VAQİF HÜSEYNOV

VAQİF YUSİFLİ
59478 | 2013-11-16 11:51
Vaqif Hüseynov (1936-1985) əlli yaşına çatmamış, özü də nigaran halda dünyasını dəyişdi. Şeirlərinin yaşayacağı-yaşamayacağı, bir şair kimi yad edilib-edilməyəcəyi fikri ilə getdi dünyamızdan.
Sağlığında tanınırdı, sevilirdi. Masallıda, Lənkəranda yaşamasına baxmayaraq respublika ədəbi ictimaiyyəti onu istedadlı bir şair və jurnalist kimi qəbul edirdi. O, Lənkəranda "Leninçi", Masallıda "Çağırış" qəzetlərində işləmiş, hər iki qəzetin nüfuzunu qaldırmış, respublikada, hətta o zamankı SSRİ miqyasında bir naşir kimi tanınmışdı. "Çağırış" qəzetində redaktor işləyərkən "Pravda" qəzetində bu rayon qəzetinin işi təriflənmişdi. Bir sözlə, Vaqif Hüseynov Cənub bölgəsində ən hörmətli və nüfuzlu bir ziyalı kimi hamının rəğbətini qazanmışdı. Deyək ki, o illərdə Masallı və Lənkərana yolu düşən şairlər, sənət adamları Vaqif Hüseynovun da qonağı olurdular. Çox təəssüf ki, bu şöhrəti gözü götürməyənlər oldu. Masallıda, "Çağırış" qəzetində redaktor işləyərkən rayon partiya komitəsinin birinci katibi Vaqifi şərlədi. Təpədən dırnağa hirs və hikkə, namuslu ziyalılara qarşı qərəzçi olan Katibin qarşısında çoxları əyildi, sındı, mənliyini itirdi, bir çoxları buyruq qulu oldular (o dövrdə rayonlarda hakimi-mütləq olan kiçik padşahlarının diktatorluğunu unutmamışıq), amma Vaqif əyilmədi, bu cırtdan despotun yanında başını dik tutdu. Mənəvi təqiblər başlandı, qəzetin "nöqsanlı işi" rayon partiya komitəsinin büro iclasına çıxarıldı. Vaqif Hüseynov işdən azad olundu, bu iş Bakıya da gedib çatdı, amma heç kəs bu haqsızlığın qarşısını ala bilmədi. Rayon qəzetinin şərəfini, nüfuzunu bir respublikada tanıdan, "Qızıl qələm" mükafatı laureatı, həm də istedadlı bir şair bir nadan katibin qərəzçiliyi ucbatından öz işindən təcrid oldu, hardasa kiçik mühasib işinə düzəldi, az maaşla balarını dolandırmaq lazım idi. Amma o despotcığaz hələ Masallıdaydı, dünən Vaqifin şərəfinə ucu güllü, ütülü tost söyləyənlər isə bir andaca qeybə çəkildilər. Və Vaqif Hüseynov Masallını tərk edib Lənkərana köçdü. Radio redaksiyasında balaca bir maaşla işləməyə başladı və əlli yaşı olmamış bütün bu haqsızlıqların qövr elədiyi ürəyi dayandı...g
Vaqif Hüseynov unudulmayıb. Haqsızlığın ömrü uzun sürmədi. Sular duruldu. O despot katibdən bu dünyada bir xoş xatirə belə qalmadı, köçünü sürüb getdi və kimsə onu yad eləmir, amma Vaqif Hüseynov yaşayır. Lənkərandakı şəhər mədəniyyət evi onun adını daşıyır. Sağ qalan şair dostları və ondan poeziya dərsi alan cavanlar (indi onlar da Vaqif yaşına gəlib çatıblar) onu yad edirlər. Vaqifin Bakıda və Lənkəranda 70 illiyi təntənə ilə qeyd olundu. Vəfatından sonra "Vətən, sənə borcum qaldı" və "Mənə vaxt verin" şeir kitabları işıq üzü gördü.
Əlbəttə, onu bir şair kimi çox sevdim və indi-XXI əsrin ikinci onilliyində onun şeirlərinin heç də köhnəlmədiyini görürəm.
Şair kimdir? Bu sual əsrlərdən bəridir səslənir. Bu gün də bir daha, bəlkə daha israrla səslənməlidir. Çünki:

Şeirə təpilibdir yuxuyozanlar,
Axı, söz sinədə boğulmur daha!
Odur ki, çoxalıb şeir yazanlar,
Fəqət əsl şair doğulmur daha!

Mən də istəmirəm boğulsun istək!
Mən də istəmirəm kilidlənsin dil!
Ancaq şairsənsə möcüzə göstər!
Onsuz peyğəmbər də peyğəmbər deyil!

Bir şeir yüz gözün yaşını silsə,
Təslim olsa xərçəng, sağalsa vərəm.
Dəli ağıllansa, kor görə bilsə,
Mən ona, mən ona şair deyərəm!

Nə vəzifə ara, nə şöhrət, nə taxt,
Ömür ki tələsən səhər yelidir.
Unutma, unutma, unutma heç vaxt
Şair də möcüzə göstərməlidir.
Vaqif Hüseynov bu şeirdə yaratdığı şair obrazına layiq olmağa çalışırdı. Əsl şair üçün isə əyalətdə, ya mərkəzi şəhərdə yaşamağın heç bir fərqi yox idi. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra (4-1958) doğulduğu, boya-başa çatdığı Lənkərana qayıtmışdı. Ədəbi-publisistik yaradıcılığını da elə Lənkəranda, sonra Masallıda davam etdirmişdi. Amma gözdən-könüldən iraq deyildi, şeirləri mərkəzi mətbuatda tez-tez çap olunurdu.

Ah, bu necə lövhədir!
Düşünürəm bayaqdan.
Düşmür söz qəlibinə.
Xana-xana pəncərəm.
Göyün bir parçasını
Salıb öz qəlibinə
Pəncərəm xana-xana,
Asiman xana-xana.

Vaqif Hüseynov dünyaya, onun gözəlliklərinə, cəmiyyətə, cəmiyyət hadisələrinə, təbiət və təbiət hadisələrinə öz ömrünün "xana-xana pəncərəsindən" baxırdı. Dünya gözəl idi, həyat şirin. Amma bu gözəl dünyada narahat bir şair ömrü çırpınırdı.
Onun "İnsan" sonetlər çələngi XX əsr insanının duyğu və düşüncələrindən süzülmüşdü. Əsrin həyəcanları, bu həyəcanları içində yaşadan bir şairin öz oğluna vəsiyyəti idi bu sonetlər çələngi.

Hamıdan güclüsən insan, ey insan!
Səni sarsıtmayıb xaqanlar, şahlar.
Əllərin göylərdən üzülən zaman
Ayağın altına düşüb allahlar.

Başın günəşdədir, gücün torpaqda,
Sabahın həqiqət, keçmişin nağıl.
Oğluma danışdım hünərin haqda,
-Sən də hünərli ol,-dedim, - ay oğul!

İnsan cərgəsinə qoşul, ay bala!
Bir qartal qanadlı quş ol, ay bala!
Simurq tək hayan ol insan oğluna.
Bu dünya tamaşa, şəbih deyil ki!
İndidən anla ki, indidən bil ki,
Xalı döşənməyib ömür yoluna.

Vaqif Hüseynov "müharibə uşağı" idi. Atası İbi kişi müharibədən qayıtmadı. Bu həsrəti, bu nisgili o, bir çox şeirlərində və "Atam yaşındayam mən" poemasında ifadə elədi. "Söylə, hardasan, ata?! Tapıb son ünvanını Gəldim Sapun-qaraya, Cavab ver, məlhəm göstər Qəlbimdəki yaraya"...
Vaqif təbiət vurğunu idi. Necə olmayaydı? O, Lənkəran kimi başdan-ayağa təbiət möcüzələri ilə dolu bir diyarda doğulmuşdu. Lakin insanları, vəzifəli adamları mədh eləmədiyi kimi, təbiətin də məddahı deyildi, amma təbiətin gözəlliklərini, möcüzələrini şeirlərində canlandırırdı. Onun "Lənkəran" sonetlər çələngində, həmçinin neçə-neçə şeirində Lənkəranın, Cənub bölgəsinin gözəllikləri, buraların dağları, meşələri, Xəzər dənizi konkret lövhələrlə rəsm edilir, sanki təbiətdən şeirə köçürülürdü. Budur, qış lövhələri:

Buz tutub dərədə bulağın gözü,
Gərək qar dolduraq susuz sənəyə.
Axır ki, əsl qış gəldi, "qar" sözü,
Az qala dönmüşdü bir əfsanəyə.

Balalar quş kimi pərvazlanaraq
Evlərdən həyətə tökülmüşdülər.
Bir dünya sərçəylə bir dünya uşaq
Elə bil multfilmə çəkilmişdilər.

Başqa bir lövhə: payız.

Dərəyə səs düşdü, qaya bağırdı,
Düşən ildırımdı, kişnəyən göydü.
Bir parça gecənin rəngi ağardı,
Bir daraq ağ yağış torpağı döydü.

Əsib silkələndi payız gecəsi,
Buluddan-buluda od düşdü sanki.
Heyrətlə boylanan bir dağ keçisi
Zirvədə heykələ dönmüşdü sanki.

Vaqif Hüseynov elə bir dövrdə yaşayırdı ki, vəzifə, şan-şöhrət uğrunda ləyaqətsiz mübarizələr, pulun çirkin rolu, yaltaqlıq, riyakarlıq kimi mənfi hallar baş alıb gedirdi. Bunlar indiki dövrdə bəlkə daha çoxdu.
Amma o illərdə belə neqativ hallara qarşı mübarizə aparmaq, sözü üzə demək çox çətin idi. Amma ümumi şəkildə olsa da, Vaqifin satirik şeirlərində bu mənfiliklərə qarşı saçılan atəşləri görürük. Onun pula aid yazdığı şeirləri buna misal ola bilər: "Səni kim doğdu, kim əkdi, kimdən aldın ad, Pul! Dad qıldı kimlər ol gün, kimlər oldu şad, Pul! Sən ayaq açdıqca, dil açdıqca açdın qol-qanad, Qol-qanad açdı, ayaq açdı fitnə-fəsad, Pul! Yer özü pul kisəsi, ay da, Günəş də o sayaq, Fərş-Pul, əflak-Puldur, fərd-pul, Əfrad-Pul! Bir qulaq ver nə deyir rənginə həsrət Vaqif, Dad əlindən, dad əlindən, dad əlindən, dad Pul!"
Vaqifin bir qisim şeirləri "Yaxşı adamları qoruyaq gərək!" başlığı altında təqdim edilir və bu da səbəbsiz deyil. O, əksər şeirlərində İnsanı tərənnüm edirdi, onun əməyini, qəlbinin gözəlliklərini şeirdə canlandırırdı. Keçən əsrin 60-80-ci illərində şairlərin bir çoxu böyük vəsfguluq və tərənnümçülüklə Lenini, partiyanı, sinəsi ulduzlu Sosialist Əməyi Qəhrəmanlarını tərifləyirdilər, Vaqif Hüseynov isə bunlardan, bu ənənəvi məddahlıqdan qaçırdı. O, konkret olaraq bir insanı yox, ümumiyyətlə, həyatın, bəşərin, tarixin yaradıcısı olan insanı şeirlərinin qəhrəmanına çevirirdi. Onun şeirlərinin qəhrəmanı olan bu İNSAN azərbaycanlı idi, milli mənsubiyyəti məlum idi:

Nə yaxşı ki, bu dünyaya yolum düşüb!
Təsadüfmü, zərurətmi doğub məni?
Bağrım olub oyum-oyum, deşim-deşim,
Zaman əzib, güllələyib, boğub məni.

Fəqət yenə dikəlmişəm ayaq üstə,
Ağır illər keçib gəlib izim mənim.
Üzərimə düşmən axıb dəstə-dəstə,
Bircə kərə yer görməyib dizim mənim.

Qüvvət alıb Nəsimidən, Xətaidən,
Torpğımı qorumuşam gözüm kimi.
Qılınc ilə, qələm ilə məşhuram mən,
Qılıncım da kəsərlidir sözüm kimi.

Mən insanam, qüdrətim var, şöhrətim var,
Mən insanam, yerin, göyün məbədiyəm!
Qoy eşitsin uzaq, yaxın kainatlar:
Bu dünyada qonaq deyil, əbədiyəm!

Vaqif Hüseynovun ölümündən iyirmi yeddi il keçir. Bu iyirmi yeddi ildə çox sular dəyişib, məmləkətimizdə çox hadisələr baş verib. Quruluş dəyişib. İnsanlar dəyişib, zövqlər yeniləşib. Azadlıq qazanıb, müstəqillik əldə etmişik. Vaqif Hüseynov yaşasaydı, bütün bu yeniliklərdən, dəyişmələrdən yazardı. Poeziyasında yeni Azərbaycanla baş-başa verərdi. Amma sağlığında bu günləri çox arzulamışdı... Allah rəhmət eləsin, - deyirik...

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV