adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

KÖRPÜLƏRİN ALTINDAN AXAN SULAR

VƏSİLƏ USUBOVA
47761 | 2013-11-16 11:52
Ürəyim yaman dolub. Belə olanda nə səbir verənə, nə məsləhət görənə ehtiyacım olmur. Gözlərimi yumub nağıl dinləmək istəyirəm ancaq. Bilirsiniz niyə?! Çünki nağıllarda dünya təmizdi; saflıq çoxdu, ümid boldu. Yuxuma girənlər, başıma gəlməyənlər var nağıllarda. Təkcə bunlarmı?! Yoxg Bax, indi heç nağıl deyənim də yoxdu yanımda...
Onda... özüm nağıl danışmaq istəyirəm. Səbirli ola biləcəksənmi, oxucum?! İndiyəcən eşitdiklərindən olmayacaq bu nağıl...
Mən sənə körpülər altından axan suların nağılını danışacağam. Qulaq as...
Bir varmış, biri yoxmuşla başlanmır mənim nağılım. Onda elə bircə dünyanın özü vardı. Adəm babamızla Həvva nənəmiz hələ cənnətdəydilər. Hələ nənəmiz ağacdakı almanı görməmişdi, qadınlıq ərkini, nazını işə salıb babamızı yoldan çıxarmamışdı... Bunlar hələ sonra olacaqdı...
Amma... Yer üzü deyilən bir dünya vardı. Və başdan-başa suyun içindəydi bu dünya. Sular meydan oxuyurdu yerlərə də, göylərə də. Hələ ki, özləriydi yer üzündə-şərikləri, rəqibləri yoxuydu...
Sona qədər hökmranlıq edən, bütöv qalan, parçalanmayan nə var ki, bu Kainatda?! Bir gün sulardan da güclüsü peyda oldu. Özü də yerdə yox, səmada. Nə əl çatırdı, nə səs yetirdi. Heç baxmaq da olmurdu ona.
İndi də hökmü O verirdi...
Suların dövranını döndərdi. Yarısı yerə hopdu, yarısı göyə uçdu, yarısı da donub qaldı yerin bir tərəfində...
Sular parçalanıb okeanlara, dənizlərə, çaylara, göllərə döndü. Dərələrə, yarğanlara töküldü...
Babamızla nənəmiz də cənnətdən qovulmuşdular. O qədər doğub-törəmişdilər ki, dünyanın üzü gülürdü. İnsan deyilən bu məxluqlar o qədər yaxşı işlər görə bilirdilər ki, torpaq özü də heyran qalmışdı. İndi sular da onların əlindəydi. Daha özbaşınalıq edə bilməyəcəkdilər. Yolu-rizi kəsib, bəndi-bərəni bağlayıb adamları, ölkələri, torpaqları ayıra bilməyəcəkdilər... Ona görə ki,...
Ona görə ki, adamlar körpü salmağı öyrənmişdilər. Körpü salırdılar çayların, böyük-kiçik arxların üstündən. Görüşürdülər, qovuşurdular, yük daşıyırdılar, uzağı yaxın edirdilər, ayrılığın belini qırırdılar saldıqları körpülərin köməyiynən. Qız qaçırırdılar, gəlin köçürürdülər körpülərin üstündən. Bəndə-bərəyə sığmayan, sağı-solu dalayan sellər-sular bu körpülərin kəməndinə düşürdülər, nazilib, baş əyib altından keçirdilər. At oynatmağın, dəliqanlılığın bir həddi olduğunu anlayırdılar. Körpüyə qədər axan sular, körpüdən sonra axan sulara bənzəmirdi. Onların da başının üstündə duran, ani də olsa kölgə salan nəyinsə varlığını anlayırdı sular.
Körpülərin altından qısıla-qısıla, utana-utana axırdı sular. İnsanlara nələr yaşatdıqlarını anlayıb üzülürdü sular...
Suların ayırdıqlarını birləşdirirdi körpülər...
Daşdan hörülürdü, dəmirdən, ağacdan salınırdı körpülər...
Körpülərin vaxtı olmurdu suları nə qarşılamağa, nə də dalınca baxmağa. Gözü o sahildə, bu sahildə olurdu körpülərin... Dada çatırdı, can qurtarırdı, uzaq mənzili yaxın edirdi. Vaxtı qoruyurdu...

***
Sular indi də axır. İstər enli, istər ensiz körpülərin altından axıb gedir. Nə köhnəsinə məhəl qoyur, nə təzəsinə bənd olur. Saniyələrdən tutmuş illərədək zaman adlanan nəhəngin içində göz qırpmadan, nəfəs dərmədən axır sular... Zamanın ötəriliyini, ömrün faniliyini, yaxşı-pis nə varsa keçəriliyini, heç nəyin əbədi olmadığını yada sala-sala axır. Körpülərin ara-sıra qabağına çıxıb kəmər kimi belini sıxmasından darıxmadan, üzülmədən axıb gedir...
Heç kimin, heç nəyin şəklini özündə əbədi saxlamır bu sular. Yorulmur, durulmur, şahidlik eləmir, üzə durmur. Qoynuna düşəni batırır, itirir...
İz qoymağı sevmir sular...
Bu üzdən körpüləri də sevmir sular...

***
Bu günlərdə yenə o körpüdən keçdim. Şirvanı Muğana, Muğanı Şirvana daşıyan körpüdən. Elə də yaşı yoxdu bu körpünün. Əvvəllər bu yataqda bərə işləyərdi. Səbirsiz çayın üstündən tələsmədən, səbirlə o sahildən bu sahilə, bu sahildən o sahilə ağır-ağır üzərdi. Yayın bürküsündə, qışın şaxtasında, sazağında hər iki sahildə dayanıb yol gözləyən adamları, maşınları görərdin. Tələsən də, tələsməyən də gözləməyə məcburdu. Əli təsbehli kişilər, çiyini zənbilli arvadlar gözünü o sahilə zilləyib vaxt öldürərdilər...
Bərənin sahildən ayrılmağının bir özgə hüsnü vardı. Elə ki, ayağın torpaqdan üzülürdü, xəfif bir titrəyiş, qorxu yayılırdı içinə. O sahildən bu sahilə bağlanan yoğun məftilə, bir də bu dəli çaya nə etibar vardı ki... Baxışların çay boyunca uzanıb gedir, sular burulub gözdən itəndə sahildəki qayalığa dirənirdi gözlərin. Bilirdin ki, çayın yolu uzundu, səni qoynuna alsa, Allah bilir, harayacan aparar. Yəqin ki, nəfəsinin kəsildiyi yerəcən...
İnsanın nə çox qənimi varmış bu dünyada. Qəsdinə duran, marığa yatan məlumlar, məchullar varmış hər addımda...
Elə buna görə körpülər salır adamlar...
Ağıllı ömrünü ağılsız güclərdən qorumaqdan ötrü...
Acımasız suların qoynuna düşməməkçün onun üstündən sürətlə keçir adamlar. "Oddan qalar, sudan qalmaz..." deyiblər, axı...
Nə qədər səni ağuşuna almayıb, sular elə romantik, elə çəkicidi ki... Sakit-sakit axır, baxışlarını, xəyallarını özüynən aparır, ürəyinə sərinlik, duyğularına həlimlik qatır... Çox keçmişəm bu taydan o taya, o taydan bu taya. Ürəyi atlanan çağlarım da olub, göz yaşına boğulan dəqiqələrim də. Yasa da getmişəm, toya da. Şirvana keçəndə quş kimi qanadlanmışam, geri qayıdanda kədərdən boğulmuşam. Çünki bütün doğmalarım Şirvan tayındadı. Yaşayanlar da, dünyasını dəyişənlər də...
Bərədən keçdiyim anlar daha çox yadımda qalıb. Heç olmasa, beş-on dəqiqə sulara baxmaq imkanın olur. Gecələr bir ayrı hüsnü olurdu bərəynən çay keçməyin. Adam, maşın səslərindən meşədəki canlılar səslərini qısıb gözləyirdilər. Bərə yola düşəndə lap sakitlik olurdu. Göydə Ay parlayanda hər iki sahildəki ağacların qorxunc kölgələri sularda titrəşirdi. Sular bərənin altından xəfif şırıltıynan axıb gedirdi... Ömrümüzün şirin, duyğulu anlarını bizə yaşadır, özü də ömrümüzdən qoparıb aparırdı...
"Axar suya ikinci dəfə ayaq sala bilməzsən..."
Nə qədər elmidirsə, bir o qədər də kədərlidi...

***
İş elə gətirdi ki, budəfəki gəlişimdə kəndimizin düz ortasındakı arxın üstündəki körpüdən də keçməli oldum. Elə köhnəlib, elə qocalıb ki... Bir vaxtlar kəndin ən qələbəlik yeriydi bu körpünün üstü. Mal-qaranı, qoyun-quzunu bu körpüdən keçirib naxıra, sürüyə qoşurdular. Beş-on dəqiqə ayaq saxlayıb hal-əhvallaşır, sonra öz işlərinin dalınca gedirdilər. Qız-gəlinləri, məktəbliləri pambıq tarlalarına aparan maşınlar da bu körpüdə dayanırdı... Gün ərzində bu arxın üstündən çiyini səhəngli, əli vedrəli qız-qadın əskik olmazdı. Su götürməyə gələcək gözaltısını görmək istəyənlər də bir bəhanəynən buralarda dolaşardılar...
Onda bu körpü də əzəmətliydi, məğrurdu. İndi adam azlığından beli qırılıb, sinəsi çöküb sanki...
Sularsa hələ axır... O bəxtəvər günlərimizin şahidi olan sular haraya axıb getdilər, görəsən?!.
Yuxarıda demişdim, axı, ürəyim yaman dolub. Ürək dolanda dərdini sulara söyləmək yüngüllük gətirər, demişlər... Mən də belə elədim...
Yenə haralardasa körpülərin altından sular axıb gedir... Hara axırlar, kimsə bilmir. Haradan axdıqları bilinmədiyi kimi...
Dünyanın özü kimi...
Həyatın özü kimi...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV