ŞƏR QARIŞANDA...

FAİQ QİSMƏTOĞLU
45944 | 2013-11-09 08:42
... Evdə bir çox şeylərə əl gəzdirib zibil qutusunu götürdü. Zibil qutusunu götürəndə anası Zibeydə arvad dedi ki, ay oğul, bu vaxt zibil atmaq olmaz! Anasının sözlərini Asif çox təəccüblə qarşıladı:
- Ay ana, zibildi da. Onun nə vaxt atılmasının nə fərqi var?!
Anası yenidən dilləndi:
- Fərqi çoxdu, mən deyərəm, sən də bilərsən! Əgər şər qarışanda evdəki zibili atsan, xeyir-bərəkət gedər! Üstəlik də bu vaxtlar şər qüvvələri insana daha çox yaxın dururlar. Elə bilirsən ki, hər şey bizim istəyimizdən asılıdı? Hamımızı qurban olduğum ulu Yaradan idarə edir. Gözlə, qoy axşam düşsün, ondan sonra zibili atarsan!..
Asif anasının dedikləri barəsində bir xeyli düşündü. Sonra da televizorun pultunun düyməsini basıb hansısa kanala baxdı. Həmin kanalda da təsadüfən şər qarışanda insanın hansı işlər görməyi barəsində bir alim və din xadimi dəyirmi masa arxasında söhbət eləyirdilər.
Asif bu söhbətə o qədər maraqla qulaq asırdı ki, sanki özünü göyün yeddinci qatında hiss edirdi. Çünki anasının dediyini həm ilahiyyətçi din xadimi, həm də təbiət elmləri namizədi təsdiqləyirdi. İstər-istəməz o barmağını dişlədi və nə yaxşı bu addımı atmadığını düşündü...
...Hava qaralandan sonra mətbəxə keçib zibil vedrəsini götürdü, evdən çıxaraq pilləkənlərlə həyətə düşdü və vedrədəki zibilləri iri zibil qutusuna boşaldıb geri döndü...
Anası Zibeydə arvad bir daha oğluna dedi:
- Heç vaxt dediklərim yadından çıxmasın! Övladlarına da Allah qoysa, belə deyərsən: şər qarışanda heç vaxt evdən zibil atmaq olmaz!..
Asif sanki hər şeyi təzədən dərk eləyirdi. Təzədən dərk eləyirdi ki, elin inanclarına heç vaxt şübhə ilə yanaşmaq olmaz. Çünki bu inanclar və etiqadlar yüz illərin sınağından keçib gəlib...

***
Evin ağsaqqalının üzünə ağ olmuşdu Əhməd. Çünki ataları rəhmətə gedəndən sonra böyük qardaşı Pərviz onlara atalıq eləmişdi. Əhmədə, Cəfərə və bacısı Xavərə arxa durmuşdu. Gecə-gündüz işləyib onları dolandırmışdı və hiss etdirməmişdi ki, ataları yoxdu...
Düzdü, Pərviz özü də tanınmış adam idi. Elmlər doktoru, professor idi. Məşhur ali məktəblərin birində yüksək vəzifə tuturdu. Xətir-hörməti və imkanları çox böyük idi. Qəbul imtahanları zamanı ona işi düşən çox adam olurdu. Yay vaxtı gələndə istəyirdi ki, heç kimlə əlaqə yaratmasın. Hətta həmin dövrdə, yəni qəbul imtahanları zamanı evdəki telefonu da xətdən çıxarar və kiminləsə danışmaq istəməzdi. Bilirdi ki, üzüyumuşaq adamdı. Kim ağız açsa, ona kömək edəcək. Üzüyumuşaq olduğuna görə də kənndən-kəsəkdən gələnlər birinci onun qapısını döyürdü...
... Yalvarıb-yaxarırdılar ki, uşağımız orta məktəbi bitirib, onun instituta girməyinə kömək elə! Professor da hər uşağı boynuna götürməzdi. Sorğu-sual eləyərdi, biliyini yoxlayardı, əgər həmin uşaq çulunu sudan çıxara bilsəydi, bax onda əl tutardı. Amma savadsız, elmsiz şagirdlərə heç vaxt yaxın durmazdı. Kasıb-kusuba, imkansıza və arxasıza sahib çıxardı. O vaxtlar Pərviz müəllim böyük qardaşını da, ortancılı da ali məktəbə düzəltdi. Hətta bacısına da ali təhsil verdi. Elə oldu ki, əlini çörəyə çatdırdığı qardaşları və bacısı yağ-bal içində dolanmağa başladılar. Professor yaşa dolmuşdu və əvvəlki kimi qəbul imtahanları da keçirilmirdi. Hər şey test üsulu ilə olurdu. Aydındır ki, bu metodu keçəndən sonra tələbə qəbulunda kiminsə əli nəyəsə uzanmırdı.
Tərs kimi Pərvizi də tutduğu vəzifədən çıxardılar. Çünki yeni rektor onunla yola getmir və professoru görməyə gözü yox idi. Çünki rektorun vəzifəsi olmayanda professorun vəzifəsi var idi və o da rektoru saymırdı. Eləcə aylar ötdükcə professor təzyiqlərə məruz qaldı və ali təhsil ocağından uzaqlaşdı.
Ən çətin anında ona doğmaları belə ürək-dirək vermədi. O da çəkilib sakit bir otağında əylişdi. Hansı ki, oxudub boya-başa çatdırdığı qardaşları və bacısının imkanları çox yaxşı idi. Amma bir dəfə onlar professorun qapısını açmadı, demədilər ki, bizim qardaşımız bizə ata əvəzi olan hansı kökdə yaşayır?! Onun yeməyə-içməyə çörəyi, suyu var, ya yox? Professor köhnə kostyumlarını geyirdi, köhnə maşınına minirdi və köhnə də dostlarının əhatəsində olurdu. Onların da durumu elə yaxşı deyildi.
...ünlərin birində professorun ortancıl qardaşı oğluna toy eləyirdi. Ancaq professoru toya çağırmamışdı. Xala-xətrin qalmasın zəng edib professorun yoldaşına demişdi ki, iki gündən sonra oğlumun toyudu! Ata əvəzi olan Pərviz müəllim bu soyuq münasibəti hiss edəndə donub yerində qalmışdı. Düşünmüşdü ki, gözümün yağını yedirtdiyim qardaşım mənim çətin günümdə qapımı açmadığı bir yana, oğluna toy eləyib saya salmır. Professor siqaret çəkən deyildi. Amma qardaşının bu münasibətindən sonra o siqareti siqaretə calayıb dərindən köks ötürürdü. Köks ötürürdü ki, boya-başa çatdırdığı, vəzifəyə qoyduğu, əlini çörəyə çatdırdığı Əhməd xoş günündə onu stolun yuxarı başında əyləşdirməyib və saymayıb...
...Sabah toy idi. Professorun isə qanı qapqaraydı. Birdən evdəki telefon zəng çaldı. Çünki professor mobil telefon gəzdirmirdi. Özü telefonun dəstəyini qaldırmadı. Xanımına dedi ki, gör zəng eləyən kimdi? Həyat yoldaşı dəstəyi qaldırdı. Qohumlarından biri telefonda bildirdi:
- Əhməd axşam maşını aşırıb və rəhmətə gedib!
Bu xəbəri eşidəndə professorun xanımının rəngi ağappaq oldu. Bilmədi ki, bu bəd xəbəri ərinə necə çatdırsın. Bircə onu dedi:
- Əhməd avariya eləyib...
Maşının aşması nəticəsində Əhməd dünyasını dəyişmişdi. Bu xəbəri çətin də olsa böyük qardaşına çatdırdılar. Professor bu xəbəri eşidəndə elə bil dünya uçdu və o da bu yükün altında qaldı. Yazıq görkəm aldı. Gözlərindən yaş elə axırdı ki, elə bil sel gəlirdi. Dinməzcə ayağa qalxdı, həyat yoldaşına səsləndi:
- Geyinin, kəndə gedirik!
Böyüyünün qədrini bilməyən, yolunu gətirməyən ortancıl qardaş dünyasını dəyişdi. Böyüyün üzünə ağ olmaq, onun yolunu gətirməmək o qədər də yaxşı nəticə vermir. Böyüklərinizi sevin və onları qoruyun. Böyüklərini sevən adam Allahı da sevir və Allah da qoruyur...

***
...Türməyə düşmüşdü. Anda-aman eləyirdi ki, bu günahı mən eləməmişəm. İnanmırsınız, "Qurani-Kərimi" göndərin and içim. Cəfər başqasına böhtan atmışdı və elə fikirləşirdi ki, bu böhtana görə də ona heç bir şey olmayacaq. Hətta "Qurani-Kərim"ə and içməyə hazır idi...
Amma nəsillərində ağsaqqal olan Əliş kişi "Quranı-Kərim"i türməyə aparan adama demişdi ki, Cəfəri başa salsın ki, yalandan and içməyin cəzası çox ağır olur. Cəfərin qohum-əqrəbası onun "Qurani-Kərim"ə and içməsinə inanmışdılar. Ona görə də xərc-borc pul toplayıb onu türmədən çıxarmaq istəyirdilər. Ağsaqqal Əliş kişi deyirdi ki, Cəfərə bir o qədər də bel bağlamaq olmaz! Çünki onun gedən-gələn nəfəsi yalandır. Ancaq Əliş kişinin dediyinə imkanlı qohumlarından biri razı olmadı. Dedi ki, nəyin bahasına olursa-olsun Cəfəri ordan çıxaracağam. Cəfəri xərc-borc eləyib türmədən çıxardılar. Cəfər də türmədən çıxanda elə sevindi ki, elə bil alçaq dağları o yaratmışdı...
Cəfər yaxşı bilirdi ki, o, "Qurani-Kərim"ə yalandan and içib. Bunu istintaq da sübut eləyirdi. Sadəcə olaraq arxalı və imkanlı adam olduğu üçün sivişib aradan çıxmışdı.
...Yolu keçəndə sağına baxmadı. Yüksək sürətlə şütüyən avtomobil onu vuraraq kənara tulladı. Yoldan keçənlər özünü yerdə huşsuz vəziyyətdə uzanan adama çatdırdılar. Təcili yardım çağırdılar. Həkimlər gəlib ona baxıb yoxlayanda başlarını buladılar. Dedilər ki, bu adam çoxdan keçinib...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV