adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Etiraf üçün tələsmək

XURAMAN HÜSEYNZADƏ
40204 | 2013-11-09 08:23
Yaxşı insanları vaxtında tanımamaq və ya itirəndən sonra tanımaq ovcumuzda olan qiymətli daşı salıb itirəndən sonra axtarmağa bənzəyir. Axtararıq, tapmarıq. Təəssüflənərik. Özümüzü danlayar, qınayar, lənətləyərik. Bəlkə də itirdiyimiz insana ölümündən sonra dediyimiz xoş sözləri, yazdığımız nekroloqları onların sağlığında desək, yazsaq faydası olar. Bəlkə də necə dəyərli olduqlarını bilsələr, heç ölməzlər də. İnsan, özünün dəyərsiz, gərəksiz olduğunu bildiyi zaman zatən öldüyünü zənn edir... Söz, daha doğrusu həqiqət qədər effektli məlhəm varmı?
Kimisə itiririk. Kimsə həyatımızdan gedir. Əlimiz heç yerə çatmır. Demək istədiklərimizi zamanında demədik, eşitmək istədiklərimizi eşitmədik. Gecikdik. İnsanı tanımağa gecikdik. İnsanlığı qiymətləndirməyə ləngidik. Odu söndürüb külü ilə oynamağı daha yaxşı bacarırıq, nəinki o odu sönməyə qoymamağı, onun atəşində isinməyi... Cənubi azərbaycanlıların bir sözü var: "Stəkandakı su əlindən yerə töküldüsə yerinə yığa bilməzsən. Çalış stəkanı bərk saxla". Bizdə elə adamlar var ki, nekroloq demək üzrə mütəxəssisdir, bu sahədə lap konveyer kimi məhsuldar olur. Di gəl, şəninə nekroloq döşədikləri kəslərin birinə sağlığında əl uzatmır, hal-əhvalı ilə maraqlanmırlar...

***
"Sağlığında qiymət verin insanlara" - Cabir Novruz.
"Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi?" - Əli Kərim...
və sair...
Bizdə insana layiq olduğu dəyərin verilməsini Əzrail müəyyənləşdirir - poetik nümunələr də bunu sübut etdi...

***
Mark Levinin "Bir birimizə demədiyimiz sözlər" romanında Culiya atası Entoni Uolşu sevmir. Çox soyuq münasibətləri olur. Heç vaxt nəvaziş, qayğı görmədiyi, həmişə yolunda maneəyə çevrilən atası Culiyanın toyu günü ölməklə növbəti dəfə "qara kötük" rolunu oynayır. Lakin bu maneə xoşməramlıdır. Əlbəttə, ölüm özü ilə xoş məram gətirə bilməz. Romanı oxumayanlara ərz edim ki, bu dəfə Entoni Uolşun "kuklası" onun hüzuruna gəlir. Həmin "kukla" Entoni Uolşun özüdür. Onun səhmdarı olduğu firma "android" və "humanoid"lər icad edir. Və ilk olaraq sərmayədarlar üzərində tətbiq edilən bu mexanizm, öldükdən sonra onlara bir müddət yaşamaq imkanı verir.
Entoni Uolşun yaddaşının və beyin yarımkürəciklərinin böyük hissəsi həmin robotun içinə quraşdırılıb. Bu, milyonlarla prosessordan ibarət qəliz bir qurğudur və xüsusi texnologiyası sayəsində dərinin rəngini və fakturasını hasil etməyə, həmçinin insan bədəninin bütün funksiyalarını ideal tərzdə icra etməyə qadirdir. Uolş, qızına bu cihazın kəşf edilməsinin məqsədini belə izah edir: "Bu, bir ömür yaşasaq belə, çatışmayan bir neçə günü, əbədiyyətdən qopara biləcəyimiz bir neçə saatı əldə etmək və sadəcə əvvəllər bir-birimizə demədiyimiz sözləri demək üçün kəşf edilib..." "Eh, sən heç təsəvvür belə etməzsən ki, minlərlə insan həyatının son anlarında nələr düşünür: "Kaş biləydim, kaş anlayaydım, kaş onlara bu sözləri deyə biləydim, onlar bilsəydi..." - robot Uolş deyir... Təbii ki, "elektron ata"nın sayəsində Culiya ona olan münasibətini dəyişir. "Atasının" demədiklərini demək üçün verilmiş əlavə altı gün qızının həqiqətləri öyrənməsi, həyatını dəyişmək üçün real imkanlar yaradır...

***
Uzun sözün qısası, bir-birimizə zamanında dəyər verək. Xoş sözləri demək, etiraflarımızı etmək üçün gecikməyək. Elə həyat da qaşla göz arasındakı məsafə qədərdi...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV