi saz-söz yurdudu deyirlər. Bu bir həqiqətdir. Bizim "Göy Hücrə" kitabımızı sonacan oxuyan hər kəs bunun canlı şahidi olacaq (İnsan mənzərələri"ni "Göy Hücrə" adlı kitab halında çap etdirmək niyətindəyik).
Bu gün saz yarışmalarında da, Azərbaycanın aşıqlıq məkanında da öz sözünü demiş, Aşıq İlham Astanbəyli, Şaiq İncəli, Qərib İncəli, Hasan Şəmistanoğlu, Hüsən Şəmistanoğlu, Kifayət Şəmistanqızı, Mahal İncəli, Dilman Astanbəyli, Vüsal Dilmanoğlu və s. kimi aşıqlarımız İncə aşıq-ozan sənətinə öz möhürlərini vurmuş sənətkarlardılar...
Mətləbdən xeyli uzaqlaşdıq. Aşıq Qərib Oqtayı dubeytisini oxuyanda Ağamalı Sadiqi xatırlamamaq mümkün deyildi: "...Yaldan aşan o karvana, Yetirin yoldan olanı". İncə yazarlarının mürşüdü olan Ağamalı Sadiq o karvana çox tələsirdi. Tələsib də 48 yaşında o karvana qovuşan mürşüdünü dayandırmaqmı istəyirdi, Akif Səməd?

Bu nə yeriş, bu nə nazdı,
Amandı, ay gedən, əylən.
Bu günlər yoxsa, sabahlar
Gümandı, ay gedən, əylən.

Gülə can verən arıyıq,
Yönü sevdaya sarıyıq.
Ölüm heç nədi, ayrılıq
Yamandır, ay gedən, əylən.

Açıb yasəmən kolları,
Açılıb bizə qolları.
Tanı getdiyin yolları,
Dumandı, ay gedən əylən.
Bu şeirlə Akif, özünü də dayandırmaq istəyirdi. Özü də o karvana çox sürətlə yaxınlaşırdı. Bunu hiss edən Oqtay özünün bəstələdiyi dubeyti üstündə bu şeiri xüsusi şövqlə oxuyar, özünə məxsus eydirmələrlə bəzək-düzək vuraraq könülləri riqqətə gətirərdi.
Akifin tez gedəcəyinə əmin idi, onu qorumağa çalışırdı, onun dərdini çəkirdi, amma atalar demiş, sən saydığını say, gör fələk nə sayır...
Əlli illik yubileyimi "Dəli kür" restoranında keçirmək qərarına gəldik. 2001-ci ilin iyul ayının 4-də. Butün dostlar toplaşmışdıq bir yerə. Məclisi Qafar Sərıvəlli aparırdı. Akif Səməddən sonra söz Məmməd İlqara verildi. Məmməd çıxışını belə tamamladı:
- Əziz dostlar, Dəmirçoğlunun şərəfinə çox sağlıqlar deyildi, ona həsr olunmuş şeirlər oxundu. İndi oxuyacağım şeiri isə, Oqtay Xalloğlu Daşkəsən yaylaqlarından telefon bağlantısıyla mənə oxudu, mən də sizlərin nəzərinizə çatdırıram. Amma bu başdan bəyan edirəm ki, bugünkü çıxışlara və şeirlərə görə yer ayırası olsaydıq, mən birinci yeri Oqtayın telefondakı çıxışına, bu oxuyacağım şeirə verərdim:

Məclisi aparan tamada qardaş,
Məmməd sağlığına süz 50-sində
Şöhrəti, hörməti nədisə söylə,
Əyri görünməsin düz 50-sində.

İllər yanımızdan ötdü yel kimi,
Havalan, zirvələn bizim el kimi.
Çalxan dərya kimi, çağla sel kimi,
Toy-nişan eyləyək biz 50-sində.

Xalloğlu Oqtayın qoç qardaşları,
Adam unudarmı heç qardaşları?
Yığıb başımıza yar-yoldaşları
Kef edək Məmmədin 150-sində.

Moskvada işlərimlə bağlı səfərdəydim. Qayıdan başı təyyarə limanında məni qardaşım Tahir qarşıladı. Çöhrəsində qara buludlar dolaşırdı. Əvvəlcə səfərim haqda sorğu-suallar etdi. Sonra üzümə baxıb:
- Bir ağır xəbər var, amma xahiş edirəm sarsılma...
Hər Bakıya gələndə kimi də olmasa, Akifi mütləq görməliydi, dərdləşib daxili dünyasına müsbət enerjilər toplayar, içinə dolmuş ağır məişət qayğılarından, mürəkkəb iş rejminin yorğunluqlarından azad olub yüngülləşərdi.
Budəfəki işiylə bağlı səfərində yolunu Ağsu yoluyla saldı. Aprel ayı olduğundan təbiət qış yuxusundan silkinmış, səbirsiz ağaclar aprel yağışlarından, qəfil düşə biləcək şaxtalardan çəkinmədən şövq ilə pardaxlanaraq çiçəkləmişdilər. Təbiətin aprel dönəmində Ağ su perevalıyla getməyin bir ayrı ləzzəti var. Baharı Məcnun Leylisini sevən kimi sevən bu şair təbiətli, bütün vücudu eşq aləmində bulunan bu qaynar təbiətli insan, bu aylarda sanki çiçəklərlə yenidən dünyaya gələr, şehli puçurlarda bükülü qalmış arzuları yenidən dünyaya göz açardı.
Ləkidən Ağdaşa burulanda göy gurladı, hava bozardı, çisginlə başlayan yağış güclənməyə başladı. "Bu yağış hardan başladı" - deyib, şüşə təmizləyiciləri işə saldı. Kefini durultmaq üçün dodaqaltı zümzümə etməyə başladı: "Sənsiz qüssə kədərim, çağlar a tərlan balam..." - Qarşıdan gələn maşınların təkərlərindən sıçrayayan sular qabaq pəncərəsinə çırpılır, şüşə təmizləyici suyu təmizləyənə kimi bir anlıq qarşı tərəf görünməz olurdu. Bütün bunlara baxmayaraq ovqatını pozmadan səsini bir az da qaldırdı:

Eşqimiz ufuldadı,
Günah mən tifildədi,
Sevgimiz qıfıldadı.
Ağlar, a tərlan balam.

"06" markalı maşın Göyçayın kənarları nar bağlarıyla bəzənmiş yollarıyla şütüyürdü. Yağış səngisə də hələ tamam kəsməmişdi. Xəyalları İncə dərəsində, yaşıl yamaclarda açılmış lalərin nərgizlərin yanına uçub getmişdi. Gözləri yol çəkən Vəzzühəsi açıq pəncərədən yenicə çiçəkləmiş gavalı ağacına baxırdı. Gözlərində donmuş yaş gilələri gavalı ağacının çiçəkləri üstündə titrəşən yağış damcılarına bənzəyirdi. Gavalı ağacı da yaman kövrək, ağlağan olmuşdu Vəzzuhə yıxılan gündən. Taburet onun ayağının altından sürüşəndə sanki göy gurlamışdı...
Gurultu, şaqqıltı səsi qulağını deşdi sanki. Gözləri önündə baş verən mənzərə necə ani baş verdisə əvvəlcə heç nə anşıra bilmədi. Qarşı-qarşıya çırpıldığı maşının mühərrikinin göylə necə uçduğunu gözləriylə gördü. Öz maşınının mühərriki salonun içinə girmişdi. Sinəsini oturacağın arxasına sıxmış sükan məngənəyə oxşayırdı. Bütün bədəni iflic olmuşdu. Nəfəsi daralmışdı, məngənə arasında ağır-ağır nəfəs alaraq qəza keçirdiyini anladı. Şüurunu itirməmişdi. Bir an keçdikdən sonra içini yandıran ağrını hiss etməyə başladı. Gözlərinə enən qaranlıq güclənməmiş, güc-bəla ilə əlini cibinə sala bildi. Telefonu bir təhər çıxardı, əlini qatlanıb qarnına girmiş dizinə söykəyib Göyçayın hərbi komissarı olan dostuna zəng etdi: "Dostum, sizin ərazinizdə qəzaya düşdüm, özünü yetir". Sonra ... Vəzzuhəsi gəldi gözünün önünə... Telefonu qurdalayıb, yeznəsi Şahinin nömrəsini də tapa bildi: "Şahin, avaryaya düşdüm, Göyçayda" - bunu deyə bildi. Maşının dövrəsinə xeyli adam toplaşmışdı. Bu müdhiş qəzada su gölməçəsindən sıçrayan su axını qarşıdan gələn avtomobillə birgə hər iki sürücünün görmə imkanlarını əllərindən almış, baş-başa toqquşmuşdular. Qarşıdan çırpılan maşında üç nəfər var idi. Həmin maşının mühərriki yerindən qoparaq 10-15 metr uzağa düşmüşdü. Oqtayın idarə etdiyi maşının qabaq hissəsi tamamən içəri girmişdi. Yığışanlar təcili yardım gələnə kimi Oqtayı gücbəla ilə maşından çıxara bilmişdilər. Xəstəxanaya çatdırılan Oqtayın içini döğrayan ağrı dözülməz olmuşdu. Həkimlərə baxıb bu sözləri söyləyə bilmişdi:
- Mən heç, deyin görüm, o biri maşındakıların axırı nə oldu? - demiş və gözlərini əbədi olaraq yummuşdu...
Tahir yerimdəcə donub qaldığımı görüb, susdu. Mən özümü ələ alıb: - Nə xəbərdi, söyləsənə? - deyib, Tahirin gözlərinin içinə baxdım.
Oqtay Xallaoğlu... Ardını eşidə bilmədim.
Budur fələyin saydığı. Akif Səmədin dərdini çəkən, Vəzzühəsinin dərdini çəkən Qğtayın dərdini çəkmək zülüm oldu.
Akif, - qos-qoca Akif qocaldığı qədər də qocaldı. Vəzzuhə bu müdhiş xəbərdən xəbərsiz qaldı, açıq pəncərədən yalançı yollara baxa-baxa qaldı.
Bir bahar da gəlib çıxdı, amma Oqtay gəlmədi. Üzü bağa baxan soldakı pəncərədən gavalı ağacına baxdı gözləri yol çəkən Vəzzuhə. Adətən bütün ağaclardan qabaq çiçəkləyən gavalı ağacı hələ çiçəkləməmişdi. Heç puçurlamamışdı da. Qurumuşdu gavalı ağacı. Ayaq üstəcə can vermişdi, ölmüşdü gavalı ağacı. Dodaqaltı pıçıltılarla: "Oqtay ölüb!" - deyə hönkürdü Vəzzuhə...
Üzümü, bir bahar mövsumundə ömrü zimistana tuş gəlmiş bu dərd əhlinə tutan bir gəraylı çağırmışdım:

Zimistanda gül gəzirsən,
Yazındımı, dərdin alım.
Könlümə dağlar çəkirsən,
Sazındımı, dərdin alım.

Şairmisən, ozanmısan?
Yazanmısan, pozanmısan?
Bir belə dərd qazanmısan,
Azındımı, dərdin alım.

Sənsiz qalan dünya yalan,
Dəmirçoğlu oldu talan.
Köçüb getdin, bizə qalan
Nazındımı, dərdin alım.
Son

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV