adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Kapitalizm canavarı və 3-cü dünya yemi!

FƏRHAD ŞABANOV
37514 | 2013-11-09 08:30
Türkiyə çox səs gətirən bir layihə həyata keçirtdi. Yəqin ki, "Marmaray"dan hamının xəbəri var. Xəbəri olmayanlar üçün qısaca deyim ki, İstanbulun Asya və Avropa tərəfindəki dəmiryolu xətlərini bir-birinə birləşdirən bu layihənin uzunluğu 76 km-dir. Ən əsası da odur ki, bu iki dəmiryol xəttini bir-birinə birləşdirən yol suyun altı ilə gedir. Bu yol həmçinin metro xəttinə də birləşir. Qısacası, İstanbulun çox böyük problemi olan nəqliyyat sistemi, bir az olsun, özünə gələ bilər.
Buna bənzər layihələr dünyanın bir çox yerində mövcuddur. Ancaq Türkiyə kimi inkişafda olan bir ölkənin belə layihələr həyata keçirməsi prestij baxımından önəmlidir. Məhz buna görə də AKP iqtidarı əl-ayağa düşüb özünü reklam edir.
Hətta ilk gün elektrik problemi yaşayan Marmaray Türkiyə müxalifətinin yumor hisslərinin oyanmasına səbəb olub. "Gördüyünüz iş bundan artıq olan deyildi ki?!" Hətta müxalifyönlü gənclərdən biri sosial şəbəkələrdə yazıb ki, "Marmaray qatarında gedirdik. Birdən işıqlar söndü və insanlarda panika başladı. Əlimdəki su qabının qapağını açıb "Allahu Əkbər" deyərək insanların üstünə sıçratdım. Camaat dəli oldu ki, İstanbul boğazının suyu doldu qatara. Bir çaxnaşma düşdü, gəl görəsən". Bu hadisənin fantaziya məhsulu, yoxsa gerçək olduğunu mən bilmirəm. Ancaq bu cür hay-haraqlı bir layihənin ilk gündəcə elektrik problemi yaşaması düşündürücüdür. Qınamasınlar, bəs nə etsinlər?
Ümumiyyətlə AKP iqtidarı dövründə Türkiyədə bir çox dünya standartlarına uyğun layihələr həyata keçirildi. Tunellər açıldı, sürətli qatarlar gətirildi, yollar çəkildi və s. Ərdoğan da seçki ərəfəsində bütün bu layihələri xalqın gözünə soxaraq - yaxşı mənada - səs topladı. Bəs inkişaf etməkdə olan Türkiyə kimi ölkələrdə bu cür layihələrin həyata keçirilməsini necə anlamaq lazımdır? İnkişaf etmiş ölkələr həqiqətən də bəzi üçüncü dünya ölkələrinin inkişaf etməsini istəyirmi? Bu layihələr üçün kreditlər ayıran, imkanlar yaradan, öz şirkətlərini qabağa çəkən ölkələrin əsl məqsədi nədir? Beynəlxalq sistemdə güclü oyunçular özlərinə qarşı ciddi rəqiblər olmasını istəyərmi?
Məhz bu suallarıma cavab verən bir kitab oxudum yaxın günlərdə. Con Perkinsin yazdıqları hər şeyi çox dəqiq açıqlayır. Son illər Türkiyədə baş verənlərə uyğunluğu isə düşündürücüdür. Həmin bölməni diqqətinizə çatdırıram.
"Öz maşınlarını istehsal edə bilməyən ölkələrə borc pullar verib uzun şoselər saldırırıq. Sonra həmin ölkələrə öz maşınlarımızı satırıq. Daha sonra həmin ölkənin banklarını alırıq. Həmin banklardan xalqa ucuz kredit verib öz maşınlarımızı onlara satırıq. Daha çox kredit verib daha çox maşın satırıq. Beləliklə həmin ölkəyə verdiyimiz borc pulları, öz maşınlarımızı həmin ölkədə yaşayan xalqa sataraq geri alırıq. Üstəlik faizi ilə birlikdə. Daha sonra həmin ölkəyə Dünya Bankı və oxşar qürumlardan kredit ayırırıq. Həmin kreditlər heç vaxt həmin ölkənin büdcəsinə getmir. Heç vaxt! Çünki həmin ölkədə bir çox layihələr həyata keçirən şirkətlərimiz var. Həmin pullar bizim şirkətlərimizin büdcəsinə əlavə olunur. Elektrik stansiyaları, sənaye sahələri, limanlar və aeroportlar tikilir. Bu əslində insanların çox da işinə yaramayan bir neçə beton qalağından başqa bir şey deyil.
Bütün bunlarla yanaşı bizim şirkətlərimiz ciddi məbləğlər əldə edərkən, həmin ölkələrdəki bəzi şəxslər də müəyyən miqdarlar verilərək susdurulur. Belə bir sistemdə cəmiyyətin əlinə heç bir vəsait keçmir. Cəmiyyətin qazancı sıfıra bərabərdir. Ancaq cəmiyyətin mənsub olduğu dövlət ciddi miqdarda böyük bir borcun altına girmiş olur. Bu o qədər böyük miqdarları əhatə edir ki, dövlətin bunu ödəməsi imkansızdır. Sistem belə çalışır.
Daha sonra öz iqtisadiyyatçılarımızı həmin ölkələrə göndəririk. Onlara başa salırıq ki, sizin bizə filan qədər borcunuz var və bunu ödəməyiniz mümkün deyil. Neftinizi, qazınızı bizə verin, biz işlədək. Ordumuza məxsus bazaların ölkənizə yerləşməsi üçün bizə yer verin. Hətta öz əsgərlərinizi bizim müharibə apardığımız ölkələrə, bizim əsgərlərimizə dəstək olmaları üçün göndərin. Birləşmiş Millətlər Təşkilatında səslərinizi bizim leyhimizə verin. Elektrik, su, kanalizasiya sistemlərinizi özəlləşdirin. Onları Amerikan şirkətlərinə ya da müttəfiqi olduğumuz Qərb dövlətlərinə məxsus şirkətlərə satın. Beləliklə sosial xidmətləri, texniki sistemləri, təhsil müəssisələrini, xəstəxanaları hətta ədliyyə sistemini öz əlimizə keçiririk".
Bu yazar həm politoloq, həm iqtisadiyyatçıdır. Bu deyilənlər isə qəhrəmanın dilindəndir. Necə deyərlər, biz başımızı qataq, onlar əlimizdəki dəyərlərə sahib olsun.

Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV