Hər yer Kərbəla, hər gün Aşura ...

İRADƏ TUNCAY
85901 | 2013-11-14 00:29
.. Mənə görə insanların əsl mahiyyətini anlamaq üçün, bəşər tarixində yerini tam dəqiq ifadə etmək üçün onların fəlsəfəsinə varmaq lazım. Yəni söhbət tarixdə iz qoya bilmiş Səxsiyyətlərdən gedir. Tarixdə heç kimi birmənalı qarşılamayıblar-kiməsə sitayiş yeri olan, bir başqası üçün küfr yeri də ola bilər. Amma hər kəsə maraqlıdısa bu insan - deməli, tarix onundu. Münasibətdən asılı olmayaraq.
Tarixdə həm də hər kəsə nəsib olmur Peyğəmbər nəvəsi olaraq doğulmaq, Peyğəmbər qucağında böyümək. Bu da Yaradanın seçimidi. Və əgər qısa bir ömürdə sənə bəxş olunmuş bu lütfün dəyərini anlayıb da həmin dəyərləri həyat məqsədi edə bilirsənsə - deməli, yenə tarix sənindi. ...Əslində bu teatrallaşdırılmış misteriyalar, zəncirlər, ağlaşlar, sinəvurmalar, baş yarmalar cəhaləti nə qədər sakitləşdirirsə, aydınları bir o qədər qorxudur. Əslində biz Şərq aləmi üçün cox az görünən böyük tarixi qəhrəman haqqında danışırıq - inandığı həqiqətlər və ideya naminə ölümü gözə alan BÖYÜK ŞƏXSİYYƏT haqqında. BÖYÜK ƏZABKEŞ haqqında. Bəşər tarixinin Böyük Övladı haqqında ...Zalıma, zülmə qarşı gəlməyə gücü yetən, bədən ağrılarına dözüb də, ruhunu əbədi edə bilən Böyük İnsan haqqında. İmam Hüseyn haqqında... Tarixə və hadisələrə təkcə ironik ağıl, savad, ya da kor cəhalət pəncərəsindən baxmaq lazım deyil ki... Həm də ürək gözüylə, ürək işığıyla da baxmaq lazımdı...
İslamın təşəkkül tapması Qüdrətli bir Qadının əliylə başlayıb - Həzrəti Xədicənin. İdeyaya ilk inanan O olub. Və sonra da İslam tarixində qalacaq önəmli şəxsiyyətlər də onun canından ayrılan övladlardı. İslama təfriqə salan da qadındı - Həzrəti Ayişə. Bunları ayırd etmək niyyətim yox, necə əsrlərdi böyük-böyük üləmalar bu davaya son qoya bilmirlərsə mənim sözümün də nəsə bir əhəmiyyəti olmasın gərək. Məni ağrıdan böyük dəyərlərin şəbehə çevrilməsidi. Hamının səhvləri olur - Peyğəmbərlərin də ...Onlar da insandı... Və bunların acısını min ildən çoxdu yeyir Şərq aləmi...
Əslində ortada nümunə var - agrıya -acıya baxmadan, dünya malına aldanmadan inandığın həqiqətlərin arxasınca getmək üçün. Nəhəng İnsan... Bu ideyadan bəhrələnə bilsəydi Şərq aləmi bu gün də korpələri qətl olunmazdı, torpaqları hərraca qoyulmazdı... gAmma görünən budu ki, ağlayıb, sinə vurmaq daha rahatdı, əməllər isə elə tarix olaraq qalsın... Ona görə də HƏR YER KƏRBƏLA, HƏR GÜN AŞURA...

İradə Tuncay

TƏQVİM / ARXİV