adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ATATÜRK SEVGİSİ

SEYFƏDDİN ALTAYLI
56347 | 2013-11-16 11:50
"Mənim dəyərsiz bədənim əlbət bir gün torpaq olacaqdır, ancaq Türkiyə Cümhuriyyəti əbədiyyətə kimi yaşayacaqdır".

Mustafa Kamal
Atatürk

1881-ci ildə bir Bəktaşi ailəsində sarı saçlı, mavi gözlü bir uşaq dünyaya gəlir. Mustafa adı qoyulan uşaq, atasını uşaqlığında itirir və qohumlarının himayəsində böyüyür. əslində onu tərbiyələndirən anası Zübeydə xanımdır. Gün gəlir ibtidai məktəbin yolunu tutur, yeddi yaşında "Qurani-Kərim"i əzbərləyir, orta məktəbi bitirir və hərbi liseyə başlayır. Hərbi məktəb, hərbi akademiya və Osmanlı İmperiyasının çalxantılı illəri bir-birini təqib edir. Hələ orta məktəbdə müəllimi tərəfindən Kamal adıyla da təltif olunan Mustafa, qabaqgörən bir zabit kimi Osmanlı Dövlətinin taleyi ilə maraqlanır, millətinin dərdini özünə dərd edir. Osmanlı Dövlətini tənəzzülə uğradıb var-yoxunu bölüşmək istəyən imperialist qüvvələr, dövlətə zərbə üstünə zərbə endirir. Mustafa Kamal, Balkan müharibələri, ardınca Birinci Dünya Müharibəsi, Çanaqqala döyüşləri və müqəddəs vətənin işğalı ilə başlayan bir mübarizə ilə üzləşir. O artıq bir Osmanlı zabiti olaraq dövləti düşdüyü o qaranlıq çuxurdan çıxarda bilməyəcəyini dərk edir və hərbi libasını soyunub bir kənara tullayaraq mülki paltarıyla xalqının hüzuruna çıxır. "İşğalçılar necə gəldilərsə o cür də gedəcəklər" deyərək bir tikə çörəyə möhtac xalqını milli və dini mənəviyyatla silahlandırır, Azadlıq Müharibəsini başladır. Bir yandan müharibəni yeridərkən digər tərəfdən də siyasi olaraq Türkiyə Cümhuriyyətinin özülünü silahdaşlarıyla qoyur, Türkiyə Böyük Millət Məclisini yaradır. Növbə işğalçılara gəlir və onlara layiq olduqları dərsi verərək onların murdar çəkmələrini vətən torpaqlarından təmizləyir. 1919-cu ildə başlatdığı mübarizəni 1923-cü ildə Türkiyə Cümhuriyyətini rəsmi şəkildə elan edərək axıra çatdırır.
Cümhuriyyət elan edilir, ancaq xalq altı yüz ildən artıq bir zamanda padşahlıqla idarə olunduğundan, onların nə demokratiyadan, nə cümhuriyyətdən, nə də özünüidarədən xəbərləri vardır. Atatürk və silahdaşları onu da həll etməyin yolunu tapırlar.
Gün gəlir ruhu, onun "dəyərsiz" dediyi bədənini 1938-ci ildə tərk edir və Tanrısına qovuşur. O gündən bəri canını Tanrısına tapşırdığı noyabr ayının 10-cu günü Türkiyədə milli yas kimi qeyd olunur.
Atalar, barlı ağacı daşlayarlar deyib. Dünyasını dəyişəndən sonra onu da daşladılar, daşlayırlar, daşlayacaqlar, həm də Atatürkün yaratdığı demokratik, azad və dünya ölkəsi olan Türkiyə kimi bir dövlətdə.
Atatürkü sevməyənlər kimlərdir və onu niyə sevmirlərə! İllər uzunu bu sualı öz-özümə sordum və cavabını axtardım. Atatürkü sevməyənlərlə mübahisələrə girişdim, onu sətiraltı yazılarla tənqid edənlərin əsərlərini oxudum və bu qənaətə gəldim.
Əvvəla Atatürk, Hacı Bəktaşi Vəlinin yolunu davam etdirən Bəktaşiliyə can qoymuş bir ailənin yetirməsidir. Yeddi yaşında "Qurani-Kərim"i əzbərləyən Atatürk, cümhurbaşqanı olduqdan sonra "Qurani-Kərim"i, Antalyanın əlmalı mahalında dünyaya gələn, hər yönüylə mükəmməl bir insan və dini xadim olan Məhəmməd Hamdi Yazıra təfsir etdirir. Ancaq özünün şərtlərini də qoyur və o şərtlər daxilində təfsirin aparılmasını istəyir. Beləliklə Hamdi Yazır ilə Diyanət İşləri idarəsi arasında təfsirin nə cür olacağı haqda bir saziş imzalanır. Atatürkün özünün yazdığı şərtlər bunlardır:
1-Ayətlər arasındakı münasibətlər göstəriləcək. 2-Ayətlərin enmə səbəbləri qeyd ediləcək. 3-On növ oxuma şəklini keçməmək şərtilə Quranın oxunuş tərzi barədə məlumat veriləcək. 4-Lazımi yerlərdəki sözlərin və tərkiblərin dil yönündən izahı aparılacaq. 5-Xüsusilə tohid bəhsini əhatə edən ibrət və nəsihət xarakterli ayətlər geniş şəkildə şərh ediləcək. 6-Quranda, birbaşa və ya dolayı yolla İslam tarixinin hadisələri ilə üst-üstə düşən hadisələr izah ediləcək. 7-Qərbli yazıçıların səhvə yol verdikləri yerlərdə oxucuların nəzəri diqqətini cəlb edən şərhlər aparılacaq.
Sonra Atatürk bu təfsiri, Şərqi Anadoluda İngilislərdən pul və silah-sursat alan Şeyx Səidin üsyan etdiyi bir vaxtda çap etdirmişdir. Kəkük-Musul milli yəminlə ölkənin bir parçası kimi elan edilmişdi, ancaq İngilislər Kərkük və Musul neftinin Türkiyənin əlinə keçməsini istəmirdi. Şeyx Səidi bu məsələ müzakirə edilərkən qızışdırıb üsyan etdirmiş və Türkiyəni çətin vəziyyətdə qoymuşdular. Kərkük və Musul da beləliklə əlimizdən çıxarılmışdı.
Atatürk elə bir zamanda "Qurani-Kərim"i on min nüsxə çap etdirərək ölkə səthində, xüsusilə din xadimlərinə və ziyalılara paylatmışdı. Həmin təfsir indiyə kimi bütün din xadimlərinin stolüstü əsərinə çevrilib və ölkədə o səviyyədə hələ də bir təfsir aparıla bilməyib.
Atatürkün təfsirin özünün qoyduğu şərtlər daxilində aparılmasını istəməsi, sonralar azanın Türkcə verilməsini və namazın da həmin şəkildə öz ana dilimizdə qılınmasını istəməsinin əsl səbəbi xalqın Tanrıya ibadət edərkən ondan nə istədiyini, ona nə cür qulluq etdiyini, oxuyacağı duanın nə mənaya gəldiyini bilməsini istəməsidir. Bundan da daha təbii nə ola bilər kiə
Mənə görə Atatürkü sevməyənlərin əksəriyyəti cahildir və onun şəxsiyyəti haqda zərrə qədər də məlumat yiyəsi deyildilər. Azlıqda qalanlar isə Türkcə danışsalar da, onlar etnik olarak bizdən deyildir və Atatürkün silahdaşlarıyla birlikdə Türk millətini məhv olmağa qoymamasından hədsiz narahatdılar. əllərindən gəlsə Türkiyəni bir qaşıq suda boğarlar. Onların nümayəndələrinin televiziya ekranlarında tez-tez iç üzlərindəki çirkabı açıb göstərən açıqlamalar verməsi heç kəsin gözündən yayınmır.
10 noyabr bazar günü Atatürkün məqbərəsini ziyarət edənlərin sayı 1 milyon 89 min 686 nəfərə çatdı. Dörd milyon yarımlıq Ankara əhalisindən bir milyondan artıq insanın bazar günü evində dincəlməyib Atatürkün məqbərəsini ziyarət etməsi, onun ruhuna dualar oxuması, adı və titulu nə olarsa olsun Atatürkü sevməyənlərə xəbərdarlıq mahiyyətindədir. O qədər insanı hər hansı təşkilat, hər hansı partiya və ya nə milim nə təşkilatlandırmamışdı və məqbərəyə aparmamışdı. Onları Anıtqəbrə aparan yeganə şey Atatürkə duyulan sevgi idi.
Gün gələcək və o sevgi bəzilərinə öz yerini göstərəcəkdi.

Seyfəddin Altaylı,
Ankara
altaylı[email protected]

TƏQVİM / ARXİV